Bəhai İbadət Evləri
Gələcəkdə Bəhai İbadət Evləri hər şəhərdə və hər kənddə tikiləcəkdir. Lakin bu gün onlar “hər qitəyə və ya adalar qrupuna bir məbəd” prinsipi ilə ucaldılır. Hazırda dünyanın müxtəlif yerlərində gələcək tikintilər üçün xeyli torpaq sahələri alınmışdır. Bəhailərin azlıq təşkil etdiyi ölkələrdə vəsaitin dinin yayılmasına və inkişaf etməkdə olan ölkələrdə isə az savadlı və yoxsul möminlərə yardım üçün sərf edilməsi daha çox məqsədəuyğun hesab olunur. Ona görə də füsünkar məbədlərin tikintisi Bəhai Dininin on milyonlarla insanı əhatə edəcəyi yaxın gələcəyə saxlanmışdır. Artıq tikilmiş İbadət Evləri isə Allaha etiqadın yeni prinsiplərini nümayiş etdirir.
Bəhai İbadət Evi doqquz qapısı və bir günbəzi olan mərkəzi binadan ibarətdir. Onun qapıları dinindən, irqindən və millətindən asılı olmayaraq hamının üzünə açıqdır. İbadət Evinin daxilində dualar, musiqisiz, yalnız səslə ifa edilir. Burada müxtəlif Dinlərin Yazılarından parçalar da oxuna bilər, lakin inzibati fəaliyyət binadan kənarda aparılır.
Vaxt ötdükcə İbadət Evlərinin ətrafında əlavə binalar, məsələn, bəhai məktəbləri, xəstəxana, uşaq evləri tikilir. Başqa sözlə, İbadət Evi bəhailərin fikrincə, icmanın təkcə ruhani deyil, sosial ehtiyaclarına, təhsil-tərbiyə və humanitar tələblərinə xidmət edir. Bəhai İbadət Evlərinin adı ərəb dilində “Məşriq-ül-Əzkar” kimi səslənir, mənası “Allah mədhinin işıqlandığı yer” deməkdir.
Hazırda Bəhai İbadət Evləri dünyanın yeddi ölkəsində ucaldılmışdır: Uilmett (ABŞ), Kampala (Uqanda), Frankfurt- na-Mayne (AFR), Sidney (Avstraliya), Panama-Siti (Panama), Yeni Dehli (Hindistan) və Apia (Qərbi Samoa).
Uilmett İbadət Evi bir köməkçi müəssisəyə - ahıllar evinə malikdir; Uilmett, Kampala və Frankfurtda, həmin ölkələrin Milli Ruhani Məhfilləri yerləşmişdir.
Dostları ilə paylaş: |