Tədqiqatın nəzəri və praktik əhəmiyyəti. Azərbaycan ədəbi dilinin inkişafında İlyas Əfəndiyevin rolu, canlı danışıq dilinin ədəbi dilə təsirində yazıçının xidmətləri, ədəbi dil normalarının təkmilləşməsində və sistemə salınmasında onun yaradıcılığının faydalı cəhətləri dissertasiyanın nəzəri əsaslarını təşkil edir. Nəzəri aspektdə işin nəticələrindən digər dramaturqların əsərlərinin təhlili zamanı istifadə etmək olar. Tədqiqat işinin nəzəri hissəsi, həm də dram dilinin nəzəriyyəsini zənginləşdirir və inkişaf etdirir.
Dram dilinin xüsusiyyətləri ilə bağlı ardıcıl linqvistik təhlillərin aparılması praktik cəhətdən əhəmiyyətlidir. Dissertasiyanın nəticələri seçmə fənlərin, üslubiyyat elminin tədrisinə tətbiq oluna bilər. Yazıçı dilinin lüğətini hazırlayarkən bu işdən istifadə etmək olar. Tədris prosesində seçmə fənn kimi ‘İlyas Əfəndiyev və müasir ədəbi dilimiz” mövzusu təklif oluna bilər. Nəzəri müddəalar və nəticələr dram dilinin praktiki-tədris məsələlərinin həllində mühüm rol oynaya bilər.
Aprobasiyası və tətbiqi. Tədqiqatın nəticələri müxtəlif elmi konfrans materiallarında, Azərbaycan və xarici ölkələrin tematik məcmuə və jurnallarında, “Bədii əsərlərin dili və sənətkarlıq xüsusiyyətləri (İlyas Əfəndiyevin dramaturgiyası əsasında)”, “İlyas Əfəndiyev və lirik-psixoloji dram dili” adlı monoqrafiyalarda da əks olunmuşdur.
Dissertasiya işinin yerinə yetirildiyi təşkilatın adı. Dissertasiya işi Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsində yerinə yetirilmişdir.
Dissertasiyanın struktur bölmələrinin ayrılıqda həcmi və işarə ilə ümumi həcmi. Giriş 8 səhifə, I fəsil 44 səhifə, II fəsil 64 səhifə, III fəsil 59 səhifə, IV fəsil 37 səhifə, V fəsil 46 səhifə, Nəticə 5 səhifə, istifadə olunmuş ədəbiyyat siyahısı 16 səhifə, ixtisarlar 1 səhifə. Ümumi həcmi 256 səhifə – 441, 077 işarə.
Dostları ilə paylaş: |