Azərbaycanda Zərərin Azaldılması proqramları haqqında
MƏLUMAT
2001-ci ildən başlayaraq Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun (ACİ – YF), 2006-cı ildən etibarən isə Qlobal Fondun maliyyə dəstəyi ilə AR Səhiyyə Nazirliyi tərəfindən Azərbaycanda HİV/AİDS-in müalicəsi və profilaktikası layihələri həyata keçirilir. Layihələr müalicə və proflaktikaya yönəlmiş tədbirlər ilə HİV/AİDS-ə yoluxmaya münasibətdə riskli davranış tətbiq edən şəxsləri (narkotik istifadəçiləri, seks işçiləri, qeyri ənənəvi cinsi münasibət tətbiq edən şəxslər, miqrantlar və küçə uşaqları), gəncləri və HİV-lə yaşayan insanları əhatə edir.
Layihələrin fəaliyyəti mövcud hüquqi normativ aktlar, o cümlədən, 2010-cu ilin may ayının 11-də Milli Məclis tərəfindən qəbul edilmiş və 2010-cu ilin iyun ayının 11-də Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Qanun ilə tənzimlənir.
Qanunun V fəsli, maddə 20.1 - 20.2-də əks olunduğu kimi İİV infeksiyasının profilaktikası məqsədi ilə yüksək riskli əhali qrupunun üzvləri arasında beynəlxalq təcrübədə istifadə edilən zərərin azaldılması proqramları tətbiq olunur. Buraya aşağıda verilənlər aid edilir:
-
inyeksiya üçün steril ləvazimat (şprislər, iynələr, spirtli salfetlər) ilə təminat,
-
fərdi qoruyucu vasitələrlə təminat,
-
opioid qrupu narkotiklərinin əvəzedici müalicəsinə cəlb etmə,
-
İİV-in / cinsi yolla yoluxan xəstəliklərin yayılması yolları və onun qarşısının alınmasının üsulları haqqında, eləcə də təhlükəsiz davranış haqqında məlumatlandırma,
-
hüquqi və psixoloji yardım və reabilitasiya proqramları.
Zərərin azaldılması proqramları tərbiyəvi, maarifləndirmə, məlumatlandırma, müalicəvi, tibbi-profilaktik, reabilitasiya və məsləhət xarakterli tədbirləri əhatə edir, qabaqlayıcı xarakter daşıyan üsulların əhali üçün əlçatanlığını təmin etməklə həyata keçirilir.
AR Səhiyyə Naziri tərəfindən təsdiq edilmiş “2009-2013-cü illəri üçün Azərbaycan Respublikasında HİV/AİDS-in qarşısının alınması və onunla mübarizə üzrə Tədbirlər Proqramı”na əsasən sadalanan risk qrupları arasında yuxarıda adı çəkilən profilaktik tədbirlərin həyata keçirilməsi nəzərə alınmışdır.
Yuxarıda adları çəkilən tədbirlər Zərərin Azaldılması layihələri çərçivəsində 31 qeyri-hökumət təşkilatı tərəfindən Azərbaycanın Bakı, Sumqayıt, Hacıqabul, Kürdəmir, Şirvan, İmişli, Saatlı, Beyləqan, Biləsuvar, Səlyan, Lənkəran, Astara, Masallı, Yevlax, Mingəçevir, Gəncə, Qazax, Aqstafa, Şəmkir, Balakən, Zaqatala, Qax, Cəlilabad və Naxçıvan ərazilərində həyata keçiriləcək.
Dostları ilə paylaş: |