Belə sistemdə Dünya Paytaxtı bütün aləmi ruhlandıran və bəşəriyyətin bütün xeyirxah qüvvələrini birləşdirən mərkəz olacaqdır.
Dünya sisteminə mənsub olan beynəlxalq dil ya yenidən tərtib edilməli, ya da mövcud dillərin içərisindən seçilməlidir. Və bu dil sistemə daxil olan bütün federativ millətlərin məktəblərində onların ana dilləri ilə yanaşı tədris olunmalıdır. Beynəlxalq yazı, ədəbiyyat, vahid beynəlxalq pul sistemi, vahid çəki və ölçü sistem İ– bütün bunlar dünyanın bütün xalqlarının və irqlərinin qarşılıqlı münasibətlərini və qarşılıqlı ünsiyyətini asanlaşdırmalı və sadələşdirməlidir.
Belə bir Dünya Birliyində bəşəriyyətin iki ən nəhəng qüvvəsi olan din və elm sülhə gələcək və qarşılıqlı yardım şəraitində ahəngdar surətdə inkişaf edəcəklər. Belə bir sistemdə fəaliyyət azadlığından tamamilə istifadə edən kütləvi informasiya vasitələri insanların düşüncə və dünyagörüşlərini bütünlüklə əks etdirməyə başlayacaqdır, belə ki, o, müxtəlif şəxsi məqsədləri və ya qrupların mənafelərini müdafiə etmək vəzifəsindən qurtaracaq, dövlətlərin və xalqların hər cür təsirindən azad olacaqdır. Dünyanın iqtisadi ehtiyatları düzgün hesablanacaq, xammal mənbələrindən tam istifadə olunacaq, onun bazarları düşüncəli surətdə əlaqələndiriləcək, dünyanın sərvətləri isə ədalətlə bölüşdürüləcəkdir.
Beynəlxalq rəqabətə və hər cür digər zərərli fitnə-fəsadlara son qoyulacaqdır. İrqi xurafatları və nifrəti xalqlar arasındakı dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq əvəzləyəcəkdir. Dini çəkişmələri törədən səbəblər birdəfəlik aradan qaldırılacaq, iqtisadi sədlər və məhdudiyyətlərin, xüsusi sinfi fərqlərin kökü birdəfəlik kəsiləcəkdir.
Bir tərəfdən olduqca ağır ehtiyac içində yaşamaq və digər tərəfdən həddindən artıq sərvətlərin yığılması və təmərküzləşməsi aradan qaldırılacaqdır. İndi müxtəlif iqtisadi və siyasi müharibələrə sərf olunan nəhəng enerjilər insanların etdikləri kəşflərin və onların texniki nailiyyətlərinin tez bir zamanda tətbiq edilməsinə yönəldiləcəkdir. Bu həm əmək məhsuldarlığının artırılması, xəstəlikləri törədən səbəblərin aradan qaldırılması, elmi ixtiraların genişləndirilməsi, fiziki sağlamlıq səviyyəsinin yüksəldilməsi, düşünmə vasitələrinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi sahələrindəki, həm də tam istifadə olunmamış yeraltı yataqların və sərvətlərin emal edilməsi, insan ömrünün uzadılması və bütün bəşəriyyətin əxlaqi, intellektual və mənəvi həyatını möhkəmləndirən digər təşəbbüslərin stimullaşdırılması sahəsindəki məsələlərə toxunacaqdır.
Bütün dünyaya rəhbərlik edən, sarsılmaz nüfuza malik olan, ixtiyarında zəngin sərvətlər və geniş imkanlar olan Dünya Federasiya Sistemi; müharibə fəlakətlərindən və onun acı nəticələrindən qurtarmaq haqqında həm Şərqin, həm də Qərbin baxışlarının və mənafelərinin ifadəçisi olan Dünya Federasiya Sistemi; yeraltı sərvətlərdən və mədənlərdən maksimum istifadə olunmasına çalışan sistem; zorakılığı cilovlayan və onu ədalətə tabe edən sistem; Allahın Təkliyini hər yerdə şüurlara təlqin etməklə şərtlənən və vahid dünya Vəhyinə loyal münasibət göstərməyi hamıya aşılayan sistem – indi ümumi, həyati maraqlar əsasında birləşmiş bəşəriyyətin nail olmağa çalışdığı son məqsədi bax budur.
Bəşəriyyətin indi yaxınlaşdığı ideal – bütün xalqların birliyidir. Ailənin, tayfaların, ölkələrin və millətlərin formalaşması mərhələləri insan sivilizasiyası tarixində sınaqdan çıxmış və uğurla başa çatmış mərhələdir. Bütün dünyanın birliyini həyata keçirmək bütün bəşəriyyətin arzuladığı məqsəd və onun yekun mərhələsidir.
Millətlərin formalaşması dövrü qurtarmışdır. Dövlət suverenliyinin xüsusiyyəti olan anarxiya özünün ən yüksək nöqtəsinə can atır. Dünya öz kamilliyinə nail olan kimi xurafatlardan imtina etməli, bütün bəşəriyyətin birliyini və onun qarşılıqlı əlaqələrinin bütövlüyünü dərk etməli və birdəfəlik olaraq elə təşkilati idarəetmə aparatı yaratmalıdır ki, bu həyati və müqəddəs problemi öz mövcudluğu tarixində ən yaxşı tərzdə həyata keçirə bilsin”.