Slaya qəhvəxanasında şair dostum Tauferlə söhbət
Slaya qəhvəxanasında dostum Tauferlə
Vıltava sularıyla üzbəüz oturub
Dadlı-dadlı söhbəti sevirəm,
Xüsusən sübh çağları baharda.
Xüsusən sübh çağları baharda.
Praqa şəhəri işıqlı bir dumandır
Və qırmızı, iri bir alma kimi
Nezval keçir təzə çıxmış qəbrindən
Parça-parça ürəyi də əlində
Və Orxan Vəliylə üz-üzə gəlirlər,
Rumeli hasarından gəlir o,
Və telli qovağa bənzər Orxanım, dəlik-deşik ürəyi.
Biz də eyni bir sənətdənik, bilirik, Taufer,
Sənətlərin ən qorxulusu şairlikdir.
Sairlərin sirrini öyrənmək üçün
Ürəyini yeyəcəksən, yedirəcəksən.
Bu şeirdəki rənglər o qədər fərqli, çeşidli və qəribədir bir-birinə geydirilmiş haldadır ki (.. sübh çağları, işıqlı bir duman, qırmızı iri bir alma kimi, telli qovağa bənzər Orxan Vəlim...), bu qədər müxtəlifliyin bir metafizik anın içində necə qərar tutmasına heyrətlənirsən. Əli Kərimdə də, Nazim Hikmətdə də qabarıq olan bir cəhət – hərəkətin özünü təsvir vasitəsinə çevirmək bacarığı bu şeirdə bütün potensiyası ilə əksinir tapmışdır. Şeir mətnində hərəkəti təsvir vasitəsinə çevirmək isə mətn strukturunu operativ kommunikativ modelə çevirir. Şerin bətnindəki metafizik halə, fon isə bu modelin dünyanı, varlığı bütün cəhətləri ilə çevrələməyə yardımçı olur. Bu, artıq gerçəkliyə sadəcə şairanə münasibət deyildir, həmin münasibətdən imtina edib, dərinlərə getmək, gerçəkliyin «şeirdən sonrakı» qatlarını üzə çıxarmaqdır. Bu metafizik an – şeirdə vəhylə tutulmuş anın, mətləbin necə deyərlər «donmuş», özündən kənara çıxamayan, varlığın hikmətini yaşadan halıdır. Şeir bu məqama yetişəndə allı-güllü qafiyələrin, bənzətmələrin, təşbih və istiaərələrin hərəkəti «dayanır», metaforanın, üslubun özü danışır. Bunu bir qədər izah etmək lazımdır. Umberto Ekonun izahına görə («Umberto Eco. La Struktura Assente. Milan, bompiani, 1968»), hər bir elmi təsfirlə belə zənn edilir ki, təsvir obyekti müəyyən bir struktur kimi götürülür (və buna müvafiq olaraq onun tərkib hissələri arasındakı münasibətləri aşkarlamağa imkan yaradan bir strukturun köməyə ilə də təhlil edilir). Müxtəlif hadisələr, nəsnələr içində eynicinsli strukturların tapılması (yəni, dildən kommunikasiya siteminə, ordan isə bütün digər kommunikasiya sistemlərinə adlanması) əslində bir vahid kimi gerçəklikdən vaz keçməkdir (Umberto Ekonun diliylə desək, gerçəklikdən «sürüşüb keçməkdir»).
Şeirdə işarələr struktur modellərə görə düzülür, elə bir qaydada düzülür ki, sonda gerçəklikdən vaz keçilsin, gerçəkliyin, varlığın sirri ondan bu şəkildə vaz keçilməklə izahını tapsın. Şair sübh çağları, baharda (... xüsusən sübh çağları baharda) Vıltava sularıyla üzbəüz oturub dadlı-dadlı söhbətlər edir, bu zaman Praqa şəhəri işıqlı bir dumana dönür. Və qırmızı, iri bir alma kimi Nezval keçir təzə çıxmış qəbrindən, Parça-parça ürəyi də əlində, və Orxan Vəliylə üz-üzə gəlirlər, Rumeli hasarından gəlir o, və telli qovağa bənzər Orxanım, dəlik-deşik ürəyi. Axa-axa içindəki işığı əks etdirən sular yəqin ki, ömrün, taleyin özüdür, işıqlı duman gerçəkliyin irreal aləmə, bu dünyada ən gözəl obrazlar, nur topasını əks etdirən obrazlar şəkilində qalan şairlərin yola düşüb artıq qaytdıqları əlamə qarışdığı formasıdır. Axan suyun bətnindən işıq qabardıqca parça-parça ürəyini əlində tutan Nezval qırmızı almaya, Orxan Vəli isə telli bir qovağa dönür. Bu an bir obraz – metafora kimi almanın özü də «parçalanır»: Nezvalın timsalında şair obrazı nağıllarda, mif mətnlərində səadət gətirən, dərvişlərin qoynunda yuva quran qırmızı almanın «xilasedicilik funksiyasının» potensiyasını genişləndirir, bu əslində «şair kitablarında, şeirlərində yaşayır» deyiminin metafizik qəlibidir. Ancaq misal çəkdiyimiz şeirlər və Nazim Hikmətdən aşağıda verdiyimiz şeirlə təkcə bu metafizik qəlib açılmır, həm də adi deyimlərin, yer üzündə yazılan şeirlərdə və ümumən bədii mətnlərdə verilən anlamların naməlum qatlarını, tanrı qatına yaxın olan aspektlərini üzə çıxarır (nağıl, mif mətnlərindəki qırmızı alma əslində ölmüş adamı diriltməyə xidmət edir, dilinə kilid vurulmuş suları zümzümə etdirir, şairin o dünyadan qırmızı alma şəkilndə qayıtması, onun əlində tutduğu parça-parça ürəyi ilə varlığın mahiyyətini açmasıdır...).
Dostları ilə paylaş: |