Азярбайъан шифащи халг ядябиййатына даир тядгигляр ●



Yüklə 1,4 Mb.
səhifə17/91
tarix01.01.2022
ölçüsü1,4 Mb.
#103165
1   ...   13   14   15   16   17   18   19   20   ...   91
Orijinal mətndə: Boz atlı Xızı maηa gəldi. Üç kərrə yaramı sığadı (13, 39).

Uyğunlaşdırılmış mətndə: Boz atlı Xızır yanıma gəldi, üç dəfə yaramı sığadı (13,.137).

Sarp. Bu sözə “Kitabi-Dədə Qorqud” dastanında” Dirsə xan oğlı Buğac xan boynı bəyan edər, xanım, hey!...” boyunda rast gəlinir:

Görərmişin, ay oğul, nələr oldı?!



Sarp qayalar oynanmadı, yer oyruldı.

Eldə yağı yağkən səniη babaηın, üstinə yağı gəldi.

Ol qırq namərd – babaηıη yoldaşları babaηı tutdılar.

Ağ əllərin ardına bağladılar.

Qıl sicim ağ boynına taqdılar (13, 40).

Bu şeir parçasında işlənmiş sarp aşağıdakı formada müasirləş­dirilmşidir.

Görürsənmi, ay oğul, nələr oldu?!

Sərt qayalar oynamadı, yer ovuldu.

Eldə düşmən yoxkən atanın üstünə düşmən gəldi.

Atanın o qırx namərd yoldaşı onu tutdu.

Ağ əllərini ardına bağladılar.

Ağ boynuna qıl sicim taxdılar (13, 138).

Məhərrəm Ergin türk dilinə uyğun olaraq “sarp”ın, “dik”, “sərt”, “çətin”, “şiddətli” mənasını bildirdiyini göstərir (21, 260).

Əvəz Sadıqov “sarp” sözünü “Kitabi-Dədə Qorqud”un izahlı lüğə­ti”n­də sarb formasında “çətin, asan olmayan” kimi izah etmişdir (14, 152).

“Kitabi-Dədə Qorqud Ensiklopediyası”nda sarp “sərt, dik” mənasına malik olduğu göstərilir (15, 192).



Sarp Azərbaycan dilinin dialekt və şivələrində sarf, sarp, sərp fonetik formalarında işlənir.

Qazax dialektində işlənən sarp “sel yumuş yerlərdə əmələ gələn uçurum” mənasını bildirir (1, 355).

“Azərbaycan dilinin izahlı lüğəti”ndə sarp “keçilməsi, üstünə çıxıl­ması çox çətin”, “çox dik”, “sıldırım”, “yalçın” kimi mənalandırılmışdır ki, (5, 32) bu da həqiqətə uyğundur, sözün mənasının düzgün izahıdır.

Qərbi Azərbaycanın Hamanılı şivəsində “uçurum” mənasında sarf sözü işlənir (2, 420). Fikrimizcə, sarf ədəbi dildə işlənən sarp sözünün dialekt variantıdır. Eyni zamanda Qərbi Azərbaycanın Çəmbərək, Meğri şivələrində “çıxılmaz, dik yer”, “uçurum” mənalarında sərp sözünə də rast gəlinir (7, 325). Məhz sərp ilə sarp sözü eyni mənanı bildirən müxtəlif fonetik formalı sözlərdir.

“Kitabi-Dədə Qorqud” dastanındakı fikri düzgün anlaşılması üçün “sarp qayalar oynamadı, yer ovuldu” şeirinin misrası müasirləşdirilərkən sarp” sözünün olduğu kimi saxlanılması məqsədəuyğundur və həmin misra –

Sarp qayalar oynamadı, yer ovuldu

– formasında verilə bilər. Çünki sarp qayaya aid olub sıldırım deməkdir.



Aya. Bu söz “Salur Qazanın evi yağmalandığı boyını bəyan edər” boyunda işlənmişdir və bilavasitə Qaraca Çoban obrazı ilə bağlıdır.

Ərənlər əvrəni Qaraçuq Çoban sapanıη ayasına taş qodı, atdı (13, 43). Çobanın üçyaşar tana dərisindən sapanınıη ayasıydı, üç keçi tüyindən sapanınıη qollarıydı (13 , 48).



Aya “sapanın ayası” birləşməsində işlənir və müasir Azərbaycan dilinə “ağız” (İgidlər igidi Qaraca Çoban sapandının ağzına daş qoydu, atdı) kimi (13, 142), “daşlıq” (Çobanın sapandının daşlığı üçyaşar dana dərisindən, sapandının qolları isə üç keçi tükündən düzəlmişdi) kimi (13, 146) uyğunlaşdırılmışdır.

Məhərrəm Ergin “Kitabi-Dədə Qorqud” dastanının dilində “aya” sözünü “sapanın daş qoyulan yeri” mənasında işləndiyini göstərmişdir (21, 26). M.Ergin aya sözünə izah verərkən elə “aya” sözünü olduğu kimi saxlayaraq onun qarşısında mötərizədə sapan ayası “sapanın taş konan yeri” (sapanın daş qoyulan yeri – İ.B.) kimi şərh vermişdir (21, 26).

1999-cu ildə çap olunmuş “Kitabi-Dədə Qorqud”un izahlı lüğəti”ndə Əvəz Sadıqov dastanın dilində işlənmiş “aya” sözünün “sapanın gözü” mənası verdiyini göstərmişdir (14, 13). Bu izah həqiqətə uyğun gəlmir, aya sözünün mənasını ifadə edə bilmir. Müasir Azərbaycan dilində göz çoxmənalı söz olub həqiqi mənası ilə yanaşı “görmə qabiliyyəti, görmə”, “nəzarət, baxım”, “hər hansı bir şeydə xırda dəlik, deşik”, “bulağın baş­ladığı yer, suyun çıxdığı yer”, “qaynaq, mənbə, “kiçik pəncərə”, “yaranın, şişin irin axan yeri, deşiyi”, “hissələrə ayrılmış bir şeyin ayrı-ayrı böl­mə­ləri”, “qoşa və ya üçlüləli tüfəngdə lülənin hər biri”, “tərəzi qablarından hər biri”, “adətən saylara qoşularaq, evdə, mənzildə neçə otaq, ya pəncərə olduğunu göstərən” (numerativ söz kimi – İ.B.), məcazi mənada “alov”, “körpünün bir özülündən o biri özülünə qədər olan hissəsi, bölməsi” mənalarını bildirir (3, 174-175). Göründüyü kimi, sapanın ayasında “aya”, “göz” sözünün ifadə etdiyi mənalardan heç birinə uyğun gəlmir.

Müasir Azərbaycan dilində aya isimi nitq hissəsi kimi “barmaqlar daxil olmadan əlin içi, açıq yeri mənasını bildirir (2a., 67).

“Kitabi-Dədə Qorqud Ensiklopediyası” adlı kitabda aya “iç, əlin ayası-əlin içi”, “sapanın ayası – içi” kimi məna ifadə etdiyi göstərilir (15, 130).

Von Gabainin “Altürkische Grammatik”, Hamit Zübeyr ve İshak Refetin “Anadilden Derlemeler”, M.Kaşğarinin “Divani-lüğat-it-türk”, Esirüddin Edi Hayyan el-Endülüsinin “Kitabül-İdrak li-lisanl-Etrak, Məhəmməd Mehdi xanın “Sengülah”, Wilhelm Radloffun “Versush Eines Wörterbuches” əsərində “ovuc, ovuç içi”, Hüseyn Kazım Kandrinin “Türk Lüğati” kitabında “əl içi”, “ayaq dabanı ortasındakı düzlük”, “əlin və ayağın düz və açıq yeri” mənalarında işləndiyi göstərilmişdir (15, 130).

Deməli, aya “əl içi”, “ovuc içi” mənasını bildirir və sapanın ayası da “sapanın içi” deməkdir. Məhz buna görə də “Kitabi-Dədə Qorqud” dasta­nının mətnində işlənmiş “Ərənlər ərəηi Qaracuq Çoban sapanıη ayasına taş qodı, atdı”, Çobanıη üçyaşar tana dərisindən sapanıη ayasıydı cüm­lələri müasir Azərbaycan dilinə uyğunlaşdırılanda aya olduğu kimi saxlanılımadı və ya “sapanın ayası”, “sapanın içi” kimi verilməlidir.

Abdəst. Oğuzların islam dininə qulluq etdiyini göstərən element­lərdən biri “Kitabi-Dədə Qorqud” dastanında işlənmiş fars mənşəli abdəst sözüdür. Məsələn, Ari sudan abdəst aldılar (13, 50); Qalın oğuz bəgləri arı sudan abdəst aldılar (13, 66). “Dastan”ın mətni müasir Azərbaycan dilinə uyğunlaşdırılarkən F.Zeynalov və S.Əlizadə abdəst sözünü yuyunmaq kimi müasirləşdirmişlər: Təmiz suda yuyundular (13, 148); Qalın Oğuz bəyləri təmiz suda yuyunub, ağ alınlarını yerə qoydular (13, 164).

Yuyunmaq “öz əl-üzünü, bədənini yumaq”, “çimmək” mənasını bildirir (3, 563).



İlk olaraq qeyd edək ki, abdəst nitq hissəsinə görə isimdir. Bu məna­da həmin söz müasir Azərbaycan dilinə uyğunlaşdırılarkən qarşılığı kimi də elə ismə məxsus sözlə əvəz edilə və ya elə olduğu kimi saxlanıla bilərdi.

Türkiyənin görkəmli qorqudşünaslarından olan Məhərrəm Ergin abdəst sözünü elə abdəst kimi izah edir (21, 1).

“Kitabi-Dədə Qorqud”un izahlı lüğəti”ndə Ə.Sadıqov abdəst sözü­nə belə bir izah vermişdir: Abdəst is.fars.  Abdəst almaq – namazdan qabaq əl-üzünü yuma, dəstəmaz (14, 8).

“Kitabi-Dədə Qorqud Ensiklopediyası”nda abdəst sözünün həm müa­sir Azərbaycan dilində ifadə etdiyi mənası həm də sözün izahı verilmişdir.

Abdəst (f) – Dəstəmaz alma. Qurani-Kərimi oxumaq, başqa ibadət və dini vəzifələri yerinə yetirmək üçün əvvəlcədən yuyunma; Abdəst almaq (15, 125).

Abdəst sözü dilimizdə işlədilərək mənası çox asanlıqla anlaşılır və dini ibadətləri, xüsusilə namaz qılınarkən işlədilən ümumişlək sözlərdən biridir.

Eyni zamanda namaz qılmağa hazırlaşan hər bir din adamı əlini yumalı, sonra həm ayaqlarına, həm də əlini alnından başlayaraq üzünə yuyulmuş yaş əli ilə çəkir ki, bu dəstəmaz adlanır. Dəstamaz mənşəcə fars dilinə məxsus olub dini termindir. Dəstəmaz müsəlmanlarda: namazdan, bəzən də Quranı ələ alıb oxumaqdan əvvəl yuyunma (üzü, dirsəyə qədər qolu yuma və başın ortasına, eləcə də ayaqların üst tərəfinə su çəkmə) ayini mənasını bildirir (3, 83).

Dəstəmaz bir dini söz kimi Azərbaycan bədii ədəbiyyatında işlən­mişdir:

Dedi: – Bəs mən gedim bulağa tərəf;

Dəstəmazım mənim olubdu tələf (S.Ə.Şirvani).

Məhz “Kitabi-Dədə Qorqud”un mətnində işlənmiş abdəst müasir Azərbaycan dilinə uyğunlaşdırılarkən olduğu kimi saxlanılmalıdır. Abdəst sözünün müasir dilə uyğunlaşdırılmış mətndə işlədilməsi mənada heç bir dolaşıqlıq yaratmır: Təmiz suda abdəst aldılar; Qalın oğuz bəyləri təmiz suda abdəst aldılar.




Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin