İşin məqsədi. Bayramlar hər xalqın təqvimində xüsusi qeyd olunan günlərdir. Məhz həmin günlər xalqların yaratmış olduğu ilkin təqvimlərdə tənətənəli günlər hesab edilir. İlkin mədəniyyətlərə malik olan əcdadlar qışın gəlişini bir cür, yazın gəlişini isə başqa cür mənalandırmışlar. Qışın səfalətindən, söyüşündən qorxmadıqlarını göstərmək üçün özlərini məğrur göstərən ibtidai insanlar yazın gəlişinə isə sevincini gizlədə bilməmişlər. Əsərdə bu və digər problemlər öz əksini tapmışdır.
Azərbaycan folklorşünaslığının tanınmış nümayəndələri ardıcıl olaraq elmi ictimaiyyətə təqdim etdiyi məqalə və kitablarında folklorun aktual problemlərini dərindən təhlil etmiş, yaşanılan proseslərin fəlsəfi şərhini vermişlər. Şifahi xalq ədəbiyyatına dair əsərlərində milli folklorşünaslarımız etnosun strateji inkişaf proqramını, milli ideyasını, dövlətin və millətin mövcudluğunun həmişəyaşarlığının mənasını, inkişafın məqsədi və prinsipləri istiqamətində analitik fikir formalaşdırmışdır. Bir çox alimlərin folklorşünaslıq fəaliyyətində Azərbaycanın xalq sənətinin, eləcə də mərasim və mövsüm nəğmələrinin, xalq bayramlarının tədqiqi də mühüm yer tutur. Alimlər davamlı olaraq xalq ədəbiyyatının problemlərini öz əsərlərində təhlil edərək elmi ictimaiyyətə yeni-yeni töhfələr vermiş, etnopsixoloji düşüncə ilə bağlı yaranan janrlar – yuxuyozmalar, göstərmələr, gözəgörünmələr, eymənmə, qarabasma və s. haqqında maraqlı məqalələri ilə elmi ədəbiyyatı zənginləşdirmişlər.
Azərbaycan uşaq folkloru, xalq oyunları, xalq ədəbiyyatında dramatik üslublar və bu üslublardan törəmələr haqqında alimlərin geniş mülahizələri və məqalələri vardır. Milli folklorşünaslarımızın yaradıcılığında mərasim və mövsüm folkloru da mühüm yer tutur. Belə alimlərdən AMEA-nın müxbir üzvü, professor Azad Nəbiyevin, professor Əzizə Cəfərzadənin Çillə, Xızır Nəbi, Novruz bayramı ilə bağlı məqalələri mərasim folklorunun sistemli şəkildə öyrənilməsinə istiqamət və təkan vermişdir.
Azad Nəbiyev, Ağalar Mirzə, Əzizə Cəfərzadə xalqın mövcud olmasında və inkişaf etməsində əsas amil kimi mədəniyyətin irəliləməsində gen yaddaşının, adət-ənənə, mərasim və bayramların çoxçeşidli olduğunu, lakin bəsit və sadə olmadığını qeyd edərək, bayram və mərasimləri yaranma zamanına görə təsnif etmiş və burada ən qədim dövrlərin ibtidai görüşləri ilə bağlı adətlər, ənənələr olduğu kimi, orta əsrlərin ictimai-siyasi və dini-fəlsəfi baxışları ilə əlaqədar, habelə çağdaş dövrümüzün yaratdığı adət, ənənə və mərasimlərin də olduğunu göstərmişlər. Böyük folklorşünas alim A.Nəbiyev göstərir ki, erkən düşüncədə mövsüm ilə əlaqədar mərasim nəğmələri geniş yayılmışdır. “Əslində onlar ilin son qış aylarından başlayıb Novruza qədərki dövrü əhatə edərdi. Bu baxımdan “Şum mərasimi”, “Saya mərasimi” və onları bəzəyən nəğmələr diqqəti daha çox cəlb edir. Xalq arasında “Novruzqabağı nəğmələr” adı ilə tanınan nəğmələr üç yerə ayrılırdı – “Çillə nəğmələri”, “Çərşənbələr” və “Xıdır Nəbi” nəğmələri (5).
Əzizə Cəfərzadə “Xıdır Nəbi” bayramı haqqındakı məqaləsində bayramın ritual əsasları və mərasim formasından bəhs edərək yazır: “Çox-çox uzaq keçmişlərdə Xızır Nəbi bayramı keçirilərmiş Azərbaycanımızda, kiçik çillənin qurtardığı son 3 gündə. Yəni 25-28 fevral günlərində keçirilər və bir növ Novruza hazırlıq xarakteri daşıyırmış. Bu bayramın özünəməxsus adətləri, oyunları, yeməkləri olub. Əvvəlcə bilmək lazımdır ki, axı bu Xızır Nəbi, Xızır İlyas, Xıdır Nəbi, Xıdır Əlləz adlandırılan əfsanəvi şəxsiyyət kimdir, onun haqqında nə bilirik? Birinci rəvayətə görə, Xızırın əsl adı İlyas olmuş, yaşıllıq mənasına gələn “xızır” sözü onun ləqəbidir, çünki hara qədəm bassa, o yerlər göyərər, yaşıl dona bürünərmiş. Bu bayram taxılın yerdən bircə buğum baş göstərdiyi vaxta təsadüf edir. “Nəbi” isə peyğəmbər mənasını daşıyır, onun əfsanəvi 124 min peyğəmbərdən biri olduğuna işarədir. Rəvayətə görə Xızır Nəbi həyat, dirilik, su gətirir çöllərə. Xilaskar ərəndir (6).
Bütün xalqların özünəməxsus bayramları vardır. Mənəvi mədəniyyətimizin ayrılmaz hissəsi olan milli bayramlarımız xalqımızın həyatında mühüm yer tutur. Tədqiqatlar göstərir ki, məişətimizdə mövcud olan müasir bayramların bir çoxunun başlanğıcı eramızdan əvvəlki minilliklərə gedib çıxır.
Adı göstərilən məqalədə müəllif “Xızır Nəbi” və ya “Xıdır İlyas” bayramının tarixi barədə bilgi verir. Qədim tarixə malik olan və el arasında geniş yayılmış bayramlardan biri də “Xızır Nəbi” və ya “Xıdır İlyas” mərasimdir. Bu bayram bir-birindən az fərqlənir və demək olar ki, Azərbaycanın bütün bölgələrində keçirilir. Xızır Nəbi (Şirvanda belə adlanır, digər bölgələrdə Xıdır Nəbi, Xıdır İlyas kimi adlanır) təbiətin oyanması üçün qəyyum edilib. O, təbiətin oyanması, bitkilərin cücərməsi, suların təmizlənməsi və s. bu kimi təbii proseslərlə müşayiət edilir. Folklor mətnlərində də Xızır Nəbi suyun və yelin hamisi kimi təqdim olunur.
İslam dinində də Xızır haqqında xeyli mətnlər var. Bir sıra rəvayətlərdə Xızırın ölümsüzlüyündən söz açılır, onun Qiyamətə qədər qalacağı söylənir. Xalq arasında da bu inanc geniş yayılıb. “Hər gecəni Qədir bil, hər gələni Xıdır bil” sözü də bunu sübut edir. Sıravi dindarlar inanır ki, Xızır cır-cındır geyimdə qoca birisi olaraq adamlara rast gəlir, onları sınayır, ona hörmətlə əsl dindardan tələb olunduğu şəkildə yanaşan insanlar xeyir tapır, qoca və yolçu sanıb diqqətsiz yanaşanlar isə itkiyə uğrayırlar. Ona görə bu söz hər kəsə diqqətlə yanaşmaq zərurətini ifadə edir. Xıdırın həyatda olmadığını düşünənlər də var. Onlar Qurandakı müəyyən ayələrə istinadən belə deyirlər. Məsələn, Ali-İmran surəsində neçə peyğəmbərlərin gəlib-getdiyi deyilir və burada qalmaq məsələsinə yer yoxdur: “Ancaq bir Rəsuldur Muhəmməd. Ondan öncə də gəldi, getdi elçilər” (Ali İmran, 15). Bundan başqa, hər bir canın ölümü dadacağı ilə bağlı ayələrdən də bu nəticəni çıxaranlar var: “Hər can dadacaq ölümü. Bir sınağa çəkərik sizi şərlə, xeyirlə. Və axır dönərsiniz bizim dərgahımıza” (Ənbiya, 15); “Hər bir can dadacaqdır ölümü. Bizim dərgahımıza axır dönəcəksiniz”. (Ənkəbut, 15).
Xıdır İlyas bayramının təsadüf etdiyi günlər haqqında tədqiqatçılar arasında müxtəlif fikirlər vardır. Onlardan bəziləri bu bayramın böyük çillədən dörd və kiçik çillədən üç gün olmaqla yeddi gün davam etdiyini bildirir. Folklorçu Əhliman Axundov isə həmin mərasimin kiçik çillənin onuncu günündə qeyd edildiyini göstərir. Folklorşünas alim Bəhlul Abdullanın fikrincə, kiçik çillənin “Xıdır Nəbi” adlanan birinci ongünlüyü fəslin ən sərt, çovğunlu, dondurucu çağı sayılır. Xıdır Nəbinin şərəfinə icra olunan ayinlər Xıdırın yaşıllıq, su hamisi sayılan Xızırla əlaqəsini göstərir (9). Digər bir tədqiqatçı, professor Məhərrəm Qasımlı “Xıdır Nəbi” bayramının hər il qış yarı olanda böyük çillə ilə kiçik çillə arasında keçirildiyini bildirir (10). Professor, Azərbaycanın xalq yazıçısı Əzizə Cəfərzadə “Xıdır İlyas” mərasiminin kişik çillənin qurtardığı son üç gündə – təxminən fevralın 25-28-i arasında keçirildiyini göstərir (3).
Müəllifin fikrincə, Xızır Nəbi susuz evlərə su, unsuz evlərə un verərdi. Gəldiyi qapıya xeyir-bərəkət gətirərdi. Yollarda azanlara yol göstərir, dəryada gəmisi girdaba düşənlərin gəmisini batmaqdan qurtarır. “Anam Xızır İlyas haqqında bir neçə rəvayət danışardı, özü də elə danışırdı ki, sanki bu hadisələrin iştirakçısı olub. Deyərdi ki, Xızır Nəbi, Xızır İlyas bütün dara düşənlərin imdadına çatır. Doğum vaxtı zahı çox əzab çəkərsə, üzü nurlu bir ağbirçək əllərini göyə qaldırıb bu “ovsunu” oxuyar:
Xızır Nəbi, Xızır İlyas,
Bəndəni bəndədən xilas (2).
Anam deyərdi ki, Xızır Nəbi ac-susuz evlərə yardım edər (2).
Xızır Nəbi haqqında başqa rəvayətdə deyilir. Bir kişi də Xızırı çox arzulayırmış. Bir gün bostanda bellə yer şumlayarkən Xızır onun gözünə görünür: “Kişi, məni neynirdin?”. “Sən kimsən?” “Mən Xızıram”. Kişinin baxtı çönən gün imiş, inanır, deyir: “Əşi, qoy işimizi görək, Xızıra bax!”. Xızır yenə təkidlə Xızır olduğunu söyləyir: “Kişi, bir dilək dilə, gör Xızıram, ya yox”. Onda kişi ayrı söz tapmır, istehza ilə, acıqla deyir: “Hə, əgər Xızırsan, qoy bu belim dönüb kürək olsun”. Söz onun ağzından çıxan kimi kişinin əlindəki dəmir ağızlı bel dönüb taxta kürəyə çevrilir. O hara, bu hara. Kişi vay deyib başını qaldıranda Xızır artıq gözdən itmişdi. Siz də rast gələn, tanımadığınız adama şübhəylə yanaşmayın, əvvəl düşünün, sonra danışın.
Əzizə Cəfərzadənin verdiyi mətndən də göründüyü kimi, sıravi insanlar inanır ki, Xızır cır-cındır geyimində, qoca qiyafəsində birisi olaraq adamlara rast gəlir, onları sınayır, ona hörmətlə əsl müsəlmandan tələb olunduğu şəkildə yanaşan insanlar xeyir tapır, qoca və yolçu sanıb diqqətsiz yanaşanlar isə itkiyə uğrayırlar. Ona görə də hamıya diqqətlə yanbaşmaq zərurətini müsəlman əxlaqı ehtiva edir. “Hər gecəni Qədr bil, hər gələni Xızır bil” məsəli də bu mətnlər daxilində yaranmışdır.
Yəhudilikdəki Elicah, xristianlıqdakı Saint Georgi (Cərcis) inancının xalq kültürünün formalaşmasında rolu olduğu düşünülür.
Təsəvvüf əhli Xızırı peyğəmbər yox, övliya sayır. Deyirlər ki, Xızır mürşid, Musa peyğəmbər isə onun müridi olub. İnsanlara ağ saqqallı, nurani üzlü, uzun boylu, bəzən isə üstü-başı kirli, xəstə kimi gözə görünür. Bundan başqa, Xızırın dənizdə batanların imdadına yetdiyi fikri də var. “Gəmiyə niyə minirəm ki, Xıdır Əlləzi də niyə çağırıram” məsəli də buradan yaranıb. “Kitabi-Dədə Qorqud”da da Xızır “Boz atlı Xızır” adlandırılır və çətinə düşən insanların imdadına yetən kimi göstərilir. “Dirsə xanın oğlu Buğacın boyu”nda göstərilir ki, Xızır yaralı Buğaca yardımçı olur, şəfa yolunu göstərir: “Oğlan yenə dedi: Ana, ağlama, qorxma, bu yaradan mənə ölüm yoxdur. Boz atlı Xızır yanıma gəldi, üç dəfə yaramı sığadı. “Bu yaradan sənə ölüm yoxdur. Dağ çiçəyi ilə ana südü sənə dərmandır” – dedi” (16). İlyas və Xızırın ölümsüzlüyü barədə “Məsnəvi”də danışılır: “İlyas və Xızır kimi dünya durduqca dur, yer üzü lütfünlə göy üzünə dönsün” (14). Belə fikir də var ki, Xızır quruda, İlyas isə dənizdə çətin vəziyyətdə qalanlara yardım edir.
Bakıdan Dəvəçiyə gedən yolun solunda Xızır Zində dağı var. Əfsanəyə görə, Xızır burada qeyb olub, ölüb basdırılmayıb. Məhz qeyb olub; odur ki, Xızır türbəsi, Xızırın məzarı və s. deyilmir. Başqa ərənlərin qəbirləri, pirlərin məzarı kimi deyil, onu məhz “Xızır Zində”, yəni diri, yaşayan Xızır adlandırırlar. Bu dağdakı müqəddəs yerin ətraf kəndlərində yaşayanlar “Xızır Zində” piriylə bağlı müxtəlif əfsanələr yaradıblar. Danışırlar ki, guya bunlar üç qardaş imiş (bəzi rəvayətlərdə hətta dörd qardaş kimi, bəzilərinə görə altı qardaşdır), Xızır, İlyas və Nəbi adında. Bu üç qardaş çox toxgöz, xeyirxah, hamıya əl uzadan igidlərmiş. Onların pak ürəyini imtahana çəkmək üçün onlara dənizdən xəlbirlə su daşıtdırıb, həmin dağın təpəsinə qaldırmağı tələb etmişlər. Qardaşlar bu imtahandan çıxıb. Biri Xəzərə, biri göyə çəkilib, Xızır isə həmin dağda qeyb olub, orada yaşayır, zindədir – həyatdadır. Olduğu yerdə quyu var. O quyu şəfa bulağıdır. Dilək üçün gələnlər oradan keçməlidir, kimin ürəyi təmiz, əməli paksa, keçə bilir, pak olmayanlar quyuya düşür, həlak olur. Övladı olmayanlar “Xızır zində”yə xüsusi niyyətlə gəlirlər. Qurban kəsir, nəzir paylayırlar (2).
Əzizə xanım mətndən çıxış edərək Mövlanın da bu görüşləri bölüşdüyünü göstərir: “Canlıya üz tutan nəbit Xızır kimi abi-həyat qaynağından içər (14).
Xızır günlərində “Səməni halvası” da bişirərdilər. Buna bəzi yerlərdə “ədvalı halva”, bəzi yerlərdə “İsfahan halvası” və sairə də deyirlər. Bu halva qışda zəifləmiş orqanizmə qüvvət verən bir məcun idi. Kişilər üçün xüsusi ədviyyəli, qozlu növü hazırlanardı. Həmin səməni rişələrindən alınmış nişastalı şirədə bərk xəmir yoğrulur, iri tiyanlara ara-sıra yağ vurmaqla çevrilərdi. Uzun bel sapı uzunluğunda ağacın ucuna ərsinə bənzər, amma “qalaq” adlandırılan möhkəm dəmir ucluq bağlanar və bu “ərsin-qalaqla” qolu güclü cavanlar uzun müddət həmin xəmiri çevirərdi, çevirdikcə altına yağ atılardı ki, yanmasın, tünd mixəyi olduqda, bişmiş hesablanardı. Qoz ləpələri, bal (bəzi yerlərdə bəkməz-doşab) və bol ədviyyat tökülərdi: darçın, zəncəfil, istiot, quluncan, badyan, hil, mixək, mustaq cevizi və sair. Bütün bunlar yaxşıca qarışdırıldıqdan sonra oddan götürülər və istiykən əllərə yağ vurulub ya yastı qoğal və ya da küftə şəklində salardı. Üstünə qoz ləpəsi yapışdırılardı. Ondan süzülən yağa yaşlı kişilər həvəslə çörək batırıb yeyr və ya qaşıqla içərdilər.
Xızır Əlləz haqqında xalqımızın müxtəlif zonalarında müxtəlif rəvayətlər, əfsanələr söylənir, kiçik bir məqalədə hamısını toplamaq mümkün deyil. Hər yerdə onunla bağlı müxtəlif çeşidli yeməklər, oyunlar, ayinlər vardır. Əlbəttə, bunlar toplanmalı, xalqa çatdırmalıdır.
Xızır-Əlləz bayramı xalqımızın ən ulu, ən qədim bayramlarından biridir. O, xalqın qışdan, qar-çovğundan, borandan, çillədən çıxıb yaza qovuşmaq eşqilə bağlıdır. Novruz bayramının ekiz qardaşı, onun başlanğıcıdır. Xızır İlyasdan sonra dərhal çərşənbələr gəlir. Novruza hazırlıq başlanır. Nüma Xızır Əlləz hələ qışın tamamilə qurtarmadığı, soyuq çillə günlərini bəzəyən özgə gündür. Bütün xalqların bir çox bayramı var. Ola bilməzdi ki, bizim bircə, bütün Yaxın Şərqlə müştərək Novruzdan başqa heç bir milli bayramımız olmasın. Dünya öz keçmişinə, öz əski “mən”inə qayıdan vaxtda, biz də qədim adət və ənənələrimiz içərisindən, qədim bayramlarımız içərisindən yaxşı nə varsa, hamısını arayıb, tapıb xalqımıza qaytarmalıyıq (2).
Xıdır İlyas, Xıdır Nəbi və ya Xıdır Zində (bunların 3-nün bir şəxs olmasını iddia edənlər var) adları təkcə xalq düşüncəsində deyil, müqəddəs səmavi kitablarda da çəkilir.
İlyas peyğəmbər Quranda adı çəkilən elçilərdən biridir. Onun haqqında ətraflı danışılmır. Adı başqa peyğmbərlərlə bir yerdə çəkilir, əməli salehlərdən olduğu, doğru yola yönəldiyi vurğulanır. Məlum olur ki, o da İsrail oğullarına göndərilən peyğəmbərlərdəndir.
Bibliyada İlyas peyğəmbər haqqında xeyli məlumat var. Deyilir ki, İlyas (İliya) İsrailə Ahavın hökmdarlığı zamanı peyğəmbər olaraq göndərilib. Ahav özünəqədərki İsrail hökmdarlarının ən günahkarı imiş. Onun İzevel adında bütpərəst bir arvadı varmış. O, istəyirmiş ki, insanlar Allaha yox, Baal bütünə sitayiş etsin. Ahav və İzevel İlyas peyğəmbərə nifrət edirmişlər. Çünki o, insanların qəlbində Allaha dönmək arzusu oyadırmış. Həmin vaxtda xalq yolunu azır, bütlərə üz tutur və nəticədə, İlyasın duasına əsasən Allah xalqı cəzalandırır. “Üç il yarım ərzində İsrail torpağında yağış olmadı. Qorxunc quraqlıq oldu. Rəbb İlyasa buyurdu ki, xəlvət bir yerdə, çayın kənarında Ahavdan gizlənsin. Allah quzğunlara əmr etdi ki, hər səhər və hər axşam peyğəmbərə çörək və ət gətirsinlər. Çayın suyundan isə peyğəmbər susuzluğunu yatırırdı” (14, 3; 14, 17; 1, 14). Əhdi-ətiqdə İlyasın möcüzəsindən də danışılır. İlyasın içdiyi su quruyur və Allah ona Sidon yaxınlığındakı Sarefat şəhərinə getməyi, orada bir dul qadının evinə düşməyi məsləhət görür. “Dul qadın oğlu ilə yaşayırdı və çox kasıb idi. Onun sonuncu ovuc undan və tuluqdakı azacıq yağdan başqa heç nəyi yox idi. Qadın bunu İlyasa deyəndə o, qadına belə cavab verdi: “Qorxma, torpağa yağış verən günə qədər... küpdəki un tükənməz, tuluqdakı yağ əskilməz”. Sonra dul arvadın uşağı ölür və İlyas peyğəmbər dua eləyir və Allah onu dirildir (14).
Əhdi-ətiqə görə, İlyas peyğəmbər Allahın əmri ilə Baal bütünə sitayiş edən Ahavla mübarizə aparır və onun yanlışını sübut edir: “Bir gün Rəbb İlyasa buyurdu ki, hökmdar Ahavın yanına getsin və Baal ilə Aşğoret adlı bütlərin peyğəmbərlərini, eləcə də bütün xalqı Karmel dağına yığmağı xahiş etsin. Hökmdar Ahav hamını dağa yığanda İlyas onlara bu sözlə müraciət etdi: “Daha nə zamana kimi iki tərəf arasında dalğalanacaqsınız? Əgər Rəbb Allahdırsa, Onun ardınca gedin, yox, əgər Baal Allahdırsa, ona tabe olun”. Sonra nəql olunur ki, Rəbbin peyğəmbərlərindən İlyas tək imiş, Baalın isə dörd yüz əlli peyğəmbəri varmış. İlyas peyğəmbər təklif edir ki, tərəflərin hərəsinə bir öküz versinlər. Onlar öküzü kəsib odunun üstünə qoysunlar. Od vurmasınlar. Hər kəs öz Allahını çağırsın. Odla cavab verən əsl Allahdır. Baalın tərəfdarları “Ey Baal, bizi eşit” deyib ağıllarını itirənə qədər bağırırlar. Amma od yanmır. Sonra İlyas peyğəmbər qurbangah tikir, oraya odun qoyur. Öküzü kəsib odunun üstünə qoyur. Qurbangahın ətrafını su ilə doldururlar. İlyas peyğəmbər duaya başlayır. Göydən od düşüb qurbanlığı, odunu və daşları yandırır. Bunu görcək hamı diz üstə çöküb deyir: “Rəbb Allahdır”. (14). İlyas peyğəmbərdən İncildə də söz açılır: “Ataların ürəklərini uşaqlara, itaətsizləri salehlərin hikmətinə döndərmək və Rəbbə hazırlanmış bir xalq təşkil etmək üzrə İlyasın ruhu və qüdrəti ilə Rəbbin önündə yeriyəcəkdir” (14).
“Kitabi-Dədə Qorqud” dastanının “Dirsə xan oğlu Buğac xan boyu”nda Dirsə xanın öz oğlu Buğacı yaralayıb Qazlıq dağında qoyub getdiyi səhnəsində oxuyuruq: “Oğlan orada yıxılanda Boz atlı Xızır oğlanın yanında hazır oldu. Üç dəfə yarasını əliylə sığallayıb: “Oğlan, qorxma, sənə bu yaradan ölüm yoxdur. Dağ çiçəyi ilə ananın südü sənin yarana məlhəmdir” (4) – deyib yox oldu”.
“Ənam” surəsində İlyas peyğəmbərin adı digər peyğəmbərlərlə yanaşı çəkilir, onun doğru yola yönəldildiyi deyilir: “Dərəcələrlə ucaldırıq istədiyimiz kimsəni. Şübhəsiz, müdrikdir Rəbbin, hər şeyi biləndir O. İshaqı və Yaqubu da bağışladıq Biz ona, doğru yola yönəltdik hər birini. Daha öncə Nuhu və onun soyundan olan Davudu, Süleyməni, Əyyubu, Yusufu, Musanı və Hərunu yönəltmişdik doğru yola. Beləcə veririk yaxşıların mükafatını. Zəkəriyyə, Yəhyə, İsa və İlyəsi də yönəltdik doğru yola. Onlardan hər biri əməli salehlərdən idi. İsməil, əl-Yəsə, Yunus və Lutu da yönəltdik doğru yola. Onlardan hər biri əməli salehlərdən idi. İsməil, əl-Yəsə, Yunus və Lutu da yönəldik doğru yola, aləmlərdən üstün tutduq hər birini” (15).
“Ənbiya” surəsində də İlyas peyğəmbərin ad başqa peyğəmbərlərlə birlikdə çəkilir: “İsməili, İdisi, Zulkifli də yada sal. Hər biri səbr yiyəsiydi. Rəhmətimizin ağuşuna alıdq onları, yaxşılardan idilər” (15).
“Saffət” surəsində Musa peyğəmbər və onun qardaşı Harun peyğəmbərdən bəhs ediləndən sonra İlyas peyğəmbər haqqında bunlar deyilir: “İlyəs də göndərilmiş elçilərdəndi. Bir zamanlar öz qövmünə demişdi: “Allahdan çəkinməzmisiniz? Yaradanların yaradanını qoyub Bəl bütünəmi tapınırsınız? Allah sizin də Rəbbinizdir, öncə gəlib-getmiş atalarınızın da”.
Xızır Nəbi bayramının nə vaxtdan bəri keçirildiyi tam məlum olmasa da, onun türk xalqları arasında geniş yayıldığına şübhə yoxdur. Xızır Nəbi bayramı yuxarıda dediyimiz kimi Novruz bayramından əvvəl keçirilir. Əslində isə bütün Novruz bayramı ərəfəsi çərşənbələrlə birlikdə Xızır peyğəmbərin adı ilə bağlıdır. Xızırın yazın gəlişi, dörd ünsür – su, od, torpaq, hava ilə bağlılığına inanan xalq onu o qədər ilahiləşdirmişdir ki, həyatın başlanğıcı kimi götürülən ünsürləri məhz onun adı ilə bağlayır.
Quranda İlyas peyğəmbərdən az bəhs edildiyindən onun haqqında İsrailiyyatdan gəlmə çoxlu rəvayətlər yayılıb. Bu rəvayətlərdə deyilir ki, İlyas peyğəmbər olaraq göndəriləndə İsraillilər on metr hündürlüyündə Baal adlı bütə sitayiş edirmişlər. İlyas peyğəmbər onları Allah əzabları ilə qorxudaraq bu yanlışdan uzaq olmağa çağırır. Amma adamlar onu dinləmirlər. Özünü isə uzaqlaşdırırlar. Nəticədə, Allahın qəzəbinə gəlirlər. Yağışlar kəsilir, bərəkət aradan qalxır, heyvanlar qırılır. Bu zaman İlyas peyğəmbər isə gizlicə təbliğlə məşğul olurmuş. Kim ona iman edirsə, evində bolluq və bərəkət varmış. Nəhayət, Baalbek hökmdarları səhvlərini anlayıb İlyas peyğəmbərə üz tuturlar, ona iman edirlər. Xahiş edirlər ki, Allaha dua eləsin və bu müsibət aradan qalxsın. İlyas peyğəmbərin duası qəbul olunur. Bol məhsul, bərəkət bərpa olunur. Amma onların haqq yolunda səbatları çox sürmür. Yenidən doğru yoldan uzaqlaşırlar.
Belə qənaətlər də geniş yayılıb ki, peyğəmbərlərdən dördü indi də yaşayır. Bunların ikisi yer üzündədir: İlyas və Xızır. İkisi də göydədir: İsa peyğəmbər və İdris. İlyas və Xızırın ölümsüzlüyü barədə “Məsnəvi”də danışılır: “İlyas və Xızır kimi dünya durduqca dur, yer üzü lütfünlə göy üzünə dönsün” (14). Belə fikir də var ki, Xızır quruda, İlyas isə dənizdə çətin vəziyyətdə qalanlara yardım edir.
Xızırla İlyas peyğəmbərin hər ikisinin diri olması və yer üzündə olması qənaəti onların bir-biri ilə əlaqədə olması və ya bir şəxs olması qənaətlərini də ortaya çıxarıb. Bəzi yerlərdə Xızır Əlləz dedikdə eyni şəxs nəzərdə tutulur. İslam dünyasının bir sıra yerlərində Xızır İlyas təkyəsi, Xızır İlyas kəndi və s. bu gün də var.
Xalqın Xızır peyğəmbərə olan inamı o həddə malikdir ki,bu ad insanların and yerinə çevrilmişdir. “Xızır İlyas haqqı”, “Xızıra and olsun”, “Xıdır Zindi babaya and olsun” və bu səpkili digər andlar xalqın məhəbbət və inamından doğmuşdrur. Bəzi alqışlar da məhz Xızır peyğəmbərin adı ilə bağlıdır. Məsələn, “Xıdırın diləyi üstündə olsun”, “Xıdır Nəbi köməyin olsun”, “Xıdır Nəbi hayına yetsin”, “Xıdır Nəbi kömək əlini üstündən əksik eləməsin”, “Xızır köməyinə yetsin”, “Xızır səni dardan qurtarsın”, “Xızır səni yolda qoymasın”, “Xızıra rast gələsən”, “Xızır payını versin”, “Xıdır Zində diləyini qəbul etsin”, “Xıdır Zində diləyini xeyirə yazsın”, “Xıdır Zindəyə apardığın qurban sənin arzunu versin” (14).
Dandı onu soydaşları. Cəhənnəmlik olacaqdı hamısı, Allaha sadiq qalan bəndələrdən savayı. Yaxşı bir ad qoyub getdi gələcək nəsillərə. Salam olsun İlyasa. Yaxşıları mükafatlandırdıq beləcə” (15). Bəzi hədis alimləri İlyas və İdris peyğəmbərin eyni şəxs olması qənaətindədir. Bu barədə Buxari hədislərində yazır. Mühyəddin ibn Ərəbi də belə düşünüb: “İlyas Nuhdan əvvəl nəbi olan İdris əleyhissılamdır. Və Allah İdrisi uca məkana yüksəltdi. İdris göylərin qəlbində, yəni Günəşdə olurdu. Sonra Baalbek şəhərinə göndərildi. “Baal” bir bütün, “bek” isə hökmdarın adıydı. Baal bütün bu yerin hökmdarına məxsus idi. Və İdris olan İlyas hacət mənasına gələn Lübnan adlı dağın yarılması ilə oddan bir at gördü. Atı minəndə şəhvət ondan uzaqlaşdı...” (17).
Azərbaycan folklorunda Xızırla bağlı kultlar da sayca üstünlük təşkil edir. Eyni zamanda həmin kultları çoxşaxəli də adlandırmaq olar. Məsələn, “Tut ağacını qurumamış kəsmək günahdır”. Deyilənə görə bu ağacı Xızır peyğəmbər ehsanlıq üçün əkib (10). Yaxud “Xızır gecəsi” peyğəmbər hansı qapıdan öz buğda payını apararsa, həmin il o evin ruzisi artar, bin bərəkəti olar.
Vaxtilə ölkəmizin bir çox bölgələrində Xızır bayramı keçirilmişdir. İndi isə bu bayram məhdud çərçivədə, çox da geniş olmayan, məhəlli formada keçirilir. Bəzi mənbələr və tədqiqat əsərlərində isə bu bayramın ayin və mərasimlərlə icra olunduğunu görürük.
Dostları ilə paylaş: |