İşin elmi nəticələri: Dastanlarımızla bağlı kifayət qədər araşdırmalar aparılıb. Ancaq ədəbiyyatşünas K.Əliyevin «Kitabi-Dədə Qorqud» və «Koroğlu» dastanını etnopoetika müstəvisində araşdırması özlüyündə daha maraqlı, həm də açılması zərurət doğuran bir sıra problemləri ortaya qoymuşdur.
Tətbiq sahələri: Azərbaycan folklorşünaslığı, epos poetikası.
Elmi yeniliyi: Etnopoetika müstəvisində dastanın araşdırılması, mətn informasiyası və s.
ƏDƏBİYYAT:
K.Əliyev. «Eposun poetikası: «Dədə Qorqud» və «Koroğlu». Bakı, Elm və təhsil, 2011, 164 səh.
EPOSUMUZ, BƏDİİ DÜŞÜNCƏMİZ VƏ ETNOPOETİKAMIZ
XÜLASƏ
Dastan yaradıcılığı ilə bağlı son dövrlərdə kifayət qədər maraqlı tədqiqatlar yazılıb. Bu sırada ədəbiyyatşünas K. Əliyevin «Kitabi-Dədə Qorqud» və «Koroğlu» dastanı ilə bağlı yeni çap olunan monoqrafiyası mühüm maraq doğurur. Burada problem etnopoetika müstəvisində ətraflı şərh olunur. Son dövr ədəbi-nəzəri fikrin uğurlarını ifadə edir.
Açar sözlər: Azərbaycan folklorşünaslığı, dastan yaradıcılığı, «Kitabi-Dədə Qorqud», «Koroğlu», prof. K.Əliyev
НАШ ЭПОС, ХУДОЖЕСТВЕННОЕ
МЫШЛЕНИЕ И ЭТНОПОЭТИКА
РЕЗЮМЕ
В последние годы написано достаточно много интересных исследований в связи с дастанным творчеством. В этом ряду особое место и интерес вызывает монография К.Алиева, касающаяся «Китаби-Деде Коркут»а и дастана «Короглы». Всесторонне комментируется эта проблема в контексте этнопоэтики. Отражены успехи литературно-критической мысли последнего времени.
Ключевые слова: Азербайджанская фольклористика, дастанное творчество, «Китаби-Деде Коркут», «Короглы», проф.К.Алиев.
Our epos, thinking and ethnopoetics
SUMMARY
Lately some interesting investigations have been written about epos activity. The new published monography about “Kitabi-Dede Gorgud” and “Koroglu” by K.Aliyev is very interesting. Here the problem is analyzed on the plane of ethnopoetics in details. In the article the lucks of literary-theoretical thought are expressed.
Key words: Azerbaijan folklore-study, epos activity, “Kitabi-Dede Gorgud”, “Koroglu”, professor K.Aliyev.
Oruc ƏLİYEV
filologiya üzrə fəlsəfə doktoru, dosent,
AMEA Folklor İnstitutu
QARABAĞ FOLKLORUNDA NAĞIL JANRININ YERİ
Məsələnin qoyuluşu: Hər bir bölgənin folklor mühitinin ətraflı şəkildə öyrənilməsi gərəkli məsələlərdən biridir.
İşin məqsədi: Məqalədə Qarabağ bölgəsindən toplanmış nağılların sistemləşdirilməsi, bu barədə daha dolğun məlumat əldə edilməsi əsas götürülmüşdür.
İşin elmi yeniliyi: Məqalənin əsas elmi yeniliyi ondan ibarətdir ki, Qarabağ folklor mühitində nağıl janrının yeri və onun səciyyəvi xüsusiyyətləri müqayisəli şəkildə öyrənilərək araşdırılmaya cəlb edilmişdir.
Məlum olduğu kimi, Qarabağ bölgəsindən folklor nümunələrinin toplanılması tarixi, əsasən XIX əsrdən başlanmışdır. XX əsrin əvvəllərindən isə Qarabağ bölgəsindən folklor nümunələri, o cümlədən nağıllar daha geniş miqyasda toplanmış və nəşr olunmuşdur. Bu istiqamət XX əsrin 80-ci illərinin sonunda daha da artmış və bu gün də davam etdirilir. “Əlbəttə, Qarabağ folklorunu əlvanlığı və zənginliyi ilə əks etdirmək işində nəinki bir, hətta bir neçə kitab belə yetərli deyil. Bu sahədəki boşluğu doldurmaq, Qarabağı özümüzə və dünyaya daha da yaxından tanıtmaq üçün Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda “Qarabağ folklorunun toplanması, sistemləşdirilməsi və araşdırılması” üzrə xüsusi layihə hazırlanmış və institutun bir çox əməkdaşları layihənin icrasına cəlb edilmişdir. Adından göründüyü kimi, layihədə əsas məqsəd Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağı folklor mühiti kimi diqqət mərkəzində saxlamaq, onun qeyri-maddi mədəni irsini toplamaq, sistemləşdirmək, arxivləşdirmək, nəşr etmək, araşdırmaq və təbliğ etməkdir. Layihədə məqsəd həm də bölgənin folklor resurslarını müəyyənləşdirmək, eləcə də bu bölgənin sosial-mənəvi həyatında folklorun iştirakının aktivlik dərəcəsi haqqında müəyyən təsəvvür əldə etməkdir”(1, 4).
Qarabağ folklor mühitində hər bir janrı əhatə edən nümunələrin, o cümlədən nağıl janrına aid nümunələrin öz yeri var. “Qarabağ: folklor da bir tarixdir” kitabının tərtibçiləri bu məsələ ilə bağlı yazırlar: “Qarabağ sakinlərinin yaddaşındakı folklor nümunələrini toplamaqla biz nəinki həmin nümunələri məhv olmaqdan xilas edirik, həm də gənc nəslin doğma tarixi-coğrafi məkanı, həmin məkanın folklorunu, etnoqrafiyasını tanımasına kömək etmiş oluruq. Belə ki, Qarabağdan toplanmış istənilən folklor mətni özündə bu bölgənin etnoqrafiyası haqqında informasiya daşıyır. Qarabağın qədim türk yurdu olduğunu və onun hər bir daşında, torpağında türkün izi olduğunu folklor nümunələri bir daha əsaslı şəkildə göstərmiş olur”(1, 6).
Qarabağdan toplanmış rəvayət, əfsanə və digər nümunələrlə yanaşı nağıllar da bu bölgənin həyatı, məişəti, adət-ənənəsi və s. barədə olduqca zəngin informasiya verir. Bu məsələni bir qədər daha ətraflı şəkildə aydınlaşdırmaq üçün müxtəlif vaxtlarda ayrı-ayrı söyləyicilərdən yazıya alınmış nümunələrə müraciət edək. Belə qiymətli nümunələrdən biri 1935-ci ildə Ağdam rayonu Hindarx kənd sakini Mirzə Ələkbər oğlundan yazıya alınmış “Kəl Həsənin nağılı”dır (2, 188-200).
Bu nağılda təsvir olunur ki, Bəndərpuş vilayətində Əhməd adlı bir kişinin bircə arvadından başqa heç kəsi yox imiş. Bu kişi bir gün xəstələnir və oduna gedə bilmir. Bunu görən arvadı Nisə baltanı götürüb meşəyə gedir ki, odun qırıb çörək pulu qazansın. O, odun qırıb böyük bir şələ bağlayır. Bu vaxt bərk acır... “Əl atıb armud ağacından bir neçə armud dərib nuşcanlıqla yedi. Armudu yeyəndən sonra Nisəyə bərk susuzluq üz verdi. Durub endi bulağa, doyunca su içib əl-üzünü də yudu. Durub gəldi ki, odun şələsini götürüb getsin, gördü ki, şələnin üstündə bir gözəl quş oturub. Öz-özünə dedi: yaxşı oldu, tutub öldürərəm, ətinnən də xörək bişirərəm.
Nisə yerdən bir daş götürüb atdı quşa. Quş qanad çalıb şələnin üstündən qalxanda bir iri yumurta salıb qalxdı havaya. Nisə tez yüyürüb yumurtanı götürdü. Yumurtanın qabığı o qədər nazik idi ki, davam eləməyib əzildi. Yumurtaya hayıfı gəlib çəkdi başına. İçən kimi şirinliyindən ciyəri alışıb başladı yanmağa. Tez enib bulağa doyunca su içdi, səriyib odun şələsin dalına, evə gəldi. Şəhərə çatan kimi istədi ki, dönüb getsin bazara, yolu yarı eləmişdi ki, elə bir sancı bunu tutdu ki, gözləri çaxmaq çaldı. Başı gicəllənib ürəyi bulandı, ancaq yenə də bir təhərnən durub gəldi evə. Əhməd durub çıxdı arvadının qabağına, dedi:
Dedi.
Nisə başına gələni ərinə nəql elədi.
Əhməd xəstə-xəstə odunu götürüb, getdi bazara, satıb puluna əppək alıb gətirdi. Bu gündən sonra Əhmədin arvadı yorğan-döşəyə düşdü, doqquz ayın tamamında bir oğlu oldu.
Əhməd uşağı görən kimi bağrı çatlayıb öldü. Nisə xala əri öləndən sonra uşağın adını Həsən qoydu. Uşaq iki aylığında ayaq tutdu, bir yaşında böyük adamlar kimi yeriməyə başladı. Həsən böyüyüb doqquz yaşına çatdı. Nisə də qapılarda dilənib çörək pulu qazanırdı (2, 188-189).
Həsən qeyri-adi xüsusiyyətləri ilə yaşıdlarından fərqlənir. Qurban bayramı günü camaat səğirnən-kəbirən qoyun aparıb, meşədə sərin bulağın başında kəsib yeyib-içdiyi vaxt iki ayı ağacların arasından çıxıb bunların üstünə şığıyır. Hamı qaçır. Uşaqlara qoşulub meşəyə gələn Həsən bunu görəndə nərə çəkib ayılara tərəf yeriyir. Ayıları baş-başa vurub cəhənnəmə vasil edir.
Günlərin bir günü padşahın gözəl qızı Pəri xanımı Kaşkaş pəhləvan götürüb qaçır. Padşah abiddən öyrənir ki, Pəri xanımı Kaşkaş pəhləvanın əlindən Əhməd oğlu Kəl Həsən alıb gətirə bilər. Padşahın əmri ilə vəzir axtarıb Kəl Həsəni tapır.
“Kəl Həsən düz on altı yaşına çatmışdı. Onun gücdə pəhləvan əgər axtarsaydın dünyanı, tapa bilməzdin. Amma bir eybi var idi ki, alt çənəsi quş ürəyinə oxşayırdı.
Vəzir Kəl Həsənin qapısına çatdı və qapını döydü. Kəl Həsən durub çıxdı darvazaya. Vəzir baxıb gördü ki, döydüyü darvaza açıldı. Bir nəfər nəhəng bir şey çıxıb qabağa, xəbər aldı:
– Kimi istəyirsən?
Vəzir dedi:
– Kəl Həsən gərəkdi.
Dedi:
– Kəl Həsən nəyinə gərəkdi?
Vəzir gördü ki, bu adamın gözlərindən cin çıxır. Əgər bir az da bərk danışsa, iki barmağının arasında sıxıb suyun çıxaracaq, qorxa-qorxa dedi:
– Padşah çağırır.
Kəl Həsən dedi:
– Kəl Həsən mənəm.
Vəzir dedi:
– Elə isə gedək!
Kəl Həsən dedi.
– Bir balaca dayan, gedim geyinim, sonra gəlim.
Kəl Həsən gedib, ayağın çarığın, başın papağın, əyninə yüz yerdən yamağı olan donun geyib düşdü vəzirin qabağına” (2, 191-192).
Vəzir Kəl Həsəni padşahın hüzuruna gətirir. Padşah Kəl Həsənlə şərt kəsir ki, əgər sən Pəri xanımı götürüb gələ bilsən, qızımı sənə verərəm. Kəl Həsən razı olub, padşahnan şərt bağlayır.
“Kəl Həsən dedi:
– Mənə yeddi qazan aş, bir at, bir dəst pəhləvan paltarı ver!
Padşah yeddi qazan aş bişirtdirdi. Aşı çəkdilər. Kəl Həsən o saat yeddi qazan aşı yeyib qurtardı. Padşah yetmiş pud poladdan Həsən üçün paltar, qılınc, qalxan döydürdü.
Kəl Həsən polad paltarı geyib, at istədi. Hər hansı at gəldi, Həsən atı minən kimi beli sındı. Kəl Həsən bir nərə çəkib dedi:
– Mənə at!..
At tapılmadı.
... Vəzir dedi:
– Evini Allah yıxsın, bu nə xətadı saldın bizi. Tövlədə at qalmadı, məndə də qol-qıç. Həsən hansı ata mindi, atın beli davam gətirmədi, sındı. İndi at istəyir.
Padşah əmr elədi ki, tövlədəki ərəb atı açıb versinlər Kəl Həsənə.
Adam gedib ərəb atı tövlədən açıb gətirdi. Kəl Həsən mindi ərəb atı. Bir-iki dəfə oyan-buyana çapıb gördü ki, bəli ərəb atı davam gətirəcək, üzün çevirib bina qoydu yol getməyə” (2, 192-193).
Kəl Həsən neçə mənzil yol gedib bir qarının evinə çatır. O, qarıdan öyrənir ki, Kaşkaş pəhləvanın bu yaxında, çay qırağında bir bağı var, padşah qızı Pəri xanım ilə orada olur. Divdən əmələ gəlmə bəni-insan olan Kaşkaş pəhləvan Pəri xanımı gülşən bağında, qalaçada saxlayır. Məlum olur ki, Pəri xanım Kaşkaş pəhləvandan bir il möhlət alıb ata-anası başından çıxsın. Kəl Həsən qızdan öyrənir ki, bu gün bir il tamamdı, div harada olsa, gəlib çıxacaq. Kaşkaş pəhləvan bir illik şikardan qayıdanda Pəri xanımın yanında Kəl Həsəni görüb deyir:
“– Ay nadürüst, buraya quş gəlsə, qanad salar, qatır gəlsə, dırnaq salar, sən hara, bura hara?
Kəl Həsən dönüb geriyə baxdı. Kaşkaş pəhləvan irəli gəlib əl atdı qılınca.
Kəl Həsən dedi:
– Pəhləvan, onu bil, pəhləvanlarda üç nişan olar: bir-birinə hərbə-zorba gəlmək, qılınc çalmaq, güləşmək. Mən hər üçünə varam, buyur, bu meydan, bu şeytan” (2, 195).
Kəl Həsən belə deyən kimi Kaşkaş pəhləvan onun üstünə atılır. Hər iki pəhləvan qılınc-qalxandan, oxdan, nizədən çıxır, ancaq heç birisi o birinə bata bilmir. Axırda güləşməyə başlayırlar. Kəl Həsən Kaşkaş pəhləvanın kəmərindən tutub yerə elə vurur ki, tikəsi tazıya çatmır. Kəl Həsən Pəri xanımı da götürüb yola düşür. Gəlib bir bulaq başına çatırlar. Kəl Həsən burada yuxuya gedir. Bu zaman Kaşkaş pəhləvanın qardaşı Bəlğ pəhləvan yel atına minib gəlib Pəri xanımı götürüb aparır. Kəl Həsən yuxudan ayılıb görür ki, Pəri xanımı aparıblar. Kəl Həsən atına minib onların dalınca yola düşür. Yolda o, əlindən adaxlısı alınan bir cavanın nişanlısını zor gücünə alıb yeddi gün, yeddi gecə toy eliyəndən sonra gəlib bir xaraba dəyirmana çatır. Bu vaxt bura gələn iki ceyran cildlərini soyunub bir cüt gözəl qız olurlar. Pəri qızlarının kiçiyinin donunu ələ keçirən Kəl Həsən onun köməyilə Firəng padşahının qızı Şərəf xanımı qəddar vəzirin zülmündən qurtarır. Bundan sonra Bəlğ pəhləvanın qalaçasına gələrək onu öldürüb Pəri xanımı da götürüb geri qayıdır.
Padşah vəzirin tədbir və hiyləsi ilə Kəl Həsəni öldürmək qərarına gəlir. Onu zəhərləyib yeddi dağın arxasındakı dərəyə atdırır. Simurq quşu Kəl Həsənə süd əmizdirib sağaldır. Kəl Həsən Simurq quşunun köməyilə evlərinə qayıdır və padşahı vəziri ilə birlikdə öldürür. Yeddi gün, yeddi gecə toy eləyib Şərəf xanımla Pəri xanımı alır.
Bu nağıl barədə bir qədər ətraflı danışmağımızın səbəbi bu tip nağılların digər nağıllardan seçilməsi, beynəlxalq nağıl süjeti göstəricilərində qarşılığına rast gəlinməməsi, həm də belə nağılların Qarabağda yayılması ilə bağlıdır.
Bu süjetin bir variantını da, “Pəhləvan Həsən” adlı nağılı Qulu Quluzadə Karyagin rayonunun (Füzuli rayonunun) Horadiz kəndindən Cabbar Mövla Qulu oğlundan yazıya almışdır (3,75-85). Bu nağıl da övladsız valideynlərin qocalıq çağlarının təsviri ilə başlayır. Onlar olduqca yoxsul bir ömür keçirirlər. Onların heç nəyə ümidi olmur. Bir parça çörəyə möhtacdırlar. Ancaq birdən-birə onların həyatında qeyri-adi dönüş yaranır, yaşayışlarının axarı tamamilə dəyişir. Hər iki nağılda bu dəyişiklik onların övladlarının qocalıq çağlarında dünyaya gəlməsi və qeyri-adi keyfiyyətlərinə görə seçilməsi ilə səciyyəvidir. Onlar qeyri-adi törəyişləri ilə başqalarından seçilirlər.
“Kəl Həsənin nağılı”nda qoca odun satmaqla bir parça çörək pulu qazanırsa, “Pəhləvan Həsən” nağılında qoca meşədən itburnu yığıb satmaqla dolanır. Günlərin bir günü o, dağa qalxıb, çoxlu itburnu olan yer tapır. Elə təzəcə itburnu yığmaq istəyir ki, bir ayının ona tərəf gəldiyini görür. Qocanın ayaqları tutulur, yerindəcə donub qalır. “Ayı kişiyə yaxınlaşıb, qaldırıb dalına mindirdi və dağdakı mağarasına apardı. O, kişini mağaraya qoydu ki, kişi qaça bilməsin. Dörd-beş gün burada qalandan sonra kişi başa düşdü ki, ayı onu özü üçün gətirib, onu yemək fikri yoxdur.
Ayı günaşrı çölə çıxır, qoyundan, keçidən parçalayıb gətirir, birlikdə yeyirdilər. Beləcə yaşayırdılar ki, günlərin bir günü bu ayı kişidən bir oğlan doğur, oğlanın adını kişi Həsən qoyur. Həsən nə Həsən... beş-altı yaşa çatanda görən deyərdi onun üz-gözündən igidlik yağır. Kişi Həsənlə söhbət edir, dərdləşirdi, ayı onların dilini başa düşmürdü, onlar da ayının dilini bilmirdilər” (3, 75).
Pəhləvan Həsənin atasına yazığı gəlir. Mağaranın ağzındakı qaya parçasını vurub kənara itələyir, atasını dalına alıb mağaradan çıxır. Bu vaxt ayı onlara çatır. Oğlan vurub ayını öldürür. Sonra atasını da götürüb evlərinə gəlirlər. Qoca başına gələn əhvalatı arvadına danışır. Oğlunu da ona göstərir. Onlar birlikdə yaşamağa başlayırlar. Bir gün Həsən deyir ki, ata, apar məni padşaha sat, mənim ağırlığım qədər qızıl istə. Atası nə qədər yalvarırsa, oğlan dediyindən dönmür. Axırda atası məcbur olub onu aparıb padşaha satır. Kişi özünə gözəl bir ev tikdirir. Padşah Kəl Həsəni öldürmək üçün çətin səfərlərə yollayır. Birinci dəfə odun gətirmək bəhanəsiylə onu meşəyə göndərir ki, əcayib heyvan onu öldürsün. İgid Həsən ən yaxşı ustanın yanına gəlib özünə balta düzəltdirir. “Padşah Həsənin çiynindəki baltanı görəndə qorxudan rəngi qaçdı. O, qorxa-qorxa soruşdu ki, niyə gəlib, nə istəyir. Həsən dedi:
Mənə at, qatır, bir də başqa nə lazımdırsa verin, odun qırmağa gedirəm.
Padşah əmr elədi ki, ona ən yaxşı atı və on dənə qatır versinlər.
Cəsur Həsən ona lazım olan hər şeyi alıb ata mindi, baltanı da çiyninə qoyub, qatırlarla meşəyə yola düşdü.
Həsən gedəndən sonra padşah vəziri yanına çağırıb dedi:
– Vəzir, mənim bu oğlandan heç gözüm su içmir. Bu başımıza bəla ola bilər.
Vəzir dedi:
– Şah sağ olsun, onun yüz canı da olsa, inanmıram ki, meşədən sağ qayıtsın. Yaxşı oldu ki, o, orada ölə bilər, bizim də canımız ondan qurtarar” (3, 78-79).
Həsən bütün heyvanlara və insanlara qənim kəsilən əcayib heyvanın dizlərini yerə gətirir, qırdığı odunu onun belinə yükləyib padşahın hüzuruna gətirir. Bunu görən padşahın qorxusu daha da artır. Padşah vəzirin tədbiri ilə onu daha çətin səfərlərə göndərir.
Pəhləvan Həsən bütün sınaqlardan çıxır. Axırda da padşahı taxtından salır.
Azərbaycan folklorşünaslığında belə nağılları sehrli nağıllardan fərqləndirməyə çalışmışlar. R.Xəlilov “Azərbaycan və ərəb nağıllarında qəhrəman obrazları” adlı tədqiqatında bu nağılların qeyri-adi doğuluşa, qəhrəman şəxsiyyətinin, zahiri görünüşünün, fiziki gücünün ətraflı təsvir olunmasına görə sehrli nağıllardan fərqləndiyini nəzərə çatdırır (4,104).
Ə.Əsgərov da bu nağılların sehrli nağıllardan fərqləndiyini göstərir (5,94).
Ümumiyyətlə, bu tip nağıllara münasibətdə folklorşünaslıqda fikir ayrılığı mövcuddur. N.P.Andreyev öz göstəricisində belə nağılları sehrli nağılların tərkibində “qeyri-adi güc və bilik” bölməsində vermişdir (6,47).
V.M.Jirmunski isə bu tip nağılların türk xalqlarının və onunla bağlı olan Cənubi Sibirin və Mərkəzi Asiyanın monqol xalqlarının ən qədim epik janrı olduğunu qeyd edir, onları “Bahadırlıq nağılları” adı altında verməyi daha doğru hesab edir” (7, 222).
Bu barədə xüsusi araşdırma aparan İ.Rüstəmzadə V.M.Jirmunski, V.Y.Propp, E.M.Meletinski, S.Y.Neklyudov kimi tədqiqatçıların araşdırmalarına əsaslanaraq bu sıraya daxil olan nağılları “Bahadırlıq nağılları” adlandırmağı və onları ayrıca bir qrupda verməyi daha düzgün hesab edir. Tədqiqatçı belə nağılların həm qəhrəmanın tipinə, həm də kompozisiya xüsusiyyətlərinə görə sehrli nağıllardan fərqləndiyini göstərir (8,15).
Bizcə, bu nağılları sehrli-qəhrəmanlıq nağılları kimi ayırmaq daha məqsədəuyğun olardı.
Yuxarıda nağıl süjetinin hər iki variantında qəhrəman qeyri-adi törəyişi ilə fərqlənir. Odur ki, onlar ən güclü rəqiblərinə belə üstün gəlirlər. Bununla yanaşı, ən çətin məqamda sehrli köməkçi – Simurq quşu hər iki qəhrəmanın köməyinə çatır. “Kəl Həsənin nağılı”nda padşahın zəhərləyib yeddi dağın arxasındakı dərəyə atdığı qəhrəmanı Simurq quşu görüb onun ağzını yalayır və zəhərini çəkir. Sonra isə “bir az süd əmizdirib onu ayıldır, ölümdən qurtarır. “Pəhləvan Həsən” nağılında isə Simurq quşu ən çətin sınaqdan çıxmaqda Pəhləvan Həsənin yaxın köməkçisi olur, sehrli ağacı əldə etməkdə ona kömək edir, sonra isə padşahın bəd niyyətindən onu xəbərdar edir, ona yol göstərir.
XX əsrin 80-ci illərində, eləcə də XXI əsrin əvvəllərində, bu günlərimizdə Qarabağdan yazıya alınmış nümunələrdə də sehrli-qəhrəmanlıq motivlərinə rast gəlinir. Bu isə Qarabağ bölgəsində mühitlə bağlı nağılçılıq ənənəsinin hələ də yaşadığını söyləməyə əsas verir. “Gülhüseyn pəhləvan” nağılı bu baxımdan diqqəti cəlb edir (9, 67-68). Nağılın məzmunu belədir: Gülhüseyn adlı bir oğlan əmisinin qoyunlarını otarır. O, çox qüvvətli imiş. Gülhüseyn bir gün qoyun otaranda ona bir atlı yaxınlaşır. Atlı oğlandan yemək istəyir. Oğlan hövkəsindən bir parça çörək çıxarıb yeddi tikə eləyib taxta kasasına da qoyun südü töküb atlıya verir. Gülhüseyn atlının yeməyinə baxıb deyir ki, sənin yeməyin uşaq yeməyidir. Atlı onu oğulluğa götürür. Günlərin bir günü, gecənin yarısı Gülhüseyn yuxudan ayılıb toy səsi eşidir. O durub oyananda ev silkələnir. Kişi deyir, ehmal oyna, evi uçurarsan. Gülhüseyn toy olan yerə gedir. Öyrənir ki, padşahın oğlunun toyudur. “Tez özünü yemək bişirən aşbazın yanına verib, xəbər aldı:
– Bu nə dəm-dəsgahdı?
Aşbaz dedi: – Bu padşahın oğlunun toyudur, amma Firəng padşahı bu padşahın üzərinə qoşun göndərib.
Gülhüseyn dedi:
– Mənə yemək verin.
Aşbaz buna yemək verdi, o bir qazan yeməyi yeyib doymadı, ikincini istədi, onu da yedi, sonra isə su istədi. Aşbaz gördü ki, buna su çatdıra bilməz, ona dedi ki, padşaha deyin ki, qoşunun qabağına mən çıxacağam. Bunu eşidən padşah əmr etdi ki, onu içəri gətirsinlər” (9, 68).
Gülhüseyn yad padşahın 40 pəhləvanını şil-küt edir. Firəng padşahı bunu görüb onun üstünə qoşun göndərir. Gülhüseyn bu qoşunu da darmadağın edir. Bunu görən padşah tacını onun başına qoyur, qırx gün, qırx gecə toy edib qızını da ona verir.
“Kəl Həsənin nağılı”nda qəhrəman yeddi qazan aş yeyib, silahlanıb çətin səfərə yola düşür. “Gülhüseyn pəhləvan” nağılında qəhrəman bir qazan aşı yeməklə doymur, yenə yemək istəyir. O, oynayanda ev az qalır uçub dağılsın, qırx pəhləvan onun qabağında aciz qalır.
“Qolunda qırx kəlin gücü olan kişi” (AT 365) (1,179-181) nağılı da sehrli-qəhrəmanlıq motivini əks etdir. Bir kişinin qolunda 40 kəlin gücü varmış. O, gücündən istifadə edərək gəlib-gedən karvanları soyub talıyarmış. Bir gün tutduğu işdən peşiman olan bu kişi Allaha yalvarır ki, qoy bir karvanı da talıyım, qolumdakı gücü al. Elə də olur. O, bir gün iki çadıra rast gəlir. Görür ki, qolunda güc qalmayıb. Məlum olur ki, burda bir bacı və bir qardaş yaşayır. Qardaşı bir padşah qızını almaq istəyir. Padşah da qızı bir quyuda gizlədib, üstünə də iri bir daş, qırx pəhləvan da keşik çəkir. Kişi hiylə işlədib quyuya yaxınlaşır. Ancaq nə qədər eləyirsə, daşı götürməyə gücü çatmır. Allaha yalvarır ki, “Ya Allah, mənim gücümü özümə qaytar”. Allah onun gücünü özünə qaytarır. Kişi qızı quyudan çıxarıb oğlanın çadırına gətirir, padşahın qoşununu da məğlub edir. Sonra bunlara toy edir. Kişi qayıdıb evlərinə gəlir. Bu vaxt padşah hücum edib oğlanı, bacısını və qızını öldürür. Başlarını kəsdirib oğlanın çadırına qoydurur. Əhvalatı bilən kişi çox ağlayıb yasa batır. Sonra da onları paltarlı vəziyyətdə aparıb basdırır. Peyğəmbərin yanına gedib yalvarır ki, onları sağaltsın. Peyğəmbər cibindən bir lələk çıxardıb cavanların başlarına, boyunlarına sürtür. Onların üçü də asqırıb ayağa dururlar. Onlar təzədən toy edirlər. Qolunda qırx kəlin gücü olan kişi də oğlanın bacısını alır.
Bu nağılda qəhrəmanın qolunda qırx kəlin gücünün olması müəyyən mənada “Kəl Həsənin nağılı” ilə səsləşir. Ancaq haqqında danışdığımız sonuncu nağıl, eləcə də “Gülhüseyn pəhləvan” nağılı əvvəlki iki nağıldan fərqlənir. Belə ki, son iki nağılda qeyri-adi gücün nə ilə bağlı olması məlum olmur, bu qeyri-müəyyəndir. Ancaq bu nağıllar da ənənəvi sehrli nağıllardan seçilir. Belə ki, bunlarda da qəhrəmanın fiziki gücü qabarıq şəkildə üzə çıxır, sehrli vasitələr, əşyalar və sehrli köməkçilər hadisələrin inkişafında aparıcı rol oynamır.
Qarabağ bölgəsindən toplanmış “Tapdıq”, “Reyhanın nağılı”, “Naxırçı oğlu Eyvazın nağılı” və başqa bu tipli nağılları da səciyyəvi bahadırlıq nağılları sırasına daxil etmək olar.
Sehrli-qəhrəmanlıq nağıllarında padşah-qəhrəman konflikti qabarıq şəkildə özünü göstərir. Padşah müxtəlif səbəblərə görə qəhrəmanı məhv etməyə çalışır, ona həyata keçməsi mümkün olmayan tapşırıqlar verir, “gedər-gəlməz” səfərlərə yollayır, bu mümkün olmadıqda isə onu zəhərləyib öldürməyə çalışır. Bu motivlər “Kəl Həsən”, “Reyhanın nağılı”, “Pəhləvan Həsən” kimi nağıllarda özünü göstərir. “Naxırçı oğlu Eyvazın nağılı”nda (10, 260-270) da bu motiv aparıcı yer tutur. Bu nağıl 1939-cu ildə Qubadlı rayon sakini 63 yaşlı Həmid Paşa oğlundan yazıya alınmışdır. Nağılda təsvir olunur ki, bir padşahla bir naxırçının saqqalına dən düşsə də, övlad üzünə həsrətdirlər. Bir gün padşah qəm dəryasına qərq olub övlad dərdi çəkəndə bir dərviş onun hüzuruna gəlir. Dərvişin məsləhəti ilə yazıq-yuzuğa pul paylayır, ehsan verir. Onun bir qızı, naxırçının isə bir oğlu olur. Naxırçı örkəndən, qəzil palazdan qıvraq bir bələk düzəldir. Bu uşağın qeyri-adi hərəkətləri isə atanı qorxuya salır. “... Üçüncü gün idi ki, Eyvaz anadan olmuşdu, atası oğlunun üzündən öpüb, ağacını götürüb, naxıra getmək istəyəndə uşaq bələkdən qalxıb qışqırdı:
– Mən də naxıra gedirəm. Məni də apar.
Naxırçı üç günlük uşağın danışdığını görüb bərk qorxdu, qaçmaq istəyəndə uşaq dedi:
– Ata, qorxma, mən qəzil palaz üstündə böyümüşəm. Mən sənin oğlunam, ata da oğlundan qorxarmı? Mən də sənnən naxıra gedəcəyəm, mənə bir ağac ver.
Naxırçı özünə ürək-dirək verib, qorxa-qorxa ona bir ağac verdi” (10, 261).
Beş yaşına çatanda Eyvaz şahın bütün pəhləvanlarını məğlub edir, qoşununu geri qaytarır. Bunu görən şah Eyvazın ölkəsindən çıxmasını tələb edir. Eyvaz atasının məsləhəti ilə ölkəsini tərk edir. Paxıl yol yoldaşlarının xəyanəti nəticəsində qaranlıq dünyaya düşən Eyvaz burada da uşaqlara qənim kəsilən padşahla qarşı-qarşıya gəlir. O, əfsanəvi quşun köməyi ilə işıqlı dünyaya çıxır, paxıl yoldaşlarından haqlı intiqam alır. Eyvaz vətəninə qayıdaraq atasını və günahsız insanları şah zindanından qurtarır.
Padşah-qəhrəman qarşıdurması 1944-cü ildə Laçın rayonunun Malıbəyli kənd sakini 60 yaşlı Dünyamalı Gülmalı oğlundan yazıya alınmış “Yoxsul kişi ilə padşah” (10, 192-199) adlı sehrli nağılda da qabarıq şəkildə nəzərə çarpır. Bu nağılın qəhrəmanı bir təsadüf nəticəsində var-dövlət əldə edir, başı buluddan, ayağı yerdən nəm çəkən yeddi mərtəbəli imarət tikdirir. Günlərin bir günü buraya gələn şah onun gözəl arvadını ələ keçirmək istəyir. Odur ki, hiyləgər vəzirin tədbiri ilə qəhrəmanı “gedər-gəlməz” səfərlərə – dərya madyanının südünə, adam ayağı dəyməmiş yerdən torpaq gətirməyə, zülmatlı dağdakı div qalasından cəvahir daşını gətirməyə göndərir. Qeyri-adi köməkçilərin yardımı ilə qəhrəman bütün sınaqlardan, çətinliklərdən çıxa bilir və şaha qalib gəlir.
Bu tipli nağılların bir çoxunda isə şah birbaşa qəhrəmana düşmən kəsilir, hələ beşikdə ikən onu öldürüb ondan canını qurtarmağa çalışır. Nağılın ekspozisiyasında şahın anadan olacaq bir qız və ya oğlan uşağı tərəfindən öldürüləcəyi güman edilir. Məsələn, “Nardan qızın nağılı”nda deyilir.
“Ey Qoquz şah, bil və agah ol. Çox çəkməyəcək dünyaya bir qız uşağı gələcək, o, böyüyüb on dörd yaşına çatan kimi səni öldürəcək” (2, 175).
Eyni motivə “Zəngi” nağılında da təsadüf olunur. Bu nağıl da belə başlayır:
“Deyirlər ki, qədim zamanlarda Bilbis şəhərində bir padşah varıymış. Günlərin bir günündə bu padşah yatıb aləmi-röyada görür ki, bir hambalın Zəngi adında bir oğlu olacaq, uşaq on iki yaşına çatanda vurub onu öldürəcək” (11,155).
“Simanın nağılı”nda da (2, 31-52) padşah-qəhrəman qarşıdurması üstünlük təşkil edir. Bu nağılda da şah yenicə doğulmuş uşaqlara düşmən kəsilir, günahsız körpələri beşikdə ikən məhv etməyə çalışır. Bu uşaqlardan biri də şahın öz bağbanının oğlu olur. Ancaq əmri icra edənlər bu uşağı öldürməyib dağın döşündəki ağacın altına atırlar. Əfsanəvi Simurq quşu uşağı Nil dəryasında çimizdirir, Qaradağ daşından da əzib tük yerlərinə çəkir. Simurq quşunun himayəsində böyüdüyünə görə anası oğlunu Siman adlandırır. Nağıldakı əsas hadisələr Simanla padşah arasındakı qarşıdurma əsasında inkişaf edir və qəhrəmanın qələbəsilə sona yetir.
Bu nağıllar, eləcə də Qarabağ bölgəsindən toplanmış “Şah oğlu Bəhram”, “Padşah oğlu”, “Kəlləgözün nağılı” və s. bir sıra nağıllar da motivlərinə, obrazlarına, strukturuna görə qəhrəmanlıq dastanları ilə səsləşir.
Bu baxımdan “Oğuz Kağan” dastanında Oğuzun evlənməsi maraq doğurur. Burada Oğuzlarda olan mifoloji inamlar əks olunmuşdur. Oğuz birinci dəfə Günəş şüasında göydən enən qızla evlənir, bu qızdan onun üç oğlu olur. İkinci dəfə isə ağacın içində olan qızla evlənir, bu qızdan da onun üç oğlu olur.
Məlum olduğu kimi, Oğuz Kağanın birinci arvadından doğulan uşaqları Günəşlə, ikinci arvadından doğulan uşaqları isə su ilə, torpaqla bağlıdırlar. O, birinci üç oğlunu gündoğana, ikinci üç oğlunu isə günbatana yollayır. Onun birinci arvadından olan oğulları üç qızıl yay, ikinci arvadından olan oğulları isə üç gümüş yay tapırlar. Bundan sonra Oğuz var-dövlətini oğulları arasında bölüşdürür.
“Burada Oğuzların mifoloji inamlarla bağlı adətləri öz əksini tapmışdır. Mövzu ilə əlaqədar olduğundan onların bir sırasından bəhs açmağı məqsədəuyğun sayırıq. Öncə bir məsələyə diqqət yetirək ki, Oğuz oğlanlarını ova göndərdikdən və onlar yay, ox tapdıqdan sonra Gün xana, Ay xana və Yulduz xana, Gök xana, Tağ xana, Temir xana hakimiyyət, yurd verir. Bunun əsas səbəbi odur ki, əski türk xalqlarında yay-ox kultu varmış və o ailə, müstəqillik, suveren vassalı olan dövlət bəlgəsi imiş. Deməli, Oğuz Kağan oğlanlarına baxımsızlıq-müstəqillik, hakimiyyət verəndən sonra üç böyük qardaşa qızıl toyuq, ağ qoyunu, üç kiçik qardaşa gümüş toyuq, qara qoyunu onqon verir” (12,138-139).
“Kitabi-Dədə Qorqud”da isə igid Bamsı Beyrək evlənərkən gərdəyini atdığı oxun düşdüyü yerdə qurur: “Oğuz zamanında bir yigit ki, evlənsə, ox atardı. Oxu yerdə düşsə, anda gərdək dikərdi. Beyrək xan dəxi oxun atdı, dibinə gərdəgın dikdi. Adağlısından ərgənlik bir qırmızı qaftan gəldi. Beyrək geydi” (13, 37).
Bu inamın izlərinə nağıllarda da rast gəlinir. Misal üçün 1939-cu ildə Füzuli rayon sakini 67 yaşlı Səlim Kərim oğlundan yazıya alınmış “Güloğlan” nağılı (14, 252-258) diqqəti cəlb edir. Nağılda təsvir olunur ki, qəhrəman başqa bir şəhərə gedib çıxır. O, burada camaatın yasa batdığını görür. O, öyrənir ki, şəhərin yasa batmasının əsas səbəbi əjdahadır. Dağda peyda olan əjdahaya nə verirlərsə, almır, padşahın qızını istəyir. Padşah da əlacsız qalıb qızını əjdahaya qurban vermək istəyir. Şah qızını aparıb əjdahaya verəndə Güloğlan da bu hadisəyə tamaşa eləməyə yollanır. Dağın ətəyində bir daşın üstündə oturur. Bu vaxt gəlib yaxınlıqdakı kola qonan bir quş dil açıb deyir ki, sən oturan daşın altında yay-ox var, onu götür, əjdahanı öldür. Güloğlan daşın altındakı yay-oxu götürüb əjdahanı öldürür, şahzadə qızı ölümdən qurtarır. Bir az keçmiş indi də şəhərdə bir cadugər qarı peyda olur. Bu qarı vəziri, onun oğlanlarını, sonra padşahı və onun oğlanlarını daşa döndərir. Güloğlan üç gün, üç gecə dağları, daşları dolaşıb qarının olduğu yeri tapır.
“Güloğlan fakir, xəyalda ikən oturduğu yerdə onu yuxu apardı. Güloğlan gözü yuxuda, könlü isə oyaq olan zaman yenə həmin quş uçub gəldi, ona yaxın bir budağa qondu, dedi:
– Ay Güloğlan, yatıbsan oyan, oyanıbsan eşit! Bu qalaçada sehrkar bir qarı var. Sehrlə hər dona girə bilir. Sehrkar qarı bir gözəl qız sifətinə düşüb, vəziri gətirib qalaçanın qapısında daş eləyib. Oğlanları da dalınca gələndə onları da daşa döndərib. Bir gün də maral cildinə girib, padşahı dalınca gətirib, burada onu da daş eləyib, sonra da oğlanlarını, başının atlıları ilə daşa döndərib. İndi o sehrkar qarı qalaçadadı. Yaxşı eşit mənim dediklərimi! Qalxıb gedərsən, qalaçanın qapısını itələrsən, açılar, içəridən sehrkar qarı çıxar. Onda sən deyərsən: “Süleyman eşqinə sehrkar qarının sehri batil olsun!”
Onda sehrkar qarı nə qədər sehr oxuyub, səni də daş eləmək istəsə, eləyə bilməz. Sehr batil olar. O zaman yay-oxu çəkib onun sinəsindən vurarsan. Sehrkar qarı ölər, sehri pozular, qalaçası dağılar. Daş olmuşlar da dönüb adam olarlar” (14, 256-257).
Quşun dediklərinə əməl edən Güloğlan yay-oxla bu cadugər qarını öldürür, daşa döndərilmiş insanları xilas edir.
Göründüyü kimi, bu nağılda yay-ox insanları yaman qüvvələrdən, şər varlıqlardan qoruyan, onlara səadət, xoşbəxtlik gətirən möcüzəli bir vasitə kimi əks olunmuşdur.
Müxtəlif dövrlərdə yazıya alınmış “Hatəmin nağılı”, “Bəxtiyar”, “Üçbığ Kosa”, “Məlik Düçar”, “Quru Kəllə”, “Quş dili bilən İsgəndər”, “Barxudarın nağılı”, “Yetim İbrahim və sövdəgər”, “Üç bacı”, “Qara at”, “Balıqlar padşahı və Yaqub”, “Güllü ilə Səlimin nağılı”, “Ovçu oğlanla Məleykə” və s. nağıllar Qarabağ bölgəsində sehrli nağılların geniş yayıldığını göstərir.
Sehrli nağılların ən əsas xüsusiyyətlərindən biri burada köməkçi qüvvələrin və sehrli vasitələrin mühüm rol oynamasıdır. Bu cəhəti nəzərə alan V.Y.Propp belə qənaətə gəlir: “Sehrli vasitə əldə etdikdən sonra və ya qəhrəmanın əlinə onun əmri ilə ona kömək edən canlı varlıq düşdükdən sonra onun tətbiqi gəlir: qəhrəman heç nə etmir, köməkçi onun əvəzindən hər şeyi yerinə yetirir” (15, 48).
Sehrli nağıllar sırasında 1943-cü ildə Cəbrayıl rayon sakini Məmməd Əhməd oğlundan yazıya alınmış “Altı yoldaş” nağılı da (14, 69-72) obrazlarına, kompozisiya xüsusiyyətlərinə görə seçilir. Nağılda təsvir olunur ki, şahzadə atasının arzusunda olduğu qızı alıb gətirmək üçün səfərə çıxır. Atasının əmri ilə şahzadə ilə gedənlər yavaş-yavaş ondan aralanıb geri qayıdırlar. Şahzadə isə öz fikrindən dönmür. O, qeyri-adi yol yoldaşları – Palazqulaq, Buzatan, Dağı dağ üstə qoyan kimi köməkçilərlə rastlaşır. Həmin qeyri-adi yol yoldaşlarının köməyi ilə şahzadə yad ölkənin padşahının bütün şərtlərini yerinə yetirərək onların sayəsində istədiyi qızı alıb gətirir.
Göründüyü kimi, nağılın qəhrəmanı sehrli yol yoldaşlarını tapdıqdan sonra demək olar ki, hadisələrin inkişafında əsas yeri onun köməkçiləri tutur.
Sehrli nağıllarda qəhrəmanın köməkçiləri sırasında sehrli Simurq/ Zümrüd quşu da xüsusi yer tutur. Bu xeyirxah quş çətin anlarda qəhrəmanın ən yaxın köməkçisi olmaqla yanaşı, bəzən həm də onun məsləhətçisi olur. Simurq/Zümrüd quşu sehrli nağıllarda qeyri-adi xüsusiyyətlərə malik xeyirxah bir qüvvə kimi təsvir olunur. Professor M.Təhmasib nağıllarda sehrli xüsusiyyətlərə malik xeyirxah bir qüvvə kimi təsvir olunan Simurq quşu obrazı barəsində maraqlı araşdırma aparmışdır. Bu barədə tədqiqatçıların qənaətlərini yada salan, qədim əsatiri görüşlərdən bəhs edən M.Təhmasib Simurq/ Zümrüd quşunun Ayla əlaqədar mifoloji bir obraz olması nəticəsinə gəlir.
“Beləliklə, Simurğun, doğrudan da, Ayla əlaqədar əsatiri bir surət olması aydın olur. Onun xeyirxahlıq surəti olaraq yaranması və xalq ədəbiyyatımızdan göründüyü üzrə insanlara qarşı müsbət münasibəti isə Ayın qədim insan həyatında oynadığı rol, malik olduğu əhəmiyyət ilə əlaqədardır. Bəllidir ki, Ayın varlığı, onun dövriyyə hərəkəti, gündüzlər batıb gecələr çıxması, ayın on beşinə qədər böyüyüb sonra kiçilməyə başlaması, nəhayət, hər ayın sonunda yox olaraq, onun əvvəlində yenidən doğulması prosesi, hadisələri izah etməkdə aciz olan qədim insanın nəzərində onun əsatiri boyalar almasına səbəb olmalı idi. Bunu biz daha aydın olaraq yenə xalq ədəbiyyatımızda çox məşhur olan Səməndər quşu əfsanəsindən də görürük” (16, 98).
M.Təhmasib şifahi xalq ədəbiyyatımızda çox məşhur olan dövlət quşunun da bu qəbildən olan mifoloji surətlərdən olduğunu, nağıllarımızda bu quşun kölgəsinin bəxtiyarlıq və xoşbəxtlik gətirdiyini, bu quşun kimin başına qonarsa o adamın padşah seçildiyini göstərir. Tədqiqatçı dövlət quşunun bir adının da Humay, yaxud Hüma olduğunu yada salır, Umay/Humay sözünün mənasını açmaq üçün bir sıra elmi ədəbiyyatlara, həm də bununla bağlı xalq inanclarına müraciət edərək belə qənaətə gəlir:
“...Umay əslində uşaq yoldaşı deməkdir. Uşağın ana bətnindəki həyatında və inkişafında həmən uşaq yoldaşının nə dərəcədə böyük əhəmiyyətə malik olduğu aydındır. Buna görə də qədim insanın nəzərində bu təbii – maddi varlıq, əgər belə demək mümkünsə, fövqəltəbii şəkil və mahiyyət almış, qüdsiyyətə qaldırılaraq ilahə dərəcəsinə çatdırılmış, öz inkişafının daha sonrakı mərhələlərində isə öz kölgəsi – himayəsi ilə insanlara bəxtiyarlıq – dövlət – övlad verən bir quşa çevrilmişdir” (16, 101).
Simurq/Zümrüd quşu çətinliyə düşən qəhrəmanların köməyinə yetir, yaman qüvvələri məhv etməkdə onun ən yaxın köməkçisi olur. Bu quşlar dağ ətəyində, ağacın başında yuva salır. Bu quşlar sehrli xüsusiyyətlərilə seçilirlər. Harda olmasından asılı olmayaraq, tüklərinin yandırılması ilə qəhrəmanın yanında hazır ola bilirlər.
Məşhur Məlikməmməd nağılında və onlarca bir sıra nağıllarda isə paxıl qardaşlarının və ya yol yoldaşlarının qısqanclıqları ucbatından qaranlıq dünyaya düşən qəhrəman Zümrüd quşunun balalarını yeyən əjdahanı öldürərək Zümrüd quşunun simasında gələcək mübarizələrini başa çatdırmaq üçün xeyirxah sehrli qüvvə qazanır.
Azərbaycan nağıllarında qəhrəmanın ən sədaqətli köməkçiləri sırasında sehrli atlar da mühüm yer tutur. Nağıllarda təsvir edilən sehrli atlar baş verəcək hadisələri qabaqcadan görür, qəhrəmanı bütün təhlükələrdən və ölümdən qurtarmağa çalışır. Qəhrəmanın atla söhbəti, atın sahibinə kömək etməsinə nağıllarda tez-tez təsadüf etmək olar.
Bir sıra folklor nümunələrində isə bunları yaradanlar öz əcdadlarını, soy köklərini atla əlaqələndirmişlər. Atın nağıl və dastanlarımızda geniş şəkildə əks olunmasından, ona olan müsbət münasibətdən bəhs edən prof. M. Seyidov yazır: “Türk dilli xalqlarda at onqonu əsas onqonlardan imiş, hətta at onqonu o qədər də əsas onqon imiş ki, onu Günəşlə, insanla bağlamışlar.” (17, 39).
Azərbaycan nağıllarında qəhrəmanın köməkçisi rolunda çıxış edən at xüsusilə mühüm rol oynayır. Misal üçün, “Qırx Qönçə xanım” (18,106-118) nağılında kimsəsiz qalmış uşaqlar sehrli atın himayəsində xoşbəxtliyə çatır.
“... Bir gün qardaş yuxuda gördü ki, bir at dayanıb qapıda, buna deyir ki, gəl mənnən gedək, axırın xoşbaxtlıqdır. Oğlan yuxudan oyanıb gördü ki, bacısı yatıbdı. Bu, eşiyə çıxdı, gördü ki, doğurdan da, eşikdə bir at dayanıb. Rəvayətə görə, bu yel atı imiş. At dilə gəlib dedi:
– Ay oğlan, min belimə, bərabər gedək, səni elə bir yerə aparacağam ki, orada xoşbəxt olacaqsan” (18, 107).
At oğlanı 40 otaqlı bir gözəl qalaçaya gətirir və deyir ki, nə vaxt dara düşsən, tüklərimi oda tutarsan, hazır olaram. Paxıl analıq küpəgirən qarının köməyilə min cür hiylə qurub bacı-qardaşı məhv etməyə çalışır. Ancaq hər dəfə yel atı onların köməyinə çatır. Fitnəkar analığın və küpəgirən qarının bütün kələkləri baş tutmur, əsl həqiqət üzə çıxır, şah öz doğma uşaqlarını tanıyır.
Bəzən qeyri-adi quşlar və heyvanlar “Gül Sənavərə neylədi, Sənavər Gülə neylədi”, “Ağ atlı oğlan” nağıllarında olduğu kimi qəhrəmanın onları azadlığa çıxarmasından sonra onun köməkçisinə çevrilirlər.
Qarabağ bölgəsindən müxtəlif vaxtlarda toplanmış nağıllarda bu motivə tez-tez rast gəlmək olar. Misal üçün, 1939-cu ildə Cəbrayıl rayonunun Sofulu kəndindən Misirxan Miri oğlundan yazıya alınmış “Məlik Düçar” (18,167-177) nağılında mehtərxanaya girən Məlik Düçarı görən kimi at “dilə gəlib” onunla danışır, çıxılmaz vəziyyətə düşəndə ona yol göstərir, ən çətin sınaqlarda ona yoldaş olur.
Qarabağdan yazıya alınmış “Şah oğlu Bəhrəmin nağılı”, “Üçbığ Kosa”, “Yetim İbrahim və sövdəgər”, “Ustalan Əhməd” və s. nağıllarda da atla bağlı epizod və süjetlər özünə yer tapmışdır.
Bu baxımdan, 1939-cu ildə Laçın rayon sakini 100 yaşlı Abdulla Məhərrəm oğlundan yazıya alınmış “Qara at” nağılı (14, 205-207) maraq doğurur. Nağılda təsvir olunur ki, şah birinci arvadından olan oğlu İbrahimi onun doğma oğlundan çox istədiyinə görə analığı İbrahimə qənim kəsilir. Şahın İbrahimə hədsiz məhəbbətindən təşvişə düşən analıq necə olursa-olsun İbrahimi öldürməyə cəhd edir. Ancaq hər dəfə vəfalı Qara at “dil açıb” İbrahimi onun hiyləsindən xəbərdar edir, onu ölümdən qurtarır. Bunu görən analıq üzünə zəfəran sürtüb, həkimin vasitəsilə şaha xəbər çatdırır ki, sarılıq xəstəliyinə düçar olub, gərək Qara atın dərisi əndamına çəkilə. Bunu eşidən kimi İbrahim atasından xahiş edir ki, mən hələ bu atı minib çapmamışam. İzn ver, babam, Şah Mirzədən qalan yəhəri atın belinə qoyub cövlan vurum, sonra atı kəsdirərsən. İbrahim Qara ata süvar olub qılıncını belinə bağlayan kimi analığının hərəkətlərini atasına söyləyərək şəhərdən qaçır. Şah arvadının niyyətindən halı olub onun boynunu vurdurur. İbrahim isə Qara atın köməyilə şah qızı ilə evlənir və ata yurduna dönür.
“Çil madyan” (10, 95-101) nağılı da atla bağlı maraqlı süjet xətti ilə diqqəti cəlb edir. Bu nağıl 1943-cü ildə Qubadlı rayon sakini 70 yaşlı Səkinə Məhəmməd qızından yazıya alınıb. Nağılın süjeti şahzadə ilə qəhrəman arasındakı yarış əsasında inkişaf edir. Şahzadə hər gün özünün Göy atı ilə cıdır yarışına çıxır. Cıdırda şahzadənin Göy atı bütün atlıları keçir. Şahzadə şərt kəsibmiş ki, kimin atı mənim Göy atımı keçsə, bacımı ona verəcəm. İlyas adlı kasıb bir oğlan bacısının tədbiri ilə dərya atını ələ keçirir. Dərya atı Cil madyan cıdır yarışında şahzadənin Göy atını ötüb keçir. Bu vaxt şahzadə müxtəlif bəhanələr gətirib sözündən qaçmağa çalışır. İlyası çətin səfərlərə yollayır, ancaq bacısının məsləhəti və dərya atının sayəsində İlyas şahzadənin bütün əmrlərini yerinə yetirir, sınaqlardan keçir və öz istəyinə çatır. Bu nağılda şahzadə ilə qəhrəman arasındakı qarşıdurma yarış-cıdır şəklində baş verir və bu mübarizə – müsabiqədə qəhrəman dərya atının – Cil madyanın sayəsində qələbə çalır.
1935-ci ildə Quluzadənin Füzuli rayonunun Hadrut kənd sakini Cabbar Mövla Qulu oğlundan topladığı “Nazikbədən” nağılı da (18, 292-306) at obrazı ilə bağlı maraqlı süjeti ilə seçilir. Bu nağılda Misir şahzadəsi İbrahim dülgərə taxtadan bir at düzəltdirir. Həmin ata minib başqa bir şəhərdə yerə enir. Burada bir qarıya qonaq olur. Qarıdan öyrənir ki, bu şəhərin padşahı qızına elə bir imarət tikdirib ki, heç yerdən ora girmək olmur. İbrahim gecə vaxtı taxta atına minib şahzadə qızın imarətinə daxil olur. Qızın üzüyü ilə öz üzüyünü dəyişdirir. Qız buna çox təəccüblənir. İkinci gecə yatmayıb gözləyir. İbrahim yenə onun yanına gələndə qız tez onun qolundan tutub saxlayır.
“Oğlan, nə hədnən bura gəlmisən? Buranın yolu yoxdu, hardan gəldin?
İbrahim dedi:
– Atnan gəldim.
– Bəs atın hanı?
– Budu, burda.
Qız dedi:
– İndi ki, belə oldu, bağışlayıram səni. Bəs indi neyləyək, apara bilərsənmi məni, gedək.
İbrahim dedi:
– Bəli, apararam.
Hər ikisi mindilər ata. Atın “puçunu” İbrahim burdu, qalxdılar göyə” (18, 301).
Bu nağılda sehrli atı sehrli vasitə – taxta at əvəz edir. Bu vasitənin köməyilə şahzadə öz istəyinə yetə bilir. Belə bir vasitənin nağılda yer tapması, yaradılması isə ata olan inamla bağlı olmuşdur.
Qarabağdan toplanmış nümunələr içərisində qəhrəmanı məşhur lətifə qəhrəmanları olan nağıllara da təsadüf olunur.
Qeyd edək ki, ayrı-ayrı bölgələrdə müəyyən lətifə qəhrəmanları olmuş, xalq arasında həmin qəhrəmanlarla bağlı lətifələr yaranmış, bunlar dildən-dilə düşmüşdür. Molla Nəsrəddin, Bəhlul Danəndə kimi lətifə qəhrəmanları ilə bağlı lətifələr isə daha geniş ərazidə yaranıb yayılmışdır. Tədqiqatçılar Molla Nəsrəddinlə Bəhlul Danəndəni, onlarla bağlı lətifələri bir-birindən fərqləndirmişlər. M. Təhmasibin qənaətinə görə, Bəhlulun adı ilə bağlı lətifələr əksərən geniş süjetli olur, yumordan daha çox satiraya meyl edir. Molla Nəsrəddin lətifələri isə daha çox yığcamlığı, həlimliyi, ilıq yumoru ilə seçilir: “... Bunların xalq tərəfindən yaradılmış bədii rəsm – portretləri də bir-birindən fərqlidir. Məlum olduğu üzrə, Molla Nəsrəddin öz sakit, lakin inadkar eşşəyinin üstündə oturub sakit-sakit yol gedən, hər şeyə göz qoyan, hər hərəkətdən nəticə çıxaran, bu nəticələri də çox sakit və aramla ümumiləşdirən, qoca, nurani bir kişidir.
...Mollanın evi, ailəsi, arvadı, qızı, oğlu vardır. Bəhlul isə bir lətifə qəhrəmanı kimi, bir surət olaraq, bunun tamamilə əksinədir. O, hətta ailəsizdir. Bir lətifədən aydınlaşır ki, Harun-ər Rəşid bir dəfə onu evləndirmək istəmişsə də, o, oğul-uşaq dərdi çəkməkdənsə, subay qalmağı məsləhət bilmişdir.
Bəhlul çox gəncdir, özü də çox cəld və çevikdir. Onun miniyi də yoxdur, ara-sıra balaca uşaq kimi qarğıdan yalançı at minib bulağa gəlir” (19,5).
Qarabağ bölgəsində Bəhlul Danəndənin adı ilə bağlı lətifələrlə yanaşı, bir neçə nağıla da təsadüf olunur. Aydındır ki, janrlar arasında qəti sədd çəkmək düzgün deyil. Eyni bir məşhur şəxsiyyətin adına müxtəlif janrlarda təsadüf olunması mümkündür. Digər tərəfdən o da məlumdur ki, bir sıra süjet göstəricilərində lətifələr nağılların tərkibində bir qrup kimi verilmişdir. Hal-hazırda isə nağıllara nisbətən lətifələrin daha geniş dairədə yayıldığını, söyləndiyini müşahidə edə bilərik. Bu da, şübhəsiz ki, bu tipli nağıl obrazının yaranması üçün zəmin yaradır.
Ümumiyyətlə, lətifələr bəzi xüsusiyyətlərinə görə nağıl janrına yaxın olsa da, əsas əlamətinə görə ondan fərqlənir: “... Nağıl xüsusi nağılçılar tərəfindən bir əsər kimi danışıldığı halda, lətifə kiminsə başına gələn bir əhvalat, hətta çox zaman el içində şöhrət qazanmış tarixi və yaxud mifik şəxsiyyətlərin adı ilə bağlı real hadisələr kimi danışılır” (19,3).
Bəhlul Danəndənin adı ilə bağlı Qarabağdan yazıya alınmış “Şaha bel bağlama, arvada etibar etmə”, “Tacir Bəhlul” və “Bəhlul Danəndənin qardaşlığı” nağıllarında da bu deyilən xüsusiyyətlər özünü göstərir. Bunlarla yanaşı, onu da qeyd edə bilərik ki, bu nağıllarda ənənəvi lətifələrdən gələn xüsusiyyətlər də özünü göstərir. Bu cəhət daha çox qəhrəmanın xarakterində, onun ətrafındakılarına münasibətində üzə çıxır.
Bəxt, tale, alın yazısı motivi Qarabağ bölgəsindən toplanmış nağıl mətnlərində xüsusi yer tutur. 1947-ci ildə Füzuli rayon sakini 65 yaşlı Hümmət Məmməd oğlundan yazıya alınmış “Axmaq kişi” adlı nağılın süjeti bu motiv üzərində qurulmuşdur. Nağılın qəhrəmanı bəxtini axtarıb tapmaq üçün yola düşür. O, qaranlıq meşədə bir şirə, bir qədər gedəndən sonra bir bağbana, bir padşaha, axırda isə dəryadakı balığa rast gəlir. Onlar da bəxtini axtarmağa gedən bu kişiyə dərdlərini söyləyirlər. Bəxtlər olan yerə çatan bu kişi öz bəxtini yerə düşmüş görüb tez qaldıraraq ayaq üstə qoyur. Sonra isə şirin, bağbanın, padşahın, balığın da bəxtlərini taparaq onların da dərdlərinin çarəsini öyrənir. Bu kişiyə əyan olur ki, şir axmaq bir adamın beynini yesə, dərdinə çarə tapar. Bağban ağacların dibindəki xəzinəni qazıb çıxartsa, bağındakı ağaclar bar verər, çəkdiyi zəhmətin bəhrəsini görər. Məlum olur ki, bu kişinin rastlaşdığı padşah qızdır, o dərdini heç kimə demədiyi üçün həmişə qüssəli olur. Bu padşah qız özünə yoldaş tapsa, qüssədən qurtarar. Balığın boğazındakı qiymətli daş vurulub çıxarılsa, onun da dərdinin çarəsi tapılar. Bəxtini axtarıb tapan kişi geri qayıtmağa başlayır. O, balığın və bağbanın bəxşişini, nə də padşah qızın onunla evlənmək təklifini qəbul etmir, axırda şirin pəncəsinə düşərək məhv olur (10, 227-230).
Bu nağılda bəxtini tapmağından arxayın olan kişi ona nəsib olan xoşbəxtliyi görmür, bütün imkanları əldən verir, ona təklif olunan var-dövləti, həyatı qəbul etmir, bunlardan daha artığına çatmağa çalışır, nəticədə hər şeydən əli üzülür və axırda ağılsızlığı ucbatından şirin yeminə çevrilir.
Məlum olduğu kimi, hami ruhların varlığına inam qədim insanların dünyagörüşündə mühüm yer tutmuşdur. Belə ki, bəxt canlı varlıq kimi təsəvvür edilmiş və belə güman edilmişdir ki, onun bir adamdan üz döndərməyi bədbəxtlik, həmin adamın üzünə gülməyi, yaxşı münasibəti isə xoşbəxtlik gətirir. Belə bir inamın izləri ”Axmaq kişi” nağılı ilə yanaşı bir sıra digər nağıllarda da özünəməxsus şəkildə əks olunmuşdur.
Bu süjetin Qarabağdan, eləcə də digər bölgələrdən toplanmış bir neçə variantına rast gəlirik. Bunlardan biri də “Qaraçuxasını axtaran kasıb” adlanır (1, 188-192). Bu nağılda varlı qonşusunun qaraçuxasından öz qaraçuxasının yatdığını öyrənən kasıb qonşu öz qaraçuxasını axtarmağa gedir. Gedib görür ki, bir qara çuxalı adam dağın döşündə yatıb. Bunu durğuzur. Sonra qabağına çıxan padşahın, bağbanın, canavarın dərdini qaraçuxasından öyrənib geri qayıdır. Sonrakı hadisələr eynilə birinci nağılda olduğu kimi baş verir.
Birinci nağılda taleyindən narazı qəhrəman bəxtini axtarmağa, ikinci nağılda isə qəhrəman qaraçuxasını tapıb onu durğuzmaq üçün səfərə yola düşür.
“Bəxtini gəzənin nağılı”nda isə təsvir olunur ki, bir nəfərin bəxti gətirmirmiş, əkirmiş, bitmirmiş, suvarırmış, ancaq hər şeyi sel aparırmış. O gedib bəxtini bürünüb yatmış vəziyyətdə tapır, onu yerindən qalxızır, sonra geri qayıdır. Ağacın altından qızıl küpəsi tapır. Bəxtinin oyandığını görən kişi çox sevinir, kasıb-kusuba kömək edir, var-dövlət içində yaşayır (20, 281-282).
Əvvəl bəhs etdiyimiz nağıllarda Bəxtin, Qaraçuxanın sahibi köməkçisinin məsləhət və öyüdünə qulaq asmır və ona görə də cəzalandırılır. “Bəxtini gəzənin nağılı”nda isə Bəxtini oyadan kişi xoşbəxtliyə çatır.
“Üç qardaş” (20, 282-283) nağılında iki qardaş çalışıb-vuruşub yaxşı dolanır, üçüncü qardaş isə həmişə yatdığına görə ruzi tapmır. Qardaşları onu tənbeh edəndə bu qardaş deyir ki, məni yatırdan var, hər şey Allahın əlindədir. Söyləyici buna münasibətini belə bildirir: “Bunu yatırdan yatırıbdı, ay oğul. İlahi insana urza verməlidi. Şükür hakkın dərgahına. İnsana səbr verməlidi. O adam xoşbəxt adamdı ki, ilahidən həmişə özünə səbr isdiyir. Nə qədər səbr istəsən, səbrnən oturuf dursan, Allahın da bir heylə xoşuna gələrsən” (20, 282).
Göstərək ki, həm Bəxt, həm də Qaraçuxa adlandırılan obraz bəxt, tale anlayışlarını bildirir. Bu obrazla bağlı Ə.Əsgər yazır: “Şirvan bölgəsində bu obraz Naxış adlanır və Qaraçuxa ilə adekvat funksiya daşıyır. “İşi rast düşmək” anlamında naxışı gətirmək ifadəsi sözügedən mifonimlə bağlıdır. Ancaq hər üç mifonim Azərbaycan mühitində meydana çıxmışdır. Sözügedən mifoloji personajın arxaik adı Cənubi Sibirin türk xalqlarında bu günə qədər qorunmuşdur. Sur, sülə, yula adlanan bu mifoloji personaj insanın bir neçə ruhundan biridir və bədəndən çıxaraq gəzə bilir. Sur sözü bəzi bölgələrdə (Göyçə Borçalı, Qazax və s.) “surun yerisin” və ya “surun yeriməsin”, “Allah sur versin” kimi alqış və qarğışlar içərisində bu günədək yaşamaqdadır (21, 24).
Qarabağ nağıllarında bu obraz daha çox Qaraçuxa adlanır.
Bəzi nağıllarda Qaraçuxasının ayaq üstə olmasından arxayın olan insan, hətta şahın tapşırığını belə unudur, öz Qaraçuxasını təpik döyənlərin içində tapır, deyir, dincəl. Qaraçuxası deyir ki, məni yatırtma, işin ağır keçəcək. Kişi deyir ki, mənim varım var, özüm də padşahla oturub-dururam. Qaraçuxasını yatıran kişi az qalır ki, şərə düşsün, dar ağacından asılsın. Birtəhər izn alıb Qaraçuxasını oyadır, bundan sonra şərdən, yamandan uzaq olur, özünü dar ağacından qurtara bilir (20, 269-275).
“Ağlımı alınca, pulumu al” (1, 260-261) nağılı da öz məzmununa görə bu nağıllarla səsləşir. Nağılda təsvir olunur ki, bir varlı qız kasıb bir oğlana ərə gedir. Bu əməli-saleh gəlin Musa peyğəmbərin köməkliyi ilə Allahdan var-dövlət istəyir. Bu gəlinin arzusu yerinə yetirilir. Onların var-dövləti başlarından aşıb-daşır. Gəlinin qayınatası var-dövlətin çoxluğundan narahat olmağa başlayır. Musa peyğəmbərdən rica edir ki, Allah-talaya desin ki, bu varı bir az azaltsın. Gəlin qayınatasının məqsədini başa düşüb peyğəmbərə yalvarır ki, Allah-talaya mənim sözümü də yetir, varı alar, öz məsləhətidir, ancaq ağlımızı almasın. Gəlinin bu sözləri Allah-talaya xoş gəlir, deyir ki, o var o zənənindir, onların ağlını almıram. Bu gəlinin sayəsində həmin ailə ağılla dolanır, var-dövlət sahibi olur.
Qaraçuxası ayaq üstə olan adamın bütün işləri rast gətirir, həyatı firavanlıq içində keçir, hörmət-izzət, var-dövlət sahibi olur. Nəinki Qaraçuxası oyaq olan adamın, həm də həmin adamın ailəsinin, qohum-əqrəbasının belə işləri yoluna düşür. “Qaraçuxa və ağıllı qız” nağılında (22, 296-298) evə gəlin gələn qız ailənin bütün üzvləri ilə mehriban dolanır, öz ağlı, zəhməti ilə hamının hörmətini qazanır. Gəlinin gözəl xasiyyəti, ailəcanlılığı evin Qaraçuxasını həmişə oyaq saxlayır. Qaraçuxa öz ayağı ilə onların evinə gəlib burdan heç vaxt getməyəcəyini söyləyir: “... Üçüncü gejə qız gətirir yanına duz qoyur, un qoyur. Genə hamı yatır, qız başdıyır cəhrə əyirməyə. Bir də görür, qapıdan girdi. Deyir ki, gəlmisən?
Deyir:
─ Getmiyəjəm.
Deyir:
– Getmiyəjəhsən?
Deyir:
– Yox.
Deyir:
– Onda gəl and iç.
Bı evin Qaraçuxasıdı – fikir ver haa. Hər yer qarannıxdı axı, gəlir duza, una and içir ki, gəlmişəm, getmiyəjəm. Deyir:
– Onda get, xilas elədim səni.
Fikir ver e, bu evin Qaraçuxası budu e!” (22, 298).
Gəlin səhər sevincək ailə üzvlərinə söyləyir ki, bizim Qaraçuxamız durubdur, Allah bizə verəcək. O gündən bu ailənin ruzusu artır, Allah bunları elə qalxızır, elə gün-güzaran verir ki, bunların var-dövləti aşıb-daşır. Qaraçuxası durduğuna görə ruzu bunların başından tökülür.
Bəxtin axtarılması, ağılla bəxtin mübahisəsi, bəxtin qayıtması və s. süjet tiplərində Qaraçuxa obrazı əsasən köməkçi funksiyasını daşıyır.
L.Süleymanova “Azərbaycan nağıllarında Naxış obrazı” adlı məqaləsində Naxış obrazının funksiyalarını, bu obrazın Qaraçuxadan fərqli cəhətlərini tədqiq edir. Onu da qeyd edir ki, nağıl janrında bir sıra inanışlar öz əksini tapmır, ancaq bunlar Qaraçuxa ilə bağlı nağıllarda özünə yer tapa bilir. “Bəzən nağıllarda bu inanışlarla bağlı obrazların ancaq atributlarına rast gəlinir. Məsələn, Albastının bəzi atributları – iridöşlü olması və s. div qarısı ilə bağlı verilir. Amma nağılda konkret Albastı adı çəkilmir. Sadəcə olaraq, bu atributun Albastıya məxsus olduğunu görürük. Amma maraqlıdır ki, Naxış və yaxud Qaraçuxa obrazı ilə bağlı inamlar hal-hazırda da xalq arasında geniş formada mövcuddur və nağıl janrında özünə yer ala bilmişdir. Sözsüz ki, həm Naxış, həm də Qaraçuxa qədim insanların arxaik mifoloji təsəvvürləri ilə bağlıdır” (23, 94).
Qarabağdan toplanmış nağıllar bədii xüsusiyyətlərinə, süjet-kompozisiya zənginliyinə görə də seçilir. Söyləyicilər söyləmə zamanı süjetə yeni elementlər daxil etməklə nağılları daha maraqlı təqdim etməyə çalışmışlar. “Hatəmin nağılı”, “Quru kəllə” və s. bir sıra nağıllarda bu cəhət özünü üzə çıxarır.
Geniş epik lövhələri, zəngin ifadə və üsulları ilə seçilən “Hatəmin nağılı”nda da (18, 23-57) söyləyici məlum süjetdən yaradıcı şəkildə bəhrələnmişdir. Bu nağıl 1940-cı ildə Füzuli şəhər sakini Hümmət Məmməd oğlundan yazıya alınmışdır. Nağılda təsvir olunur ki, Hatəm adlı səxavətli bir dövlətli yeddi yolun ayrıcında 40 qapılı bir imarət tikdiribmiş. Bura gələnlərə hər qapıdan girəndə bir qızıl verirlərmiş. Bir gün Hatəmin imarətinə gələn dərviş qırx yolun ayrıcındakı imarət sahibinin ondan da səxavətli olduğunu söyləyir. Hatəm həmin yerə gəlib imarət sahibindən öz sirrini açmağı xahiş edir. Belə olanda həmin imarət sahibi ondan başqa şəhərdə olan həkimin sirrini öyrənməyi bildirir. Hatəm gedib həkimi tapanda isə həkim onunla şərt kəsir ki, filan şəhərdə bir kor padşah var gedib onun sirrini öyrənsən, mən də öz sirrimi sənə açaram. Həkim onu da söyləyir ki, o padşahın gözünün dərmanı atının dırnağı dəyməyən yerdədir. Padşah böyük oğlanlarının gözünün dərmanının dalınca göndərir, ancaq hər dəfə onlar əliboş geri qayıdırlar. Kiçik qardaş İbrahimə isə padşah dərmanın dalınca getməyə izn vermir. Həkim Hatəmə İbrahimi tapmağı, atasının gözünün dərmanının Gülüstani-İrəm padşahının bağçasında olduğunu deyir. Hatəm gedib Kor padşahın məmləkətinə çatır. O, İbrahimi tapıb həkimin sözlərini ona yetirir.
Bundan sonra əslində üç qardaş haqqında olan nağıl söylənilir. Həkimin sözlərinə əməl edən İbrahim Pərilər padşahının qızı Mələkxatını alır, atasının gözünün dərmanı olan yarpağı da gətirir. Mələkxatının köməyilə həkimin kitabını da tapıb Hatəmə verir. Hatəm həkimin sirrini də öyrənir. Məlum olur ki, onun kitabını bir div oğurlayıbmış. Həkimin sirrini öyrənən Hatəm 40 yol ayrıcına gəlib başına gələnləri imarət sahibinə danışır. Məlum olur ki, imarət sahibi sehrkar bir dərvişin arvadı imiş, bütün var-dövlət də ərindən qalıbmış. Hatəm həkimin ona verdiyi dərmanı qızın bədəninə sürtüb onu sağaldır. Hatəm sehrkar dərvişin daşa döndərdiyi bütün insanları da ölümdən qurtarır.
Bu nağıl baş qəhrəman Hatəmin başına gələn hadisələr üzrə inkişaf etdirilir. Hatəm dərvişdən səxavətli qadının əhvalatını eşidib bu sirri öyrənmək üçün onun yaşadığı 40 yol ayrıcına yola düşür, həmin qadın bunun əvəzində həkimin, həkim isə Kor padşahın sirrini öyrənməyi tələb edir və bu şərtləri yerinə yetirdikdən sonra 40 yol ayrıcındakı səxavətli qadın öz sirrini Hatəmə açıb söyləyir. Bu nağılda əslində Hatəm hadisələrin iştirakçısı yox, müşahidəçi kimi verilir.
Dostları ilə paylaş: |