Yastığım kərpicdi, döşəyim saman,
Yorğanım həsirdi, üşüdüm, aman.
Mənim bu günümdə gələsən, Telli
Qazamat divarın dələsən, Telli.
Telli Qara öləndən (29) sonra da arvadı, qardaşları, əmisi uşaqları uzun müddət qaçaqlıq etmişlər. Onu da deyim ki, 1914-cü ildə Kəngərli bəyləri ilə Tivililər arasında Tivi kəndi yaxınlığındakı And, Top sahələri üstündə münaqişə baş verəndə birinci silaha sarılan yenə Piriş kişinin uşaqları olub. Hətta Xanım, Nazxanım da əlinə tüfəng götürübmüş. Həmin iş üstündə babam Məmmədxanı da iğtişaşçı kimi həbs ediblər.
Məmmədhüseynin iki oğlu Hüseyn, Əsgər İranın Zunuz (30) kəndində yaşayıb. 1914-cü ildə Hüseyn Tiviyə gəlib. Məmmədxanın həbs edildiyini, qohumlarının təqibə məruz qaldığını görüb Vəlişi təqibdən qurtarmaq üçün İrana – öz yanlarına aparmaq istəyib. Amma qohumları qoymayıb.
Telli Qara haqqında söylənilən rəvayətləri şer parçalarını diqqətlə dinlədikdə bu qənaətə gəlmək olur ki, el qəhrəmanı haqqında şerlər və rəvayətlər varmış. Sonradan bunların bəzi parçaları Qaçaq Nəbi dastanına qarışmış, bəzi parçalar isə yaddan çıxmışdı.
Dostları ilə paylaş: |