Əmrin insanlara çatdırılması
Bəhai dinində peşəkar ruhanilər yoxdur. Hər bəhai – öz dininin müəllimidir. Hər bir bəhai təlimi yaymağı özünə borc və ona verilmiş imtiyaz hesab etməlidir. Bəhai Dininin müəllimi Allaha inamında möhkəm olmalı, dinin qoyduğu qaydalara uyğun şəkildə yaşamağa cəhd etməlidir. Həzrət Bəhaullah buyurur ki, Dinin təqdim edilməsinin ən yaxşı yolu – Bəhai təlimi əsasında şəxsi həyat qurmaq və başqa insanlara nümunə olmaqdır. Əgər söz söyləmək lazımdırsa, kəlmələr çox böyük hikmətlə seçilməlidir. Əmri bütün insanlara çatdırmaq bəhailərin müqəddəs borcudur. Əgər kimsə qulaq asmaq istəmirsə, ruhdan düşməməli, o kəs üçün dua etməli və onu Allahın ixtiyarına buraxmalıdır.
Bəşəriyyət bütövlükdə Allah Kəlamını ona kömək edəcək bir qüvvə kimi rədd etmişdir və bu səbəbdən insanlar öz yaxınları ilə harmoniyada yaşamaq qabiliyyətlərini itirmişlər. Ona görə də bizlərdən hər birimiz edə biləcəyi ən şərəfli iş – Allah Kəlamını insanların şüuruna yenidən çatdırmaqdır. Beləliklə, bəhailərin həyatda vəzifəsi çox sadədir: Həzrət Bəhaullahın göstərişlərini insanlara çatdırmaq. Bütün insanlar müstəqil mühakiməetmə qabliyyətinə malik olduğu üçün bu Əmrin vacibliyini qiymətləndirmək onlara çətin olmayacaqdır. Bəhai dini hamı üçündür, o azaddır və məhdudiyyətlərə bağlı deyildir. Onun haqqında öyrənmək imkanından heç kim məhrum olmamalıdır.
Bəhai Dini haqqında eşitmiş konkret fərdin necə hərəkət edəcəyi Onun özündən asılıdır; bu məsələdə azacıq da olsa təzyiq və məcburiyyət yolverilməzdir. Lakin təbii sual ortaya çıxır: Əgər Allah Kəlamının insanlara çatdırılması son dərəcə vacib işdirsə və Bəhai dinində bundan ötrü peşəkar ruhanilər yoxdursa, əgər heç kimə dini təbliğatdan ötrü pul ödənilmirsə, onda bu din planlaşdırmaya və təşkilata söykənmədən dünyanın ən ucqar guşələrinə necə yayılır? Bu belə deyildir: Bəhai Dininin Yazılarında dinin yayılmasının dünya üzrə proqramının layihəsi, həmçinin inkişaf etdikcə yerdə İlahi Səltənətin özülünün yaranmasını təmin edəcək inzibati sistemin planı vardır. Bütün bəhailərin iştirak etdiyi məhz bu inzibati quruluşda, yerli, milli, beynəlxalq səviyyələrdə həyata keçiriləcək bu idarəetmə sistemində onların həyatının ən vacib cəhəti reallaşır. Bu inzibati sistem Bəşəriyyətin din tarixində nadir hadisə olduğu üçün hazırki kitabda ona bir qədər çox diqqət verilmişdir. Qeyd etmək vacibdir ki, icmaların idarəedilməsi və inzibati formalar çox vaxt ruhaniyətdən uzaq siyasi anlayışlar hesab olunurlar. Bəhai dinində onlar dinin və müqəddəs Yazıların vacib tərkib hissəsi olub, daha qabarıq ruhani elementlərdən- namaz, oruc, həyatın dini normalarından və s. ayrılmazdır. Əslində sadalanan cəhətlər bilavasitə inzibati fəaliyyətə aiddir. Bəhai inzibati orqanlarının birində iştirak isə möminə dərin ruhani məmnunluq gətirən ruhani təcrübə verir.
Ailə
Xoşbəxt və möhkəm ailələr – harmonik və sabit cəmiyyətin təməl daşıdır. Bəhai dinində rahib nigahsızlığı qadağandır, ailə qurmaq məcburi olmasa da, tədqirəlayiq hesab olunur. Bəhai dinində nigah yüksək mənəvi mövqedə durur və ona Allah göstərişinin icrası kimi baxılır. Həzrət Bəhaullah buyurur:
“Hər dəfə O, insanlara firavanlıq və mərhəmət göstərmək istəyəndə, O, onlara qanunlar açdı; onlar arasında O, nigah qanununu müəyyənləşdirdi. Onu xoşbəxtlik və nicat qalası etdi”81.
Nigah kişi və qadının ruhani və fiziki mövcudluğu üçün ən əlverişli şəraitdir. Yalnız nigah münasibətlərində onlar öz insani potensiallarını optimal şəkildə inkişaf etdirə bilir, ruhən böyüyür və başqalarından ötrü özünü qurban etmək imkanı əldə edirlər.
Nigahda ilkin məqsəd uşaqların tərbiyəsidir:
“İzdivac edin, ey insanlar, ta ki, siz bəndələrimin arasında Məni zikr edənlər zahir olsun. Bu Mənim əmrlərimdən biridir sizə, onu özünüzə köməkçi tutun”82.
Valideyn borcu – kişi və qadının birinci və əsas borcudur. Ona görə də nigahın məhz bu cəhəti Allahın insan üçün təyin etdiyinin icrası ilə daha sıx bağlıdır. Allah göstərişlərinin uşaqlara öyrətməyin ən yaxşı yolu – şəxsi nümunədir və bu məqsəd valideyn olan bəhailərə yaxşı bəllidir. Allahın məhəbbətinin insanlar arasında məhəbbətin həqiqi mənbəyi olduğunu dərk edən nigahda olan tərəflər bir-birlərinə qarşı sevgini Allaha olan sevgidə axtarırlar. Nigahdakı xoşbəxtlik bundan asılıdır. Həzrət Əbdül-Bəha yazır:
“Öz üzünü Allaha tərəf çevirmədən və Onun gözəlliyinə cəlb olunmadan həqiqi məhəbbət mümkün deyildir”83.
Ruhu Allaha bağlayan əsas keyfiyyətlər – sədaqət və vəfa ailədə məhəbbət tellərinin özülü olmalıdır. Bu keyfiyyətlərin ən dəyərli ifadəsi – ismətlilikdır. Şövqi Əfəndi yazır:
“Cinslər arasında münasibətlər problemi məsələsində Bəhai konsepsiyası ondan ibarətdir ki, həm kişilər, həm də qadınlar tərəfindən ismətlilik ciddi şəkildə gözlənilməlidir, bununla belə bu təkcə onun yüksək əxlaqi səbəbindən deyil, həm də ona görədir ki, bu nigahda xoşbəxt və zəngin həyatın yeganə yoludur. Ona görə də Bəhai Dinində nigahdan kənar cinslərin istənilən qarşılıqlı münasibətlərinə icazə verilmir; bu qaydanı pozan kəs Allah qarşısında nəinki məsuliyyət daşıyır, həm də cəmiyyət tərəfindən ədalətli cəzaya layiqdir.
Bəhai Dini seksual impulsun əhəmiyyətini qəbul edir, lakin onun qeyri-qanuni və yersiz təzahürləri olan azad məhəbbət, qrup nigahı və buna oxşar formaları pisləyir, belə ki, onların hamısı insan və onun yaşadığı cəmiyyət üçün potensial təhlükə mənbəyidir. Cinsi instinktdən düzgün istifadə – hər bir insanın təbii hüququdur və məhz bu məqsəddən ötrü nigah təsisatı müəyyən edilmişdir. Bəhailər cinsi instinktin susdurulmasına inanmırlar, lakin onun tənzimlənməsinə və istiqamətlən-dirilməsinə inanırlar” 84.
Nigah – xeyirxah ailənin əsasıdır; öz növbəsində yaxşı ailələr – sabit sivilizasiyanın əsasıdır. Həzrət Əbdül-Bəha yazır:
“Bil ki, nigahın olması tələbi əbədidir. O, heç vaxt ləğv edilməyəcək, dəyişdirilməyəcəkdir. O – İlahi yaradılışdır... bu İlahi yaradılışın kiçicik də olsa dəyişdirilməsinə və ya düzəlişinə imkan yoxdur”85.
Nigahda düzlük və sədaqətin olması çox əhəmiyyətlidir. Çünki nigahdan kənar hər cür cinsi əlaqə qadağandır və bəhailərə gənc ikən nigaha girmək təklif edilir. Bəhailərdə boşanma mümkün olsa da kəskin şəkildə pislənilir. Yalnız bütün barışıq cəhdləri uğursus olduğu zaman boşanmaya yol verilir.
Valideynlərə öz övladlarına nigah təşkil etmək qadağandır. Bəhai ömür yoldaşını özü tapmalıdır. Lakin özünün tapdığı halda belə valideynlərinin razılığının olması vacibdir. Hər iki tərəfdən ata və ananın (əgər onlar sağdırsa) razılığı olmasa nigah baş tuta bilməz. Əgər hər iki ailə gələcək nigahla bağlı yekdil razılığa gəliblərsə, bu onun uğurlu olması üçün böyük imkanlar yaradır.
Bəhai ömür yoldaşını istənilən dini, milli və ya irqi mühitdən seçə bilər. Madam ki, bütün bəşəriyyət bir xalq hesab olunur, milli və mədəni mənsubiyyətlərinə görə çox fərqlənən insanlar arasında qarışıq nigahların olması son dərəcə adi hal olmalıdır. Bu cür nigahlar ailəni cəmiyətin daha geniş dairələri ilə birləşdirir və bununla da bəşəriyyətin birliyinə kömək etmiş olur.
Bəhailərdə çoxarvadlılıq qadağandır. Əgər şəxs poliqam nigahda ikən (çoxarvadlı) Bəhai Dinini qəbul edirsə, o, bütün arvadlarına eyni dərəcədə qayğı göstərməkdə davam etməlidir. Lakin növbəti nigah ona icasə verilmir. Nigahın bağlanma qaydaları çox sadədir. Kişi və qadın şahidlərin qarşısında aşağıdakı sözləri təkrar edirlər: “Biz hamımız Allah xatirinə razıyıq”. Evlənənlərin arzusu ilə nigahın bağlanma prosesinə musiqi, dualar və bədii proqram da əlavə edilə bilər.
Əgər ölkə qanunları Bəhai nigahlarını tanımırsa, evlənənlər həmin gün vətəndaş nigahı da bağlamalıdırlar. Əgər nigahdakı tərəflərdən yalnız biri bəhaidirsə və onun iştirakı başqa dinin formal qəbuluna gətirib çıxarmırsa, o, digər tərəfin dini nigah mərasimində iştirak edə bilər. Bəzi ölkələrdə Bəhai icmalarında bağlanmış nigahlar dövlət tərəfindən rəsmən qəbul edilir (məsələn, 1978-ci ildən Şotlandiyada olduğu kimi).
Bəhai ailəsində bütün ailə üzvlərinin hüquqlarına hörmətlə yanaşılmalı və onun birliyi bütövlükdə qorunmalıdır. Uşaqlar valideyn, valideynlər isə uşaqlar qarşısında müəyyən öhdəliklərə malikdirlər. Məsələn, valideynin əsas vəzifəsi – uşaqlara Allahı və başqa insanları sevməyi öyrətməkdir. Həzrət Bəhaullah öyrədir ki, uşaqların təhsil alması məsuliyyəti də valideynlərin üzərinə düşür. Əgər bu qayğını dövlət öz üzərinə götürmürsə və valideynlərin isə buna imkanı yoxdursa, belə ailəyə dostlar və icma birlikdə kömək etməlidirlər.
Dostları ilə paylaş: |