Азярбайжан милли елмляр академийасы



Yüklə 1,58 Mb.
səhifə73/78
tarix05.01.2022
ölçüsü1,58 Mb.
#111920
1   ...   70   71   72   73   74   75   76   77   78
Şəfəq – Gərək sabah Bakıya yola dü­şüm!… Arzum odur ki... [53, c.2, s.231]; Niyaz – Bəli, bütün bunları eləyən odur ki... [53, c.2, s.223].

Tamamlıq budaq cümləsi yarımçıq formada:



1 oğlan – Yəni demək istəyir­siniz ki… [53, c.2, s.354];

Həsənzadə (gülümsəyir) – Qocalara başqa daha nə qalır ki… [53, c.2, s.300].

Tərzi-hərəkət budaq cümləsi yarımçıq formada:



Mehrican – Mən də məhəbbəti eləcə hiss edirəm. Korlar işığı, gözəlliyi necə duyurlarsa… [53, c.2, s.234];

Lətafət – Mən bu güldanı elə çox istəyirdim ki… [53, c.2, s.269].

Təyin budaq cümləsi yarımçıq formada:

Şahsuvarov – Mən sənə tamaşa edərək, gələcək həyatımız barədə elə şirin xəyallara dalmışdım ki… [53, c.2, s.269].

Səbəb budaq cümləsi yarımçıq formada:



Mədəd – Daha qalmaqaldan əl çəkmişəm.

Xanmurad – Onda gərək bir ərizə də onun üçün verəsən [53, c.2, s.228].

Zaman budaq cümləsi yarımçıq formada:



Xosrov Atayev – Yadındadırmı, bir dəfə sən bir adam haqqında səndən xahiş etmişdin… O zaman mən də məndən təvəqqe eləmişdim ki… [53, c.2, s.281].

Kəmiyyət budaq cümləsi yarımçıq formada:



Turac – Halı o qədər pərişan idi ki… [53, c.2, s.225];

Nargilə - Sizin həsrətinizi o qədər çəkmişəm ki… [53, c.2, s.333];

Şahsuvarov – İnsan nə qədər avantürist olmalıdır ki… [53, c.2, s.283].

Şərt budaq cümləsi yarımçıq formada:



Nargilə - Sizin kimi bir adam əgər mənimlə tanış olduğuna doğrudan da şaddırsa… [53, c.2, s.314];

Dilşad xanım – Bu sualı verməzdim. Əgər mən kişi olub belimə tapança bağlasaydım… [53, c.2, s.277].

Qarşılaşdırma budaq cümləsi yarımçıq formada:



Nargilə - Bağışla, sən məni o qədər yandırıb tökürsən ki… [53, c.2, s.309].

İ.Əfəndiyevin dramlarının dilində nəzəri cəlb edən sintaktik konstruksi­yalardan biri də əlavəli cümlələrin işlənməsidir. Yazıçı belə cümlələrdən istifadə etməklə bir cümlə üzvünü digəri vasitəsilə aydınlaşdırır, fikrin, mətləblərin daha dəqiq ifadə olunmasına şərait yaradır. Məs.:



Alxan – Pəri oğlu Xanmuradın atası il-on iki ay bir cırıq çavıstanda olardı [53, c.2, s.181];

Nargilə. Bu çiçək – “Boy çiçəyi” yuxarı dağlarda bitir [53, c.2, s.215].

Əlavəli cümlələrə mötərizə içərisində verilmiş mətnin içərisində də təsadüf olunur. Məs.: Rahilə. Yorulmuşam (Əlləri ilə üzünü tutub bir an sükut içində dayanır. Sonra birdən əllərini üzündən çəkərək, kimsəyə müraciət etmədən sakit – çox yorğun bir səslə danışır) [53, c.2, s.385].

Əlavə cümlələrdən dram əsərlərində obrazın müxtəlif hərə­kət­ləri, davranışı, jest və mimikası, başqa obrazlara münasi­bəti, yerişi, duruşu, danışıq tərzi və s. ifadə məqsədilə istifadə olunur. Çox vaxt personajın adından sonra onun kimə üz tutduğu, hansı əhvali-ruhiyyə ilə, nə tərzdə danışdığı barədə məlumat verilir. Məs.: Xuduş (dəhşətlə). Bıy!...Bıy!.. Nə danışırsan? [53, c.2, s.330]; Zabitə (üzüyü çıxarıb Dilşad xanıma uzadaraq). Peşkəşdir [53, c.2, s.341].

İ.Əfəndiyevin personajlarının nitqində bəzən dialoqlar, yuxarıda qeyd edildiyi kimi morfoloji göstəricilərlə bitir. Məs.: -sa, -sə şəkilçisi ilə bitən dialoqlar: Tofiq. Onun gözlərini açmaq xəyalı ilə vicdanımda zühur edən son ümid nuru da sönüb gedərsə... Mənim indi həyatda yeganə təsəllim budur. Aylardan bəri gecələrimi, gündüzlərimi qərarsız keçirərək tapdığım bu dərman onun gözlərinə nur, mənim vicdanıma nicat verməzsə... Bunun şirin xəyalları ilə qanadlanaraq, öz günahlarından uzaqlaşır, yalnız sədaqət, fədakarlıq duyğuları ilə yaşayırdım. Lakin birdən... bütün bunlar bir saraba dönərsə? [55, c.2, s.43].

Sintaktik paralelizm hadisəsi də obraz və personajların nitqi üçün xarakterikdir: Nərmin (son dərəcə dalğın) – Təngə gətirdi bu riyakar həyat məni. Ər arvadı aldadır, arvad əri, ana qızını, qız anasını! [46, s.176].

Elliptik konstruksiyalar. Ellipsis poetik-sintaktik fiqurdur. İlkin olaraq canlı xalq dili əlaməti olan ellipsis hadisəsində üzvün buraxılması kameral xarakter daşıyır. Bu cür hadisə nitqdə fikrin yığcamlığına, lakonikliyə xidmət edir. Ellipsis xəbəri buraxılmış yarımçıq cümlənin bir növü sayılır.

İ.Əfəndiyevin dram əsərlərinin dilində elliptik cümlələrin bir sıra formalarına rast gəlmək olur:

1. Buraxılmış xəbəri cümlənin məzmununa görə müəy­yənləşən elliptik cümlələlər. Belə cümlələr görüş məqa­mında işlədilir. Məs.: Nəcəf – Yenə hara belə, ay Xanmurad? [53, c.2, s.171]. Burada “getmək” feili xəbəri cümlənin məzmununa görə buraxılmışdır. Və yaxud: Nargilə – Əlbəttə. Ali təhsilli, ağıllı, gözəl. Sizin kimi də atası! [53, c.2, s.302]. Sonuncu cümlənin məzmunundan görünür ki, burada “var/vardır” xəbəri ellipsisə uğramışdır.

2. Buraxılmış xəbəri əvvəlinci replikada ifadə olunan fikirlə əlaqədar müəyyənləşən elliptik cümlələr: Turac (qızlardan birinə) – Gülzar, sən məqalə yazmaqda pərgarsan, yüyür, balaca bir şey düzəlt, telefonla rayon qəzetinə xəbər ver. Gülzar – Bu saat! [53, c.2, s.173]; Şəfəq – Zəhmət olmasa bir az su verin… Turac – Bu saat. [53, c.2, s.191].

3. Elliptik cümlələr çağırış, müraciət məqamında işlədilir. Məs.: Kolxozçu – Yoldaş Uğur, çay qan-qan deyir, əkinlərimizi yuyub aparır. Bizə kömək [53, c.2, s.206]; Reyhan (eyni zarafatla) – Bir stəkan ətirli çay. İldırım Atayev – Afərin! Reyhan – Bu dəqiqə [53, c.2, s.242].

Əmr, çağırış məzmunlu elliptik cümlələr: Fərəc yaş əllərini havada tutaraq gəlir. Fərəc – Məhrəba! Nəzakət yüyürüb məhrəba gətirir. Nəzakət məhrəbanı qoyudub qayıdır, ayaq üstündə dayanıb ərinə tamaşa edir. Onun baxışlarında mütilik və qorxu hiss olunur. Fərəc – İstiot! Nəzakət –Görürsən…Yenə də yaddan çıxıb… Fərəc – Kom­pot! Nəzakət bir stəkan kompot gətirir. Fərəc – Çay! Nəzakət – İki dəqiqəyə qaynar [53, c.2, s.304].

4. Elliptik cümlələrdən dramların dilində təbrik, alqış, sağlıq demək məqamlarında da istifadə olunur: Sadıqov – …yoldaş Şahsuvarovun sağlığına! Xuduş –… ağsaqqalımız yoldaş Atayevin və onun həyat yoldaşı Dilşad xanımın sağlığına! [53, c.2, s.264]; Ağasəlim –Yaxşı oğlanlara can qurban! [53, c.2, s.263].

5. Elliptik cümlələr qarğış etmək məqamında işlədilir: Ağasəlim – Mərdimazara lənət! Xuduş – Min lənət! [53, c.2, s.263].

Ellipsis hadisəsi mürəkkəb cümlələr üçün də xarakterikdir. Bu, müqayisəli-qarşılaşdırma münasibətlərini ifadə edir. İ.Əfəndiyevin dramlarının dilində işlənmiş elliptik konstruk­siyalardan biri mürəkkəb cümlənin birinci hissəsində olan xəbərin ikinci hissədə ellipsisə uğramasıdır. Belə buraxılma kontekstin xəbərinə görə müəyyənləşir” [120, s.70]. Məs.: Narıngül – Kolxozdur, sənin əmrin iki yüz gün almaqla aşır, mənimki də yüz günlə… [53, c.2, s.175]. Burada “mənimki də yüz günlə” komponenti elliptik konstruksiyadır, çünki birinci tərkib hissədə olan “aşmaq” feili xəbəri burada buraxılmışdır.

İ.Əfəndiyevin dramlarının dilində elliptik konstruk­siyaların frazeoloji tipləri də işləkdir. Məsələn, Ağrım ürəklərinə! Söz aramızda! və s. tipli elliptik konstruk­siyalarda xəbər buraxılmışdır və o, mətnin semantikasından anlaşılır. Aşağıdakı dialoji şəraitdə frazeoloji elliptik konstruksiyadan istifadə edilmişdir: Alı kişi – Yoldaş sədr, Alxandı, mənəm, Bədəldi, biz köhnə bənnalarıq. Sarayın nə qədər hörgü işləri var, bizim boynumuza! Vəli – Dülgərlik işi də bizim boynumuza! [53, c.2, s.197].

Dialoqda elliptik cümlə intensiv şəkildədir. Məs.: Sürəyya (incimiş halda). Təşəkkür... Bu sözü necə soyuq bir ifadə ilə dediyinizi bilsəydiniz... [53, c.2, s.14]; Yaralı əsgər. Su! Su... [53, c.2, s.17]; Cəfər. Arxadan yanaşdım, boynunun kökünə bir bıçaq! [53, c.2, s.18]. Qambay (birinci əsgərə). Atəş! Lap qabaqca gələni görürsənmi? Diqqətlə! Sərrast! Düz alnından! [53, c.2, s.19]; Qambay. Cəfər! Ancaq iki güllə! [53, c.2, s.20]. Bu kimi elliptik cümlələr “İntizar” dramında müharibə şəraiti ilə bağlı işlənmişdir. Başqa nümunələrə baxaq: Nərmin – Ağalar! Mən bu stolu sizin üçün açmamışam, mən oğlumu gözləyirəm. Zəhmət çəkin Cəmilin otağına! [46, s.212]; Canik – Gəl köçək dayıgilin bağına…Özləri şəhərdədir. Soyuducuda əla konyak, şampanski…Çex pivəsi. [46, s.169]; Canik – Bir o qədər əhvalatdan sonra təzədən soruşur­san? Bir gün səninlə olmayanda…[46, s.170]; Mila – A…mən nə üçün? Bəyəm mən konyak-zad içənəm? Canik (təəccüblə) – Boy salam-əleyküm…Nə vaxtdan… [46, s.173]; Mila – Axı sizdən nə ləzzət görmüşəm. Araq, üstündən pivə, üstündən papiros [46, s.176].

Elliptik cümlələrin buraxılmış üzvü mətn və situasiyadan anlaşılır: Cəmil – Mən də istəyirəm Samir Mila ilə evlənsin. Ancaq anası… [46, s.177]. Cümlənin məzmunu göstərir ki, burada “qoymur”, “icazə vermir” sözlərindən biri buraxılmışdır. Digər bir nümunə: Cəmil – Səndən nə gizlədim, indi də onun xoş bir baxışı… [46, s.177]; Nərmin – Samir onu çox sevir, qız da…[46, s.178].

Dialoqun sual cümləsində: Cəmil – Mən Samirin o qızla evlənməyini istəmirəm. Nərmin – Nə üçün? Nərmin – Ona görə ki, sən nazirsən, o adi zəhmət adamı? Cəmil – Lap elə birinci ona görə… [46, s.178].

Telefon söhbətində elliptik cümlələr: Cəmil – (Telefon zəngi, Cəmil dəstəyi götütür). Eşidirəm. Sədrin yanına? Nə məsələdir ki? Yaxşı…yaxşı… (Dəstəyi qoyur) [46, s.180].

Elliptik cümlə personajın əsəbi nitqində işlənir. Rəhmanzadə - Bir papiros! [46, s.181].

Elliptik cümlə dialoji nitqdə hər hansı bir əmrin yerinə yetirilməsini göstərir. Məs.: Kamran – Qızım, doktor Rəhmanzadənin işini araşdırmış olan müstəntiqlərin, prokurorun, məhkəmə sədrinin apardığı işləri sahmana sal. Katibə – Baş üstə! [46, s.182].

Elliptik cümlələr replikalarda təəccüb məqamında işlənir: Mila – Nə danışırsınız…Mən – içki? Davud – Heç olmazsa bir qurtum [46, s.184].

Elliptik cümlələr dialoq şəraitində etiraf məqamında işlədilir: Davud – Bəs institutu necə qurtarmışdınız? Musik (gülür) – Atanız professor Fərəcovdan soruşsanız, necə qurtardığımı o deyər, qiymətin biri beş yüz! [46, s.184].

Dramların dilində diqqəti digər formalı elliptik konstruksiyalar da çəkir. Belələri, əsasən, atalar sözlərindən ibarətdir. Məs.: Narıngül – Axşamın xeyrindən səhərin şəri (“yaxşıdır” ismi xəbəri buraxılmışdır); Turac – Namərdin plovundan mərdin bir qaşıq aşı (“yaxşıdır”); Sədəf – Yetimin boynu buruq, üzü soluq (“olar” xəbəri buraxıl­mışdır); Mədəd – Dost üzdən, düşmən gözdən (“tanınar” feili xəbəri buraxılmışdır) və s. Faktlar göstərir ki, elliptik konstruksiyalarda xəbərin buraxılması “sıfır variant”dadır [198, s.116]. Dilçilikdə “xəbərsiz yarımçıq cümlələr” [196] “xəbəri mətndən anlaşılan cümlələr” [158], “yarımçıq cümlələrin frazeolo­ji tipi” [169, s.113], “müstəqil işlənən xəbərsiz cümlələr” [7, s.286], “elliptik konstruksiyalar” [212, s.3] və s. terminlərlə ifadə olunmuş elliptik cümlələr obraz və personajların məişətlə bağlı söhbətlərində, hərbi sistemlərdə, şüarlarda, atalar sözü və məsəllərdə, əmr-çağırış, arzu və təbrik etmək, hirslənmək, qəzəblənmək məqamlarında, sual ver­mək anlarında və s. də işlənərək mühüm üslubi manevrləri (fikirlərin yığcamlığı, obrazlılığı, dinamikliyi, ekspres­sivliyi təmin olunur), semantik-üslubi incəlikləri yerinə yetirir.

Kauzativ (səbəb) konstruksiyalar. Səbəb-hadisələr arasında səbəb əlaqəsi belə konstruksiyalar üçün səciyyəvi haldır. Məs.: Mən yıxıldım. Ona görə ki, məni itələdin (danışıq dilində).

Qrammatik kauzativ konstruksiyalar dialoq nitqinin sual-cavab replikalarında meydana çıxır. Hadisələrin səbəbi soruşulur, cavabda isə hadisənin səbəbi aydınlaş­dırılır. Məs.: Nəcəf – Hə… Belə de… Yaxşı, bəs sən niyə belə əl-ayağa düşmüsən? Xanmurad – Niyə düşməyim? Kişi ilə dostam, bir yerdə günlər keçirmişik [53, c.2, s.172].

Kauzativ cümlələr dramaturgiya dili üçün daha çox səciyyəvidir. Sual-cavab replikalarında personajların söhbətlərində belə konstruksiyalar işləkliyi ilə fərqlənir. Kauzativliyin mahiyyəti onun vadaredici səbəbə, sövqedici, təşviqedici, icbari, məcburi, törədici səbəblərə malik olmasın­dadır. Həmin mənanı özündə birləşdirən formalar kauzativ formalardır” [197, s.65].

Qrammatik kauzativlik feil köklərinə -dır4 icbar növ morfoloji göstəricisini artırmaqla əmələ gəlir. Məs.: qorxu-qorxudur, yaraş-yaraşdır, küs-küsdür, ağla-ağlatdır, tik-tikdir və s.




Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin