Азярбайъан шифащи халг ядябиййатына даир тядгигляр ●



Yüklə 2,77 Mb.
səhifə4/14
tarix19.02.2020
ölçüsü2,77 Mb.
#102111
1   2   3   4   5   6   7   8   9   ...   14

Zeynəb Zərbəli qızı. Zeynəb Zərbəli qızı təxminən 1860-62-ci illər­də Şir­van mahalının Kolanı elatının Goran tayfasında, köç binələrinin birində anadan ol­muş, babası şair Çürük İslamın yanında böyümüş, şeirə həvəslənmiş, şeir qaydala­rını da ondan öyrənmişdir. Atasının İsmayıl adlı çobanını sevmişsə də, ona verilmə­miş və bu münasibətlə “İsmayıl” rədifli gəraylısını qoşmuşdur. Babasının vəfatı, 1919-cu ildə baş vermiş vəba, inqilabdan əvvəlki kəndlərdə haqsızlıq və zülmün ifşa­sı, sonralar isə Böyük Vətən müharibəsi ilə əlaqədar bir sıra şeir və bayatılar söyləmişdir.

Zeynəbin üç oğlu və bir qızı olmuşdur. 1942-ci ildə təxminən 80-85 yaşla­rında vəfat etmiş, Küdrü Düzündəki Dağ-Kolanı qəbristanında dəfn olunmuşdur.



Püstə Şikar qızı. Püstə Şikar qızı təxminən 1880-ci ildə Şirvanın Təklə ela­tının Muradlı tayfasında anadan olmuşdur. Köçəri həyat keçir­mişdir. 13 yaşında ikən ərə verilmişdir. Ağır həyat sürmüş, dörd öv­ladından üçü ölmüş, biri də öm­rü­nün axır illərində müharibədən şikəst qayıtmışdır. 1947-ci ildə Göyçay rayonu­nun Müskürlü kəndində vəfat etmiş və İslambaba qəbristanında dəfn edilmişdir.

Ağcaqız Dadaş qızı. Ağcaqız Kərbəlayı Dadaş qızı İmanova XIX əsrin təxminən 80-ci illərinin əvvəllərində indiki Neftçala rayonunun Hacimanlı kəndində dünyaya gəlmiş, 1974-cü ildə yüz ilə yaxın ömür sürən el sənətkarı həmin kənddə də vəfat etmişdir. Əsli Şirvan ellərindən olub, XIX əsrin ortalarından Şamaxıda baş verən böyük zəlzələlər nəti­cə­sində Neftçalaya köçmüşdür. Ağcaqız el içində bayatıları, qoşma və gəraylıları ilə tanınıb. Qoşduqları indi də ağızlarda dolaşır. Qocalıqdan şikayət, xüsusilə “Alaçıq” rədifli qoşması diqqətəlayiqdir. Dörd bəndlik qoşma ömrü alaçıqlarda keçən köçəri ana – qadının ağır həyatını elə dəqiq, dürüst, yanıqlı təsvir edir ki, bunu yalnız həmin həyatı yaşamış, dərindən duymuş söz sənətkarı bacara bilərdi.

On dörd yaşından evlilik həyatı yaşamağa başlayan Ağcaqız həm də gözəl əl qabiliyyətinə malik imiş, xalçalar, əlvan corablar, bəzək əşyası toxuyarmış.


İşin elmi yeniliyi. Xalq yaradıcılığının fundamental, özəl sahələ­rin­dən birini təşkil edən aşıq sənəti haqqında xeyli araşdırmalar aparılmışdır. Lakin aşıqların təkcə kişilər deyil, qadınlardan da olması faktı da önəm kəsb edir. Qadın aşıq sənətçilər fərqli ifaya malikdir.İşin yeniliyi bir çox qadın aşıqların ilk dəfə tədqiqata cəlb olunmuşdur.

İşin elmi nəticəsi. Məqalədə ilk dəfə Şirvanlı qadın aşıqların şeirləri və ifaçılıq sənəti tam olaraq verilib. Uzun müddət araşdırmadan kənar qalan bu sənətkarların yaradıcılığı və həyatı işıqlandırılıb.

İşin tətbiqi əhəmiyyəti. Elmdə mübahisəli məsələlərdən biri də qa­dınların aşıq olub-olmamasıdır. Bir qrup alimlər qadınların aşıq olmasını təkzib edərək, fikirlərini aşığın təriqət mənsubu olduğu və sufi olması ilə izah edir. Digər alimlər isə qadınların da çalıb-çağırdığı şeir qoşub oxu­duq­larını qeyd edir. Lakin nəzərə alsaq ki, tarixdə qadın aşıqlar olmuşdur, onlar şeirlər yazmış, kişi aşıqlarla çiyin-çiyinə yazıb-yaratmış və hətta onlarla (kişi aşıqlarla) deyişmələri də gəlib bizə çatmışdır. Bu gün də müasir Azərbaycan aşıq sənətində qadın aşıqlar mövcuddur.
ƏDƏBİYYAT

  1. A. Nəbiyev. Azərbaycan aşıq məktəbləri. Bakı: Nurlan, 2004

  2. Ə.Cəfərzadə. Azərbaycan aşıq və şair qadınları. Bakı: Gənclik, 1991.

  3. A.Mirzə. Şirvan aşıq yaradıcılığı (təşəkkülü və inkişaf tarixindən). Bakı: Elm, 2007, 300 s.

  4. B.Niyazlı. Fatma Şirvanlı. “Bizim yol” qəzeti. 13.05.2005.

  5. Şirvan qadın şairləri. (Toplayanı: Ə.Cəfərzadə, S.Qəniyev). Bakı, 1994

6. Təhmasib M.H. Nəsimi və xalq poeziyası, “Ədəbiyyat və incəsənət” qəzeti. 11.08.1978

7. S.Mümtaz. El şairləri. Bakı, 1927

8. Q.Sayılov. Müasir Şirvan aşıqları. Bakı, 2007
Summary

In the article the life and creative activity of the followers of Shirvan ashug art women ashugs are investigated.

Shirvan atmosphere and Shirvan ashug art where the richest samples of Azerbaijani culture and folklore are kept, at the same time the master ashugs of Shirvan are not researched separately and systematically.This theme is investigated widely in the article.

Key words: ashug, khanum, saz, poet, Azerbaijan, culture, nation

Avtandil AĞBABA

Sumqayıt Dövlət Universiteti


AĞBABA-ÇILDIR AŞIQLARININ YARADICILIĞINDA

MİLLİ BİRLİK VƏ AZADLIQ İDEYALARI
Açar sözlər: el qəhrəmanı, milli birlik, türkçülük, sənət ənənəsi, mübaliğə
Azərbaycan aşıq yaradıcılığının mühüm bir qolunu ictimai motivli lirika təşkil edir. Fırıldaqçı ruhanilər, yalançı mollalar, rüşvətxor qazılar bu cür şeirlərin əsas tənqid hədəfləridir. Abbas Tufarqanlının, Aşıq Alı­nın, Aşıq Ələsgərin və digər saz-söz ustalarının poeziyasında belə nümu­nə­lər sosial kəsəri və məzmun dolğunluğu ilə seçilir. Aşıq Şenliyin “Mol­la” rədifli qoşmasında türkün milli və dini birliyini pozmağa çalışan fırıl­daq­çı molla ifşa olunur. Bu şeir daha çox siyasi səciyyə daşıyır. Çünki qoş­ma fırıldaqçı din xadiminin tənqidinə deyil, çarizmin avantürist siya­sə­tini həyata keçirməyə çalışan, məqsədyönlü şəkildə islam din xadimi kimi yetişdirilən erməni mollasının ifşasına həsr olunmuşdur. Çıldırın Suxara kəndinə imam təyin olunan erməni əsilli mollanın əsl niyyətini anlayan Aşıq Şenlik “iblisdən alıbsan nəsihət, molla” – deyə onun iç üzünü açır:

Xəyanətdən qəlbin fasiq bazarı,

Meymundan oyunbaz simsin sansarı,

Ləhcəndə görünür Moskof nazarı,

Oldun ben esferden bəd sifət, molla (1, 30)

Şeirdə işlənən vulqar ifadələr qoşmanın bədii dəyərini azaltmır, əksinə onun siyasi kəsərini daha da gücləndirir. Oxucu və dinləyici Mos­kva­nın əlində oyuncağa çevrilən ermənilərin satqın və xəbis psixolo­gi­yasına yaxından bələd olur. Bu məqamda Aşıq Şenlik yalnız saz-söz usta­sı kimi deyil, türkçülüyün, islam dininin müdafiəçisi kimi çıxış edən qəh­rə­man səviyyəsinə yüksəlir. Qoşmanın sosial-siyasi məzmunu, məna tutu­munun kəskinliyi onun ifşa üsulunun poetik ölçülərini müəyyənləşdirir:

Mazarratdan fitnə, Nəmruddan asi,

Çingənədən azma, poşa borması,

Fikrində var üqba, qadı yığvası,

Din, islam düşməni xəyanət, molla (1, 30).

Aşıq Şenliyin “Əfəndim”, “İsmayıl” və sair qoşmalarında türkçülüyü ilə öyünən, düşmənlərə qarşı cəsarətlə mübarizə aparan el qəhrəmanları tərənnüm olunur. “Qayət milliyyətçi bir adam” olan İsmayıl bəyin igidliyini aşıq poetik detallarla, özünəməxsus yüksək pafosla təsvir edir:

Qovğa günü dağı dəlir cidası,

Koroğludan çoxdur bunun ədası,

Zaloğlundan artıq gəlir sədası,

Bərəkallah belə ünə, İsmayıl (1, 60).

“Hökmü rusların elində işləyən, Şenliyin dilində dastana çevrilən” İsmayılın qəhrəman və şücaətli bir igid olduğunu nəzərə çarpdırmaq üçün aşıq onu klassik obrazlarla – İsgəndər, Koroğlu, Zaloğlu Rüstəm və digər qəhrəmanlarla müqayisə edir. Qoşmada poetik səciyyə daşıyan Şam, Kay­seri, Hələb, Gürcüstan, İran və sair toponimlər İsmayıl ağanın şöhrə­tinin yayıldığı coğrafi yerləri əks etdirir. “Bakıda da fotoqrafın yazdılar; Gön­dərdilər Əjdər xana, İsmayıl” misraları ilə Aşıq Şenlik bu el qəhrəmanının Azərbaycanda da tanınıb sevildiyini bildirmək istəmişdir.

“Əfəndim” rədifli qoşmanın da məzmunu qəhrəmanlıq ruhu ilə yük­lən­mişdir. Qoşmada əslən Borçalıdan olan Səməd bəyin, onun qaçaq yoldaşları İsmayılın, Mehralı bəyin, çavuşoğlunun və başqalarının şücaəti tərif olunur. Qoşmada kiçik epik cizgilərlə aşıq Səməd bəylə onun dəstə­sinin milli təəssübkeşliyini, türkə güllə atmadıqlarını hərarətli misralarla ifadə edir:

Səməd bəy deyilən zəhmi ağıdı,

İsmayıl da ruslar üçün yağıdı,

Çavuşoğlu yüz kazağı dağıdı,

Qıymadılar qırmızı fəsə, əfəndim (1, 65).

“Qırmızı fəs” ifadəsi ilə aşıq Anadolu türkünü nəzərdə tutmuşdur. Aşıq Hüseyn Saraclının repertuarında xüsusi yer tutan “Aşıq Şenliyin Bor­çalı səfəri” adlı dastan-rəvayətdə də həmin məqam paşa ilə Aşıq Şenliyin dialoqunda əks olunmuşdur. Səməd bəylə onun dəstəsini tutmağa gələn paşanın “Bəs nasıl oldu ki, heç əsgər vurmadılar?” - sualına Aşıq Şenlik yuxarıdakı bəndlə cavab vermişdir.

Ümumiyyətlə, Aşıq Şenliyin çoxşaxəli poeziyasının əsas istiqamət­lə­rindən birini təşkil edən türkçülük məfkurəsi onun şagirdlərinin-Aşıq Nəsib, Aşıq Gülüstan, oğlu Aşıq Qasım və başqa sənətkarların yaradıcı­lı­ğında da yüksək ilhamla tərənnüm olunmuşdur.

Milli özünüdərkin, etno-milli duyğuların, dövlətçiliyin tərənnümü hə­mişə olduğu kimi, çağdaş dövrümüzdə də Ağbaba-Çıldır aşıqlarının ya­ra­dıcılığında çoxçeşidli janr və formalarda bədii inikasını tapmışdır. Za­man və cəmiyyət dəyişdikcə sosial-siyasi, tarixi-mədəni proseslərə aşıqlar münasibət bildirmiş, milli dəyərləri, dövlətçilik ənənələrini, özgürlüyü və türkçülüyü geniş xalq kütlələri arasında təbliğ və tərənnüm etmişlər. Folk­lorşünas M.Özarslan aşıq sənətində gedən bu yeniləşməni nəzərdə tutaraq yazır: “Aşıqların özəlliklə cümhuriyyət, ordu, əsgərlik, ölkə bütünlüyü, Kipr məsələsi, zaman dəyişməsi kimi fərdi mövzuları dilə gətirmələri və bu mövzularda söylədiklərini geniş kütlələrə duyurmaları onları yaşadan xüsusiyyətlərdir” (2, 171-172). Bu baxımdan Aşıq Reyhaninin, Aşıq Möv­lud İhsaninin, Aşıq Murad Çobanoğlunun, Aşıq Faxfurun, Aşıq İsra­filin poeziyasında dərin məzmunlu əsərlər orijinal səciyyə daşıyır. Musta­fa Atatürkün millət və Türkiyə qarşısındakı xidmətləri, imperialist qüvvə­lərə qarşı göstərdiyi fədakarlıq, xalq və dövlətin birliyi səmimi və poetik deyimlərlə, milli iftixar hissi ilə ifadə olunur:

Atatürkün şərəfindən, şanından,

Pay umanlar keçdi dadlı canından.

Bayraq yapdıq şəhidlərin qanından,

Mustafa Kamalın xatirələri (2, 172).

Eyni hiss və duyğuları Aşıq Mövlud İhsani “Cümhuriyyət yazılı” rədifli qoşmasında tarixi-bədii xronologiya şəklində dinləyiciyə təqdim edir.

Aşıq Türkiyədə gedən böyük quruculuq işlərini, türk xalqının qurub-yaratmaq eşqini, türkçülüyün mənəvi qüdrətini ilhamla tərənnüm edir. Bə­zən təsvirçiliyə yol verilsə də, bu tip şeirlər xalqın milli hisslərinin, et­no-psixologiyasının, milli şüurunun formalaşmasına güclü təsir göstərmişdir:

Şenləndi, yurd oldu dağlar, dərələr,

Yaşardı bozkırlar, qumluq səhralar,

Məhsuldar tarlalar oldu haralar,

Gülşənində cümhuriyyət yazılı (2, 174).

Sözü gedən mövzuda Aşıq Reyhaninin ədəbi fəaliyyəti daha çox diqqəti cəlb edir. Onun türk ordusunun gücü və qüdrəti, milli birlik, milli özünüdərk və sair kimi keyfiyyətlər haqqında duyğu və düşüncələri poetik misraların axarında gerçəkləşir, türk və türkçülük haqqında fikirləri yalnız bədii təsiri ilə deyil, həm də sosial-siyasi və məzmun dolğunluğu ilə seçilir. “Aslan kimi kükrəyən” türk ordusunun əzəməti “qələm aciz qalır, mürəkkəb yetməz” kimi klassik bir mübaliğə ilə tərənnüm olunur, folklordan gələn bu ifadə obrazlı fikrə yeni effekt əlavə edir:

Kükrədi Mehmetcik sel kimi axar,

Havadan tökülər, dənizdən çıxar,

Alnı cizgi-cizgi, dişini sıxar,

İrəli deyincə komandanları (2, 174).

Hərbi qüvvələrin qüdrətinin, ordunun döyüşkənliyinin tərənnümünə həsr olunmuş şeirlərin ümumtürk aşıq sənətində, o cümlədən Ağbaba-Çıldır aşıq mühitində geniş yer tutmasının tarixi-mədəni və milli-genetik kökləri vardır. Professor F.Köprülü bu məsələdən bəhs edərkən yazır: “Türklərin xalq şair-musiqişünasları haqqındakı ilk tarixi məlumat Atilla dövrünə, yəni miladi tarixinin V əsrinin ilk yarısına aiddir. Qərb qaynaq­larının verdiyi bu bilgiyə görə, Atillanın ordusunda şairlər və musiqiçilər vardı; onun ziyafətlərində bu şairlər Atillanın qəhrəman­lıqlarına, zəfər­lərinə dair düzüb-qoşduqları şeirləri oxuyardılar” (3, 157).

Alim fikrinə davam edərək göstərir ki, Atillanın ölüm mərasimində, “düdüklərin, davulların sədaları altında şairlərin söylədikləri nəğmələrlə birlikdə bu dastanı, şeirləri tərtib edən şairlər, heç şübhəsiz, daha sonrakı saz şairlərimizin dədələridir” (3, 158). F.Köprülünün elmi qənaətinə görə, bir sıra türk dövlətlərində əsgəri musiqinin olduğu nəzərə alınsa “türklərdə islamiyyətdən əvvəl xalq şair-musiqişünaslarının fəaliyyət göstərdikləri asanlıqla anlaşılır” (3, 159).

Aşığın tarixi funksiyasının mühüm istiqamətini bahadırlıq və mərd­lik nəğmələrinin təşkil etməsi, göründüyü kimi, tarixi-genetik ənənələrə söykənir. Orta əsrlərdə hərbi-siyasi məzmunlu aşıq mahnılarının, döyüş ruhlu saz havalarının geniş yayılması və dinamikası məhz həmin sənət ənənəsinin nəticəsi kimi sonrakı dövrlərdə də bu və ya digər dərəcədə mühafizə olunmuşdur: “İstər Osmanlı, istərsə də Səfəvi ordularında dövlət tərəfindən himayə olunan xüsusi aşıqlar dəstəsi saxlanılırdı. Onlar ovqat yaradan cəng havaları çalaraq və döyüş, qələbə ruhlu mahnılar oxuyaraq ordunun vuruş əzmini, zəfər eşqini daha da gücləndirirdilər” (4, 160).

Ağbaba-Çıldır aşıq mühitində qəhrəmanlıq nəğmələri, türkçülük düşüncəsi milli sərhədlərin hüdudlarından uzaqlarda yaşayıb-yaradan türk xalqını haqq-ədalət, milli özgürlük uğrunda mübarizəyə səsləyən amillər­dən biri kimi diqqəti cəlb edir. Bu baxımdan Aşıq Mövlud İhsaninin “Kıbrısda” (“Kiprdə”) rədifli qoşması milli hisslərin, qəhrəmanlıq duyğu­larının əlvanlığı ilə seçilir:

Getdik özgürlüyə, getdik barışa,

Köhlən atlar hazırladıq yarışa,

Bu torpaq Türkündür ta başdan-başa,

Şəhidim Kıbrısda, qazim Kıbrısda (2, 175).

Aşıq Reyhani bahadırlıq və cəngavərlik ovqatını sosial-siyasi və milli birlik ideyalarının poetik ahəngində ifadə edir. Milli bərabərlik və birlik uğrunda “Edam gərəkirsə mənə fərman ver” – deyən sənətkarın iç duyğularının coşqunluğu və əzəməti vətənin, doğma yurdun taleyini düşü­nən türk övladına güc və təpər verir:

Millət, millət olsun, ordu da ordu,

Belə qurtararıq Vətəni, yurdu,

Törə də, yasa da belə buyurdu,

Milli bərabərlik, milli bütünlük (2, 175).

Genetik yaddaşın və bədii təxəyyülün harmoniyasında məna və məzmun tutumunu gerçəkləşdirən Aşıq Yaşar Reyhani poeziyasının başlı­ca ideyası türkçülük, milli özünüdərk və vətənpərvərlikdir. Çağdaş dövrü­müz­də bu əqidə ilə yaşayıb-yaradan aşığın “Tərcümanıyam” rədifli qoşma­sından gətirdiyimiz aşağıdakı misralar fikrimizi təsdiqləyir:

Mən Azəri türkəm, əski soydanam,

Mən şəhid üstünə doğan aydanam (3, 196).

Qeyd olunan milli-mənəvi keyfiyyətlərin obrazlı ifadəsi Ağbaba-Çıldır aşıq mühitində nə qədər güclü və kəsərlidirsə, türkün özünəməxsus milli atributlarından uzaqlaşmaq qorxusu, mənəvi dəyərlərə biganə müna­si­bət, yabançı adət-ənənələrə uymaq hissi bir o qədər kədərli və yandırı­cıdır. Bu duyğu və düşüncələr Aşıq Reyhani, Aslan Usta, Aşıq Hüseyn Tellioğlu, Aşıq İsgəndər Ağbabalı, Aşıq Mövlud İhsani, Bayram Dənizoğ­lu, Aşıq Erol Erkaninin və digər sənətkarların yaradıcılığında təşviş və qəmli hisslərlə qələmə alınır. Aşıq Çingiz Yarani (1950) Avropanın “mədə­ni” həyatına aldanıb türkün müqəddəs adət-ənənələrindən uzaqla­şan, Qərbin təsiri altına düşən vətən övladlarını özünüdərkə səsləyir:

Avropa dedik qovrulduq,

Kehaneti(Kahinliyi) öyrətdilər.

Bihudə yandıq sovrulduq,

Xəyanəti öyrətdilər (3, 203-204).

XXI əsrin real təsviri olan bu gerçəkliklər yad meyllərə uyan vətən övladlarının milli faciəsi kimi oxucunu düşünməyə sövq edir. XX əsrin əvvəllərində görkəmli sənətkarımız C.Məmmədquluzadə “Anamın kitabı” tragikomediyasında bu problemi böyük ustalıqla təsvir edərək, yad təsir­lərin Vətəni parçaladığını, milli birliyi dağıtdığını əks etdirmişdi. Ağbaba-Çıldır aşıqlarının bu problemə həssas münasibəti bir tərəfdən dövlətçilik ənənələri, milli özünüdərklə, sənətkar təfəkkürü və fəhmi ilə bağlıdırsa, digər tərəfdən real tarixi təcrübə, ulu babaların müdrikliyi, yağı düşmənin fitnəkar əməllərinin əsl mahiyyəti ilə əlaqədardır. Bu baxımdan türk mil­lə­tini hiyləgər düşmənin fitnələrinə aldanmamağa çağıran Bilgə kağanın vəsiyyəti olduqca mənalıdır: “Ey türk milləti! Dadlı sözlərə və yumşaq ərməğanlara aldandın və bir çoxlarımız öldü. Yenə yanılıb Güneydəki Çoqay ormanına, Töqültün düzənliyinə gedib yerləşsən, ey türk milləti, öləcəksən!” (5, 112).

Göründüyü kimi, türk millətinin milli birliyini pozmağa çalışan düş­mə­nin fitnə-fəsadlarının kökü çox-çox qədim dövrlərə gedib çıxır. Bilgə kağanın bir sərkərdə və rəh­bər kimi narahatçılığı, millətinə müraciəti, milli birliyi qoruyub saxlamaq üçün gös­tərdiyi yol, etdiyi nəsihət bu səbəb­lərdən doğur: “Ey Ötükənin xoşbəxt milləti! Get­diniz! Doğuya varanınız oldu. Batıya varanınız oldu. Vardığın yerlərdə xeyrin o ol­du ki, qanın su kimi axdı. Sümüklərin dağ kimi yığılıb yatdı” (5, 114). Mövlud İhsaninin “A bəylər” rədifli qoşması müdrik bir sənətkarın milli-qlobal dərdləri əks etdirdiyi faciəli monoloq təsiri bağışlayır. Eyni sıxıntı və nigarançılığı keçirən sərkərdə (VIII əsr) və aşığın (XXI əsr) min üç yüz illik bir zaman kəsimində duyğu və düşüncələri yaxından səsləşərək ali bir məqamda – milli birlik məqamında birləşir.

Aşıq türkün qədim və şanlı tarixini xatırlatmaqla onu özünə dön­məyə, özünün əzəli və əbədi milli atributlarını mühafizə etməyə çağırır:

Üç qitədə at oynatdıq, savaşdıq,

Erkenekon dastanında çağ aşdıq,

Bozqurd ilə irmaq keçdik, dağ aşdıq,

Hızımızı qeyb etdik, a bəylər (1, 188).

Yalnız ustad və peşəkar-ifaçı aşıqların poeziyasında deyil, el şair­lərinin yaradıcılığında da türkün əzəməti və bahadırlıq ruhu tərənnüm olu­nur, onun birliyini sarsıtmağa, torpaqlarını işğal etməyə çalışan təcavüz­karlar nifrətlə damğalanır. El şairi Abdulməcid Tökdəmir antitürk siyasəti yeri­dən qüvvələrə üz tutaraq türk dünyasının tarixi-coğrafi arealını bə­dii­ləş­dirir, qürur və iftixar hissi ilə türkün oğul və qızlarının qəhrəmanlığını tərənnüm edir:


Tarix üzərində bilgin var isə,

Saka, Arsak, Hunla ilgin var isə,

Oğuz, Xəzər, Səlcuq görkün var isə,

Görüşdəki xətaların yüzlər, var! (6, 77).

Oğuz, saka, arsak, hun, qıpçaq, atabəy, səlcuq və digər tayfa, boy, dövlət və boybirləşmələrini xatırlatmaqla türklərin qədim və şanlı tarixini, qüdrətini poetik şəkildə səciyyələndirən el şairinin sözləri Koroğlu ötkəm­liyini və cəsurluğunu xatırladır.

Adı çəkilən onomastik vahidlər bölgə aşıqlarının yaradıcılığında poe­­tik vasitə kimi sıx-sıx işlənmişdir. Bunun başlıca səbəbi saz-söz sənət­kar­larının milli-mənəvi dəyərlərə, soy-kökə, dövlətçilik ənənəsinə, bir sözlə Vətən əxlaqına qırılmaz tellərlə bağlı olmalarındadır. “Türkün ən böyük istinadgahı Vətən əxlaqıdır” (7, 116) ideyası bütün dövrlərdə Ağ­ba­ba-Çıldır aşıqlarının poetik yaradıcılığının əsas istiqamətini təşkil etmişdir.
Elmi yeniliyi. Milli birlik və azadlıq ideyalarının poetik tərənnümü Ağbaba-Çıldır aşıqlarının yaradıcılığında xüsusi səciyyə daşıyır. Problem bu aspektdən işıqlandırılmış, çağdaş dövrümüzdə əhəmiyyəti aydınlaş­dırılmışdır.

İşin tətbiqi əhəmiyyəti. Məqalə regional aşıq mühitlərinin tədqiqi istiqa­mətində əlavə mənbə kimi istifadə oluna bilər. Azərbaycan aşıq yaradı­cılığının öyrənilməsində də əhəmiyyət kəsb edir.
ƏDƏBİYYAT


  1. Aşık İslam Erdener. Aşık Şenlik divanı. Kars: Bugün matbaası, 1960

  2. Özarslan M. Erzurum aşıklık gelenegi. Ankara: Akçağ Yayınları, 2001

  3. Köprülü F. Edebiyat araştırmaları. İstanbul, Ötüken, 1989

  4. Qasımlı M. Ozan-aşıq sənəti. Bakı: Uğur, 2007

  5. Özbək R. Türkün qızıl kitabı. I kitab (çevirənlər N.Yaqublu, L.Şükür­oğlu). Bakı: Yazıçı, 1992

  6. Kars ili. I sayı. Çıldır, Ardahan, Hanak, Posof ilçeleri. Ankara: Kars Turizm ve Tanıtma Dernegi Yayınları, 1966

  7. Göyalp Z. Türkçülüyün əsasları (Çevirəni E.Mustafaoğlu). Bakı: Maa­rif, 1991


Автандил Агбаба

Резюме

Идея национального единства и освобождения

в деятельности ашугов из Агбаба-Чылдыр

Стихи, посвященные похвалу идеи национальное единство и осво­бож­дения, чувство свободы были проанализированы в статье. Такие стихи передают поэтический характер в поэзии ашугов из Агбаба-Чылдыр. Национальная государственная традиция мораль родины было исследо­вано в качестве ведущей линии этого поэтического характера.



Ключевое слова: народный герой, национальное единство, тюр­кизм, традиция искусства, гипербола.
Avtandil Aghbaba

Summary

The idea of national unity and liberation in ashugs’ creation

of Aghbaba-Childir

Key words: folk hero, national unity, turkism, art tradition, hyperbole

The poems dedicated to the praise of the ideas of national unity and liberation, a sense of freedom were analyzed in the article. Such poems convey poetical character in ashugs’ poetry of Aghbaba-Childir. National state tradition, homeland moral was investigated as a leading line of this poetical character.



Bilal Alarlı HÜSEYNOV
ƏMƏK NƏĞMƏLƏRİNİN AZ ÖYRƏNİLMİŞ SAHƏLƏRİ
Açar sözlər: Azərbaycan folkloru; əmək nəğmələrinin az öyrənilmiş sahə­ləri; qəleylilər, kövəratmalar, dulusçu nəğmələri, ərəkeşlərin nəğməsi, kirkirəfır­latmalar və təndirbaşılar
Məsələnin qoyuluşu. Azərbaycan folklorşünaslığında əmək nəğ­mə­ləri­nin öyrənilməsi tam başa çatdırılmamışdır. Bunun birinci səbəbi əmək nəğmələrinin ətraflı şəkildə toplanılmaması ilə bağlıdır. Azərbaycan folk­lo­runda aqrar özüllü əmək prosesi ilə bağlı olmayan nəğmələr maraq doğu­rur. Buraya əsasən qəleylilər, kövəratmalar, dulusçu nəğmələri, ərəkeş­lərin nəğməsi, kirkirəfırlatmalar və təndirbaşılar daxildir.

İşin məqsədi. Qəleylilər, kövəratmalar, dulusçu nəğmələri, ərəkeş­lərin nəğməsi, kirkirəfırlatmalar və təndirbaşılar tədqiqata cəlb olunmaqla Azərbaycan folklorşünaslığında əmək nəğmələrinin az öyrənilmiş sahələri ilk dəfə elmi şəkildə toplanılır, təsnifləşdirilir və sistemləşdirilir.
Qəleylilər. Azərbaycanın qədim əhalisinin mənimsədiyi ilk metallar­dan biri mis olmuşdur. Misgərliyin inkişafı bu peşə ilə bağlı nəğmələrin də meydana gəlməsinə səbəb olmuşdur. Vaxtilə misgərlərin arasında nəğmələrin oxunması haqqında ilk dəfə R. Əfəndiyev məlumat vermişdir. Onun yazdığına görə, Lahıca mis və dəmirin başqa yerlərdən gətirilməsi haqqında xalq arasında bir sıra mahnılar oxunurdu. Həmin mahnılardan birində belə deyilirdi:

Biz gedirik ikimiz,

Dəmir-misdir yükümüz.

Girdimanla gedə-gedə,

Yorğun düşür atımız (7, 28).

“Dəmirçi” adlı nəğmələrdən birində dəmirçi ilə qalayçıya fərq qoyul­mur. Bu, onu göstərir ki, qəleylilər misgərlərin və dəmirçilərin şərikli nəğmələridir:

Ustaların ustasıdır dəmirçi,

Paxır qabı qalaylayır qalayçı (10).



Misgərlik peşəsi çoxsahəlidir. Bu peşələr içərisində naxışlama və qa­lay­lama xüsusi yer tutur. Misin əridilməsi ilə misgər, kargər və şagird məş­ğul olurdu. Misgər nəğmələri bu cür ağır iş prosesini yüngülləşdir­məyə xidmət edir. Nəğmələr qəleyli adlanır. Qəleyli "qalay” sözünün dialektik for­ma­sın­dan yaranmışdır. Bu söz qalayçı nəğməsi kimi mənala­nır. Qalayçılar mis qabların paxırını töküb parıldadırlar. Toplaya bildi­yimiz qəleylilər qalay­çıların oxuduğu və onların haqqında oxunan nəğmə­lərdən ibarətdir.

Qəleylilər məzmununa görə misgər nəğmələrinə yaxındır. Bir çox nəğmələri isə həm misgərlər, həm də qalayçılar oxuyurlar. "Körükçünün nəğməsi" hər iki peşə sahibinə məxsusdur. Qəleylilər "Qab qəleylətdirən, qab qəleylətdirən" çağırışıyla başlayır. Sonra qalayçı qazan, tava, tiyan, teşt, badya, sini, məcməyi, cam, piyalə kimi mis qabları ağartmasından, bu işi tez və ucuz görməsindən söhbət açır. Qəleylilər məzmununa görə rəngarəngdir. Bu nəğmələrin bir çoxunda qalayçılıqla bağlı fikirlər yalnız nəqarətlərdə qorunub saxlanmışdır. Nəğmələrin mətnləri isə məhəbbət motivli misralardan təşkil olunmuşdur. Qəleylilərin peşə ilə bağlı nəğmə səviyyəsindən uzaq düşməsinin ilkin səbəbi onların indi də xalq mahnıları kimi oxunmasıdır. Məsələn, bir qisim söyləyici qəleylini "Gəl, ey Leyli" şəklində oxuyur. Ən düzgün, doğru variant isə "qəleyli"dir” (11). Mahnı­başı­ları "Qəleylidir qənd ilə", "Qəleylidir, qəleylidir, qəleyli" və "Qalayçı oğlan, kasanı qalayla" sözlərindən ibarət olan nəğmələr qalayçı əməyini tərənnüm etsə də, əsas mətnlər məhəbbət mövzusundadır:

Yar qoyar bağda məni,

Qəleylidir, qəleylidir, qəleyli.

Nə ağır çağda məni,

Qəleylidir, qəleylidir, qəleyli (5, 89-90).

Mətndən göründüyü kimi, qalayçı nəğmələrinin xorla oxunan hissə­ləri də olmuşdur. Görünür, qalayçıların ifası xüsusi mərasimlə - qalaylama mərasimi ilə bağlı olmuşdur. Bir çox nəğmələrin mətnləri çoxbəndlidir. Bu da həmin bəndlərin bir neçə ifaçı tərəfindən oxunduğunu göstərir:

Göydə ulduz, mah gedər,

Qəleylidir qənd ilə.

Gah dayanar, gah gedər.

Qəleylidir qənd ilə (5, 90).

Beləliklə, nəğmə qurtaranadək bütün ifaçılar oxuyur və nəğmənin bənd­lərinin sayı ifaçı qızların sayı qədər olur. Toplanmış nümunələr təs­diq edir ki, qalayçı əməyini tərənnüm edən nəğmələrdə məhəbbət motivli bayatılar üstünlük təşkil edir (1). Buna baxmayaraq qəleylilərin misgər nəğ­mələri kimi tədqiq olunması folklorşünaslıq baxımından ən düzgün variantdır.


Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin