Bəhai fondları
Bəhai dininin dünyada sürətlə yayılması və bütün qitələrdə füsünkar İbadət Evlərinin tikilməsi, Bəhai dininin bir çox yerli və milli mərkəzləri üçün evlərin alınması, yüzlərcə yerli və milli fondların, həmçinin bəhai məktəblərinin, təhsil və başqa müəssisələrin yaradılması ilə bağlı çox vaxt təbii sual ortaya çıxır: Bu vəsaitlər necə əldə edilir?
Bəhai fondlarında yalnız bəhailər iştirak edə bilərlər. Əgər maliyyə mötəbər və tanınmış mənbədən deyilsə, bu vasitə ilə təlimin yayılması ilə bağlı hansısa tədbir görmək, icma üçün mülkiyyət əldə etmək, ümumiyyətlə, hər hansı bir işlə məşğul olmaq yolverilməzdir. Fonda yardım hər bir bəhainin müqəddəs borcudur. İanənin miqdarı, verilmə vaxtı, forması, təyinatı (ümumi istifadə və ya konkret məqsədlər üçün) – bütün bunlar hər möminin öz ixtiyarındadır. İanələr Yerli, Milli, Qitə və Beynəlxalq fondlara, ətrafdakılara bildirilmədən, hətta əksər hallarda gizli şəkildə verilir.
Əgər qeyri–bəhai Bəhai fondlarına ianə vermək istəyirsə, ona anladılır ki, bu cür mənbədən olan vəsaitlər Bəhai dininin məqsədlərindən ötrü istifadə edilə bilməz. Bəhai fondları ilə bağlı Şövqi Əfəndi yazır:
“Mən sizə bir əsas müddəanı xatırlatmaq məcburiyyəti duyuram: Fonda edilən bütün ianələr son dərəcə könüllü olmalıdır. Hər bir kəsi aydın şəkildə başa salmaq lazımdır ki, hər hansı bir şəkildə olan məcburiyyət, hətta zəif və dolayısı ilə olsa da belə, başlanğıcdan Fondun yaradılmasının əsasını qoyan prinsipə ziddir”65...
“Mən təkidlə onlara məsləhət görmüşəm ki, daim və qəlbən əsas və həyati təsisatlar olan Milli Fonda və Milli Ruhani Məhfilə yardım göstərsinlər. Onların hamısına aydın başa salınmalıdır ki, bu təsisatlara müntəzəm olaraq ianə verilməsi gələcək nailiyyətlərin təməl daşı və bütün gələcək xeyir-duaların axacağı bir mənbədir”66.
Dostları ilə paylaş: |