Bakı-2016 Tərtibçi: Cəmilə Səmədova


TÜRK ƏDƏBİYYATINDA SAĞ UKLON



Yüklə 360,09 Kb.
səhifə3/3
tarix07.04.2018
ölçüsü360,09 Kb.
#47708
1   2   3

TÜRK ƏDƏBİYYATINDA SAĞ UKLON

(Bəzi qeydlər)

Bu əhvalat keçən il olmuşdu... Nəhayət Azərbaycan şairi Hüseyn Cavid bizim inqilab qatarımıza oturdu. O ağır, çətin ağrıdan və sancıdan sonra Şuralar Gürcüstanında inqilabi hadisələri az-çox təsvir edən yeni bir pyes doğdu. Nədənsə, Hüseyn Cavid qatarımıza minmək üçün qonşu, qardaş Gürcüstanın paytaxtını seçmişdi. Biz Cavidin Azərbaycana çatacağını çox gözlədik və buna uzun-uzadıya ümid etdik. Görünür şair “tarixin lokomotivinə” inanmamış, dal vaqonlardan birinə minmiş və yolda yarımstansiyaların birində yavaşca qatardan düşmüşdü.

Nəhayət, Cavid inqilabi yaşayışımızı həqiqi surətdə təsvir etməyə başlamalıdır.

İnqilabın birinci illərində liberal burjuaziyanın bir hissəsi məmləkətləri xaricindəki bolşevizmə hüsn-təvəccöh göstərirdi. Milli burjuaziyanın ayrı-ayrı nümayəndələri sadəliklə elə güman ediriərdi ki, bolşevizm çarizmi dağıdaraq, ətraf əyalətləri və şərqi xilas etdikdən sonra onların müqəddəratını xan, bəy və kapitalistlərə tapşıracaqdır. Belə burjua millətçilər özgə ölkələrdəki inqilaba “tərəfdar” idilər... Oktyabr dalğaları milli cümhuriyyətlərin hüduduna çatdıqdan sonra, bu, sadəlöhvləri çox məyus etdi.

Əgər Cavid hüdudumuzu keçməzsə, Azərbaycanda inqilabi tərənnüm etməzsə, uzun sürən sükutunu pozmazsa, biz onun da başqa ölkədə... bolşevizmə “tərəfdar” olduğunu güman etmək məcburiyyətində qalacağıq. Bəzi köhnə yazıçılarımız daha yazmayırlar, ağır yuxuya dalmışlar və şübhəli surətdə sükut edirlər.
İnqilab və mədəniyyət”, 1929, №10

Cavidşünaslıq:Araşdırmalar toplusu [ Mətn ] / Baş red. və tərt..: Gülbəniz Babaxanlı.-C.V.- Bakı: Elm, 2009.-320s.

Seriyanın bu cildinə Qulam Məmmədlinin 1982-ci ildə “Yazıçı” nəşriyyatında çap olunmuş “Cavid-ömrü boyu: Həyat və yaradıcılıq salnaməsi. 1882-1941” kitabı daxil edilmişdir. Mətbuatdan, arxivlərdən, xatirələrdən, müəllifin şəxsi arxivindən seçilən və H.Cavidin tərcümeyi-halı, yaradıcılığı ilə bağlı olan bu sənədlər bir yerə toplanıb oxuculara təqdim edilir.

25 dekabr, “Kommunist”

Akademik teatrda mövsümdə birinci dəfə olaraq “Şeyx Sənan”.

29 dekabr, “Kommunist”

Bu gün mövsümdə ikinci dəfə “Şeyx Sənan”.

...dekabr ayında

1927-ci ilin dekabr ayı idi... O vaxt indiki «Nərgiz» kafesinin yerində ikimərtəbəli, köhnə bir bina vardı. İkinci mərtəbədə Briqadze adlı yaxşı bir fotoqraf işləyirdi. Bakıya gələn böyük simaların, hörmətli yazıçıların və dövlət xadimlərinin şəkillərini o çəkirdi.

Mayakovski ilə birlikdə fotoqrafxanaya getdik. Biz (Hüseyn Cavid, Məmməd Arif, Mixail Yurin, Mixail Kamski, Nəsir Quluzadə, Q.Stroqonov, P.Tarasov) şəklimizi çəkdirmək üçün üst-başımızı düzəltdik. Mayakovski zarafata başladı... O, boş bir araq şüşəsi tapıb Briqadzeyə dedi ki: “Bu şüşə mütləq şəkildə görünməlidir. Çünki bir para şairlərin ilham mənbəyidir!” Biz gülüşdük. Hüseyn Cavid bir az pərt olub, dedi: “Əyər bu araq şüşəsi şəkildə çıxacaqsa, onda mən şəkil çəkdirmək istəmirəm!”

Mayakovski, sonra kağızdan düzəldilmiş süni bir gül buketi götürüb öz ayaqları arasına qoydu.

- Nə eybi, araq şüşəsi olmasın, süni gül dəstəsi olsun, bir para şeirlərin də əsas mövzusu budur...
Süleyman Rüstəm («Ədəbiyyat və incəsənət», 20 iyul 1963)
Dekabr, “Maarif və mədəniyyət”, № 12

Mayakovskinin Bakıya gəlməsi münasibətilə çəkilmiş foto şəkli çap edilmişdiir. Bir qrup yazıçılar içərisində Hüseyn Cavid də vardır.
29 dekabr, “Gənc işçi”

Dövlət teatrında “Şeyx Sənan” oynandı...

Sənan rolunda Abasmirzə Şərifzadə və Dərviş rolunda Sidqi Ruhulla yoldaşlar həmişəki kimi bu gecə də gözəl oynadılar...
A.Kazım-Akif

Cavid hikməti (seçmə aforizmlər)[Mətn]/Tərt. ed.: Gülbəniz Babaxanlı, İradə Tuliyeva; red.: T.Kərimli.- Bakı: Elm, 2008.-148 s.

Bu nəşrə daxil edilən aforizmlər H. Cavid külliyyatının son beşcildlik nəşrindən götürülmüşdür.Bu aforizmlər müdrik şairin insanlıq, haqq, ədalət, vətən, millət, qadın, məhəbbət haqqında maraqlı fikirlərini ifadə edir.

Qadın - günəş, çocuq - ay... nuru ay günəşdən alır.

Qadınsız ölkə çabuq məhv olur, zavallı qalır.

Qadın əlilə fəqət bəxtiyar olur şu cihan,

O, bir mələk... onu təqdis edər böyük Yaradan.

O, pək sevimli, gözəl, incə, nazlı bir xilqət,

Onun ayaqları altındadır fəqət cənnət:

Qadın gülərsə şu ıssız mühitimiz güləcək,

Sürüklənən bəşəriyyət qadınla yüksələcək...
*************

Sən nəsin? İştə bir avuc topraq!

Baq, düşün! Kibri at, qüruru bıraq.

Əyri yoldan çəkil, fəsadı unut!

Əvət, ancaq düşün də haq yolu tut.

**************

Bir millətin tarixidir kökü, yurdu, yuvası,

Tarixiniz baş ucundan hərgiz əskik olmasın.

Altay” dağı, “Makan” çölü, həm də “Yasin” ovası



Bir aydın səhifədir, türk gərək anlasın.

Sadıq Ş. Hüseyn Cavid yaradıcılığında qәhrәman konsepsiyası.-Bakı: Hədəf nəşrləri, 2011, 369 s.

Monoqrafiyada əsrlərin şair-dramaturqu Hüseyn Cavidin bütün yaradıclığı tədqiq edilmiş, qəhrəman konsepsiyası ədibin istər lirik, istər dramatik növdə yazdığı əsərlərində araşdırılmışdır. Kitab XXI əsrin əvvəllərində yazıldığından sovet tənqidçilərinin siyasi proseslərin təzyiqi ilə Cavidə olan mənfi münasibətdən uzaq, XX əsrin sonlarında Azərbaycan müstəqilliyini qazandıqdan sonra Cavidə olan böyük məhəbbət nəticəsində yenə birtərəfli müsbət münasibətdən uzaq obyektiv şəkildə tədqiq edilmişdir. H.Cavidin qəhrəman konsepsiyası XX əsrin əvvəllərində Azərbaycan romantizminin kontekstində tədqiqata cəlb edilmiş, dövrün tanınmış sənətkarları ilə müqayisədə öyrənilmişdir.
Аzərbaycan romantizmini Qərb romantizmindən fərqləndirən Şərq romantizminin xüsusiyyətlərindən biri də yaradıcılıq metodlarında sufi fikirlərin olmasıdır. Buna Hüseyn Cavidin romantik qəhrəmanlarından Şeyx Sənanın və Xəyyamın dünyagörüşlərindəki sufi-fəlsəfi fikirləri göstərə bilərik. Sözsüz ki, bu da sufiliyin tədqiqi ilə məşğul olmuş Rza Tofiqin Hüseyn Cavid şəxsiyyətinə göstərdiyi təsir nəticəsindədir ki, onun əsərlərində ortalığa çıxır.

Hüseyn Cavidin romantikasının özünəməxsusluqlarından biri də onun bir mövzuya digər prizmalardan baxmasıdır. Ümumilikdə inqilabi şair olmayan Cavid inqilabın təntənəsini alqışlasa da, məğlub olan sinfin də bəlalarını, problemlərini göstərməyi özünə borc bilərək “Knyaz” faciəsini yaratmışdır.

Əzizova N. Hüseyn Cavid dramaturgiyasında İnsan, İblis, Tanrı (“Şeyx Sənan”, “İblis”, Peyğəmbər”).-Bakı; Elm, 2007.-153 s.

Kitabda bəşəri prоblemləri həll etmək istəyən ХХ əsrin ən görkəmli rоmantiki Hüseyn Cavidin “Şeyх Sənan”, “İblis”, “Peyğəmbər” əsərləri filоlоji, psiхоlоji və fəlsəfi aspektlərdən təhlil edilmiş, Cavidin İnsan, İblis, Tanrı ilə bağlı fikirləri, bu fikirlərlə bağlı tədqiqatçı, alim mülahizələri bir sistemli kоnsepsiya halında ümumiləşdirilmişdir.

Heç kəsdən asılı оlmayan, mənən güclü, müstəqil ağıl və kamala malik Cavidin qüvvət fəlsəfəsinin qəhrəmanlığını əks etdirən isə “İblis”dir. “Şeyх Sənan” faciəsində Şeyх Sənan iki yоldan birini əvvəldə zahidlik, sоnda aşiqlik yоlunu seçirdisə, İblis əvvəldən öz zahidliyinə müstəqil liderliyinə güvənmişdir. “İblis” faciəsinin mövzusu insanları mənəvi cəhətdən eybəcərləşdirən, var-dövlət və gücə arхalanan bir cəmiyyətin dоğurduğu fəci hadisələri əhatə edir. Burada H.Cavid İblisin vasitəsi ilə insandakı məhəbbətin ən sоnda nifrətə çevrilməsinə işarə edir.

SSRI хalq artisti Sidqi Runulla “Şeyх Sənan” haqqındakı хatirələrində Cavidin Dərviş surətinə münasibətindən bəhs edərək yazmışdır: “H.Cavidin “Şeyх Sənan” faciəsinin tamaşasında mən həmişə Dərviş rоlunu ifa edirdim. Sоnralar bu rоlu bəzən başqa artistlər də ifa edirdilər. Mən Dərviş rоlunu düzgün, tələb оlunan qədər yaхşı ifa etmək üzərində böyük bir həvəs, aludəlik və mətanətlə işləmişəm. Mərhum H.Cavid həmişə mənə deyərdi: “Qardaşım Sidqi! Bu əsərdəki Dərviş mən özüməm. Unutmayın ki, Siz məni оynayırsınız!” Bu sözlər mənim “Şeyх Sənan”dakı Dərviş rоlu üzərində daha dərindən ciddi və diqqətlə işləməyimə və müvəffəqiyyət qazanmağıma səbəb оldu.

Azərbaycanın görkəmli şair-dramaturqu Hüseyn Cavidin 125 illik yubileyinin keçirilməsi ilə əlaqədar kitabxanaların görəcəyi işlər: Metodik tövsiyələr.-Bakı: M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası, 2007.-19 s.

Kitabxanalarda Cavidin ədəb-bədii irsinin təbliği üçün rəngarəng forma və metodlardan istifadə etməklə geniş tədbirlər planı işlənib hazırlanmalıdır. Cavid poeziyası, dramaturgiyası ilə maraqlanan oxucu kontingentinin sorğularını və informasiya tələbatını ödəmək üçün kitabxanalarda ədibin əsərlərindən, həyat və yaradıcılığına həsr olunmuş ədəbiyyatlardan, eyni zamanda onun yubiley illəri ilə əlaqədar nəşr olunmuş materiallardan istifadə etməklə silsilə kütləvi tədbirlər hazırlanmalıdır.

Məqalələr

Abbaslı T. Başdan-başa Aşiq : Hüseyn Cavid - 130 // Mədəniyyət. - 2012. - 24 oktyabr. - № 77. - S. 10.

Tale onu son mənzildən əvvəl çox mənzillərə ürcah etmişdi. 1899-1903-cü illərdə Cənubi Azərbaycanda olmuş, təhsilini Təbrizin “Talibiyyə” mədrəsəsində davam etdirmişdi. Altı il sonra İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirən Hüseyn əfəndi bir müddət Naxçıvanda, Gəncədə, Tiflisdə, 1915-ci ildən həbsinədək isə Bakıda müəllimlik etmişdir. Sənəti janr və forma cəhətdən çox zəngin idi Cavidin. Fəlsəfəsi isə ixtisasca filosof olanların görüb-göstərə bildiklərindən daha əngin idi. O, etno-monoqrafların hələ bu gün də metodonomik əl-ətəyini bir yerə yığa bilmədikləri mütərəqqi romantizmin banilərindən idi. Gözəl və dərin lirik, lirik-epik şeirlərin, xeyli dərəcədə qeyri-ənənəvi lirik-epik poemaların, Azərbaycan ədəbiyyatında ilk mənzum pyeslərin, faciə-dramların müəllifidir. Əsrin əvvəllərində “Cavid teatrı” kimi səciyyələndirilən bu müəllif dövrün ümumbəşəri, böyük ictimai-siyasi, mədəni-mənəvi problemlərinə Azərbaycan təfəkkürü prizmasından yanaşma iddiası ilə çıxış edir və səsi çatan məkanlarda həmin problemlərin ustad əks-sədaçısı kimi də qəbul edilirdi.

100 illik yubileyi ərəfəsində cənazəsinin qalıqları Vətənə gətirildi. Naxçıvanda ev-muzeyi yaradıldı. Haqqında “Azərbaycan ədəbiyyatının söz və fikir zadəganı” kimi gözəl deyimlər deyildi. Öz sənət idealına bir misra belə dönük çıxmadı. Əzəldən sevgidən, universal gözəldən yazan şair kimi necə tanınmışdısa, eləcə də getdi bu dünyadan.

Ağayev,Ə. Hüseyn Cavidin ilk əsərlərində əxlaqi-mənəvi dəyərlərin təcəssümü (“Ana” dramı, “Bir qız şeiri” üzrə) /Türk dünyasını işıqlandıranlar: M.Akif Ersoy, Hüseyn Cavid //Beynəlxalq Konfransın materialları (16-18 May, 2013-cü il).-Bakı: Azərbaycan Qafqaz Universiteti, 2013.-2-6 s.

Cavid müraciət etdiyi mövzudan asılı olaraq, gah dünyanı, hadisələri, qanunauyğunluqları aşkarlayan, sözün siqlətini bəyan edən ədib, gah da millət balalarının düzgün təhsili və tərbiyəsinin tərənnümçüsü olan psixoloq, gah dünyada törənən şərlərdən, iblislərdən, şər işlərdən qaçmağı, gah da sərkərdə və peyğəmbərlərdən, sevgisinin şəhidi olan məhəbbətli insanlardan ibrət almağı, öyrənməyi ortaya qoyan müəllim-tərbiyəçi, maarifçidir.

Hüseyn Cavid Əfəndi əgər kiçik yaşlı məktəbliyə müraciət edirdisə, sadə, aydın dillə, bədii ümumiləşdirmə ilə onu mənəviyyat aləmini üzə çıxarır, digərlərinə də necə olmağı göstərirdi. Hüseyn Cavid nəsihətçilikdən, belə ol-göstərişlərindən uzaqdır. O, həyatı, insanı təşrih edir, onu ziddiyyətləri ilə meydana qoyub, nəyi necə öyrənməyi öyrənən insanın öz öhdəsinə buraxır. O, kiçik uşağa aşılanan müəllim tərbiyəsinin verdiyi nəticəni də elə beləcə təqdim edir.

Əzizəliyeva, B. Hüseyn Cavidin “Uçurum” əsərində Şərq və Qərb probleminin əksi/Türk dünyasını işıqlandıranlar: M.Akif Ersoy, Hüseyn Cavid //Beynəlxalq Konfransın materialları (16-18 May, 2013-cü il).-Bakı: Azərbaycan Qafqaz Universiteti, 2013.-47-50 s.

XX əsrin əvvəllərində mütəfəkkir Şərq yazıçılarını düşündürən ən mühüm məsələlərdən biri Şərq və Qərb dünyası arasındakı müxtəlif istiqamətləri ehtiva edən münasibətlər, onların bədii yaradıcılıq və fəlsəfi dünyagörüşündəki ziddiyyətərin həlli ilə bağlı idi. H.Cavidin bir çox əsərlərində sözügedən cəhət aparıcı mövzulardandır. Ədibin ədəbi-fəlsəfi yaradıcılığında mövzunun birbaşa və vasitəli şəkildə əks olunduğu müşahidə olunmaqdadir. H.Cavidin “Uçurum” faciəsi Şərq və Qərb problemini öz dövründə istər Şərq dünyasında, istərsə də Qərb aləmində mövzu seçmiş əsərlər arasında önəmli yer tutur.

Burada bir tərəfdən Şərqin qəhrəman tarixi keçmişini görürüksə, digər istiqamətdən müasir faciəsini öyrənirik. Bəşər mədəniyyətində erkən inkişafı ilə dünyaya örnək olan Şərq ədib üçün müasir olan dövrdə tənəzzülə uğramış və qarşı tərəfin yalnız tərəqqi meyarlarını deyil, H.Cavidin “züppəlik” adlandırdığı qüsurları da əxz etmişdir. Sərq-Qərb probleminin ifadəsində sözügedən cəhət vacib istiqamətlərdən idi ki, H.Cavidin bədii görüşlərində prinsipial məqam kimi meydana çıxırdı.

Əliyeva, R. Şərq intibahı və Hüseyn Cavid //Gənc tədqiqatçıların III Beynəlxalq Konfransının materialları. II kitab.(17-18 aprel, 2015-ci il). -Bakı: Azərbaycan Qafqaz Universiteti.- 2015.- 871-872 s.

Şərq İntibahının tarixi-coğrafi hüdudları və mərhələləri də öyrənilməkdədir. Şərq İntibahının ilkinliyini, intibahın tarixi planda Şərqdən Qərbə doğru hərəkəti faktlarla əsaslandırılır. Bu baxımdan Hüseyn Cavid yaradıcılığı diqqət mərkəzindədir. Uzun illərdir ki, onun əsərləri ədəbiyyatşünaslar tərəfindən işlənərkən Şərq-Qərb konteksti məsələsində nəzərdən qaçmır. Görkəmli dramaturq elə bir yaradıcılıq miras qoyub ki, məzmununda nəinki Şərq-Qərb məsələsi, dünya insanı məsələsi də öz əksini tapa bilir.

Əliyev H. Yaxın keçmişdən uzaq gələcəyə // Mədəniyyət. - 2009. - 10 iyun. - S. 7.

Qüdrətli şair-dramaturq, XX əsr Azərbaycan ədəbiyyatında fəlsəfi romantizmin banisi, ədəbi tariximizdə çox mühüm bir mərhələni təşkil edən Hüseyn Cavidin adı təbii ki, hər bir azərbaycanlı üçün əzizdir. Bu günlərdə ədibin böyüyüb boya-başa çatdığı Naxçıvandakı ev-muzeyinə baş çəkdik. Öz zənginliyi və emosional baxımlığı ilə seçilən eksponatları - nostalji yaradan əşyaları, bəşəriyyətə töhfə olan əsərlərinin əlyazmaları, fotolar və sənədlərlə zəngin mənzildə gələcək nəsillər üçün böyük bir mənəvi xəzinə yatır.

Bu qısa ömürdə Cavid hər kəlməsi bir fəlsəfə olan elə gözəl əsərlər yaratmışdır ki, onlar böyük şairə dahilik, ölməzlik bəxş etmişdir. Cavid yaradıcılığı təkcə Türk dünyasının deyil, bütün bəşərin əbədi parlayan ulduzudur. Xalqımızın ümummilli lideri Heydər Əliyevin dahi şairin irsinə verdiyi yüksək dəyərin təcəssümü olan Hüseyn Cavidin Naxçıvandakı ev-muzeyi 1981-ci ildə yaradılıb. Burada Cavidin həyat və fəaliyyətini əks etdirən müxtəlif fotoşəkillər, “Keçmiş günlər”, “Peyğəmbər”, “İblis”, “Uçurum”, “ Topal Teymur”, “Şeyda”, “Şeyx Sənan”, “Səyavuş” əsərlərinin ilk nəşrləri, üzərində müəllifin avtoqrafı ilə professor Əli Sultanlının bacısı Bətulə xanıma hədiyyə etdiyi “İblis” (1926-cı ildə nəşr olunub) və qardaşı qızı Rəna Rasizadəyə hədiyyə etdiyi “Səyavuş” (1943-cü ildə nəşr olunub) əsərləri qorunur.

Nümunələr arasında şairin müxtəlif teatrlarda tamaşaya qoyulmuş əsərlərinin afişa və proqramları, müxtəlif xatirə əşyaları, məktublar, ədibin qızı Turan Cavid tərəfindən muzeyə hədiyyə edilmiş “Knyaz” əsərinin əlyazması da var.

Hüseyn Cavid və dünya romantizmində Şərq -Qərb təmasları // //Ədəbiyyat qəzeti.-2012.- 16 noyabr.- S.6.
Bütün dünyanı əhatə etmiş qloballaşma-kürəsəllik milli bədii düşüncənin müqavimətini artırmaq zərurətini irəli sürüb.
Həqiqətən dünya romantik ədəbiyyatının bədii incisi olan "Şeyx Sənan" əsəri romantik faciə olmaqla bərabər, eyni zamanda sufizmi səhnəyə gətirən ilk dram əsəridir, müəllif bu əsərlə ilk mənzum tarixi faciənin, poetik teatrın, həm də sufi-mistik teatrın əsasını qoymuşdur... Romantizm nəzəriyyəsi kontekstində cavidşünaslıq elminin müasir nailiyyətlərini ortaya qoyan bu beynəlxalq konfrans xalqlar arasında ədəbi-nəzəri münasibətlərin də maraqlı bir düzəni kimi dəyərləndirilə bilər. Şərq-Qərb təmasları zaman-zaman gündəmə gəlib və bu gün də aktualdır.

Uğur. Hüseyn Cavid dünyası // Xalq Cəbhəsi.- 2011.- 20 oktyabr.- S.14.

Azərbaycan teatr tarixində Cavidin obrazları ilə məktəb keçən və məşhurlaşan aktyorlar nəsli yetişdi. Böyük şəxsiyyətlər kimi tanınan A.Şərifzadə (İblis), K.Ziya (Arif), R.Darablı (Şeyx Sənan), M.Davudova (Xavər) kimi qüdrətli aktyorların ənənələri indi də yaşamaqdadır. Cavid həmişə əsərlərini öz şəxsiyyəti kimi qoruyan, hər misrasında yenilməz şəxsiyyətini yaşadan, Rza Təhmasibin təbirincə desək, insanı heyrətə gətirən bir qürura malik idi. Cavid orijinal, bənzərsiz əsərlər, qürurlu qəhrəmanlar yaradıb...

Son söz

Hüseyn Cavid mütəfəkkir, romantik bir şairdir. Azərbaycan ədəbiyyatının bu böyük siması ümumilikdə Türk ədəbiyyatının fikir və ədəbi mühitini əhatə edən əsərlər yazıb ərsəyə gətirmişdir. O, dini, əxlaqi, ictimai, siyasi mövzuları dərindən, məsuliyyət və ədalət duyğysu ilə qələmə almışdır. Ustad bəşərdə məhz insanlıq hissinin, qəlbin incəliklərinin əsas yer tutmasını vacib saymışdır. Filosof, şair və dramaturq ömrünü yaşayan Cavid əfəndi həyatın coşqun burulğanlarına qurban getmişdir. Mənəvi mədənyyətimizin ayrılmaz bir parçası olan Hüseyn Cavid xalqımızın azadlıq və müstəqilliyini üstün tutmuş, Türk tarixinin yaddaşlardan silinib atılmasına imkan verməmişdir. Onun “Peğəmbər”, “Topal Teymur”, “Uçurum”, “Şeyx Sənan”, “Afət”, “Səyavuş”, “Ana”, “Xəyyam”, “Knyaz” kimi əsərlərində tarix və milli mədəniyyətin birliyi hiss olunmaqdadır. Türk sevdalısı böyük Turan övladı Hüseyn Cavid haqqında son söz demək çox çətindir. Bu yəqin ki, növbəti sözün başlanğıcıdır.

İnanırıq ki, oxucular və kitabxana işçiləri hazırlanan vəsait vasitəsilə böyük mütəfəkkirin ədəbi-bədii yaradıcılığından bəhrələnə biləcəklər.

***********
****************************
************************************
Yüklə 360,09 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin