Həqiqətin müstəqil axtarışı
Həzrət Bəhaullah istəmir ki, kimsə onun təlimini kor-koranə qəbul etsin. O tələb edir ki, hər kəs bu təlimi diqqətlə nəzərdən keçirib və onun mahiyyətini dərk edib, müstəqil mühakimədən sonra qərar qəbul etsin.
Bu cür müstəqil axtarış tarixdə ilk dəfədir ki, praktiki cəhətdən mümkün olmuşdur. Artıq hansısa insan qrupunun keçmişdə olduğu kimi başqalarına dini şərh etməsinə ehtiyac yoxdur. Bəşəriyyət Həzrət Bəhaullah təliminin həqiqət və ya yalan olmasını sərbəst araşdıracaqdır; bundan ötrü yalnız daha çox insanın oxumağı bacarması lazımdır. Kiminsə təhriki ilə dini kor-koranə qəbul etməklə müqayisədə həqiqətin sərbəst axtarışı insandan daha çox şey tələb edir. Həzrət Bəhaullah izah edir ki, insan irsi inamları və cəhaləti təqlid etməməlidir. İnsan həmçinin özünün son dərəcə haqlı, başqalarının isə səhv olması fikrindən də qəti imtina etməlidir. Həzrət Əbdül-Bəha yazır:
“Düşüncəsi sizin düşüncənizdən fərqli insanlara rast gələndə onlardan üz çevirməyin. Hamı həqiqəti axtarır, ona doğru gedən yollar müxtəlifdir. Mülahizələrdəki fərqlərə, düşüncələrdəki fikir ayrılıqlarına imkan verməyin ki, sizi dostlarınızdan ayırsın və ya mübahisə yaratsın. Onun əvəzində səylə həqiqəti axtarın və bütün insanları öz dostlarınıza çevirin”29.
İnsanlar tərəfindən həqiqətin əsl axtarışı onların birliyinə gətirib çıxaracaqdır. Həzrət Əbdül-Bəha bu haqda deyir:
“Bütün dinlərdə həqiqət birdir və onun vasitəsi ilə bəşəriyyətin birliyi mümkündür. O zaman ki, insanlar həqiqəi axtarmağa başladılar, aşkar edəcəklər ki, birləşmişlər”30.
Dostları ilə paylaş: |