Adı Sura, yanaqları qırmızı.
Naz-naz eylər, gəlməz Səmədin qızı.
Mərcan Rzayeva onu da söylədi ki, Göhər kişi kimi qadınmış, yanında silah gəzdirərmiş. Dəfələrlə İrəvana gedib naçalniknən, qubernatnan danışıb. Elə olub ki, həbs olunmuş oğlanlarını həbsdən, Sibir sürgünündən azad etdirib. Onun düşmənlərinin qarşısına silahla çıxmasına, İrəvana getməsinə də şerlər qoşulubmuş. Göhərin dediyi bir neçə bayatı Mərcan Rzayevanın yadında qalmışdı. Onlar aşağıdakılardır:
İrəvanın uşaxları,
Kətannan qurşaxları,
Təndirə düşüf yansın,
Səvəvin uşaxları.
Sinəmi büryan eylərəm,
Didəmi giryan eylərəm,
Daha cannan usanmışam,
Qoysalar qurvan eylərəm.
Süleymanın döyüşlərindən, çar əsgər və zabitlərini üç-dörd qaçaq yoldaşı ilə darmadağın etdiyindən, jandarma və polisi dəfələrlə pərənpərən saldığından da danışdılar.
Süleymanın şəxsi intiqam hissi ilə başladığı mübarizə getdikcə ictimailəşirmiş. Birinci Dünya Savaşı illərində Rus orduları Kars-Ərzurum ətrafında cəmləşibmiş. Döyüşən orduya ərzaq, hərbi sursat daşımaq üçün at, araba səfərbərliyə alınırmış. Camaat bundan narazı qalsa da hökumətin qorxusundan könülsüz də olsa, əmri yerinə yetirirmiş. Süleyman cəbhəyə kömək edənləri cəzalandırır, hədələyir, yük aparan karvanlara basqınlar təşkil edirmiş. Osmanlı orduları ilə döyüşən rus ordularının arxasında belə təxribatçı qüvvələrin olması hökuməti bərk narahat edir. Bir tərəfdən hökumət dağlara — qaçaqların arxasınca silahlı dəstələr göndərir, o biri tərəfdən də qaçaqları öz içərisindən parçalayıb dağıtmaq üçün gizli casuslardan istifadə edirmiş. Qaçaqlarla yaxınlıq edən adamları aşkarlayıb ələ alırmış.
Süleymanın da başına belə bir iş gəlir. Çivəli dəllək Səfəralı neçə illərmiş Süleymanın saçını-saqqalını qırxırmış. Süleyman da ona çox inanırmış. Süleyman gəlir Danzikin yaxınlığındakı Zərdə dərəyə və milliyyətcə erməni olan dəllək Səfəralıya sifariş göndərir. O da gəlir. Süleyman Qızılqışlağın (20) ağası Arpakəndli (21) Tetovosu da özü ilə gətiribmiş. Tetovos at, araba, ərzaq toplayıb rus ordusuna göndərirmiş. Süleyman ona neçə dəfə xəbər göndərib, bu işdən əl çəkməyi tapşırıb. Amma Tetovos çar Nikolaydan orden almaq, hökumət yanında nüfuzunu artırmaq üçün daha da fəallaşırmış. Süleyman yolda ona rast gələndə əl-qolunu bağlayıb gətiribmiş ki, cəzalandırsın.
Süleyman saçını-saqqalını qırxdıranda yorğun olduğundan yuxu onu tutur. Bundan istifadə edən Səfəralı Tetovosun əl-qolunu açır. Birləşib Süleymanı öldürürlər. Xəbər öncə Süleymanın düşmənlərinə çatır. Onlardan Hacı Namazallı Qara (Qovuşuqlu) (22) gedib Süleymanın cənazəsini öz gözü ilə görür. Qamçısını da qanına bələyir. Sonra da Süleymanın qohumlarına «Gedin itinizin leşini sürüyüb bir çuxura atın. Qoxuyub ordan keçənnərin ürəyini bulandırır!» sifarişini göndərir. Bu söz Süleymanın adamlarına yaman toxunur. Öncə gedib Qaranı öldürür, sonra meyidi aparıb el adətilə dəfn edirlər.
Deyirlər, Hacı Namazallı Qaranın yasında qardaşı arvadı Niyar belə oxuyurmuş:
Dostları ilə paylaş: |