İşin məqsədi. “Dəlinamə”nin yazılı şəkildə bizə gəlib çatmış nümunələrini əlyazmalardan aşkar edib üzə çıxarmaq, ideya-məzmununu, nüsxələri arasında həcminə görə və mətnində tekstoloji cəhətdən ortaya çıxan fərqi göstərmək.
“Dəlinamə” hekayəti orta yüzilliklərdə müəllifi bəlli olmayan, nəzmlə köçürülən və geniş yayılmış xalq yaradıcılığı nümunələrindən biridir. Həcm etibarilə kiçik olan bu cür hekayətlər didaktik məzmun daşıyaraq, uzun müddət İslam dini və dini görüşlərinin təbliğinə xidmət göstərmişdir. İslamın qəbulu ilk vaxtlar elə ərəblərin arasında da qısa bir zaman ərzində baş tutmadığı kimi, Ərəbistandan kənarda, qeyri ərəblərin arasında da bir çox yüzilliklər dönəmində tamamilə yeni bir dini, eyni zamanda yeni bir dili, yeni bir mədəniyyəti və yeni dünyagörüşü qəbul etmək fonunda birdən-birə əxz etmək heç də asan olmamışdır. Çünki yeni qəbul edilən hər bir şey nə qədər mütərəqqi, humanist, ədalətli, təkmil olsa da, onu qısa bir vaxt ərzində qəbul etmək, canına, ruhuna hopdurmaq, ağıla dərk ediləcək səviyyədə sığışdırmaq üçün uzun zamana ehtiyac duyulur.
İslam dininin yeni məkanlarda qəbul edilməsində ədəbiyyatın, xüsusilə folklor ədəbiyyatının başlıca rolu olmuşdur. Sadə xalq kütlələrinə amiranə, rəsmi qaydada, dini kitablar vasitəsilə dini qəbul etdirmək mümkün ola bilməzdi. Çünki kütləvi şəkildə ərəb dilini bilməmək bu yolda başlıca əngəl idi. Odur ki, şifahi dil vasitəsi ilə dini fikirlərin xalq ədəbiyyatına keçirilməsi, məsələn Allahın zikr olunması, adının dilə gətirilməsi ilə: “Allah qoysa”, “Allah yolunu açıq etsin”, “Allah bağışlasın”, “Allaha şükür”, “Allah kömək olsun”, “Allah xöşbəxt etsin” və s. ifadələrlə; nağıllarda işlənən: “Biri var idi, biri yox idi, Allahdan başqa heç kəs yox idi”; eyni zamanda “Əlif Allah adıdır”, “Allah var, rəhmi də var”, “Şərik yaxşı olsaydı, Tanrı özüyçün tutardı”, “Allah heç bir evi böyüksüz eyləməsin” kimi atalar sözləri və s. paremioloji vahidlərin ideya-məzmunu, onlardakı söz və ifadələr zaman-zaman insanlarda dini təxəyyülün formalaşmasına səbəb olmuşdur. Bu cür təlqinedici ifadələr xalqın yaddaşına uzun illərin sınağından sonra daxil olmuş, dini düşüncənin formalaşmasında, Allahın qüdrətinə, peyğəmbərin buyruqlarına inamın yaranması üçün xalq arasında sayılıb-seçilən yaradıcı insanların səyi ilə qələmə alınan müxtəlif janrlı əsərlərin, o cümlədən haqqında söz açacağımız “Dəlinamə” və xalq arasında geniş yayılmış, bu qəbildən olan hekayətlər mühüm əhəmiyyət kəsb etmişdir. “İbrahimnamə”, “İsmayılnamə”, “Kəsikbaş”, “Kəllənamə”, “Keyiknamə”, “Mövludnamə”, “Düzd və qazi”, “Bayquşnamə”, “Hekayəti-göyərçin”, “Hekayəti-dəvə”, “Hekayəti-Məhəmməd Hənifə” və s. hekayətlərin hər birinin özünəməxsus məzmun və süjet xətti olmasına baxmayaraq, ta qədimdən xalq arasında yaranmış əfsanə və rəvayətlərin müşayiəti ilə insanların əxlaqi, dünyəvi görüşlərinin islami ruhda formalaşmasına böyük təkan vermiş və xilafətin ələ keçirdiyi yeni torpaqlarda İslamın qəbulunu daha da sürətləndirmişdir.
İslamın yaranışı ilə meydana gələn, bəlkə də İslamdan əvvəl mövcud olmuş, lakin sonradan yeni ideya və məzmun daşımağa başlayan bu hekayətlərin yayılma arealı İslam dininin yayıldığı yerlərin sərhədlərini çoxdan aşmışdı. Belə hekayətlər türk xalqları arasında daha çox yaranmış və sevilə-sevilə oxunub, söylənmişdir. Türk xalqlarının İslamı daha yaxşı anlaması üçün bu cür hekayətləri yaratması təbii idi. Çünki dini mülahizələri müqəddəs kitabımız Quran vasitəsilə sadə insanların diqqətinə çatdırmaq çətin olmuşdur. Odur ki, konkret bir fikir nəql olunan əhvalat və rəvayət vasitəsilə insanların şüuruna daha asan çatsın deyə xalq deyimlərində, nağıllarında, hekayətlərində ifadə olunmuşdur. İlk vaxtlar ərəb dilində hamının yazıb-oxumağı bimədiyi və uzun müddət dini kitabların ana dilimizə tərcümə olunmadığı bir məqamda xalq ədəbiyyatı bu sahədə başlıca rola malik olmuşdur.
Xalq hekayətlərinin çoxu mövzu, süjet cəhətdən ümumislam əsərləridir. Burada ərəblərlə yanaşı digər xalqların da bədii yaradıcılığı ümumislam mədəniyyətinə qovuşmuş və onun inkişafına səbəb olmuşdur. Çox güman ki, bu əsərlərin əksəriyyəti ərəb dilindən digər müsəlman xalqları dillərinə tərcümə edilmiş və yeni məkanda, başqa bir dildə yeni bir forma və məzmun dəyişikliyinə uğramaqla hakim ideyaya xidmət etmişdir. Eyni zamanda, İslamın yayıldığı regionlarda yerli xalqların folklor yaradıcılığına aid olan, dini dəyərlərlə sonradan zənginləşən hekayətlər İslamın təbliğində iştirak etmiş və hər bir xalq da bu əsərləri bütünlüklə özününkü hesab edərək, yüz illər boyu nəsildən-nəslə ötürməklə hafizəsində yaşatmışdır.
Günümüzə gəlib çatmış dini məzmunlu hekayətlərdən elələri də var ki, onlar yalnız Azərbaycan xalqının bədii təfəkkürünün məhsuludur. “Dəlinamə” hekayəti də belələrindən biridir. Adından da göründüyü kimi, “dəli” türk sözü olub, yazılı abidələrimizdə “igid”, “qəhrəman” mənasında işlənmişdir. “Kitabi-Dədə Qorqud” yazılı abidəsinin “Duxa qoca oğlu Dəli Domrul boyunu bəyan edər” boyunda bu sözün mənası qəhrəmanın dili ilə daha aydın açıqlanır: “Məgər xanım, Oğuzda Duxa qoca oğlu Dəli Domrul deyərlərdi, bir ər var idi. Bir quru çayın üzərinə bir köpri yapdırmışdı. Keçənindən otuz üç aqça alırdı, keçmiyənindən dögə-dögə qırq aqça alurdı. Bunı neçün böylə edərdi? Anunçun ki, məndən dəli, məndən gücli ər varmıdır ki, çıqa mənümlə savaşa, - deyərdi; mənim ərligim, bəhadirligim, cılasunligim, yigitligim Ruma, Şama gedə çavlana”, - deyirdi (1, 79). “Koroğlu” dastanında və digər şifahi xalq ədəbiyyatımıza aid əsərlərdə də “dəli” – “igid”, “cəsur” mənasındadır. Görkəmli şairimiz Bəxtiyar Vahabzadə vaxtilə bir məqaləsində böyük şairimiz Xəlil Rza Ulutürk haqqında “dəli-dolu şair” ifadəsini işlədib və sonra şairin adı ilə bağladığı bu bədii təyinin onun inqilabçı xarakterinə, tribunluğuna, çılğın bədii ruhuna necə uyğun gəldiyinin şərhini vermişdir.
“Dəlinamə” hekayətinin qəhrəmanı da çılğın, ipə-sapa yatmayan, öz sözündən dönməyən, asi xarakterlidir. Obraz bu xarakterik xüsusiyyətlərinə görə “Kitabi-Dədə Qorqud”dakı “Dəli Domrul” boyunun qəhrəmanına oxşarlığı və Əhmədi Təbrizinin “Əsrarnamə” əsərinin tərcüməsindəki (2) hekayətlərə yaxınlığı ilə diqqəti cəlb edir. Kim tərəfindən qələmə alındığı hələ ki dəqiqləşməyən bu hekayətin yaranışında, müəllif deyəcəyimiz şəxs bəlkə də, yazdığı əsərə başqa bir obrazın timsalında fərqli bir süjet qura bilərdi. Ancaq Dəli obrazı fikri ifadə etmək və oxucunun diqqətini daha tez özünə cəlb etməkdə müəllif üçün bir bədii vasitə rolunu oynamışdır.
“Dəlinamə” hekayəti haqqında bu günədək çox az araşdırma aparılmış və az yazılmışdır. Tanınmış folklorşünas alim, filologiya üzrə elmlər doktoru Şamil Cəmşidov “Dəlinamə” adlı məqaləsində (3; 4) bu folklor əsəri əlyazmasının elmi-paleoqrafik xüsusiyyətləri və hekayətin ideya və məzmunu haqqında ilk dəfə elmi ictimaiyyəti bilgiləndirmişdir. Alim məqaləsinin sonunda belə bir fikri səsləndirir: “Dəlinamə” məsnəvisi orta əsr ədəbiyyatımızın qiymətli nümunəsi olaraq tədqiqata layiq bir əsərdir” (4, 174). Ş.Cəmşidov həmin məqalədə “Dəlinamə”nin AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 18 əlyazma nüsxəsinin olmasını bildirir. 2007-ci ildə Ş.Cəmşidovla birgə tərtib edərək nəşr etdirdiyimiz “Türk əlyazmaları kataloqu”nun I cildinə (5) hekayətin Əlyazmalar İnstitutunda saxlanılan 9 nüsxəsinin paleoqrafik-təsviri məlumatı daxil edilmişdir. Həcminə görə 50-70 arası beytdən ibarət olan hekayətlərin nüsxələri məzmunca oxşar olub, XIX və XX yüzilliyin əvvəllərində köçürülmüşdür. Əlyazmalar İnstitutu xəzinəsində saxlanılan və kataloqa təsviri məlumatı daxil edilən “Dəlinamə”nin ən qədim nüsxəsi 1835-ci ildə (B-5275/6900), sonuncusu isə (B-5846/7471) 1908-ci ilin yanvar ayının 24-də Məhəmməd bin Molla Sədulla tərəfindən Hacı Abdulla əfəndi Qışlaqinin xidmətində köçürülmüşdür (5, 62-63). Əlyazmalar İnstitutunun xəzinəsindəki 9 nüsxədən dördü (B-5275; B-625; B-5846; B-4426) arasında tutuşdurma apardıqda mətnlər həm həcminə, həm də hər bir nüsxədə katib düzəlişlərinə, redaktəsinə görə fərqlənir. B-5275 şifrli nüsxə 63, B-625 şifrli nüsxə 60, B-4426 şifrli nüsxə 51 və B-5846 şifrli nüsxə isə 47 beytdən ibarətdir. İlk üç nüsxədə hekayətin məzmunu tamamlanmış, sonuncu nüsxədə isə nəql olunan əhvalat yarımçıq köçürülmüşdür.
Hekayətin məzmunu “Kitabi-Dədə Qorqud”un “Dəli Domrul” boyundakı kimi maraqlı bir süjet üzərində qurulmuşdur. Dastandan məlumdur ki, Dəli Domrul vaxtsız vəfat edən bir gəncin ölümündə Əzraili günahkar bilib, onu tutub cəzasını vermək istəyir. Əzraili tuta biməyən Dəli Domrul özü çıxılmaz bir vəziyyətə düşüb, çox iltimasdan, xahişdən sonra can borcu olaraq ata-anasına, nəhayət, sonda əyalına üz tutur. “Dəlinamə” hekayətinin bütün nüsxələrinin məzmunu, demək olar ki, oxşar olub, əvvəli nağılvari bir girişlə başlanır:
Var idi bir dəlü əvvəl zamanda,
Gəzərdi hər zaman ol bir məkanda (6).
Hekayətin ilk misralarında Dəlinin nə qədər çılğın olduğu təsvir olunsa da, o daim Tanrısını tanıyar və Ona üz tutub sevgisini bildirərdi:
Xuda ilə könlündə raz edərdi,
Sevərdi Tanrını, çox naz edərdi (6).
Hekayətin qəhrəmanı daha çox gözütoxluğu və təmənnasızlığı ilə diqqəti cəlb edir. Fikri heç vaxt yemək-içmək yanında olmayan, acmaq nə olduğunu bilməyən, acanda da çox gec acan Dəli, Allaha üz tutub içində çoxdan bəri baş qaldıran etirazını dilə gətirir, hətta onunla döyüşə belə hazır olduğunu bildirir:
Yemək üçün bəğayət acmazdı,
Əgər qarnı acardı, gör nə derdi.
Dedi: eşid aləm kirdgarı,
Səninlə edərəm bir cəng barı (6).
Burada Tanrı bir bədii obraz olaraq Dəli ilə üz-üzə gətirilir. Dəlinin istəkləri yerinə yetmədiyinə görə Allaha “Yuxaruda nə durursan, en aşaqə”, “Bənim qorkumdan oxşarsan uşaqə” deməsilə təhdidlər edir və özünün heç nədən qorxub çəkinmədiyini cəsarətlə bildirir:
Derdin: bən yaratdım cümlələri,
Anunçün sən qurarsan cümlələri.
Derdin: onları cənnətə qoyman,
Sənin cənnətini bir pula sayman (6).
Arzuladıqlarına nail olmayan Dəlinin bu cür çılğın, təhdidedici etirazlarını görən Tanrı Dəlinin tutulmasını buyurur:
Eşitdi Tanrı, der: dutun Dəlini,
Anın dalına bərk bağlayın qoluni.
Boğazına salın bir qıl sicimi,
Bəgənməzsə, bənim bilsün gücimi (6).
Dəli Allahın göndərdiyi firiştələrlə meydana çıxıb döyüşür və onun qarşısında tab gətirə bilməyən firiştələrin hərəsi bir tərəfə qaçıb dağılırlar, yalnız biri sağ-salamat qalır ki, o da Allaha xəbər aparıb vəziyyəti nəql edir. Bildirir ki, Dəlini bu cür ələ gətirmək olmaz, bu işdə olsa-olsa xoş dil köməyə çatar:
Dedi: gəlməz ki, ol yamanlıq ilə,
Yenə gəlsə, gəlür yalvarmaq ilə (6).
Belə olan halda Allah Cəbraili Dəlinin yanına göndərir və onun dostu olduğunu, çox sevdiyindən onu tutdurduğunu bildirir. Cəbrail Allahın salamını ona çatdırıb, xoş sözlərlə könlünü almağa çalışır:
Dedi Cəbrail ona: can divanə,
Mənim canım, aya, sultan divanə.
Gül üzlü, həm şirin sözlü divanə,
Qəmər eynlü, günəş yüzlü divanə (6).
Cəbrail sözünə davam edərək Dəlini ələ almağa cəhd edir və deyir: “Axı, sənə kim divanə deyir? Sənə əgər kim divanə deyirsə, belə divanələrlə dünya doludur. Gəldim ki, Xudanın sözünü eşidib, Onun dediklərinə qulaq asasan”.
Dəlü aydır: məni belə bilürdi,
Neçün mana firiştə göndərirdi?
Mən onda varmazam, ol munda gəlsün,
Yetər, hicran ilə bağrımı dəlsün (6).
Cəbrail Dəlinin dediklərini olduğu kimi Allaha çatdırır. Allah bu xəbərdən heç də halını pozmadan deyir ki, “o gəlməz isə, biz gedərik, əgər küsmüşsə, könlünü alarıq”. Allah mələklər biri sağında, o biri solunda olmaqla yola düşür. Gəlib görür ki, Dəli çomağını yanına qoyub yatmışdır. Yuxudan oyanıb Allahın ona nə sovqat gətirdiyini soruşur.
Dedi Allah: sana alma gətirdim,
Azın-çoka bu yüzə çalma gətirdim (6).
Dəli:
Əgər alma isə almanam onı,
Alubən qoynuma salmanam onı (6).
Allah Dəlinin almanı almadığını görüb, heç olmasa almanı alıb qoxulamasını xahiş edir. Dəli Allahın sözündən çıxa bilməyib, almanı iyləyir və başa düşür ki, bununla da ömrünün sonu çatır. Odur ki, sonda Allah-taaladan bir diləyi olur:
Dedi: keç cümlənin suçı suçından,
Dedi: bağışladım öci öcindən.
İylədi almanı, verdi canını,
Tanıdı dəlü ol dəm Sübhanını (6).
Burada Dəli öz Tanrısına inam gətirəndən sonra belə bir fikir aydın olur ki, onun, yəni Dəlinin bütün narazılığının başlıca səbəbi, sən demə, günahı olanların bağışlanmamasıdır. Beləliklə, Allah-taala Dəlinin xahişini eşitdikdə bütün suçluların suçundan keçməklə, bəndəsi qarşısında bir daha qüdrətli, rəhimli olduğunu nümayiş etdirir.
Dəlinin ölümü ilə hər şey sona çatmır. Onun üsyankarlığı o dünyada da davam edir. İnkir-minkir onu sorğu-sual edəndə, belə şeyləri əhəmiyyətsiz və etinasız qarşılayır:
Varub minkir-nəkir etdi sualı,
Dəlü belə bilür nə qeylü qalı?(6)
Hekayətdə Dəli obrazı nə qədər dönməz, inadkar xarakterdə verilsə də, sonda məlum olur ki, qəhrəmanının sadəlövhlüyü, sözün əsl mənasında, qafilliklə əlaqədardır. İnkir-minkirin sorğu-sualı onu təngə gətirir, o da acıqlanaraq deyir:
Sögərəm, dögərəm, canın aluram,
Sənin dedigüyi mən nə bilirəm?(6)
“Dəlinamə”nin yalnız B-5275 şifrli nüsxəsinin son beytlərindən birində “Heyrani” antroponimi işlənmişdir ki, onun hekayətin müəllifi olması ehtimal olunur (3, 169). Başqa bir mənbədə də Heyraninin hekayətin müəllifi olması fikri irəli sürülmüşdür: “XVII əsrdə yaranan mənzum hekayətlərdən xalq ədəbiyyatı ilə əlaqədar cizgilər daha da güclənir, cəsarətli fikirlər irəli sürülür. Şairlərin dini-mistik ideya və təsəvvürlərə qarşı yazdığı əsərlərdə bu cəhət aydın görünməkdədir. Belə əsərlərdən biri Heyraninin “Dəlinamə” hekayəsidir. Şairin həyat və yaradıcılığı bu günə qədər qaranlıq qalmaqdadır. Onun barəsində orta əsr mənbələrində müəyyən bir məlumata rast gəlmirik” (7, 161). Gördüyümüz kimi, burada ikinci sitatın müəllifi professor Ə.Səfərli etiraf edir ki, Heyrani təxəllüslü şair barəsində orta əsr mənbələrində müəyyən bir məlumata rast gəlmirik (7, 161). Qeyd edək ki, hekayətin konkret bir müəllif tərəfindən yazılması fikrinin düzgün olub, olmadığını dəqiq söyləmək bu gün də mümkün deyil. Ehtimalımızca, bəlkə də, Heyrani hekayətin müəllifi deyil, onun mətnini köçürən katibidir?! Çünki bu antroponim hekayətin müəllifinə aid olsaydı, həmin təxəllüsə digər nüsxələrdən hansındasa rast gəlinərdi və hekayətin mətni də digərlərindən məzmununa, üslubuna görə fərqlənər, fərdi müəllif yaradıcılıq dəst-xətti göz qabağında olardı. Əlyazma əsərinin mətnini köçürən katiblər ənənəvi olaraq, mətn başa çatandan sonra adlarını kolofonda qeyd edirlər. Bizcə, “Dəlinamə” nüsxələri arasında rast gəldiyimiz yalnız B-5275 şifrli əlyazma mətnində Dəlinin yol verdiyi bütün əməllərin istər xoşagəlməz, ya da onun çılğınlığından irəli gələn olduğunu, buna görə də heç zaman tənbehə və qınağa tuş gəlməyəcəyi tövsiyyəsini verməklə katib oxucuya özünü mətn daxilində təqdim etməyi daha münasib bilmişdir:
Əgər, Heyrani, istərsən dəlilik,
Dəli ol kim, ona olmaz zəlillik (6).
Hekayət başa çatandan sonra onu qələmə alanın iki beytdə özü ilə bağlı xahişi də dilə gətirilir. O, Allah-taaladan üzrxahlıq edərək, bir gün onun da sorğu-suala tutulacağına, Həzrətin qarşısında çox günahı olduğuna və yol yerdiyi səhvlərə görə eybini üzə vurmamağı, bağışlanmasını rica edir:
Mənim çokdur günahım Həzrətində,
Ümidim ondan artıq qüdrətində.
Yüzüm dutub gedəndə qapuva mən,
Mənim eybimi salma yüzümə sən (6).
“Dəlinamə” hekayəti uzun əsrlər ərzində xalqımızın dini, əxlaqi görüşlərinin formalaşmasında böyük rol oynamışdır. Hekayətin nüsxələrinin əksəriyyəti XIX yüzillikdə köçürülsə də, mətninin dil-üslub xüsusiyyəti, arxaik söz və ifadələrin zənginliyi onun tarixən daha qədimdə yaranmasından xəbər verir. Hekayətin mətni əsrlər boyu təkrar-təkrar köçürülüb yenilənməyə məruz qalsa da, öz keçmiş lüğət tərkibini əsasən saxlamışdır: bən, ol, şimdi, qaçan, öc, ög, qamu, yükəş, suç, qılmaq, urmaq, ayıtmaq, varmaq, uyumaq və s. Müxtəlif leksik vahidlərlə bərabər, hekayətdə arxaik ifadələrə rast gəlirik ki, həmin ifadələr bugünkü qarşılığından formaca fərqlənsə də, məzmununu qoruyub saxlamışdır. Məsələn, “pula saymaq”, “pula satmaq”, “can içində sevmək”, “yerə çalmaq”, “nərə urmaq”, “yollu yoluna”, “önünə yumurlamaq”, “dadə getmək”, “azın-çokun yüzə çalma”, “canını tapşırmaq”, “eybi yüzə salma”, “qorkudan uşaqa oxşamaq” kimi söz birləşmələrinin bir qisminə çağdaş dilimizdə dəyişilmiş şəkildə, bəzilərinə isə arxaik formada olmaqla ancaq yazılı abidələrdə rast gəlinir.
Folklorumuza aid bu cür əsərlərin mətni orta əsr məktəb-mədrəsələrində yazıb-oxumağı öyrənənlər tərəfindən təkrar-təkrar köçürülməklə dövrün təhsil və maarifinin inkişafına, gənclərin savadlanmasına da xeyli kömək etmişdir. Bəlkə də hekayətin qədim nüsxələrinin günümüzə gəlib çatmamasının başlıca səbəbi onlardan tədris sahəsində çox istifadə olunmasıdır. Bu cür əlyazma mətnləri tədris vəsaiti kimi uzun müddət mədrəsələrdə təhsil alan şagirdlər tərəfindən çox istifadə olunduğundan korlanıb sıradan çıxmış və hekayətlərin qədim nüsxələri deyil, sonradan şagirdlərin özləri tərəfindən üzü köçürülmüş yeni nüsxələri bizə gəlib çatmışdır.
Vaxtilə “Dəlinamə” və bu səpkidə, məzmunda olan hekayətləri “zahirən dini məna daşıyan, əslində isə ateist əsər” adlandırmışlar. Əlbəttə, bu fikir Sovetlər dönəmində hakim kommunist rejimin təsiri ilə meydana gəlmiş və tamamilə yanlış bir təsəvvürdür. Necə ola bilər ki, İslamın yaranışından Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində insanların əxlaqi, dini görüşlərinin formalaşmasına xidmət edən bu tip əsərlər antidin, antiislam fikirləri təbliğ etsin? “Dəlinamə” hekayəti Azərbaycan xalq ədəbiyyatının qədim qaynaqlarına söykənən, onun əxlaqi, dini, dünyəvi baxışlarını özündə əks etdirən bir folklor əsəridir ki, ateizmlə onun əlaqələndirilməsi qətiyyən düzgün deyil.
Dostları ilə paylaş: |