FƏSİL III. Asimmetrik informasiya modelinin qurulması xüsusiyyətləri və informasiya iqtisadiyyatının inkişaf perspektivləri
3.1. Asimmetrik informasiya modelinin optimal qurulması məsələləri
İqtisadiyyatda istehsal olunan nemətlər maddi və informasiya nemətlərinə bölünür. Müvafiq olaraq iqtisadiyyatın sahələri də maddi və informasiya sahələrinə bölünür. Maddi sahələr iqtisadiyyatın maddi sektorunu, informasiya sahələri isə informasiya sektorunu təşkil edir. Maddi sektorda maddi predmetlərdən əlavə, həm də maddi obyektlərin bu və ya digər xüsusiyyətlərini dəyişdirmək mahiyyətinə malik olan xidmətlər də istehsal edilir. Məsələn, nəqliyyat xidmətləri yüklərin məkanda yerini dəyişdirir, ona görə də onlar da maddi sektora aid edilir.
İqtisadiyyatın informasiya sektorunda informasiya məhsulları istehsal olunur. İnformasiya məhsulu yaradıcılıq fəaliyyəti prosesindən ayrılmaz olduğuna görə hesab etmək olar ki, informasiya sektorunun məhsulu yaradıcı fərdlərin həyat fəaliyyətinin məcmu vaxtıdır. Mahiyyət etibarı ilə informasiya sektoru yaradıcı fərdlər «istehsal edir». Bu sektora ənənəvi sahələrin iki növü daxildir. Birincisi, yaradıcı fərdlərin formalaşdığı sahələr − təhsil, səhiyyə və s. İkincisi, fərdlərin yaradıcılıq qabiliyyətinin reallaşdığı sahələr − elm, mədəniyyət, incəsənət və s. Bunlardan başqa, informasiya sektoruna qeyri-ənənəvi bir sahə − yaradıcı asudə vaxt sahəsi də daxildir. Bu sahədə də informasiya məhsulları yaradılır.
Yaradıcı fərdin həyat fəaliyyəti vaxtına onun məcburən ibtidai fəaliyyətlə məşğul olduğu dövrlər də daxildir. İş yerində və ev təsərrüfatında sadə əməyin müddəti, gözləmə müddəti və s. vaxt itkisinə aiddir. Həyat fəaliyyətinin məcmu vaxt itkiləri müvafiq olaraq maddi və informasiya sektorlarında vaxt itkilərinin cəmindən yaranır. İtkilərə aid olmayan həyat fəaliyyəti müddəti yaradıcı istehsaldan − informasiya məhsullarının istehlakından ibarətdir. Bu, yaradıcılıq vaxtı və ya asudə vaxtdır.
İnformasiya məhsulunun yaradılması prosesi çox mürəkkəbdir. Bu proses informasiya sektorunun müxtəlif sahələrinə aid olan mərhələlərə bölünə bilməz. Bu səbəbdən iqtisadiyyatın həmin sektoru formalaşmış modellər çərçivəsində hissələrə ayrıla bilməz. Maddi məhsulların yaradılması prosesi daha sadədir, ona görə də iqtisadiyyatın maddi sektoru nisbətən müstəqil sahələrin − sənayenin, tikintinin, nəqliyyatın və i.a. məcmusu kimi təqdim oluna bilər. Aşağıda iki model nəzərdən keçirilir. İkisektorlu balans modelində maddi sektor müəyyən ümumi məhsul istehsal edən bölünməz təsərrüfatçılıq obyekti kimi təqdim olunmuşdur. Çoxsahəli balans modelində həmin maddi sektor hər biri öz maddi məhsulunu istehsal edən sahələrin məcmusu kimi təqdim olunmuşdur.
Dostları ilə paylaş: |