Азярбайъан Республикасынын



Yüklə 41,66 Kb.
tarix22.10.2017
ölçüsü41,66 Kb.
#11060



PRESS-RELİZ
Bakı şəhəri, 28 iyul 2010
İqtisadi Tədqiqatlar Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən “Vətəndaş cəmiyyəti institutlarına effektiv ictimai əlaqələrin qurulması, hesabatlılığın təmin olunması sahəsində yardım” adlı layihəni icra edib. Dörd ay davam edən layihə çərçivəsində QHT-donor, QHT-dövlət orqanları, QHT-biznes müstəvisində qarşılıqlı əlaqələrə dair müzakirələr, Gəncə və Bakı şəhərlərində QHT nümayəndələrinə effektiv ictimai əlaqələrin qurulması sahəsində təlimlər təşkil olunub. Eyni zamanda İTM ekspertləri tərəfindən bu sahədə qabaqcıl beynəlxalq təcrübə öyrənilərək, onun Azərbaycanda tətbiqi imkanları qiymətləndirilib. Öyrənilmiş mütərəqqi xarici təcrübə və mövcud yerli situasiya nəzərə alınmaqla, ekspertlərimiz Azərbaycan vətəndaş cəmiyyəti institutlarının ictimai əlaqələrinin gücləndirilməsi, QHT-biznes, QHT-dövlət orqanları münasibətlərinin inkişafı, bu sahədə davamlılığa nail olunması yollarına dair tövsiyələr hazırlayıblar.
Mərkəzimizin ekspertlərinin layihə çərçivəsində hazırladıqları tövsiyələr, həmçinin bütövlükdə layihənin nəticələrinə dair məlumatlar yekun konfransda ictimaiyyətə açıqlanıb. Konfransda xarici və yerli donorların, biznes və dövlət orqanlarının, mətbuatın, QHT-lərin nümayəndələri iştirak edib. Tədbirdə ilk olaraq İTM İdarə Heyətinin sədri Qubad İbadoğlu çıxış edərək on ildir fəaliyyət göstərən İTM-in təcrübəsini həmkarları ilə bölüşmək niyyətində olduqlarını bildirib: “Birinci məqsədimiz öz təcrübəmizi sizlərlə bölüşmək, məsləhət və təkliflərinizi eşitmək və tövsiyələrimizi verməkdir. İTM 10 ildir ki, fəaliyyət göstərir. Biz qazandığımız təcrübəni QHT-lərlə bölüşmək istəyirik. Bu layihə də məhz həmin məqsədlərə xidmət edir. Layihə çərçivəsində keçirilən tədbirlər və təlimlərlə elə bilirəm ki, məqsədimizə çatmışıq. QHT-lərin donorlar, dövlət qurumları və biznes strukturları ilə effektiv əlaqələrinin qurulmasına müəyyən qədər nail ola bilmişik. Yekun konfransında iştirakçılıq da dediklərimizi bir daha təsdiq edir. Məlum layihənin bir istiqaməti də hesabatlılığın təmin olunması ilə bağlıdır. İTM olaraq biz öz fəaliyyətimizdə hesabatlılığı daim təmin edir və bu haqda ictimaiyyətə geniş məlumat veririk. Yaxşı olardı ki, bu hesabatlılıq bütün sahələrdə, o cümlədən də dövlətin büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı təmin ediləydi”.
İTM-in İctimaiyyətlə əlaqələr departamentinin və layihənin rəhbəri Dünya Camalova dörd ay davam edən layihə çərçivəsində görülən işlərdən danışıb: “Layihənin başlıca məqsədi effektiv ictimai əlaqələrin qurulması, şəffaflıq və hesabatlılığın təmin olunması sahəsində QHT-lərin bilik və bacarıqlarının artırılması yolu ilə onların institutsional inkişafına texniki, metodiki yardım göstərmək olub. Buna görə də biz QHT-lərin üç istiqamətdə əlaqələrinin mövcud vəziyyətini öyrənmək üçün mayın 18-də QHT-donor, 31-də QHT-dövlət orqanları, iyunun 17-də QHT-biznes münasibətlərinə dair müzakirələr təşkil etdik. Yeri gəlmişkən, müzakirələrdə aktiv iştirakına görə “Rabitəbank” ASC, Beynəlxalq Bank, TUSİAB, dövlət orqanlarından Ekologiya və Təbii Sərvətlər, Nəqliyyat, Səhiyyə, Vergilər nazirliklərinin nümayəndələrinə təşəkkürümüzü bildiririk. Layihə çərçivəsində növbəti tədbirlərimiz iyunun 25-də Gəncədə, iyulun 14-də isə Bakıda ümumilikdə 48 QHT təmsilçisinə effektiv ictimai əlaqələrin qurulması yollarına dair təlimin keçirilməsi olub. Təlim iştirakçıları arasında aparılmış sorğudan aydın olur ki, onlar belə tədbirlərin müntəzəm olaraq təşkil edilməsini zəruri sayırlar. Ən əsası isə anket sorğusunu cavablandıran 41 nəfərdən 36 nəfəri hesab edib ki, təlim onların effektiv ictimai əlaqələrin qurulması sahəsində bilik və bacarıqlarının artmasında faydalı olacaq. 37 nəfər təlimin gələcəkdə onların ictimai əlaqələrində ciddi keyfiyyət dəyişikliyinə gətirib çıxaracağını deyib. 38 iştirakçı təlim olunan mövzuları özləri üçün vacib saydıqlarını qeyd ediblər. Göründüyü kimi, təlimlər iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.” D.Camalova daha sonra QHT-lərin ictimai əlaqələri sahəsində qeydə alınan problemlərdən danışıb: “Biz bu problemləri üç qrupda birləşdirmişik. Belə ki, QHT-donor əlaqələrində qeydə alınan əsas problemlər bəzi donorların strateji partnyorluq siyasətinin aydın olmaması, həmçinin QHT-lərdə layihələrin icrası və hesabatların işlənilməsi sahəsində peşəkarlığın aşağı olmasıdır. QHT-dövlət orqanları əlaqələrinə gəlincə, burada bir sıra dövlət orqanlarının vətəndaş cəmiyyəti institutlarına qapalılığı, onların bu institutlarla bağlı siyasətlərinin qurulmaması və ya aydın olmaması mühüm rol oynayır. Bundan əlavə, dövlət orqanlarının QHT-lərlə işləmək ənənələrinin olmaması, onlarla əməkdaşlığa şübhəli yanaşılması; QHT-lərlə əməkdaşlıq zərurəti olan istiqamətlər barədə məlumatların məhdud yayımı; Əksər dövlət orqanlarının qrant layihələri üzrə məhdud çevrədə QHT-lərlə işləməsi və bu barədə məlumatların açıqlığının təmin olunmaması və bir sıra QHT-lərin dövlət orqanları ilə işləmək bacarığının olmaması da bu əlaqələrin inkişafına əngəl yaradan amillərdəndir. Azərbaycanda QHT-biznes əlaqələri çox aşağı səviyyədədir. Bunun bir sıra səbəbləri var. Bunlar İri biznes subyektlərinin QHT-lərlə əməkdaşlığa meylli olmamaları; Biznes-QHT əməkdaşlığını stimullaşdırıcı vergi normalarının olmaması; “Xeyriyyəçilik fəaliyyəti haqqında”, “Sosial sifarişlər haqqında” qanunların olmaması; QHT-lərin bizneslə əməkdaşlıq sahəsində siyasətini qura bilməmələri, bu sahədə təcrübələrinin azlığı; Korporativ Sosial Məsuliyyət və onun üstünlükləri haqqında hər iki tərəfdə lazımı məlumatların, bu sahədə işləmək üçün bilik və bacarıqların olmaması və biznes icmasında sosial kapitala münasibətin formalaşmamasıdır.” Layihə rəhbərinin sözlərinə görə, İTM ekspertləri layihə çərçivəsində QHT-lərin şəffaflığı və hesabatlılığı sahəsində mütərəqqi dünya təcrübəsini də öyrənərək, yerli vəziyyət nəzərə alınmaqla, onun Azərbaycanda tətbiqi istiqamətində təkliflər hazırlayıblar: “Eyni zamanda biz QHT-lərin ictimai əlaqələrinin gücləndirilməsinə nail olmaq üçün təklif və tövsiyələr də hazırlamışıq. Bu təklif və tövsiyələrimiz aşağıdakılardan ibarətdir:

1. Dövlət orqanları ilə əlaqələrin genişləndirilməsi üçün

- QHT-lərlə əməkdaşlıq münasibətləri sahəsində mütərəqqi dünya təcrübəsinin tətbiq dairəsi genişləndirilməli, dövlət orqanlarının tərkibində vətəndaş cəmiyyəti institutları ilə işləyən xüsusi şöbələr yaradılmalı, olanların fəaliyyəti gücləndirilməlidir;

- QHT-lərin iştirakı nəzərdə tutulan istiqamətlər barədə məlumatlar geniş ictimaiyyətə açıqlanmalı, təbliğ edilməlidir;

- Dövlət orqanlarının xətti ilə birbaşa ayrılan qrantlar hamı üçün bərabər şərtlərin təmin olunduğu açıq müsabiqələr yolu ilə verilməlidir;

-QHT-lərə Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə müntəzəm olaraq dövlət orqanları və VCİ-nin birgə toplantıları təşkil olunmalıdır.

2. Bizneslə əlaqələrlə bağlı:


  • QHT-biznes əlaqələrini tənzimləyən hüquqi-normativ sənədlər qəbul olunmalıdır

  • Sosial sərmayə layihələrini stimullaşdıracaq vergi güzəşt və azadolmaları tətbiq edilməlidir

  • Biznesin korporativ sosial məsuliyyət sahəsində bilik və bacarıqları artırılmalı, korporativ sosial məsuliyyətə dair qanun qəbul olunmalıdır;

  • Biznes strukturlarını bu tip fəaliyyətlərin həyata keçirilməsi istiqamətində stimullaşdıran tədbirlər həyata keçirilməlidir (vergi güzəştlərinin tətbiqi, müvafiq vergilərdən azadolmalar və s.);

  • Korporativ sosial məsuliyyət mədəniyyətinin inkişafı ilə bağlı biznes üçün maarifləndirmə işi aparılmalıdır;

  • Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası biznes strukturlarının vətəndaş cəmiyyəti ilə korporativ sosial siyasətin reallaşması istiqamətli layihələrinə dəstəyi gücləndirməlidir;

  • Korporativ sosial məsuliyyətin inkişafı üçün iri və orta biznes strukturlarında müvafiq institutsional struktur islahatları aparılmalıdır;

  • Xarici transmilli korporasiyalar Azərbaycanda KSM siyasəti həyata keçirərkən daha çox yerli vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığa üstünlük verməlidir.

3. Donorlarla əlaqələrlə bağlı:

  • Qrant müsabiqələrində yeni fəaliyyətə başlayan QHT-lərin iştirakını stimullaşdırmaq üçün təşəbbüslər irəli sürülməli

  • Strateji partnyorluq siyasətinin effektivliyi müntəzəm olaraq yenidən qiymətləndirilməlidir

4. QHT-lərin ictimaiyyətlə əlaqələrinin gücləndirilməsi sahəsində:

  • QHT-lər ictimai əlaqələr üzrə strategiya və kommunikasiya planına malik olmalıdır

  • QHT-lər ayrıca ictimai əlaqələrə məsul işçiyə malik olmalı, bu struktur vasitəsilə daxil olan bütün sorğuları vaxtında cavablandırmalı,  öz fəaliyyətlərinin önəmli nəticələri və uğur hekayələri barədə dövrü olaraq press-relizlər yaymalıdır

  • Elektron QHT-lərin  yaradılması istiqamətində dövlət və ictimai əsaslı təşəbbüslər  genişləndirilməli, hər bir QHT daimi yeniləşən İnternet səhifəsinə malik olmalı, ötən dövrlərdə həyata keçirilən layihərin proqram və maliyyə hesabatları İnternet səhifəsində yerləşdirməlidir

  • İctimai əlaqələr üzrə peşəkar mütəxəssislər hazırlanmalıdır

  • Sosial şəbəkələrlə işləmək bilik və bacarıqları artırılmalıdır

  • Beynəlxalq və Avropa səviyyəli QHT şəbəkələri ilə əlaqələr genişləndirilməlidir.

5. QHT-lərin fəaliyyətində şəffaflığın və hesabatlılığın artırılması sahəsində:

- Qeyri-Hökumət Təşkilatları (İctimai birliklər və Fondlar) Haqqında Azərbaycan Respublikasının Qanunu təkmilləşdirilməli və yeni variantda QHT-lərin idarə olunması üçün korporativ idarəetmə mexanizmləri təsbit olunmalıdır (bu dəyişiklik QHT-lərdə yaxşı idarəetmə sisteminin qurulması və qərarların qəbulunda kollegiallığın təmin olunmasına gətirib çıxara bilər);

- QHT-lər dövrü olaraq Ümumi Yığıncaqlarını keçirməli və seçkili orqanlarının tərkibini müddətli qaydada yeniləndirməlidir;

- Layihə məlumatlarını, onun büdcəsini ilk növbədə işçi heyətinə, sonra isə maraqlanan hər bir şəxsə təqdim etməli;

- İdarə Heyəti tərəfindən təsdiq olunmuş maliyyə siyasətinə malik olmalı;

- Əmək haqqı ödənişlərini kartla həyata keçirməli;

- Azərbaycan QHT-lərində şəffaflığın və hesabatlılğın artırılmasına dair Konsepsiya hazırlanmalı və QHT-lərə Dəstək üzrə Dövlət Şurası tərəfindən qəbul edilməlidir;

- QHT-lərin fəaliyyətini tənzimləyən hüquqi və normativ aktların şəffaflıq və hesabatlılığın təminatı əsasında ekspertizası aparılmalı və  bu istiqamətdə mövcud olan normaların icra mexanizmləri yaradılmalı,   boşluqların aradan qaldırılması üçün yeni normalarla hüquqi baza daha da təkmilləşdirilməlidir;

- QHT-lərin sertifikatlaşdırılması proqramına start verilməli və bu proqram vasitəsilə şəffaflıq və hesabatlılıqla bağlı standartlar unifikasiya olunmalıdır;

- CİVİCUS-un metodologiyası əsasında  Vətəndaş Cəmiyyəti İndeksi layihəsi həyata keçirilməli,  Azərbaycan QHT-lərinin pasport məlumatları da daxil olmaqla, şəffaflıq və hesabatlığın təminati sahəsində mövcud  vzəiyyətin dəyərləndirilməsi üçün geniş təmsilçiliyə malik sorğu keçirilməlidir.

- Donorların, xüsusilə də QHT-lərə dəstək üzrə Dövlət Şurasının institutsional layihələrə maliyyə,  texniki və metodiki qoyuluşları artırılmalı və bu tip  proqramların genişləndirilməsinə nail olunmalıdır;

-QHT-lərin  rəhbər organlari, idarə heyətinin üzvləri və menecerlerı üçün seminarlar keçirilməli, onlara bu sahədə mövcud olan  dünya təcrübəsi, donor tələbləri və digər zəruri biliklər verilməli, sonra isə onlarda bununla əlaqədar olaraq siyasətlər və qaydaların nümunəvi formaları təqdim olunmalıdır;

- QHT-lərdə idarəetmə sisteminin 2 pilləli olmaqla Müşahidə Şurası və İdarə Heyətindən təşkil olunmasına yönələn proqramlar hazırlanmalı, Müşahidə Şurasının  və İdarə Heyətinin dövrü olaraq (aylıq, rüblük və s.) iclaslarını keçirmək, İdarə Heyətinin dövrü olaraq Müşahidə Şurasi qarşısında hesabat vermək proseduraları işlənilib hazırlanaraq, onların  tətbiqinə başlanılmalıdır; - QHT-lər üçün nümunəvi maliyyə siyasəti sənədi hazırlanmalıdır. Bu sənəd QHT-lərdə uçot qaydalarını reqlamentləşdirməli və onu ilk növbədə Azərbaycan Respublikası qanunlarının və donorlarin tələblərinə uyğunlaşdırmalıdır. Sənəddə ezamiyyə qaydaları, gündəlik xərclər, sürücüyə məsafəyə və günlərin sayina görə ödənişlər, benzin  sərfi normaları və s. vacib normalar öz əksini tapmalıdır;

- QHT-lər ictimaiyyət qarşısında mütəmadi olaraq öz fəaliyyəti haqqında məlumat verməlidir (bu məlumatlar hesabat xarakterli illik konfransların keçirilməsi, maliyyə hesabatlarının dərc olunması və sair formada verilə bilər. Müxtəlif nəşrlər (xüsusi jurnallar, dərgilər və s.) vasitəsilə maliyyə və proqram fəaliyyətinə dair göstəricilərin maraqlı tərəflərə, o cümlədən ictimaiyyətə çatdırlması çox vacibdir. Belə ki, bir çox ölkələrin təcrübəsində QHT-lərin dövrü olaraq birgə nəşr olunan jurnallar, dərgilər hazırlayıb yayması təcrübəsi vardır. Bu sahədə ixtisaslaşmış QHT-lər də vardır və onların əsas fəaliyyəti QHT-lərdən məlumatları toplamaq və dərc etməkdir. Bu nəşrlər içərisində kifayət qədər nüfuzu olan nəşrlər də vardır ki, hər bir ciddi QHT həmin nəşrə vaxtaşırı öz maliyyə və proqram fəaliyyətinə dair qısa (nəşri hazırlayan təşkilatın tələblərinə uyğun) məlumatları təqdim edirlər. Belə jurnallarda məlumatları yerləşdirilməyən QHT-lərin reputasiyası bir qayda olaraq müsbət olmur);

- QHT-lərdə audit yoxlamalarının icbari əsasları ilə onun qrant dövriyyəsi arasında asılılıq yaradılmalı və yalnız qanunda təsbit olunmuş məbləğdən yuxarı (məsələn, ildə 100 min manatdan çox) qrant dövriyyəsinə malik olan QHT-lər auditor yoxlamalarında məcburi qaydada keçməlidirlər. “Qeyri-hökumət təşkilatlarında  audit aparılmasına dair proqram”ın tələblərinə uyğun olaraq  QHT-lərin maliyyə-təsərrüfat fəaliyyəti ildə 1 dəfə auditor yoxlamasından keçməli  və yoxlamanın yekun akti  illik  ictimai hesabatda nəşr edilməlidir. Eyni zamanda maliyyə fəaliyyətinin audit yoxlamasının yekun aktı maraq qruplarına, o sıradan da donorlara  təqdim edilməlidir;

- QHT-lərə strateji planlaşmanın aparılması, missiya, məqsəd, hədəf və fəaliyyətləri özündə əks etdirən   bir neçə illik strateji planın işlənilməsi sahəsində texniki-metodiki  yardımlar olunmalıdır;

- QHT-lərdə maliyyə və proqram fəaliyyəti üzrə illik ictimai hesabatlarının  hazırlanması və nəşri ilə   bağlı tələblər onların  qrant dövriyyələrindən asılı olaraq reqlamentləşdirilməli və bu işdə də onlara texniki, maliyyə yardımı göstərilməlidir.

- QHT-lərə yerli mənbələrdən yardımların artırılması üçün bu istiqamətə yönəldilən vəsaitlərə vergi güzəştləri nəzərdə tutan müddəalar müvafiq qanunlara əlavə edilməlidir;”


Təqdimatdan sonra başlanan müzakirələrdə ilk olaraq Nəqliyyat Nazirliyi İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov çıxış edərək mətbuata qapalı olan qurumların QHT-lər üçün də açıq olmadığını söyləyib: “Bu baxımdan, belə qurumlarda bir deyil, bir neçə şöbə də olsa QHT-lərlər əməkdaşlıq olmayacaq. Digər tərəfdən, dövlət qurumlarında QHT-lərlə iş üzrə ayrı strukturun yaranması maliyyə tələb etdiyinə görə real görünmür. Hesab edirəm ki, dövlət orqanları ilə əlaqələri genişləndirmək üçün ilk növbədə QHT-lərin özləri aktiv olmalı, real və əsaslandırılmış təkliflər irəli sürməlidilər.”

QHT-lərə Dövlət Dəstəyi Şurasının icraçı direktoru Fərasət Qurbanov QHT-lərin ictimai əlaqələrinin gücləndirilməsi məsələsinin dəfələrlə müzakirə olunduğunu deyib: “Bu sahədə mövcud olan problemlər həllini tapanadək belə müzakirələr də davam edəcək. İqtisadi Tədqiqatlar Mərkəzinə, layihə heyətinə bu layihəyə məsuliyyətlə yanaşaraq, yüksək səviyyədə həyata keçirdiklərinə görə təşəkkür edirəm. Hazırlanan tövsiyələri çox lazımlı və zəruri hesab edirəm. Hazırda Şura olaraq QHT standartları hazırlamaqla məşğuluq. Dünya təcrübəsini öyrənərək onun əsasında hazırlanan sənəd yaxın vaxtlarda geniş ictimaiyyətin müzakirəsinə veriləcək. Belə ki, Azərbaycanda hələ də QHT-nin mahiyyəti düzgün anlaşılmır, hansı quruma QHT demək olar, hansına yox – bunu bilmirlər. Ona görə də biz standartları hazırlayırıq. Eyni zamanda tövsiyələrdə qeyd olunan “Xeyriyyəçilik fəaliyyəti haqqında” qanunun layihəsini hazırlayıb Milli Məclisə təqdim etmişik, korporativ sosial məsuliyyətlə bağlı da qanun hazırlayırıq. Hesab edirəm ki, hər birimiz şəffaflığı, hesabatlılığı o zaman tələb edə bilərik ki, özümüz şəffaf və hesabatlı olaq. Bu baxımdan, QHT-lərimizdə şəffaflıq və hesabatlılıq səviyyəsinin yüksəldilməsinə böyük ehtiyac var.”

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Şövkət Bəkirov layihəni yüksək peşəkarlıqla həyata keçirdiyinə görə İTM-ə, xüsusi olaraq da layihə rəhbəri D.Camalovaya təşəkkürünü bildirib. Ş.Bəkirov həmçinin təmsil etdiyi nazirliyin daha çox ekoloji təmayüllü QHT-lərlə əməkdaşlıq etdiyini və bu əməkdaşlıqdan çox məmnun olduqlarını qeyd edib.

QHT rəhbəri Telman Zeynalov İTM-in təklif və tövsiyələrini yüksək dəyərləndirdiyini bildirməklə yanaşı, daha çox dövlət qurumlarının şəffaflıqdan qaçdıqlarına diqqət çəkib: “Qoy ilk növbədə dövlət qurumları işlərini şəffaf qursunlar. İctimaiyyətə açıq olsunlar, tədbirlərinə QHT-ləri də dəvət etsinlər. Belə olarsa, onda heç kim heç kimdən narazı qalmaz”.

Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzinin rəhbəri Mehriban Vəzir çıxışında bildirib ki, layihə çərçivəsində mühüm bir sahə araşdırılıb və layihə QHT-lər üçün əlverişli mühitin formalaşmasına xidmət edir: “Biz hətta bu mühiti çox çətinliklə əldə edə bilmişik. Bir neçə il bundan əvvələ kimi dövlət qulluqçuları heç bizimlə üzbəüz oturmaq belə istəmirdilər. İndi isə gördüyümüz kimi, vəziyyət xeyli dəyişib. Mənə elə gəlir ki, gələcəkdə bu mühit daha da yaxşılaşacaq. Bir-birimizə sevgi, qayğı ilə yanaşmağı öyrənməliyik, başqa cür irəliyə getmək mümkün deyil”.

Layihənin çox mühüm bir məsələyə həsr olunduğunu söyləyən “İnam” Plüralizm Mərkəzinin rəhbəri Vahid Qazi, aparılan işlərin nəticə verməsi üçün piar işinin düzgün qurulmasının çox vacib olduğunu deyib: “Bu işin uğur qazanması üçün maliyyə və peşəkarlıq tələb olunur. Normal mühitlərdə hər iki amil var, amma anormal mühitlərdə bu olmur. Pul olanda bəzən peşəkarlıq olmur, və yaxud əksinə. Elə bir mühit yaradılmalıdır ki, onların hər ikisi bir yerdə olsun. İndi ölkədə dəyişikliklər baş verir. Peşəkarlıq və pul bir yerdə olacaqsa, o yerdə iş də alınacaq”.


bp şirkətinin nümayəndəsi Rəşad Bayramov təmsil etdiyi şirkətin Azərbaycanda ən böyük sərmayədar olduğunu diqqətə çatdırıb: “bp Azərbaycanda 1992-ci ildən fəaliyyət göstərir. İlk 5-6 ildə sosial-sərmayə layihələri ilə bağlı biz daha çox beynəlxalq təşkilatlarla işləməyə üstünlük verirdik. Bu da ondan irəli gəlirdi ki, o dövrdə Azərbaycanda bu sahədə peşəkar təşkilatlar yox idi. Hal-hazırda sosial-sərmayə layihələrini yalnız yerli təşkilatlarla həyata keçiririk. Çünki ölkədə belə təşkilatlar artıq az deyil”.

Tədbir müzakirələrlə davam etdirilib.



İTM İctimaiyyətlə əlaqələr departamenti
Yüklə 41,66 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin