6.YAZININ ƏMƏLƏGƏLMƏ VƏ FUNKSİYASI Yazılı nitq şifahi nitqdən sonra meydana çıxan dil hadisəsidir. O, müəyyən məqsədlə bağlı, müxtəlif tələbləri ödəmək üçün yaranmış və uzunmüddətli təkmilləşmə, formalaşma yolu keçmişdir. Şifahi nitqdən fərqli olaraq, yazılı nitq, əsasən, ədəbi dil çərçivəsində inkişaf edir. Ona görə də şifahi nitqdə rast gəlinən qeyri-ədəbi dil ünsürləri çox zaman yazılı nitqdə əks olunmur. Azərbaycan yazılı nitqinin tarixini keçmişdən bu günə qədər qalmış qədim yazılı abidələr, tarixi sənədlər, klassik, bədii əsərlərin əlyazmaları və s. yazılı mənbələrdən öyrənmək mümkündür.
YAZILI NİTQİN XÜSUSİYYƏTLƏRİ Şifahi nitqdən fərqli olaraq, yazılı nitqin özünəməxsus bir sıra xüsusiyyətləri vardır:
1. Yazılı nitq yazılır və oxunur.
2. Yazılı nitqdə elmi, texniki, siyasi və digər terminlər çox işlənir.
3. Yazılı nitqdə sadə, geniş və mürəkkəb cümlələrdən daha çox istifadə olunur.
4. Yazılı nitq ədəbi dilin əsasında formalaşıb inkişaf edir.
5. Yazılı nitqdə intonasiya, fasilə, vurğu və s. şifahi nitq ünsürlərini əks etdirən durğu işarələrindən istifadə olunur.
6. Yazılı nitqdə mimika və jestlərdən istifadə olunmadığından fikrin bütün incəliklərini sözlərin müxtəlif məna çalarlıqlarından istifadə etməklə təsvir etmək lazım gəlir.
7. Yazılı nitq hər hansı bir məlumatın, fikir xəzinəsinin nəsildən-nəslə keçməsində əsas rol oynayır. Məsələn, əsrin dahi Azərbaycan şairi N.Gəncəvinin ölməz əsərləri bizə ancaq yazılı nitqin köməyi ilə gəlib çatmışdır.
8. Yazılı nitqin sürəti şifahi nitqə nisbətən çox aşağıdır.
9. Yazılı nitqdə danışıq səslərini özündə əks etdirən hərflərdən istifadə edilir.
7.QRAMMATİKANIN NÖVLƏRİ VƏ FUNKSİYASI Qrammatika —Yunan sözüdür.Dili bütün sahələri ilə ələ alıb, araşdıran elmin adıdır. Ərəb dilində sərf və nəhv olaraq tanınan bu elm, qərb dillərində qrammatika olaraq adlandırılır. Bir dili səslərdən cümlələrə qədər, ehtiva etdiyi bütün komponentləri ilə, geniş bir şəkildə araşdıran elmə qrammatika deyilir. Qrammatika digər bir çox qaydanın əksinə müəyyən bir qrup tərəfindən hazırlanmayıb, o dili istifadə edən insanların zaman keçdikcə lazımlı qaydaları yaratmalarından və ya mövcud olan qaydaları dilin inkişafına dəyişdirmələrindən meydana gəlib.
Qrammatika sözlərin dəyişməsi və onların cümlədə birləşməsi qaydalarının məcmusudur. Qrammatika bizə nitqimizi düzgün qurmaq, fikrimizi səlis və aydın ifadə edə bilmək, sözləri cümlədə necə dəyişdirmək və işlətmək, onları bir-biri ilə necə əlaqələndirmək, hansı ardıcıllıqla düzmək və s. qayda-qanunlarını öyrədir.
Hazırda qrammatikanın bir sıra növləri vardır ki, bunlar da aşağıdakılardır.