QAYNAQLAR
1. L.Qumilyov. «Qədim türklər». Bakı, «Gənclik», 1993, s.54.
2. A.Cəmil. «Manas eposu və türk dastançılıq ənənəsi». Bakı, «Elm», 2002, s.22.
3. «Kitabi- Dədə Qorqud». Bakı, «Yazıçı», 1988, s.52-53.
4. «Azərbaycan dastanları» 5 cilddə, 2-ci cild, Bakı, «Akademiya», 1966, s.178-179
5. «Bozkırdan bağımsızlığa Manas», Ankara, 1995, s.236.
6. «Azərbaycan məhəbbət dastanları», Bakı, «Elm», 1979, s.323.
7. «Azərbaycan nağılları», 3-cü cild, Bakı, «Çıraq», 2004, s.284.
8. «Molla Nəsrəddin lətifələri», Bakı, «Yazıçı», 1978, s.154.
9. M.Kazımoğlu. «Xalq gülüşünün poetikası», Bakı, «Elm», 2006, s.19.
SUMMARY
In the article epizods and motives are involved to the analysis dealing with the trade, purchase and sale belonging to the Turkic peoples.
From this point of view tale, epos, joke, proverbs, ashug poetry samples are analyzed and brought scientific explanation to the trade relations dealing with folklore.
Key words: merhchant, businessman, trade, caravan
РЕЗЮМЕ
В статъе к научному анализу привлечены эпизоды и мотивы, связанные с торговлей, куплей-продажей, прослеживаемые в устных жанрах тюркских народностей. Анализируя сказки, дастаны, анекдоты, пословицы, образцы ашугской поэзии с данной позиции, с научной точки зрения проясняются коммерческие следы просматриваемые в устных образцах.
Ключевые слова: купец, торговец, караван.
Dr. Qalib SAYILOV
AMEA Folklor İnstitutu,
filologiya üzrə və fəlsəfə doktoru, dosent
ŞİRVAN QADIN AŞIQLARI
Məsələnin qoyuluşu. Azərbaycan aşıq sənəti folklorşünaslığımızın aparıcı istiqamətlərindəndir. Xeyli aşıq sənətkarlar mədəniyyət tariximizin parlaq səhifələrini yaratmışdır. Məqalədə Azərbaycan aşıq sənətində iz buraxmış qadın sənətkarların həyatı tədqiq olunub.
İşin məqsədi. Əsasən indiyə qədər məhdud sayda işlənən mövzu olduğu üçün ətraflı araşdırma aparmış, qadın aşıqların fəaliyyəti elmi ictimaiyyətə çatdırılması qarşıya qoyulmuşdur.
Azərbaycan şifahi xalq yaradıcılığının fundamental, özəl sahələrindən birini təşkil edən aşıq sənəti, aşıq şəxsiyyətlərinin aşıq mühiti və məktəblərinin öyrənilməsi çağdaş folklorşünaslığın ən aktual problemlərindən biridir. Elmi araşdırmalardan məlumdur ki, dünya xalqlarının özünəxas ənənəvi şifahi yaradıcılığı var və əksər xalqların da xüsusi söyləyici tipləri mövcuddur. Söyləyicilər tarixi yaddaşın daşıyıcıları olaraq folklorun yaranması, yaşaması və daşınmasında xüsusi rol oynayırlar. Onlar spesifik folklor yaradıcıları və folklorun canlı yaddaşı kimi hər zaman müvafiq elm sahəsinin diqqətində olmuşlar. Elmi-texniki tərəqqinin, texnogen inkişafın, qlobal inteqrasiya proseslərinin sürətləndiyi müasir dövrdə xüsusi folklor yaddaşı olan peşəkar söyləyicilərin yaddaşının və yaradıcılığının öyrənilməsi əski mənəvi mirası və milli-mədəni ənənəni öyrənmək, qeydə almaq, qoruyub yaşatmaq baxımından çox vacib bir məsələdir. Çünki folklor insanların həyatında, keçmişdə olduğu kimi birbaşa və aktiv şəkildə deyil, bir qədər fərqli şəkildə işlənməyə başlayır. Bir sıra mərasimlər mühafizəkar şəkildə folklor ənənələrini qoruyur, folklorun söyləyici subyektləri belə yerlərdə və bu tipli situasiyalarda öz yaddaşlarını daha geniş dairəyə təqdim edə bilirlər. Belə spesifik folklor söyləyicisi tipi Azərbaycan xalq yaradıcılığında aşıqlardır. Aşıq Azərbaycan folklorunun və bütövlükdə mədəniyyətinin mərkəzində dayanan bir mədəni hadisədir. Mədəniyyətin bir çox ünsürləri onda birləşir və gələcəyə doğru gedə bilmək imkanını onda tapmış olur (8). Aşıq müxtəlif adlar altında çox əski zamanlardan mövcud olmuş xalq yaradıcılığı hadisəsidir. Bu ənənənin tərkibində əski kult, inam, sənət kimi xalq mədəniyyətinin mühüm tarixi qatları öz əksini tapır. Bu mənada aşıq yaradıcılığı çox mürəkkəb bir folklor hadisəsidir. Aşıq yaradıcılığının istər tarixi spesifikasının diaxron şəkildə, istərsə də müasir vəziyyətinin sinxron şəkildə tədqiqi böyük bir milli-mənəvi dəyərlər sisteminin zəruri aspektlərinin aydınlaşdırılması kimi aktual məsələləri nəzərdə tutur. Aşıq sənətinin genezisi ilə bağlı M.F.Köprülünün, Ə.Cəfəroğlunun, B.Çobanzadənin, M.H.Təhmasibin, P.Əfəndiyevin, M.Həkimovun, A.Nəbiyevin, S.Paşayevin, H.İsmayılovun və b. tədqiqatları mövcuddur. Bu sənətin çağdaş vəziyyəti ilə bağlı Ü.Hacıbəyovun, H.Araslının, M.İbrahimovun, Ə.Axundovun, A.Mirzənin və b. araşdırmaları vardır. Bütün bu tədqiqatlar aşıq yaradıcılığının müxtəlif istiqamətlərini aydınlaşdırmağa yardım edir. Amma bununla yanaşı bu tədqiqatların predmeti olmayan bir sıra məsələlər də öz tədqiqini gözləməkdədir. Belə problemlərdən biri də müasir aşıq mühitlərinin öyrənilməsidir. Azərbaycan folklorşünaslığında aşıq məktəbləri və mühitlərinin öyrənilməsi sahəsində ilk addımlar atılmışdır. Folklorşünaslardan prof. A.Nəbiyevin “Azərbaycan aşıq məktəbləri” (Bakı, 2004), A.Mirzənin əsərləri Azərbaycan aşıq yardıcılığının yeni istiqamətdə öyrənilməsi sahəsində dəyərli araşdırmalar kimi diqqəti cəlb edir. Buraya Göyçə və Borçalı aşıq mühitlərinin tədqiqinə həsr olunmuş elmi əsərləri də aid etmək olar. Azərbaycan mədəniyyətinin və folklorunun ən zəngin nümunələrinin qorunduğu Şirvan mühiti və Şirvan aşıq yaradıcılığı, eləcə də Şirvanın ayrı-ayrı ustad sənətkarları indiyə qədər ayrıca və sistemli tədqiqatın mövzusu olmayıb. Şirvan folklor mühitindən və ayrı-ayrı aşıqların yaradıcılığından bəhs edən məhdud saylı əsərlərdə problemlə bağlı fikir və mülahizələrə rast gəlirik. Amma yeni dövrdə aşığın mədəniyyətdə və folklor ənənəsindəki yeri və rolu aydınlaşdırılmamış qalmışdır. Bu, xüsusilə sovet dönəmi aşıq yaradıcılığına aiddir. Burada ənənə və gerçəkliyin əlaqə və münasibətlərinin müəyyənləşdirilməsi sənətin çağdaş spesifikasının aşkarlanması baxımından da vacibdir.
Nəzəri fikirdə “məktəb”, “ədəbi məktəb”, yaxud “aşıq məktəbi” nisbətən son dövrlərdə yaranan anlayışdır. “Ədəbi məktəb” bəzən ədəbi cərəyan kimi də başa düşülür. Onların hər ikisi əslində “ideologiyası, dünyagörüşü, estetik prinsipləri, həyatı əks etdirmə üsulları bir-birinə yaxın olan yazıçıların yaradıcılıq birliyi” kimi qəbul edilir (1, 139). Bu, həmin yaradıcılığın “ideya-bədii xüsusiyyətlərində – mövzu, süjet və qəhrəmanların seçilməsi, bədii ifadə vasitələri və dil xüsusiyyətlərində təzahür edir ( 1s.139). “Ədəbi məktəb” bir sıra ümumi anlayışların məcmusunu əhatə etməklə yanaşı, müxtəlif dünyagörüş və baxışları, üslubları ifadə və ifa tərzlərini, bədii materiala, eləcə də sənətə yönələn fəlsəfi baxış və görüş kateqoriyalarını, eləcə də bədii yaradıcılığın daha bir sıra digər göstəricilərini bir-birindən fərqləndirmək məqsədi ilə işlədilir.
Elmdə mübahisəli məsələlərdən biri də qadınların aşıq olub-olmamasıdır. Bir qrup alim qadınların aşıq olmasını təkzib edərək fikirlərini aşığın təriqət mənsubu və sufi olması ilə izah edir. Digər alimlər isə qadınların da çalıb-çağırdığını, şeir qoşub oxuduqlarını qeyd edir. Lakin nəzərə alaq ki, tarixdə qadın aşıqlar olmuşdur, onlar şeirlər yazmış, kişi aşıqlarla çiyin-çiyinə yazıb-yaratmış və hətta onlarla (kişi aşıqlarla) deyişmələri də gəlib bizə çatmışdır. Bu gün də müasir Azərbaycan aşıq sənətində qadın aşıqlar vardır.
Birinci qrup alimlər aşıqların təriqət mənsubu olduğunu vurğulayaraq qeyd edirlər ki, yalnız kişilər təriqətdə olurdu, qadınların isə təkyəyə, yəni təriqətə girməsi qadağan idi. Bu fikri inkişaf etdirənlər İslam dininin də bu sənətə münasibətinin müsbət olmadığını və qadınların aşıq olmasına mane olduğunu göstərirlər. Göstərilən faktlar düzdür, lakin Azərbaycan aşıq sənətində qadın aşıqlar olmuş, onların kitabları, ifaçılığı tədqiq olunmuş, günümüzə qədər gəlib-çatmışdır.
Qadın şair və aşıqları ilk dəfə Həsən bəy Zərdabi mətbuata çıxarmışdır. Lakin bu da qadın şair və aşıqların öz yaxın əqrəbaları tərəfindən yaxşı qarşılanmamışdır. Sovet dövründə isə bu məsələ şair Nigar Rəfibəyli tərəfindən araşdırılaraq toplanıb nəşr olunmuşdur (7).
Tariximizin qəhrəmanlıq səhifələrində Azərbaycan qadınının öz şöhrəti, öz şərəfli yeri var. “Kitabi-Dədə Qorqud” qəhrəmanı igid Buğaca süd verən ana, Koroğlunun sadiq yarı – Nigar, Qaçaq Nəbinin silahdaşı qoçaq Həcər – elimizin iftixarıdır. Məğrur, əyilməz bir qızın şərəfinə Bakıda möhtəşəm qala ucaltmış şair xalqımız, vətən torpağının ən füsunkar guşələrinə şairanə adlar verib – Qızbənövşə yaylağı, Qırxqız bulağı, Gəlin qayası...
Xalqımızın keçmişində müdrik hökmdar Nüşabə də olub, cəsur üsyan başçısı Rüstəmə də, tədbirli dövlət xadimləri Sara Xatun, Tuti Bikə də...
Ancaq xalqımızın keçmişində qadınlarımızın göz yaşlarından dolan dəryalar, ah-nalələrindən buludlanan səmalar, ağılarından parçalanan ürəklər də olub.
Azərbaycanın şair və aşıq qadınları içərisində Şirvan qadınlarının xüsusi yeri var. Çünki Şirvanın 2000 ilə qədər dövlətçilik tarixi var. Burada bir çox mədəniyyətlərin mövcudluğu onun dünya dövlətləri içərisindəki sanbalını göstərir.
“Sevinclə kədər əkiz doğulub” – deyirlər. Belə bir ifadə var: “Bir gözü gülür, biri ağlayır”. Azərbaycan qadın aşıqlarının gülən gözləri, xoş saatları da olub. Amma gözləri daha çox qan-yaşla dolub, dərdli-ələmli ayları, illəri, yaxşı günlərini, saatlarını üstələyib. Odur ki, qadınlığın bu poetik salnaməsindən daha çox ah-fəryad səsləri ucalır. Şair qadınlar xalqın ümumi müsibətlərinə – zəlzələlərə, talanlara, müharibə qırğınlarına, ölənlərə, itənlərə yas tuturlar. Qadın şairlər şərq qadınının ümumi acı taleyinə – hüquqsuzluğa, bərabərsizliyə, mütiliyə ağlayırlar. Bir də hər şairin, hər qadının öz şəxsi yaraları, şəxsi dərdi, itkisi var.
Aşıq yaradıcılığının özünəməxsus tarixi təkamül və inkişaf mərhələləri keçdiyi qədim mədəniyyət mərkəzlərindən biri də Şirvandır. Şirvan qədim dünyanın bir sıra inkişaf etmiş ölkələri ilə tarixi əlaqələrdə olmuş, Şərq və Qərb mədəniyyətinin aparıcı nailiyyətləri ilə yaxından tanış olmuşdur (1, 281).
Ərəb istilaçılarının bu ərazilərdə qədim mədəniyyətlərin olub-qalanını yerlə-yeksan etməsi, bütün milli, maddi və mənəvi mədəniyyət nümunələrinə, o cümlədən ozan yaradıcılığına yeni ictimai-tarixi şəraitdə son qoyması tarixi bir həqiqət kimi unudulmazdır (2,176).
Professor M.H.Təhmasib haqlı olaraq yazırdı ki, V-VII əsrə qədərki ədəbiyyat tariximizdən bu gün əlimizə hər hansı bir nümunənin gəlib çatmaması o demək deyildir ki, həmin dövrlərdə ədəbi düşüncəmizin meydanları sözsüz, ədəbi-bədii ənənəsiz olmuşdur, əksinə, həmin əsrlərdə bədii sözümüzün ən gözəl nümunələri yaranıb yayılmışdı, onlar sadəcə olaraq gəlib bu günümüzə çatmamışdır (6, 25). Bu həqiqəti bir sıra ərəb tarixi qaynaqları ilə yanaşı, qədim mədəniyyətimizdən xəbər verən ədəbi-bədii mənbələr də təsdiq etməkdədir. M.Qaşğarinin “Divani-lüğət it-türk” əsərindən məlum olur ki, hələ XI əsrdə şifahi poeziyamızın kamil şəkli formaları, məsələn, atalar sözü, məsəl, qoşma, gəraylı və s. dildə işlək şəkillərdən olmuşdur (1, 232). F.Köprülü isə VIII-XI əsrlərdə Anadoluda saz şairlərinin özünəməxsus sənətkarlıq ənənələrinə malik olduqlarını göstərirdi (1, 143). Həmin mülahizələri yeni faktlarla zənginləşdirməyə cəhd edən M.H.Təhmasib isə məntiqinin gücünə əsaslanaraq yazırdı: “Zəmanəmizə qədər yaşayıb gəlmiş bir sıra nümunələr sübut edir ki, Nəsimi dövründə (yəni XIV əsrdə – kim?) xalqımızın kollektiv yaradıcılığının məhsulu olan mərasim nəğmələri də, dastan yaradıcılığının əsas növləri də, bayatı, gəraylı, qoşma formalarında yaranıb-yaşayan xalq şeiri də mövcud imiş” (6, 4). Türk xalq şeirinin son vaxtlarda açıqlanan qaynaqları, xüsusilə ozan sənəti əsasında aşıq ifaçılığı institutunun yaranma tarixiylə bağlı qaynaqlar bu mülahizələrin doğruluğunu bir daha təsdiq etməkdədir (9, 53).
Anadolu ədəbi mühitində yeni təşəkkül mərhələsi keçən aşıq institutu tarixən çox qısa müddətdə pərvəriş tapdı. Bir sıra ictimai-tarixi, siyasi və sosioloji səbəblərlə bağlı yaxın və uzaq ellərdə əks-səda verdi. Anadolu ictimai həyatına qismən yaxın və oxşar sosial şərait Şirvanşahlar dövləti ərazisi üçün də səciyyəvi idi. Burada yaranıb yüksələn xalq yaradıcılığı ənənələri anadilli şeirimizin şifahi və yazılı qollarının formalaşmasında həlledici təsir qaynaqları kimi özünü göstərir.
XI yüzillikdən başlayaraq Azərbaycanda poeziya ənənələri qüdrətli yüksəliş dövrünə qədəm qoydu.
XIX əsr Azərbaycan aşıq şeiri daha mühüm bir hadisə ilə əlamətdar oldu. Aşıq yaradıcılığında qadın sənətkarların ifa üslubu meydana çıxdı. Bu ənənə ilk dəfə Şirvanda özünü göstərdi, çox çəkmədən başqa aşıq mühitlərinə yayıldı. Şirvanda meydana gələn qadın sənətkarlar saz tutub söz qoşan aşıqlardan xeyli fərqli xüsusiyyətlərə malik idilər. Onlar klassik üsluba bələd olan, əruz vəznində qəzəl və qəsidələr yaradan sənətkarlar içərisindən çıxıb xalq şeirinə meyl edən, bu üslubda tək-tük şeirlər yazan sənətkarlar idi. Onların hamısını qadın aşıqlar sırasına daxil etmək doğru olmazdı. Bu sənətkarlar hələ XVIII əsrin əvvəllərindən Şirvanda klassik vəzndə şeir yazır, zaman keçdikcə həmin üslub aşıq şeiri ilə çarpazlaşmağa başlayırdı. Ənənələr getdikcə genişlənir, XIX əsrin əvvəllərində iki üslubda yazma ənənəsi formalaşırdı. Bu ənənə Gövhər Şirvaninin, Güllübəyimin, Minabəyimin və başqalarının şəxsində özünü göstərirdi. XIX əsrin II yarısından aşıq şeiri üslubunda yazan qadın aşıqların meydana çıxmasına həmin sənətkarların təsiri az olmamışdır.
Aşıq şeiri şəkillərində yazıb-yaradan şöhrətli qadın sənətkarlardan biri Gövhər Şirvani (1810-1856) idi. Bəzi tədqiqatlarda el şairi kimi verilən Gövhər Şirvani XIX əsrdə xalq şeiri üslubunu geniş yayan sənətkarlardan olmuşdur. Şirvan ədəbi mühiti üçün həmin dövrdə bu, klassik üsluba qarşı qoyulub getdikcə daha geniş yayılmaqda idi. Gövhər Şirvani yaradıcılığında Şirvanşahlığın süqutu ilə bağlı tarixi hadisələrə müraciət güclüdür. O, Şirvanın qanlara boyanma tarixini xatırladıqca onun keçmiş ağır günlərini dilə gətirir, el sənətkarlarını öz tarixini unutmamağa çağırırdı.
Gövhərin öz şəxsi həyatından gileyini əks etdirdiyi bədii parçalarda qadın yaradıcılığı üçün səciyyəvi olan mövzular – həsrət, kədər, zor ilə ərə verilmə, ər evindəki narahat həyat öz əksini tapır və beləliklə, Şirvan aşıq şeirində milli həyatı əks etdirən mövzular gündəmə gəlirdi.
Gövhər xanımın yaradıcılığında gördüyümüz bu kimi motivlər XIX əsr qadın aşıqlarının yaradıcılığı üçün ənənəvi idi. Bu mövzular sonralar xalq şeiri üslubunda yazan Xavər və Xədicə Şirvanilərin, Püstəbəyimin, Minabəyimin, Şirinbəyimin və başqalarının yaradıcılığında da özünü göstərirdi.
Bu dövrdə Şirvanda aşıq şeiri şəkillərində söz qoşan iki tanınmış qadın sənətkar barədə də söz deməyə ehtiyac vardır. Bunlardan biri Güllübəyimdir (1820-1876). Güllübəyim Şamaxıda varlı tacir ailəsində anadan olmuş, mükəmməl mədrəsə təhsili görmüş, dünyəvi elmlərdən xəbərdar olmuş, klassik şeiri dərindən mənimsəmişdir. Atası ilə Hələbə, İraqa getmiş, bu ölkələrdə təhsil almış, 1855-ci ildə atasının vəfatından sonra Şamaxıya qayıdıb burada üç sinifli məktəb açmış, həmin məktəbdə dünyəvi elmləri, o cümlədən nücum, ilahiyyat, təbiət elmlərini tədris etmişdir. Bu məktəb Şamaxıda on beş ildən artıq fəaliyyət göstərmişdir. Güllübəyim klassik üslubda da şeirlər yazmışdır. Yaradıcılığında xalq şeiri şəkilləri üstünlük təşkil etmiş, onların bir çoxu dillərə düşərək bu günümüzə gəlib çatmışdır. Əlimizdə Güllübəyimin çap edilmiş şeirlərindən başqa beş qoşması, üç gəraylısı vardır. Bu nümunələr göstərir ki, dərs keçmək, məktəb açmaq üstündə Güllübəyimin başı bəlalar çəkmiş, həyat yoldaşı sürgün edilmiş, özünə də məktəbdarlıq etmək yasaq olunmuşdur. Şamaxı ruhaniləri Güllübəyimə qarşı hər cür fitva vermişlər. Bütün bu kimi çətin halını sənətkar, əsasən dövründən narazılıq ifadə edən şeirlərində əks etdirmişdir.
Güllübəyimin əsas narazılığı din xadimlərindən və idarəedici adamlardan olmuşdur. Onun etiraz səsində xalqın ağır güzəranından doğan bir kədər, ədalətsiz fərmanlara qarşı etiraz vardır. Bu sənətkarın yaradıcılığının başqa dəyərli cəhəti də aşıq şeiri ilə çarpazlaşdırılmasında, Şirvanda qadın aşıq yaradıcılığının formalaşdırılmasına əsaslı təsir göstərməsindədir.
Şirvanda qadın aşıq yaradıcılığı ənənəsinin formalaşdırılmasında Minabəyimin (1867-1895) də əməyi az olmamışdır. O, məhəbbətinə qovuşmaq üçün etiraz səsini qaldıran əlinə saz alıb sevgilisini haraylayan “zalım dünyanın ədalətsizliklərinə” qarşı çıxan Şirvanın ilk qadın aşıqlarından olmuşdur. Öz əmisi oğluna butalanan Minabəyim butasına qovuşmağa nə qədər cəhd etsə də, Şamaxı ruhani mühiti buna imkan verməmiş, Minabəyim sevgisi yolunda özünü fəda etmişdir.
Minabəyimin yaradıcılığında Şirvan aşıq məktəbinin klassik ənənələrinin təkrarı özünü göstərir. Nakam sevgisindən gileyi olan aşıq (artıq onu belə adlandırmaq olar) repertuarına Allahın sevgisini gətirir, sufi dünyagörüşünü şeirlərində vəsf eləyir.
Minabəyimin şəxsində aşıq yaradıcılığının yeni bir qolu – qadın aşıq yaradıcılığı qəti şəkildə bərqərar olur ki, bu da sonradan həm Şirvan, həm də başqa aşıq mühitlərində XVIII əsrin əvvəllərində Dostubəyim tərəfindən əsası qoyulan qadın aşıq yaradıcılığı ənənəsinin yeni şəkildə davamı, Aşıq Pəri, Aşıq Bəsti kimi sənətkarların bəhrələnib formalaşdığı bir qaynaq idi.
Gövhər, yaxud “Gövhər” adlı şairlər. Təzkirəçi Məhəmmədəli Tərbiyət onun haqqında yalnız bunu yazır ki, “Azərbaycanlı xanımlardandır, bu 2-3 beyt onun fəxriyyəsindəndir”. Lakin mənbələrdə Gövhər adı ilə bir neçə beytə və qoşmaya rast gəldik. Bunlardan biri məşhur şairimiz Natəvanın bibisi, Ağabəyim ağanın bacısı, İbrahim xanın qızı Gövhər ağadır. O, fars və Azərbaycan dilini çox gözəl bilmiş, Natəvan əqrəbasının əksəriyyəti kimi, arabir şeir söyləmişdir. Onun məscid inşa etdirməsi və s. əlaqədar İbrahim Tahir və başqalarının tərif və mədhiyyələri nəzərə alınarsa, həmin fəxriyyənin məhz Gövhər ağa tərəfindən yazıldığını ehtimal etmək olar.
Möhtab xanım. Bir qoşmasından başqa əlimizdə digər bir şeiri yoxdur. Yalnız onu deyə bilərik ki, Mah xanımın müasiri imiş. XIX əsrdə Şəkidə yaşayıb yaratmışdır. Qoşması nikbin ruhludur. Müasiri, dostu Mahtab xanıma cavab olaraq yazılmışdır. Aşıq şeiri tərzinə meyl etdiyini göstərir.
Fatma xanım. Azərbaycan qadın aşıqları və el şairləri dərgisində Fatma Şirvanlı haqda qısa məlumat verilir. Fatma XIX əsrdə Kürdəmirdə yaşamış, nəqşbəndi təriqətli dindar qadın olmuşdur. Biz Fatma Şirvanlının şəxsiyyəti ilə maraqlandıq və bu barədə xeyli axtarışdan sonra aşağıdakıları müəyyən etdik.
Fatma Şirvanlının dürüst adı Fatma Bəyimdir. O, Şəki xanlarından, həm də ünlü şair kimi tanınmış, 20 ilə yaxın bir dövrdə Şəkidə xanlıq etmiş Məhəmməd Hüseyn xan Müştaqın qızı, sonuncu Şəki xanı Səlim xanın bacısıdır. Təxminən 1770-ci illərdə Şəkidə anadan olmuşdur. Tarixi məlumatlara görə, Fatma Bəyim özünün xan və şair atasının vəfatından çox sonra, 1801-ci ildə Şirvan xanı Mustafa xan Ağası xan oğlu (1763-1844) ilə ailə qurmuş, 1810-cu ilə kimi Şirvan xanlığının mərkəzi olan Yeni və Köhnə Şamaxıda, eləcə də Fitdağ şəhərində yaşamışdır.
10 ildən artıq bir müddətdə sonsuzluq əzabı çəkən Fatma Bəyim 1810-cu ildə Mustafa xandan boşanaraq Şəkiyə qayıtmaq istəmişdir. Boşanmaq barədə son dərəcə israrlı olan Fatma Bəyimin iradəsini qıra bilməyəcəyini hiss edən Mustafa xan onun boşanmasına razılıq vermiş, lakin onu öz himayəsindən kənara buraxmayacağını bildirmişdir.
Mustafa xan bildirir ki, Fatma Bəyim ailə həyatından imtina edərək, ibadətə başlamışdır. O zamankı Şirvanda nəqşbəndi təriqətinin banisi, təəssüf mövlası, böyük Sufi İsmayıl Əfəndi Siracəddin Şirvaninin yolunu tutmuşdur. İsmayıl Əfəndi (1782-1848) əslən Kürdəmir qəryəsindən idi və orada yaşayırdı. Mustafa xan da Fatma Bəyimi Kürdəmirdə yaşamağa razı sala bildi. Beləliklə, Mustafa xan Fatma Bəyimin təlaqını verməklə Kürdəmir qəryəsini və o ərazidəki mülkünü və rəiyyətini ona bağışladı. Kürdəmirdə onun üçün gözəl bir ev tikdirdi, Fatma Bəyimi ora köçürdü, onu bir sahibkar kimi bütün imkan və şərtlərlə təmin etdi. 1820-ci ildə Şirvanda xanlıq üsul-idarəsi tamamilə ləğv edildikdən sonra, elə həmin ilin avqust ayının 19-da Mustafa xan ailəsi və 300 ailədən ibarət rəiyyəti ilə Şirvanı tərk etməli oldu. Lakin Fatma Bəyim onunla getmədi və Kürdəmirdə yaşamaqda davam etdi.
Fatma Bəyim son dərəcə ağıllı, tədbirli, dindar və şair təbiətli bir qadın idi. O, təlim-tərbiyə görmüş, savadlı zadəgan idi. Az vaxt ərzində bu ərazidə istər əhali arasında, istərsə də hökumət dairələrində xeyli hörmət və nüfuz qazanmışdı. Eyni zamanda, İsmayıl Əfəndinin məclislərində fəal iştirak edirdi. İsmayıl Əfəndi Fatma Bəyim Kürdəmirə köçəndən 3 il sonra, yəni 1813-cü ildə həcc ziyarətinə getdi. Lakin onun vətənə qayıtması 4 il çəkdi. Həcc ziyarətini başa vuran Hacı İsmayıl Əfəndi Siracəddin Şirvani bu dörd il ərzində İstambulda, Bağdadda, Bəsrədə, Süleymaniyədə bir çox nəqşbəndi alimlərin xidmətində oldu, özünün dini elm və biliklərini zənginləşdirdi, kamilləşdi, Şirvanda təriqəti təlim etmək etimadı və hüququnu qazandı, 1817-ci ildə vətənə qayıtdı.
Fatma Bəyim bir şeirini 3 aylıq səfərdən 4 ilə qayıtmış Hacı İsmayıl Əfəndiyə həsr etmiş və Hacı səfərdə olduğu zaman yazmışdır.
Şairin şirvanlı olduğu, XIX əsrdə yaşadığı yeganə qoşmasının yazıldığı cüngdəki bəzi qeydlərindən aydınlaşır.
Fatma Bəyimin “Mənim əfəndim” dediyi, üzünü payinə (ayağına) sürtmək istədiyi, mələklərdən ona yaşıl əba (peyğəmbər əbası) istədiyi şəxs nəqşbəndi mövlası, böyük sufi Hacı İsmayıl Əfəndi Siracəddin Şirvani idi. Onun həsrətini çəkdiyi Mövlanənin Kürdəmirdə başçılıq etdiyi övliyalar məclisi idi.
1820-ci ilə kimi Hacı İsmayıl Əfəndi Şirvanda heç bir maneə olmadan dini fəaliyyətini davam etdirirdi. Lakin 1820-ci ildən sonra, yəni xanlıq ləğv edildikdən sonra Hacı İsmayıl Əfəndiyə qarşı təzyiq və təqiblər başladı. Çar hökuməti özü üçün müəyyən etmişdi ki, Dağıstandakı “Müridizm” hərəkatının ilhamçısı Şeyx Şamil və onun sədaqətli müridlərinin ideoloqu, istiqamətvericisi Kürdəmirdə yaşayan Hacı İsmayıl Əfəndidir. Ona görə də hacının Sibirə sürgün edilməsi barədə Qafqaz canişininə əmr vermişdi. Bu məsələdən xəbər tutan Fatma Bəyim knyaz Mədətovun yanına gedərək hacını sürgün etməməsini ondan xahiş etdi. Onun hökümətə qarşı heç bir fəaliyyət göstərməyəcəyinə zəmanət verdi. Onun bu xahişi Mədətov tərəfindən xüsusi bir şərtlə qəbul edildi.
Fatma Bəyim 1825-ci ildə Kürdəmirdə dünyasını dəyişdi. Mustafa xanın təşəbbüsü ilə Şamaxıda “Yeddi günbəz” qəbristanlığında dəfn edildi. Bütün varidatı xəzinəyə keçirildi. Bundan bir il sonra, yəni 1826-cı ildə Hacı İsmayıl Əfəndi Şirvanda rahat yaşaya bilməyəcəyini hiss edərək Şirvanı tərk etdi. O, 1848-ci ildə Türkiyədə Amasiyada vəfat etmış və Amasiya yaxınlığındakı Şamlar qəbristanlığında dəfn edilmişdi.
Hacı İsmayıl Şirvani və ona yapışıq türbə indi də Amasiyadadır, əhalinin and və ziyarət yeridir. Fatma Bəyimin məzarı isə Şamaxının “Yeddi günbəz” qəbristanlığında Mustafa xanın özü və əqrəbasının məzarları əhatəsindədir.
Haradasa tarixin zaman qatları altında onun gözəl və mənalı şeirləri yatıb qalmışdır. Zamanın yelləri əsəcək, bu toz, duman qatlarını sovuracaq, Fatma Bəyim Şirvanlının xeyli sənət inciləri üzə çıxacaqdır .
Azərbaycan aşıq poeziyasının ən ünlü və bacarıqlı simalarından olan qadın el şairləri və aşıqlarının poetik irsinin əksər hissəsi hələ də tamam toplanmamışdır. Əldə olunan nümunələr isə qadın aşıqların və el şairlərinin yaradıcılıq arsenalının səmimiliyi, həyatiliyi və həzinliyi ilə diqqəti çəkir (4).
Pərnaz xanım. Pərnaz Azay qızı təxminən 1860/62-ci illərdə Şamaxı rayonunun Bağırlı kəndində köçəri ailəsində anadan olmuşdur. Onun atası Azay da Dovğaçı oğlu təxəllüsü ilə şeirlər yazmışdır.
Pərnaz xanım xalqımıza xas olan xalçaçılıq sənətini də gözəl bilmiş, toxuduğu xalça və xalça məmulatının üstünə incə naxışlar vurması ilə də tanınmışdır. El arasında öz gözəl təbi, bayatıları və sənətkarlığı ilə tanınmış olan bu qadın, həm də ağbirçək el anası kimi sevilmiş, hörmət görmüşdür.
1902-ci ildə o, Şamaxı zəlzələsi baş verərkən qohumu, məşhur inqilabçı Əliheydər Qarayevin atası Ağakərim Qarayevgildə qonaq imiş. Bu zaman zəlzələnin törətdiyi dəhşətləri öz gözlərilə görmüş və bu münasibətlə bir sıra ağı-bayatılar qoşmuşdur. Nəslindən olan ziyalıların dediyinə görə, Pərnaz xanım savadsız olmuş, şeir və bayatılarını “sinədən” – bədahətən söyləmişdir.
Pərnaz xanım uzun ömür sürmüş, təxminən 106 yaşında ikən 1968-ci ildə doğma kəndində vəfat etmişdir. Qəbri Bağırlı məzarlığında atası Dovğaçı oğlu Azayın qəbrinin yanındadır.
Dostları ilə paylaş: |