Ümid? İki gözündən həmişəlik məhrum olmuş bir insan hansı ümidlə yaşaya bilər? Əgər yaşaya bilsə idi belə, onun həyatı kimə lazım idi?
Sürəyya. Kiməmi? Hamıdan əvvəl sənin həyat yoldaşına! [55, c.2, s.47].
Replikanın cavabı yalnız frazeoloji ifadədən ibarət olur:
Midhət. O, əsl simasını gizləmişdir.
Rəis. Ağlım kəsmir [55, c.2, s.377].
Dialoqda mötərizədən istifadə. Tavtoloji ifadələr müəllifin mötərizə içərisində verdiyi izahedici cümlələrdə, dramaturqun nitqində özünü göstərir:
Nəcəf (daşı hörgü hörməkdə olan Alı kişiyə verir).
Aydınlaşdırıcı cümlə konstruksiyaları qoşa nöqtədən sonra surətlərin nitqində işlənir: Şəfəq (fikirli). Elədir, Alxan dayı, dünyada yalnız bircə fərəh var: yaratmaq, həmişə yaratmaq! [53, c.2, s.276].
Dialoqlarda paralel konstruksiyalar geniş yayılıb. Məs.:
Alxan. Bəli, qızım, yaşamaq, yaratmaq deməkdir. Əgər yaradırsansa, demək yaşayırsan, hər bir sevgi, hər bir mehribanlıq, hər bir eşq ancaq yaratmaq üçündür. Qızlar oğlanları, yainki oğlanlar qızları nə üçün sevir? Ağaclar nə üçün çiçək açır? Nə üçün qış gedir yaz gəlir? [53, c.2, s.276].
Qoşulma konstruksiyalar (sintaqmlar). Dram dili danışıq dili xüsusiyyətlərini özündə bütün parametrləri ilə əks etdirir. Həmin xüsusiyyətlərdən biri adi danışıq dilində olan qoşulma sintaqmların dialoqun sual və cavab replikalarında tez-tez istifadə olunmasıdır. Bunun səbəbi nitqin həyəcanlı ifadəsi, yaddan çıxmış fikrin yenidən işlənməsidir. Qoşulma sintaqmların dilimizdə xüsusi mövqeyi vardır: əsas söyləm (və ya cümlə) + qoşulan hissə-qoşulma konstruksiya və yaxud qoşulma sintaqm). Qoşulma sintaqmlar və yaxud qoşulma konstruksiyalar əsas söyləmdən xüsusi intonasiya ilə ayrılır, əlavə mənaları ifadə edir.
Qoşulma sintaqmların dram dilində formal-semantik inkişafını, ifadə vasitələrini araşdırmaqla mətnin praqmatik məna imkanlarını, emfaza mexanizmini hərtərəfli tədqiq edib öyrənmək mümkündür. F.Ağayeva danışıq dilində geniş yayılmış qoşulmaları qoşulma-parselyat konstruksiyalar, qoşulma frazalar adlandırır. Belə konstruksiyaların əsas funksiyası prepozitiv mövqedə dayanaraq, əvvəlki söyləmdə olan fikri konkretləşdirmə, dəqiqləşdirmədir. Qoşulma frazalar (parselyatlar) ekspressiv-sintaktik hadisə kimi xarakterizə edilir. Müəllif yazır: “Böyük kommunikativ, üslub və modal imkanlara sahib olan birləşən konstruksiyalar ifadə olunan fikrin məlumatlandırma gücünü (informativliyini) artırır və ya nitqə emosional-qiymətverici cəhətlər əlavə edir. Birləşən konstruksiyaların formal xüsusiyyətlərindən biri parselyatların tərkibində dəqiqləşdirici sözlərin istifadə edilməsidir: “xüsusilə”, “hətta” “ayrıca”, “elə”, “o cür”, “onun kimi”, “özü də”, “həm də” və s. [161, s.36]. Nümunələrə nəzər salaq:
Qambay. Doğrudur, gözsüz yaşamaq çətin işdir, xüsusən əvvəllərdə ürəyi böyük əməllərlə döyünən bir rəssam üçün... [55, c.2, s.43];
İlk məhəbbət kama çatmaya bilər, lakin heç bir zaman unudulmaz. Tofiqin qəlbi Gülyazdan üzülə bilmədiyi kimi... [55, c.2, s.48];
Qambay. Lakin bu yalnız mənim özümə aiddir. Başqa heç kimə [55, c.2, s.49];
Cəfər. Nədən danışacağam, xanım, bu saat mənim özümdə iki şey var: biri müharibə, biri də bir cüt qara göz [55, c.2, s.49];
Cəfər. Mayora qəhrəman adı veriblər. Mənciyəzə də [55, c.2, s.50];
Mila qaçır. Canik də onun ardınca [46, s.184].
İ.Əfəndiyevin dramaturgiya dilində qoşulma sintaqmların müxtəlif növləri ilə qarşılaşmaq olur:
Əsas söyləmdəki üzvü izah edən, aydınlaşdıran qoşulma sintaqmlar:
Uğur - Bunun üçünsə iki şey lazımdır: yüksək məhsul, yüksək mədəniyyət! [53, c.2, s.181].
Əsas söyləmdən parselyasiya nəticəsində qopub ayrılmış qoşulma sintaqmlar: Şəfəq (ağır kədərlə öz-özünə) – Ayrı cür mümkün deyil, Uğur!… Mən səni sevirəm. Ölən günə qədər [53, c.2, s.204);
Dostları ilə paylaş: |