DUNAY ÇAYI
Göydə bulud yox,
Söyüdlər yağışlı.
Dunaya rast gəldim,
Axırdı lilli-lilli.
Hey Hikmətin oğlu!
Dunayın suları olaydın,
Qara meşədən gələydin,
Qara dənizə töküləydin.
Maviləşəydin, maviləşəydin, maviləşəydin,
Keçəydin Boğaz içindən;
Başında İstambul havası,
Vuraydın özünü Qadıgöy iskələsinə,
Gəmiyə minirkən Məmədlə anası.
İndicə sitat gətirilən bu şeirdə olduğu kimi Əli Kərim yaradıcılığında da elə şeir nümunələri var ki, haçansa yaddaşda ilişib qalan adicə bir nəsnə, hadisə dirilən kimi rəngdən rəng alınır, baş verən çevrilmənin sonsuz, bitib-tükənməyən sırasıyla varlığın bütün tarixi bircə anın bətninə yığışır, heyrətli, ağıl çaşdıran mətləblərin, assosiyasiyaların meydana gəlməsinə səbəb olur. Dunayın suyu kimi Qara meşədən keçib də Qara dənizə tökülərək maviləşmə... təkcə bütün konturları ilə apaydın görünən, nümayiş etdirilən bir mənzərə deyildir, həm də qəfil yaranmasıyla dünyanın altını üstünə çevirən, onun bütün sirlərini faş edən mətləbi göstərən, yaddaşda dirilən hadisənin mistik dərinliyini kəşf edən bir metaforadır. Əli Kərimin «İl görüş həmişə arxada deyil, İlk görüş bəzən də gələcəkdədir» misraları ilə bitən şerində də eyni hadisə baş verir. «Hadisə» ən yadda qalan cizgiləriylə rəsm edilir, təfərrüatlar sadalanır, təsvir irəli inkişaf etdikcə, aşkarlandıqca elə bil ki, günün hansı istiqamətdən doğmasını, sahilə çarpan dalğanın hansı rəngdə olması... da yada salınır, dünyanı, kainatı, kosmosu tutan səslər, sözlər, sözlərin daxilindəki hecalar «budağından», ləçəyindən... qopur, yaddaş ərazisinə səpələnir.
«... Gözündə çaşqınlıq alatoranı» bütün bu sadalanan, budağından, ləçəyindən qopan nəsnələrin düyün düşdüyü yeri nişan verir, yaddaşda ağrının gizləndiyi yeri aşkarlayır, bu görüş insanın bütün taleyini alt-üst edən, onu qocalmağa qoymayan bir məqamdır. İlk görüşün vərdişə dönməsi aqibətdən təşrif gətirən ölümdür. Adama elə gəlir ki, ilk görüşlə balğı yaddaşda ağrı qopduqda, öz oxu ətrafında fırlanan yer kürəsi də bir anlıq dayanır, söykənməyə, istinad etməyə yer və məqam axtarır:
Sözlərin qırıldı, töküldü bir-bir;
Çırpdı divarlara, daşlara külək.
Kəlmələr dağıldı sahil boyunca
Yonulmuş bir gülün ləçəkləri tək.
Əynində sevincdən biçilmiş ağ don,
Gözündə çaşqınlıq alatoranı.
Əllərin qonmağa bir yer tapmadı,
Sındırdın az qala barmaqlarını.
Əli Kərimlə İLK görüş qabaqdadır...
Dostları ilə paylaş: |