1844-ci il mayın 23-də İranın Şiraz şəhərində Seyid Əli Məhəmməd adlı bir gənc Özünü İmam Mehdi Sahib-əz-zaman elan edərək “Bab” (ərəbcə “qapı” deməkdir) adlandırır. Bildirir ki, Onun əsas məqsədi insanları Müqəddəs Kitabların vəd etdiyi Allahın tezliklə zühur etdirəcəyi Kəsi qəbul etməyə hazırlamaqdır. Bununla belə, Babın ruhani dirçəlişə, xurafatdan, mövhumatdan uzaqlaşmağa, bərabərlik, ədalət, qadınları əsarətdən azad etmək çağırışları bütün Yaxın və Orta Şərqi lərzəyə gətirmiş babilər hərəkatına səbəb olur. Hərəkat səkkiz il sonra çətinliklə yatırılır. Bab edam edilir. On minlərlə insan öldürülür. Hərəkatın fəal üzvi Mirzə Hüseyn Əli – Bəhaullah (ərəbcə “Allahın Nuru” deməkdir) həbsxanaya salınır. Sonra həbsxana İraqa sürgün ilə əvəz olunur. 1863-cü ilin baharında (aprelin 21-dən mayın 2-ə kimi) Bəhaullah Özünü Babın vəd etdiyi İlahi Zühur elan edir. Bəşəriyyətə Allahdan Yeni İlahi təlimin nazil olduğunu bildirir. Bəhaullah Babın ilahi məqamını – Babi və Bəhai dinlərinin Peyğəmbəri və Yeni İlahi Vəhyin (Bəhaullah Əhdinin) Müjdəçisi olduğunu təsdiq edir. Bab Bəhai dininin Yerdə qurmaq istədiyi İlahi Sivilizasiyaya açılan Qapı idi.