Азярбайъан шифащи халг ядябиййатына даир тядгигляр ●



Yüklə 1,4 Mb.
səhifə36/91
tarix02.02.2022
ölçüsü1,4 Mb.
#114051
1   ...   32   33   34   35   36   37   38   39   ...   91
Mətanət ABBASOVA

AMEA Folklor İnstitutu, f.ü.f.d. böyük elmi işçi

abbasova.metanet@rambler.ru
XALQ MƏİŞƏTİNDƏ OVÇULUQ VƏ OVÇULUQLA BAĞLI NƏĞMƏLƏRİN FORMALAŞMA XÜSUSİYYƏTLƏRİ
Məsələnin qoyuluşu. Xalq məişətində ən qədim əmək fəaliyyəti kimi mövcud olan ovçuluq və ovçuluqla bağlı nəğmə mətnlərinin məzmun xüsusiyyətlərinin tədqiqata cəlb edilməsi.

İşin məqsədi. Ovçuluq nəğmələrində ovla bağlı rituallar, inam, sınamaların öyrənilməsi, mifoloji qaynaqların müəyyənləşdirilməsi.
Azərbaycan xalq əmək nəğmələrinin xüsusi bir qrupunu ovçuluq nəğ­mələri təşkil edir. Ovçuluğun yaranması, ibtidai insanın gündəlik məş­ğu­liy­yətinə çevrilməsi daha qədim tarixi dövrlərə bağlanmaqla onun ətraf təbiə­tin yırtıcılarından qorunma, eləcə də azuqə əldə etmək niyyətindən qaynaq­lanmışdır. Belə ki, ibtidai insan yaşayışında dəfələrlə vəhşi hey­van­ların hü­cumlarına məruz qalmış, davamlı qarşılaşmalar on­larda bu qüvvələrə qarşı mübarizə aparmaq instinktini formalaş­dır­mışdır. İlk əvvəl taxta, ağac bu­daq­ları ilə özünü qorumağa çalışan ibtidai insan sonralar onu daş parçalar ilə əvəz etmiş, düşüncə, təfəkkürün növbəti mər­hələsində isə daşdan xüsusi iti uclu alətləri hazırlamağa başlamışdır. Təkmilləşən ov alətləri ovçuluğun daha geniş formada əmək məşğu­liyyətinə çevrilməsini şərtləndirmişdir. Dai­ma təbiət qüvvələrinə sehr, ovsunla təsir göstərmək inamını özündə yaşadan ibtidai insan ova hazırlıq, ova çıxmaq prosesində də eyni səs, sö­zün mifik gücünə arxa­lanmışdır. Uğur, qorunma, ehtiyat­lılıq, ov inanc­la­rı­nın yer aldığı ovçu­luq nəğmələri məhz bu şərait və kon­tekstdə yaranmışdır. İbtidai məş­ğu­liyyətin tarixi gedişatı ovçuluğun ayrı-ayrı xalqların məişəti, həyatında fərqli ritual, məzmun, sınamalarda qoru­nub saxlanmasını müəy­yən­ləş­dirməkdədir. Ova çıxma, ov ovlamaq qədim zamanlardan başlayaraq türk xalq məişətində də ayrıca yer tutmuşdur. Türk hökmdar və xaqanla­rının ən sevimli məşğuliyyətinə çevrilən ov ov­lama hakim qüvvənin güc, uğur, qalibiyyət inamının rəmzi formulu kimi özünü göstərmişdir. Qədim türk xaqanlarının ovunu əlbəyaxa, qarşı-qar­şıya çıxaraq ovlaması ən əski ovçuluq təsəvvürlərinə bağlıdır. Ov hey­vanını ox atmadan ovlamaq bir tərəfdən hökmdarın fövqəl güc-qüvvəyə sahibliyini üzə çıxarırsa, ikinci bir tərəfdən onun qan tökməmək kimi mənəvi amalını ifadə edir (10,41). Bu mə­nada ilk ov qədim türk məişətində xüsusi mərasimlərlə qeyd olunmuş­dur. Məşhur Oğuznaməmiz “Kitabi-Dədə Qorqud” mətnlərinin “Dirsə xan oğlu Buğac xan boyu”, “Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy”larda ilk ovun şərəfinə ayrıca törənlərin təşkil edilməsi mövcuddur. “Qanlı Oğuz bəylərinin top­lan­ması” üzərində qurulan bu mərasimlər mətn­lərdən də göründüyü kimi, əsasən oğuz anaları – xatunlar tərəfindən təşkil olunur ki, məqsəd ananın, geniş mənada valideynin övladını güc, qüvvət, kişilik, mərdliyinin, boy atmasının uğurlanmasına bağlıdır.

Ovçuluğun dünya xalqlarının ibtidai məişətindəki rolu onun uyğun ritual, sınama və inanclarını da formalaşdırmışdır. Ova qoyulan qadağa-ta­bular, müvafiq davranışlar, ov üçün uyğun əfsunların oxunmasını D.K.Ze­lenin bütün hallarda ovun uğuruna əsaslandığını bildirmişdir (11,120). Səs­sizlik, diqqətcillik, qorxu hiss etdirməmə və s. ehtiyatlılıq tədbirləri bu ri­tualların əsas məzmununu təşkil etməkdədir. Ovun eybəcər hala salınması, əzab vermə, cəmdəyin sözlə təhqir olunması və s. qa­dağalar əksər dünya xalqların ovçuluq qanunlarında yer almaqla ovlanan heyvan ruhunun inci­dilməsi ilə ifadə edilir (12,130). Ovçuluqla bağlı ilkin inanclar sistemi də bu kontekstdə ayrıca mərhələ təşkil edir. Azərbaycan xalq inanc və sınama­larında yer alan “göyərçini ovlamaq günah hesab edi­lir, əski inamlara görə, göyərçinlər imamların dostu, sərçələr düşməniydi” (3,95), “səhər tezdən evdən çıxıb gedəndə qabağına it çıxsa, uğurunuz xeyirli olacaq”, “ova gedən zaman qabağınıza tülkü çıxarsa uğurunuz xeyirli, dovşan çıxarsa uğurunuz uğursuz olacaq” və s. motivlər bu xüsus­da ayrıca maraq doğurur (4,38). İlkin sınamaya bağlı qədim yunan, fars, hind təsəvvürlərində göyərçin ali hesab edilməklə təmizlik, müqəddəs ruhun daşıyıcısı kimi qiymətləndirilmişdir. Yunan ilahəsi Afrodita məlum təsvirlərində əlində gö­yərçin kimi göstərilmiş, uyğun miflərə görə, göyər­çin məbudun müqəddəs quşu sayılmışdır. Assuriya çariçası Semiramidin göyərçinə çevrilməsi, yunan Allahı Aqninin, İştar, Astarta ilahələrinin də göyərçin olması haq­qında miflər bu qəbildəndir (13,63). Azərbaycan xalq inanclarına görə, göyərçini öldürən adamın təsərrüfatında mal-heyvan son­suz qalar, əksinə hansı evdə ki, göyərçin nəfəsi var, o evə səadət, xoşbəxtlik gətirir, o evdə heç zaman yanğın olmur (4, 64). Qarabağ əra­zisindən toplanan folklor mətnlərində, həmçinin göyərçinin ayaqlarının imam Hüseynin qanına bulaşması ilə bağlı rəvayətə təsadüf edilir ki, burada göyərçinin dırnağı ilə gələn qan kor bir qızın gözlərinin açılmasına səbəb olur (16).

Azərbaycan ovçuluqla bağlı xalq nəğmələrində də göyərçinin ov­çuyla mübahisəsində eyni mifik görüş öz izini qorumaqdadır:

– Göyərçinəm, göyərçin,

Yaranmışam göylərçün,

Ovçu, qolun düşməsə,

Mənim ahım eylər çin (5,74).

Bütövlükdə yunan, suriya, fin xalqlarının mifologiyasında göyərçin, xüsusilə ana göyərçin quşların hökmdarı kimi götürülür. O, yerə, göyə bələdçilik edən, Allahlarla ünsiyyət quran, insanların arzu-istəklərini göyə – Tanrılara çatdıran, yerə müqəddəs ruh şəklində enən qüvvə kimi yer almaqdadır (13,66). Ayrı-ayrı dünya xalqlarının göyərçinlə bağlı mifoloji tə­səvvürləri xalq məişətimizdə, düşüncəsində eyni müqəddəsliyə bağ­lanılır.

Ovun uğursuzluğunun dovşanla əlaqələndirilməsi də xalqların uyğun mi­foloji düşüncəsindən irəli gəlir. Folklorşünas B.Abdulla müxtəlif təd­qi­qat­çıların fikirlərini bu xüsusda qruplaşdıraraq yazır: “Folklorşünas A.N.Krav yazıb ki, dovşan sehrkar cadugər qadınlarla əlbidir. Nəhs hey­vanlar sırasındadır. Cadugərlərin, yava ruhların dovşan donuna girə bil­məsi rus, polyak, çex, serb, bolqar, alman, fransız, ispan və b. xalqların folk­lo­run­da da geniş əks olunub... A.Afanasyevin verdiyi bilgiyə görə, Rusi­yada belə bir inam olub ki, göldə, çayda çimən kimsə dovşanı yadına salmamalıdır. Çünki suyu sevməyən dovşan bundan açıqlanıb fırtına qoparır” (1,85).

Ov qaydalarında heyvan, quşların ovlanıb – ovlanmaması seçkinliyi müəyyən mənada totemizm-əcdadlıq kultu anlayışı ilə də izah olunur. Bu məsələdə daha irəli gedən Y.N.Sеmenova görə, bu və ya digər canlının totem olaraq tanınması ovçuluğun müəyyən heyvanlardan əlahiddə, kənar aparılmasıdır. Quş, ayrı-ayrı heyvan cinslərinin ovlanmaması, xüsusi qayğı ilə qorunması xalq təfəkküründə uyğun totemlərin yaranmasına əsas vermişdir (14,353).

Ovun uğurlanması, müəyyən qaydalara riayət olunma, ovun ovsunu, mifik səciyyəsinə görə təşkili bir çox hallarda şamanlara həvalə olunurdu (12,231). Ovsunla, sözün magik enerji ilə birləşməsi şamanizmə xas göstərici olduğundan ov rituallarının da həyata keçirilməsində şaman əli, şaman sözü irəli çəkilmişdir. Lakin bu xüsusiyyət dünya xalqlarının ovçu­luqla bağlı təsəvvür, baxışlarında geniş yayılmamış, eyni ritual hərəkətlər, ovsunlar fərdi şəkildə, ovçuların özləri tərəfindən də icra olunmuşdur.

Nəzərdən keçirilən ov ritualları sınama və inanclarının geniş çeşidi eyni səviyyədə ovçuluq nəğmələrinin də motiv və poetik özünə­məx­sus­lu­ğunda qorunmaqdadır. Azərbaycan xalq ovçuluq nəğmələrinin də yaran­ması oxşar tarixi, sosial şərtlərdən keçmiş, mətn strukturu, mifoloji qatı uyğun təsəvvürlər əsasında formalaşmışdır. Sözün əfsuni gücünə inam, əmək, iş alətində olduğu kimi, ov silahlarının da təbiətinə müdaxilə im­ka­nın­da götürülmüş, ilk nəğmələrin motivləri də məhz silahın ovsuna gətirilməsinə bağlanmışdır:

Haş gedə,

Huş gedə,

Bu ox sənə,

Tuş gedə (5,73).

Ovçuluq nəğmələrində “qəlib” rolunu oynayan bu söz ovsunu ovun subyektinə uyğun ayrı-ayrı mətnlərə salınmışdır:

Gedən kəklik, Sağsağan səkər.

Gələn kəklik. Quyruğun bükər.

Bir qıç üstə Qaz qaqqıldar,

Duran kəklik. Lələyin tökər.

Haş gedə, Haş gedə,

Huş gedə, Huş gedə,

Bu ox sənə, Bu ox sənə,

Tuş gedə. Tuş gedə (5,73).

Verilən mətnlərdə ovlanan quşlar üçün ov alətinin əfsuni yolla “istiqamətlən”dirilməsi daha çox sözdəki emosionallıq, ekspressivliyi ta­mam­layan alliterasiyaya əsaslanır. “Z” samitinin söz daxili təkrarı pro­sesin davamlılığı, hərəkətin hücuma bağlılığını ifadə etməkdədir.

Ovçu nəğmələrində qəlib mətn rolunu oynayan II bir nəğmə ovçunun çoxbilmişliyi, hər şeydən xəbərdar olmasına bağlı ifadələnmədir:

Gələr avçım,

Gülər avçım,

Bizim sirri

Bilər avçım.

Əslində çağırış emosiyası üzərində qurulan bu kiçik mətn sonralar müxtəlif nəğmələrin tərkibində verilməklə ovçuluqla bağlı nağıl motiv­lərində qorunmuşdur. Ayrıca ovçuluqla bağlı mif, nağıllarda ovçuların müx­təlif heyvan, quşların dilini bilməsi eynilə ov prosesində qazanılır. “Ovçu Pirim” nağılında ağ ilanı yaralayıb qara ilandan ayıran ovçu ilanlar padşahının sehrli tüpürcəyinin köməyilə ilə bütün heyvanların dilini öyrə­nir (6,145). “Ovçunun sirri” adlandırılan sehrli nağılda isə ovçu odda ya­nan ilanı xilas edərək əvəzində heyvanların dilinə yiyələnir (7,154). Başqa bir nağıl variantında isə ovçu Pirimə bu dillər peyğəmbər tərə­fin­dən öyrə­dilir (7,48). Çox güman ki, bu nəğmə mətni heyvanların dilindən söy­lənilmiş, sonradan xüsusi nağıl mətnlərinə daxil edilmişdir:

Gələr avçım, Doğdum oğlanı

Gülər avçım. Asdım divardan

Bizim sirri Divlər yıxan

Bilər avçım. Kamanı (9,37).

Götürdüm divardan ələyi...

Bağladım


Yeddi boxçanı

Yeddi lələyi

Nəğmə mətni professor A.Nəbiyevin şərhində uyğun nağıl motivi ilə izah olunur: “...yeddi qızı olan ovçu evdən baş götürüb getmişdir. Evinin divarından ələk asıb evdən çıxmış və demişdi ki, oğlum olsa, divardan kaman asın, qayıdıb gələrəm, ələk yerində qalsa, yurda qayıtmaram... oğlan doğan ana divardan yeddi qızın ələyini götürüb yerinə kaman asır, qızlarını ovundurub atalarının gəlib çıxacağı ümidi ilə onları sevindirir” (9, 239). Qeyd edəki, nağılın məzmununa bağlanan bu nəğmə ovçunun məişət, həyatındakı uğursuzluq motivini gerçəkləşdirməkdədir.

Bir sıra dünya xalqlarının mifoloji görüşləri, sınama, inanclarında ovun uğur, ya uğursuzluğunun proqnozlaşdırılması ev, ailədəki rahatlıq, sakitliklə əlaqələndirilir. Şərqi Afrika fil ovçularının inamlarına görə, əgər qadınlar ova yollanan ərlərinə xəyanət edərlərsə, o zaman ovçu filin hücu­muna məruz qalır, vaqo tayfalarının oxşar inanclarında da şirin ovçuya hücumu məhz qadın xəyanəti ilə yozulur (15,130).

Ovçuluq nəğmələrində yer alan mühüm mifik təsəvvürlərdən biri də Ov tanrısı, himayəçiyə olan münasibətdir. Qeyd edək ki, ov inamlarında heyvanları qorumaq, hami, ruh sahibliyi məsələsi də dünya xalqlarının mi­fo­­logiyasında ayrıca yer tutmaqdadır. Ağac, meşə ruhu, sahibləri kimi çay, balıq, canlılar da məxsusi tanrıların himayəsindədir. Ovçuların onları tanıması, tapınması, qurban verməsi burada başlıca şərtdir. Eskimoslarda dəniz ilahəsi Sedna insanlara bu mərhəmətə uyğun suiti bağışlayır, dəniz sularında bərqərar olan kanna kapyalun, labrodor eskimoslarında ağ ayı təsvirində allah Tornqarsoan da himayəçi, sahib ruhlar olaraq tanın­maq­dadır (12,240). Bu inamlarda məhz heyvan himayəçi ruhların izni ilə ovçuların hər hansı növ quş, heyvanı ovlaması mümkündür. Qafqaz xalq­larında Himalay ətrafı heyvanların ayrı-ayrı, seçkin ruh hamiləri möv­cuddur. Osetinlərdə Avsati, yedigeylərdə Mezımx vəhşi heyvanların, balıq təsərrüfatının, abxazlarda Ajveypzaa və Ayrq vəhşi quşların qoruyucu ola­raq obrazlaşdırılmışdır (12,240). Eyni motivə bağlı mifoloji fikir uyğun ovçuluq nəğmələrində də yer almaqdadır:

Əkil-bəkil quş idi, Harayladım quşları,

Çardağa qonmuş idi. Qanadı sınmışları,

Qalxdım onu tutmağa, Meydana saldı məni,

O məni tutmuş idi. Dövrəyə aldı məni.

Meydana salmış idi, Məni soyub gəzdilər,

Dövrəyə almış idi, Təpikləyib əzdilər.

Çardağın ağacları Qızıl qana bulaşdım,

Dənlə oldu ucları. Əldən çıxdım, dolaşdım,

Çəpər çəkdim, yol açdım,

Bacadan evə aşdım (8,37).

«Əkil-bəkil» ov tanrısının, ovçunun qoruyucu, cəza verən və hima­yəçisinə çevlilməsinin ifadə olunduğu bu mətndən çıxış edən professor A.Nəbiyevə görə, ov tanrısına səcdə etmək insanlara xoşbəxtlik gətirdiyi kimi, ona tapınmamaq da ovçu üçün son dərəcə təhlükəlidir (9, 235).

İlkin ovçu təsəvvürlərində ov tanrıları ilə yanaşı, digər mifoloji baxış ovlanan heyvanın ruhunun yaşamasına inam məsələdir. Qeyd edək ki, ovlanan heyvanlarda davranış qaydalarının sınama, inanclar şəklində möv­cudluğu əslində eyni təsəvvür qaynağına bağlıdır. Yaralı heyvanın ovlanmaması ilə yanaşı, burada ovlanan heyvan sümüklərinin it pəncəsinə keçməməsi, təmiz yerdə saxlanması tabusu mövcuddur. Amerika hindu­la­rının inamlarına görə, ovlanan antilop, maral sümüklərinin itə atılması, elə­cə də ov heyvanı yağının ocağa tökülməsi yolverilməzdir. İnama görə, ovlanmış heyvanın ruhuna bu qəzəb gətirir və o, ölmüş heyvanlar və canlı həmcinslərini məlumatlandırır (15, 495). Nəticədə bu heyvan cinsinin yenidən dirilməsini məhv edir, ovçunun ov uğurunu bağlayır. Ayrıca “...o yerdə, xüsusi dağda ocaq, pir varsa, orada ov ovlamaq yasaq bilinib. Eti­qada görə, ocaq, pir çərçivəsində məskən salan quşlar, heyvanlar, ruhlarla bağlıdır, daha dəqiqi, ruhların özləridir” (1,85).

Ovçuluq nəğmələrinin məzmun-motivində ovun uğurlanması da başlıca yer tutur:

Ova gedən Dağ-dərədə

Ovun tuş, Qurd-quzu,

Ovun olsun Səhər-axşam,

Maral, quş. Lərzə-bərzə.

Ovu vuran, Salam gəl,

Kamanın Bədheybətdən,

Batsın gözünə, Bədasildən,

Yamanın. Dolan gəl... (8,37)

Ovçunun uğurlanması nəğmə mətninə görə, burada ov tapma, düz­gün nişan alma, ov tanrısı, vəhşi heyvan qəzəbindən qorunma, bəd­nəzər­dən uzaq olma arzulanır.

Ovçuluq nəğmələri içərisində ovçu və quşların mübahisə üzərində qurulan nəğmələr də xüsusi yer tutur:

Ovçu: Qaranquş:

– Əl çəkdim imanımdan, – Qaranquşam, qaranquş,

Ox atdım kamanımdan. Qanadım ayrıc-ayrıc,

Ovuma düşən quşlar, Məni ovlayan ovçu

Qurtarmaz amanımdan. Qan qusar ovuc-ovuc.
– Adımdır alabaxta,

Qanadım taxta-taxta.

Məni ovlayan ovçu,

Qan qusar laxta-laxta.

Azərbaycan məişətində tarixən geniş yayılmış əmək məşğuliyyətinə çevrilən ovçuluğun yaranması eyni motivdə ovçuluq nəğmələrinin də for­ma­laşmasını istiqamətləndirmişdir. Ovçuluqla bağlı tabular, mifik gö­rüş­lər, inam və sınama, rituallar bu lirik mətnlərin struktur semantikasında tarixi düşüncə və dünyagörüş faktı olaraq qorunmaqdadır.


Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin