Niyaz. Mən özüm sizə zəng edərəm. Mütləq. (Dəstəyi asır) [53, c.2, s.208].
Bu cür qoşulma sintaqmlar mötərizə içərisində verilmiş əlavə konstruksiyalardan da ibarət olur. Məs.:
Sədəf (Onu qucaqlayır. Göz yaşları arasından) – Mənim nə dərdim var, ata? [53, c.2, s.217].
Bu qrupa daxil olan qoşulma sintaqm həmcins üzvlərdən də qurulur. Məsələn, aşağıdakı sintaktik konstruksiyada həmcins miqdar zərfliyi qoşulma sintaqm funksiyasını yerinə yetirmişdir:
Turac – Yox, qızlar, indi daha ürəyim sevgi istəyir. İstəyirəm sevim. Çox-çox, lap öz canımdan da artıq… [53, c.2, s.226].
Əsas söyləmin içindən parçalanaraq ayrılan qoşulma sintaqmlar əvvəlki cümlədən intonasiya ilə ayrılaraq həmcinsləşir. Məs.:
Reyhan – Çünki Firəngiz hər cəhətdən ondan üstün idi. Təhsildə…gözəllikdə… [53, c.2, s.241].
Modal sözlər də əsas söyləmdən qopub ayrılır və qoşulma sintaqm funksiyasını yerinə yetirir. Məs.:
Şahsuvarov – Tamamilə haqlısınız. Doğrudan da… [53, c.2, s.283].
Dramlarda qoşmalı qoşulma sintaqmlara da təsadüf olunur. Məs.:
İldırım Atayev – İndisə gəl qucaqlaşaq! Uşaqlıqdakı kimi [53, c.2, s.294].
Əsas söyləmdəki üzvü xüsusiləşdirən qoşulma sintaqmlar. Belə qoşulmaların tərkibində “illah”, “illah da”, “xüsusən”, “xususilə”, “o cümlədən”, “özü də”, “hətta” leksik-qrammatik vasitələr iştirak edir. Qoşulma sintaqm hissəsində olan həmin vasitələr ən çox küllün cüzə münasibətini ifadə edir. Məs.: Sədəf – Getmə, Turac. Bu son vaxtlar heç tək qala bilmirəm. İllah da ki, axşamçağıları… [53, c.2, s.215]; Şahsuvarov – Rica edirəm, zəhmət çəkməyin (Oturur.) İstirahət günü olanda adam lap darıxır. Xüsusən mənim kimi heç bir kəsi olmayanlar [53, c.2, s.244].
Qoşulmaların digər növləri də dramların dilində işləkdir:
Alxas bəy. İgidliyin bir adı var: istər qılıncla olsun, istər tüfənglə. Çünki davada dəmirdən, tankdan güclü bir şey var ki, bu, almanlarda yoxdur: mərdlik! [SƏ, c.2, s.16];
Cəfər. Əslinə baxsanız elə bir iş eləməmişik. Bircə ay mühasirədə qalmışıq. On beş gün tox, on beş gün ac [53, c.2, s.38].
Dramların dilində bəzi qoşulma sintaqmlar replikaların müəyyən bir hissəsini təşkil edərək fikrin dəqiqləşməsinə xidmət edir: Məs.:
Alxan (acıqlı) – Nə deyəcək, hara xərcləndiyini sübut edə bilməsə, Uğur məhkəməyə veriləcək.
Nəcəf – Özü də 7 avqustda [53, c.2, s.218];
Mehrican – Sən xoşbəxtsən, Reyhan… Sevirsən… Özü də Cahangir kimi yaxşı bir oğlanı… [53, c.2, s.234].
Belə qoşulma sintaqmlar tabeli mürəkkəb cümlələrə də işlənə bilir:
Lətafət – Mən də indicə yuxuda gördüm ki, sənə bir dəstə gül verirəm. Özü də ağ gül [53, c.2, s.269];
Lətafət – Vaxta ki sən məsləhət görürsən, mən gedib Cahangirdən xahiş edərəm. Özü də lap bu saat [53, c.2, s.270].
Maraqlıdır ki, belə qoşulma sintaqmlar dramaturqun “Atayevlər ailəsi” dramında Lətafətin dilində daha çox işlənir. Bununla belə, digər personajların dilində də həmin qoşulma sintaqmlara təsadüf olunur. Məsələn, yenə həmin dramda Xuduşun dilindən deyilir:
Amanın bir günüdür, Ağasəlim, sərhesab ol. Özü də həmişə “bəli”, “xeyirlə” [53, c.2, s.272].
İ.Əfəndiyevin dram dilində bağlayıcılı qoşulma sintaqmlar da geniş şəkildə işlədilmişdir. “İstər…istərsə də” bağlayıcılı qoşulma sintaqmlar mətnə bölüşdürmə mənasını verir. Məs.:
Ballı – Acığım tutmaz! Mərd oğlu nə qədər tərifləsələr yeri var. İstər mənim öz oğlum olsun, istərsə də başqası [53, c.2, s.230].
“Ya…ya da” bağlayıcısı qoşulma sintaqmla əsas söyləm arasında bölüşdürmə mənasını formalaşdırır: İldırım – Mənə elə gəlir ki, məhəbbətdə orta hal yoxdur. Ya həqiqi sevgi, ya nifrət! [53, c.2, s.253].
Beləliklə, qoşulma sintaqmlar dram dilinin tipoloji quruluşunda mühüm yer tutur və emfaza mexanizminin formalaşmasında başlıca vasitələrdəndir. Onlar personajların nitqində fikrin praqmatik mənalarını inkişaf etdirir.
Dialoqun yarımçıq cümlələri. Buraxılmış üzvləri mətnə, situasiyaya, cümləni təşkil edən üzvlərin forma və məzmununa əsasən bərpa oluna bilən yarımçıq cümlələr, ümumiyyətlə, dialoji nitq üçün xarakterik olan sintaktik konstruksiyalardan biridir. Həmin cümlələr dialoqun ayrı-ayrı sual-cavab replikalarında işlədilir, fikrin intensivliyini, başlıca olaraq isə dildə qənaəti təşkil edir.
İ.Əfəndiyevin dramlarında yarımçıq cümlənin, demək olar ki, bütün modellərinə rast gəlmək olur. Həmin modelləri ayrı-ayrılıqda nəzərdən keçirək:
1.Dialoji nitqin cavab cümlələri ən çox yarımçıq formada təzahür edir. Cavab yarımçıq cümlələr baş və ikinci dərəcəli üzvlərin ayrı-ayrılıqda suallarına cavablardan ibarətdir. Məsələn, xəbərin suallarına cavab verən yarımçıq cümlə:
Dostları ilə paylaş: |