Baki 2005 Bəhai Dini: Bakı, 2005. – 160 səh



Yüklə 1,03 Mb.
səhifə9/71
tarix01.01.2022
ölçüsü1,03 Mb.
#105880
1   ...   5   6   7   8   9   10   11   12   ...   71
Həzrət Babın edamı
Həzrət Bab Təbriz şəhərinə gətirilir. Onu şəhərin küçələri ilə gəzdirərkən bir gənc irəli atılaraq, Onun ayaqlarına sarılır və ona Həzrət Bab ilə birgə ölməyə icazə verilməsini yalvara-yalvara xahiş edir. Bu gənc də tutulub ölümə məhkum edilir.

Həzrət Bab bu həyatdakı sonuncu gecəsini xoş əhval-ruhiyyə və sevinc içində keçirir. O bilirdi ki, bütün çətinliklərə baxmayaraq, Onun Missiyası yerinə yetmişdir.

Edam günü Həzrət Bab həbsxanada şagirdinə son sözlərini yazdırarkən onu kobudcasına tələsdirirlər. O, üzünü zabitə tutub deyir: “Mən bu adama bildiklərimi deyib qurtarmayınca dün­yanın heç bir qüvvəsi mənə mane ola bilməz...”. Qəzəblənmiş za­bit isə : “yalnız məndən başqa...” deyib, Həzrət Babı bayıra itələyir.

Həzrət Bab Onun ölüm hökmünə imza atmış üç tanınmış din xadiminin evinə aparılır. Onların heç biri Həzrət Bab ilə gö­rüşə çıxmır. Lazımi sənədlərə qol çəkilir və möhürlə təs­diq­lə­nir. Həzrət Bab və Onun bir ardıcılını Təbrizin küçələrində gəz­dirib meydana gətirirlər. Seyid olduğu ücün müsəlman əsgər­lə­rinin Həzrət Baba güllə atmayacağından ehtiyat edən hökümət mey­dana erməni polkunu gətirdir. Həzrət Bab və şagirdini divara bağlayırlar və erməni polkunun 750 əsgəri atəş açır. Bu zaman bütün dünyanı heyrətə gətirən qəribə hadisə baş verir. Ətrafı bürümüş barıt tüstüsü dağılanda edama toplaşmış insan dənizindən bağırtı qopur; Həzrət Bab qeyb olmuşdu. Ardıcılı isə sağ-salamat idi. Həzrət Babı həbsxanada, əvvəlki yerində, yarımçıq qalmış sözlərini şagirdinə çatdıran vəziyyətdə tapırlar. Həzrət Bab Onu aparmağa gəlmiş adamlara deyir:

Mən sözümü qurtardım, indi niyyətinizi həyata keçirə bilərsiniz...”

Bu hadisədən heyrətlənmiş erməni əsgərləri edamı davam etdirməkdən imtina edirlər. Meydana başqa polkun əsgərləri gətirilir. Bu dəfə Həzrət Bab və şagirdinin bədənini güllələr parça-parça edir. Həzrət Babın edamı 9 iyul 1850-ci ildə baş verir. Həmin gün Təbrizdə güclü qasırğa qalxır, şiddətli külək əsir, toz-duman bütün günü səmanı örtür. Cəsədlər şəhər divar­la­rının bayırına atılır. Lakin babilər həmin gecə cəsədləri gö­tü­rüb etibarlı yerdə gizlədirlər. Cəsədlər 40 il İranın müxtəlif yer­lə­rində gizli saxlandıqdan sonra, məxfi yollarla Fələstinə gə­ti­ri­lərək, Karmil dağının ətəyində dəfn olunur. Zərdüşt Pey­ğəmbərin “Dəsatir-Əzmani” kitabında (təqribən 2500 il əvvəl yazılıb) bu hadisələri xatırladan çox qəribə yazılar vardır. Orada deyilir:

İran ölkəsindəki insanlar şər işlər törədən zaman, ərəblər içindən bir nəfər qiyam edəcək. Və Onun vasitəsilə onlar taxt-tacı, torpaqlarını və dinlərini itirəcəklər və məhv ediləcəklər... Ərəblərin dininin 1000 ilinin tamamında, onun ardıcılları öz dinlərini təriqətlərə parçalamaqla məhv edəcəklər və onu bu şəkildə Yaradana təqdim edəcəklər. O, bunu onlardan qəbul etməyəcək. İranlılar Müdrik insana qulaq asmayacaqlar. O, tək qalacaq və həqiqəti deyəcək. Onlar xəstələnəcək və ağılla düşünmək əvəzinə, əllərində silah Ona qarşı çıxacaqlar. İranlıların törətdiyi ən şər əməl isə Mələklər Rəbbi olan Kəsi öldürməki olacaqdır”.

Həzrət Babın edamı babilər hərəkatını nəinki zəiflətmir, əksinə, ona yeni qüvvə ilə təkan verir. İran Azərbaycanında bu hərəkata Həzrət Babın ən yaxın ardıcılı, Azərbaycanın görkəmli şairə qadını, əslən Qəzvin şəhərindən olan Qürrətül-Eyn başçı­lıq edirdi. O, Həzrət Baba iman gətirmiş ilk 18 nəfərdən biri idi. Qürrətül-Eyn xanım Həzrət Babın gətirdiyi yeni İlahi təlimin qaydalarına uyğun olaraq, İslam şərqində çadrasını atmış ilk müsəlman qadın idi. Bu hadisə 1848-ci ildə 81 nəfərin iştirak etdiyi babilərin Bədəşt Konfransında baş verir. Elə buradaca Həzrət Bəhaullah Qürrətül-Eyni Tahirə (mənası “Pak” demək­dir) adlandırır. Konfransda Tahirə xanım dostları qarşısında çad­ra­sını ataraq üzü açıq halda dindaşlarına bəyan edir ki, Yeni dövrün gəlişi ilə köhnə qanunlar ləğv edilmişdir. Lakin hamı belə bir dəyişikliyə hazır deyildi, buna görə də bəziləri bu hərəkəti hiddət ilə qarşılayır. Həzrət Bəhaullahın işə qarışması nəticəsində tərəflər arasında sülh əldə edilir. Sonralar mö­minlərin bir qismi Həzrət Baba müraciət edərək Tahirə xanımın bu hərəkətinə öz narazılıqlarını bildirmişdilər. Həzrət Bab demişdi: “Mən onun haqqında nə deyə bilərəm, onu Qüdrətin və Nurun Dili Tahirə adlandırmışdır.” Hərəkat yatırılarkən Ta­hirə xanım xüsusi qəddarlıqla qətlə yetirilmişdi.

Zəncanda 1850-ci il üsyanı zamanı üsyançılar arasında Zey­nəb adlı çox gənc azərbaycanlı qız da olmuşdur. Tarix elm­ləri doktoru, professor Zülfəli İbrahimov bu qəhrəman qız haq­qında yazmışdır: “Son dərəcə şücaətli olduğuna görə zəncanlılar bu qıza “Şahnamə”nin qəhrəmanı Rüstəmin adını vermişdi. Xalq ona Rüstəmə deyirdi”. Başqa tədqiqatçı, tarix elmləri doktoru, professor Sabir Gəncəli yazır: “Şah qoşunları dəfələrlə hücüm edib Rüstəmənin müdafiə etdiyi istehkamı tutmağa cəhd göstər­miş­dilərsə də buna müvəffəq ola bilməmişdilər. Rüstəmə döyüşdə deyil, yatdığı yerdə cəsus əliylə öldürülmüşdü”.

İllər keçəcək və təqribən 70 il sonra sovet hakimiyyəti dövründə çadranı atmaq və qadın azadlığı Azərbaycanda kütləvi hərəkata çevriləcək. Sonralar bu hərəkat İslam Şərqinin bir sıra ölkələrinə yayılacaqdır. Bakı meydanlarının birində ucaldılmış çadrasını atan “Azad qadın” heykəli Azərbaycan bəhailəri üçün Tahirə və Zeynəbin daşa həkk olunmuş arzuları idi.

Həmin vaxtlarda babilik hərəkatı Şimali Azərbaycanda da öz ardıcıllarını tapırdı. Həzrət Bab öz Missiyasını elan etdiyi vaxt Onun ardıcıllarından biri Molla Sadiq Vənəndli Ordubadın Vənənd kəndinin və ətraf kəndlərin adamlarını öz ətrafına toplayaraq bu təlimi onlara çatdırır. Qısa vaxt ərzində bütün Naxçıvan və Zəngəzur mahalında on min nəfərə qədər Onun tərəfdarı yaranır. Rus hökuməti general Behbudovu beş min nəfərlik ordu ilə Molla Sadiq Vənəndliyə qarşı göndərir. O zaman artıq hakimiyyətdən salınmış Naxçıvan xanı və onun naibi Şeyxəli bəy də bu təlimin tərəfdarlarından idilər.

Həzrət Babın edamından iki il sonra ümidsizlik və kədərdən düşüncələri tutqunlaşmış ardıcılları olan iki gənc şaha sui-qəsd edirlər. Onların istifadə etdiyi silah primitiv olduğu üçün şah yalnız yüngülcə yaralanır. Bu sui-qəsd babilərə qarşı növbəti təqib dalğasına təkan verir. Hakim dairələr sadə xalqı ölkəni babilərdən təmizləməyə yönəlmiş qisasçılıq hərəkətləri­nə təhrik edirlər. Dəhşətli və amansız kütləvi talanlar zamanı min­lərlə kişi, qadın və uşaq qətlə yetirilir. Həmin günlər kü­çə­lərdə qanlı səhnələrin, qətl və vəhşiliklərin təsadüfi şahidi olma­maqdan ötrü İranda bir çoxları, o cümlədən xaricilər evdən ba­yıra çıxmamağı üstün tuturdular. O zaman ən görkəmli babilərdən biri, sonralar Bəhaullah adı ilə tanınmış şəxs də zin­dana atılır.





Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin