NOVRUZ BAYRAMI VƏ MİLLİ DÖVLƏTÇİLİK ƏNƏNƏLƏRİ Məsələnin qoyuluşu: «Mərkəzi Asiyadan Balkanlara qədər uzanan böyük bir ərazidə məskunlaşan bütün türk xalqları tərəfindən sevinclə qarşılanan Yeni il – Novruz bayramının (1, s. 51) tarixinə nəzər salınarsa, onun milli dövlətçilik ənənələri ilə sıx bağlı olduğu üzə çıxar. Ən qədim dövrlərdən xalqımızın həyatında, adət-ənənələr dünyasında özünə möhkəm yer tutmuş bu bayram təkcə xalq kütlələrinə məxsus məişət bayramı olaraq qalmamış, dövlət səviyyəsində qeyd olunmuş, xalqımızın həyatını bütöv şəkildə əhatə etmişdir. Varlılar da, kasıblar da Novruzu qeyd etmiş, xalqın bütün təbəqələri Novruz bayramında bir araya gəlmiş, bayramı birgə qeyd etmiş, bayram sevinci ümummilli dəyər halına gəlmişdir. Bu da öz növbəsində xalqımızı birləşdirmiş, bütövləşdirmiş, dövlətçilik tariximizin milli əsaslarını möhkəmləndirmişdir.