Baki şƏHƏr məDƏNİYYƏt və turizm baş İdarəSİ yasamal rayon məRKƏZLƏŞDİRİLMİŞ Kİtabxana sistemi



Yüklə 2,68 Mb.
səhifə6/6
tarix22.03.2020
ölçüsü2,68 Mb.
#102339
1   2   3   4   5   6

İntiqam Valehoğlu

“Məşhur tələbə yoldaşım”: “Həsənağa Turabovu oğlunun xiffəti öldürdü” - Mərhum xalq artistinin dostu

Modern.az saytının “Məşhur tələbə yoldaşım” rubrikası bu dəfə Azərbaycan teatr və kino tarixində iz qoymuş sənətkar Həsənağa Turabov haqqındadır. “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Qızıl qaz”, “Qatır Məmməd”, “Dərviş Parisi partladır”, “Ürək... Ürək...”, “Dantenin yubileyi”, “Babək”, “İstintaq”, “Mən mahnı qoşuram”, “Qızıl uçurum”, “Anlamaq istəyirəm”, “Gümüşgöl əfsanəsi”, “Qoca palıdın nağılı”, “Qanlı zəmi”, “Bəyin oğurlanması”, “Qəm pəncərəsi”, “Gecə qatarında qətl”, “Təhminə”, “Nə gözəldir bu dünya...” və s. filmlərdə yaddaqalan obrazlar yaratmış aktyor barədə onun tələbə yoldaşı, dostu, aktyor, kinorejissor, ssenarist Əbdül Mahmudov xatirələrini bölüşür.

“Aktyor olmaq üçün gedib o institutda vaxt itirmək lazım deyil”

“Həsənağa Turabov Bakıda Zərgərpalan məhəlləsində doğulub, boya-başa çatıb və orta məktəbi də orada qurtarıb. Orta məktəbi qurtarandan sonra Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsinə, böyük professor Mehdi Məmmədovun sinfinə daxil olub. Biz Turabovla o teatr mühitində çox yaxınlıq, dostluq etmişik. O məndən 5-6 yaş böyük idi. Onlar institutu qurtaran ili biz qəbul olunmuşuq. O dövr üçün bu teatr, kino mühiti çox dar çərçivədə olan bir məkan idi. İstər teatra, istərsə də instituta kim ayağını qapıdan içəri qoyurdusa, 5-10 gündən sonra hamı bir-biriylə qaynayıb qarışırdı. Çünki oranın qəribə ab-havası var idi. Biz də Həsənağa Turabovla o cür bir-birimizi tanıyırdıq.

Həsənağa Turabov tələbəlik illərində orta səviyyəli bir tələbə olub. O, özü də həmişə danışırdı. Deyirdi, “mən hiss edirdim ki, aktyor olmaq üçün heç gedib o institutda vaxt itirmək lazım deyil”. Çünki Həsən Turabov orada oxuya-oxuya Akademik Milli Dram Teatrında ikinci, üçüncü dərəcəli rollar oynayırdı. Əsas vaxtını teatrdakı işinə sərf etdiyi üçün institutda göz qabağında olan tələbələrdən olmayıb. Bu adam artıq teatrın içində idi, o bilirdi teatr mühiti nədir, aktyor sənəti nədir. Çünki o vaxt teatrda çalışan Mövsüm Sənani, Ələsgər Ələkbərov, İsmayıl Osmanlı, İsmayıl Dağıstanlı, Ağaddaş Qurbanov, Hökümə Qurbanova, Leyla Bədirbəyli canlı məktəb idilər. İnsititut heç kəsə istedad vermir, böyük artist etmir, sadəcə savad, diplom verir və imkan yaradır. Sonra hər şey insanın özündən asılıdır.

Bizim rejissor sənətində klassik romantik teatr məktəbi Adil İsgəndərovla başlamışdı. Sonra ikinci mərhələdə həmin bu teatrın müasir realistik teatr məktəbi Tofiq Kazımovla başlamışdı və Həsənağa Turabov da Tofiq Kazımovun ən istəkli aktyorlarından idi. O, bütün repertuarını demək olar ki, Həsənağa Turabovun üstündə qururdu. Realistik teatrımızda realistik aktyor məktəbinin banilərindən biri və birincisi Həsənağa Turabov idi. Hətta klassik əsərlərdə də onun üçün o pafos yad idi. Turabov heç vaxt təbiilikdən, realistik oyun məktəbindən kənara çıxmırdı. Və böyük Tofiq Kazımovun müəllimliyi altında Həsənağa Turabovun gətirdiyi realistik aktyor məktəbinin sonradan davamçıları yetişdi. Bu gün də bir neçə aktyor məktəbi, realistik ifa məktəbi yetişdi ki, onun da başında bütün məsuliyyətimlə deyirəm ki, Həsənağa Turabov dururdu”.

“O vaxt kinostudiyada azərbaycanlılar yox dərəcəsində idi”



“Həsənağa Turabovla yaxın dostluğumuz kinostudiyadan başladı. Biz 1966-cı ildə Mirzağa Əliyev adına Teatr İnstitutunu, dahi sənətkarımız Adil İsgəndərovun sinfini qurtardıq. Bu o vaxta təsadüf etdi ki, Adil İsgəndərov Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına baş direktor təyin olundu. Adil müəllimin də arzusu, bütün milli-mənəvi, vətənpərvərlik ruhlu milli kinomuzu yaratmaq idi. O, milli romantik teatr məktəbinin nəhəng və əvəzolunmaz banilərindən idi. Adil müəllim həmin ab-havanı kinostudiyaya gətirirdi. Təbii ki, bundan ötrü kinostudiyaya müasir ruhlu, dili, mənəviyyatı, əxlaqı, adət-ənənəni, mədəniyyətimizi, tariximizi bilən təpədən dırnağa kimi azərbaycanlı uşaqlar lazım idi. Bu da o vaxt kinostudiyada yox dərəcəsində idi. Olan 3-4 nəfər də qaynayıb qarışmışdı, hamı rus dilində danışırdı, rusbaşlı olmuşdu, kinostudiyanın bütün işləri demək olar ki, birmənalı şəkildə rus dilində idi və onu idarə edənlər də yəhudilər, ermənilər, rus mənşəli, qarışıq olan şəxslərdi. Hətta o vaxt baş rolların böyük əksəriyyətinə onları çəkirdilər. Ssenarist, operator, aktyor kimi dəvət olunurdular. Adil müəllimin gəlişi ilə bu işlərə çox amansızcasına “dur!” deyildi. O, çox böyük işlər gördü. Amma çox təəssüflər olsun ki, özü də elə həmin işlərin qurbanı oldu. Çünki o vaxt Sovet hökuməti, Sovet ideologiyası idi. Və təbii ki, bu nəhəng Sovet kino ideologiyası içində balaca bir müsəlman ölkəsi, türk ölkəsi nə idi ki, burada bir Adil İsgəndərov at oynatsın, meydan sulasın. Sözsüz ki, ermənilər, yəhudilər, rus mənşəli adamlar, südü bizdən, qanı onlardan olanlar bu işin başında durdular. 10 illik mübarizədən sonra nəhayət ki, Adil müəllimin o gözəl başlatdığı iş özünün işdən çıxarılması ilə nəticələnsə də, artıq həm aktyor, rejissor, ssenarist, operator, rəssamlıq məktəbi, həm də texniki personajlar baxımından oturuşmuş bir məktəb qoymuşdu. Yəni kinoya lazım olan bütün sənət növlərindən bizim çox dəyərli, çox məşhur kadrlar yetişmişdi. Rəssamlıq sahəsində Kamil Nəcəfzadə, Elbəy Rzaquliyev, Fikrət Bağırov, operatorluqda Rasim İsmayılov, Toğrul Nərimanbəyov, ssenaristlikdə Yusif Səmədoğlu, İsi Məlikzadə, Fərman Kərimzadə, Eyvaz Borçalı, Ramiz Rövşən, rejissor məktəbində Kamil Rüstəmbəyov, Arif Babayev, o cümlədən içində milli ruhu olan Tofiq Tağızadə, Hüseyn Seyidzadə, Həsən Seyidbəyli, Kamil Mahmudbəyov kimi adamlar artıq çox aktiv şəkildə öz milli kinomuzu milli kadrlarımızla işləməyə başladılar. Bunun nəticəsi olaraq o vaxt “Axırıncı aşırım”, “Dəli Kür”, “Yeddi oğul istərəm”, “Bizim Cəbiş müəllim” kimi filmlər yarandı. Burada Həsənağa Turabov, Həsən Məmmədov, Şahmar Ələkbərov, Səməndər Rzayev, Rasim Balayev, Əliabbas Qədirov, Həmidə Ömərova kimi aktyorlar rol aldı. O böyük bir mərhələ, məktəb idi. Ümumiyyətlə, XIX əsrin axırı XX əsrin əvvəlindən Azərbaycanın bütün sahələrində başlayan intibah dövrü bizim qızıl bir dövrümüz idi. Və çox təəssüflər olsun ki, bu gün onu itirmişik. Biz bunu etiraf etməliyik. Hərçənd mən deyirəm, bəzi adamların xoşuna gəlmir. Deyirəm, biz yaxşıdan niyə narahatıq ki, gəlin pisimiz haqqında düşünək, onları yoluna qoyaq.

Azərbaycan kinosunun tarixində ilk dəfə olaraq Teatr İnstitutunu qurtarıb rəsmi dövlət təyinatı ilə və sözsüz ki, Adil müəllimin diqqəti, qayğısı ilə, biz 5 nəfər (Xamis Muradov, Elxan Qasımov, Fikrət Əliyev, Tofiq Məmmədov və mən) milli kadrların hazırlanması məqsədi ilə kinostudiyaya gəldik. O vaxt bizə “qızıl beşlik” deyirdilər. Və kinostudiyada bizə düşmən olan kənar millətlər adımızı “xunveybin”, yəni mədəni inqilabçılar qoymuşdular. O vaxt da bu söz çox pis hallanırdı. Mao Tsedunun vaxtında Çində yaranan belə bir qrup vardı. Bu vaxt artıq Oqtay Mirqasımov, Eldar Quliyev kimi gənc rejissorlarımız fəaliyyətə başlamışdı. Artıq göstəriş belə idi ki, ssenari Moskvada təsdiq olunub gəlibsə, ora mütləq bir Azərbaycanlı müəllif əlavə olunmalı idi, yəni təmiz müəlliflikdən başqa orada bir azərbaycanlı soyadı olmalı idi (bu Adil müəllimin istəyi idi). Ssenari hazır olandan sonra mütləq filmi azərbaycanlı rejissor çəkməli idi və şərt də belə idi ki, baş rollarda azərbaycanlılar oynamalı idi. İstisna hal kimi baş rol rus, ingilis, fransız və s. rolu idi. Adil müəllim dedi ki, “ondan ötəri bizim Rus Dram Teatrımız, Gənc Tamaşaçılar Teatrımızın rus bölməsi var”. Orada işləyən başqa millət olsa da, milli kadr idi. O vaxt dəvət edirdik, çəkilirdilər. Və bu dönəmdə Həsənağa Turabovun sözsüz ki, kinoda artıq yeri var idi. Hansı bir filmdə mən ikinci rejissor kimi, ya assent kimi işləyirdimsə, birinci növbədə Şahmar Ələkbərovu, Həsənağa Turabovu, Həsən Məmmədovu axtarıb tapıb dəvət edirdik, Adil müəllim də baxıb bəyənirdi və çəkilirdilər.

Bizim Həsənağa Turabovla kinoda başlayan böyük dostluğumuz sonra ailəvi dostluğa keçdi. O mənim bütün elçiliyimə, toyuma ağsaqqallıq etdi. Onun balalarının da xeyir işinin hamısını mən etdim. Eyni zamanda ikimiz bir yerdə bir neçə filmlər işlədik: “Qaçaq Nəbi”, “Gecə qatarında qətl” və s.

Həsənağa Turabov çox xarakterik aktyor idi. Həm də onda çox qəribə bir yumor var idi. Komediya aləminə yatımlı adam idi, o ciddiyyatın üstündə onda çox gözəl yumor da var idi. Turabovun ən çox sevdiyim rollarından biri “Dantenin yubileyi” filmində yaratdığı Kəbirlinski obrazı idi (“Dantenin yubileyi” filmində az istedadlı lakin sənətə qəlbən bağlı olan qocaman teatr aktyorundan bəhs edilir). Bütün ruhu, həyatı ilə bizim teatr, kino sənətində fanatik aktyorlar var. Yəni bunlar fanatikdirlər, heç böyük bir iş görməsələr də, 50, 100 il teatr, kino ilə nəfəs alıblar və elə də ölüb gediblər. O sənətə, teatra, aktyorluğa xəyanət etməyiblər. Yüzlərlər belə adamlar var, onlardan onunun adını mən çəkə bilərəm ki, bütün peşəkar kino, teatr mühiti məhz həmin insanları çox istəyirdik və onlara xüsusi diqqət, qayğı göstərirdik. Həsənağa Turabov sonradan özü çox dəyərli, layiqli bir dövlət adamı oldu, rəhbər vəzifələrdə işlədi, bu işlərə rəhbərlik etdi deyə, o fanatik adamların qədrini, qiymətini çox yaxşı bilirdi. Həmişə ondan danışanda kövrəlirdi. Yadımıza Daş Məcid, Əli dayı, Ağbaş Kazım və s. düşürdü. Həsənağa Turabov Kəbirlinski obrazı ilə elə bil ki, bunların hamısının ümumiləşdirilmiş obrazını yaratmışdı. Çünki o insanları, o psixologiyanı daxildən bilir, tanıyırdı”.

“Həsənağa Turabov oğlunun xiffətini çəkirdi”

“Həsənağa Turabov şəxsiyyətini qoruyan adam idi. Onun yanında özümüzü çox rahat hiss edirdik. 40-70-cı illərdə göz qabağında olan müğənnilər, aktrisalar xalq arasında çox ciddi qəbul olunmurdu. Buna qismən də olsa imkan verənlər oldu. Çünki aktyorlar çox sərbəst idilər, ailə onlar üçün bir o qədər maraqlı deyildi. Onlar üçün ən əsası yaradıcılıq, kino, daha rahat həyat idi. Üzr istəyirəm, axı bir az zəncirlər qırılanda, adam azad olanda əvvəl bilmir neyləsin. Bax, elə bir mərhələdə mən sizə bütün səmimiyyətimlə, məsuliyyətimlə deyirəm ki, Azərbaycanın teatr və kino mədəniyyəti aləmində barmaqla sayılası 4-5 nəfər kişi vardı ki, bunlar həm gözəl aktyor, gözəl sənətkar, həm də çox böyük şəxsiyyət və ailə başçıları idi. Onların biri və birincisi Həsənağa Turabov, Şahmar Ələkbərov, Həsən Məmmədov, Rasim Balayevidi. Həsən Turabov - biz ona əsasən “Həsən” deyirdik - bu sahədə də böyük göstəricilərə malik, artıq oturuşmuş, formalaşmış, qonaq qabağına yüksək səviyyədə çıxarılmağa layiq olan bir sənətkar idi.

Əvvəla, Turabov çox qayğıkeş, diqqətli, özünə çox böyük hörmət edən, şəxsiyyətini qoruyan bir adam idi. Biz onunla rayonlara, başqa respublikalara çəkilişlərə gedəndə, ali məktəblərə, təsərrüfatlara, böyük idarə və təşkilatlara görüşlərə gedəndə, hara gedirdiksə, Turabov orada ağsaqqal, aparıcı idi. Hamımız onun yanında özümüzü çox rahat hiss edirdik. Bilirdik ki, Həsənağa Turabov olan yerdə artıq bizə ikinci dərəcəli və pis mənada artist kimi, bizlə görüşlərə, çəkilişlərə gedən qızlara pis gözlə baxmaq mümkün olan şey deyildi. Həsənağa Turabov həddindən artıq ağır təbiətli bir kişi idi. Çox qəribə idi ki, cavan yaşından belə idi. Bu adam 25-30 yaşında elə bil ki, bir ağsaqqal idi. Həqiqətən xarakteri elə idi. Eyni zamanda həddindən artıq səxavətli, əliaçıq adam idi. Kinostudiyanın öz mühiti var. Orada gün ərzində çəkiliş arası, çəkilişdən sonra, gözəl uğur qazanandan sonra gedib yeyib-içirdik. Kinostudiyanın yaxaınlığında bufetlər var idi, və yaxud imkanımız çox olanda şəhərə düşüb daha böyük restoranlarda yeyib- içirdik. O vaxt insanlarda çox böyük pul yox idi. İndiki kimi gen-bol yeməkxana, kafe, restoranlar da yox idi. Təkəm-seyrək idi. Uşaqlar 3-5 nəfər yığılırdıq, bir də görürdün, kimsə deyir ki, “bağışlayın, mənim imkanım yoxdur, gedə bilmirəm”. Turabov o saat: “xeyir ola, nədir ki? Qələt eləmə. Sənin hesabın məndə. Gəl, otur maşına, gedək”. Bax, belə qəribə diqqətcil, qayğıkeş insan idi.

Həsənağa Turabovun iki oğul, bir qız övladı var idi. Onun böyük oğlu Daşqın polisdə işləyirdi. Onu qətlə yetirmişdilər. Turabovun xəstələnməsinin səbəbi bu idi. Oğlunun çox böyük xiffətini çəkirdi. Özü də çox istəyirdi, böyük oğlu idi. İkinci oğlu Yalçın maşallah, hazırda durur, polis sistemində, pasport (şəxsiyyət vəsiqəsi) qeydiyyatı sahəsində işləyir. Qızı Sevinc də bizim gözəl bir müəlliməmizdir. Yoldaşı ingilis dili müəlliməsi Solmaz xanım da balalarının, nəvələrinin üstündədir”.



Ölümü ayaq üstündə qarşılayan Həsənağa Turabov – İradə İsaq yazır 



Oğlunun faciəli ölümünə dözə bilməyən böyük sənətkar ömrünün son anında “Daşqın!” deyə keçinib

İnsan həyatın mənasını anlamağa başlayanda həyat qurtarır” deyirlər. Azərbaycanın ən məşhur aktyorlarından biri, Xalq artisti, "Şöhrət" ordeni laureatı Həsənağa Turabov da artıq ömrünün müdrik çağına çatmışdı. 67 yaş əslində böyük rəqəm deyil, amma o, dolu bir ömür yaşamışdı. Tamaşaçı məhəbbəti, filmlərdəki və tamaşalardakı baş rollar, Milli Dram Teatrdakı 14 illik hakimiyyəti və heç nə onu təbindən çıxara bilməmişdi.

Şəxsiyyətində də bir ağayanalıq vardı Həsənağa Turabovun. Buna görə dostları ona sadəcə “Ağa” deyə müraciət edirdilər. Əslində isə onun adı heç Həsənağa deyil, Həsəndir. “Ağa”nı tay-tuşları böyük hörmət mənasında əlavə etmişdilər.

O, komik rolları da, dramatik rolları da eyni ustalıq və təkrarsızlıqla oynayardı. Məsələn, “Yeddi oğul istərəm” filmindəki Gəray bəy obrazı. Bu məşhur filmə 1970-ci ildə çəkiləndə Həsən Turabovun 32 yaşı vardı. Cavan idi, amma bu çətin rolun öhdəsindən uğurla gəlmişdi. Azsaylı aktyorlardan idi ki, teatrda da kinodakı kimi uğurla çıxış edirdi.

Yaxın dostu kinorejissor Eldar Quliyev deyir ki, Həsənağanı özbək, qırğız, qazaxfilm çox dəvət edirdi. Amma getmirdi. Yəqin o daha çox tanınardı: “Onu bütün filmlərimdə, hətta epizodda da olsa oynadardım. Məsələn, “Gümüş göl əfsanəsi”. Ssenarini gətirirdim ki, bax özün seç, hansını xoşlasan səni çəkəcəyəm. O qədər böyük aktyor idi ki! Daha çox komediyada oynamağı arzulayırdı. Heç qəbul etməzdi ki, mən dramatik aktyoram. “Bəyin oğurlanması”na öz arzusu ilə çəkilib və əla da obraz canlandırıb. “Nə gözəldir bu dünya” filmində kiçik müstəntiq rolunu seçdi. Dedi artıq əvvəlki Həsənağaya deyiləm. Yaşlanmışam və xəstəyəm, bu obraz balaca da olsa, 2 günə çəkiləcəyəm. Razılaşdım. Amma bilirsiniz, o aktyor idi və sənətkar idi, bütün xəstəliyini unutdu, bircə günə çəkilişi bitirdi”.

Turabov o qədər nəhəng aktyor idi ki, ona ağır dramatik rol olan Gəray bəyi də, fağır Kəbirlinskini də, qoçaq Qaçaq Nəbini də, filosof Mirzə Cəlili də və özündən razı rejissorun komik rolunu oynamaq da, ümumiyyətlə hər dəfə yeni obraz, yeni şəxsiyyət yaratmaq çətin deyildi. Hər bir rolda tamaşaçını inandırmaq, Turabov olsa da, bu rolda daha fərqli bir personaj olduğunu göstərmək, usta aktyor işini görmək, bununla bərabər öz çəkisini saxlamaq hər insanın işi deyildi.

Bir aktyor kimi o, öz sənətinin zirvəsinə çıxmışdı. Amma onun taleyində aktyorluqdan başqa, direktor olmaq da vardı. Onu bu vəzifəyə layiq görsələr də, əslində, çoxlarının həsəd apardığı bu ağır, məsuliyyətli rəhbər iş onun sağlamlığını geri saldı.

Rejissor Mərahim Fərzəlibəyov deyir ki, Qorbaçov yenidənqurma sistemində hər şeyi dəyişdi. Artıq rəhbəri kollektiv özü seçirdi. Teatrda da direktor vəzifəsinə 2 namizəd vardı. Həsənağa Turabov və Məlik Dadaşov. Kollektiv Turabovu seçdi: “Düşünürəm ki, bu onun yaradıcılığına dəyən zərbə idi. İnzibati iş onun vaxtı və səhhətini əlindən alırdı. Şəfiqə xanım, Amaliya xanım, Fuad Poladov onu qəbul etmədi deyə başqa teatrlara getdilər”.



Eldar Quliyev: – Yaxşı ki, o teatra gəldi, o an o gəlməsə idi teatr dağıla bilərdi. Çünki aktyor aləmində Həsənağanın böyük nüfuzu vardı. O qoymadı teatrı dağılmağa. Kinoda çəkilirdi, amma teatrın aşiqi idi. «Öz ərizəsi” ilə teatrdan, işdən azad olunması ona yer eləsə də, o, özünü tox tutdu. Turabov bu zərbəni uddu. Həzm edə bilməsə də. Vaxtilə belə münasibət milli teatr və kino sənətimizin inkişafında misilsiz xidməti olan Adil İsgəndərovdan və 10-larla aktyordan yan keçməmişdi. Növbə artıq Turabova çatmışdı. Özü də deyirdi ki, aktyor kimi teatrdan uzaqlaşmaq onun üçün çox çətin idi. O etiraf edirdi ki, “mənə heç kim get deməyib. Özüm inciyib ərizəmi yazıb getmişəm.

Tanrı Həsənağa Turabova hər şey vermişdi: gözəl ailə, Daşqın, Yalçın və Sevinc adlı 3 övlad. Qızı Sevinc Turabova Fuad Poladovun baş rolda oynadığı “Hamlet” tamaşasına atası ilə birgə getdiyini xatırlayır: “Atamla anam bir məktəbdə oxuyub, o vaxtdan bir-birilərini sevib, 26 yaşında evləniblər. Anamı verməyiblər əvvəl ona ki, artistdir. Anam qısqanc deyildi, qısqanc mən idim. Qadınların ona salam verməyinə dözə bilmirdim. Atamı dəhşət sevmişəm”.

Məşhur aktyorun şəxsi həyatında da hər şey yaxşı gedirdi, ta 1997-ci ilin mart ayınadək. 59 yaşının girəcəyində dəhşətli xəbər dolu zəng onun həyatını məhv etdi. Atası ilə birgə “Mənim ailəm, mənim uşaqlarım” filminə çəkilmiş Daşqın Turabov öldürülmüşdü. Sevinc Turabova bu hadisəni belə xatırlayır: “Daşqın 8 Mart günü anamla məni təbrik edib dedi ki, Siyəzənə gedir. Narkomaniyaya qarşı Mübarizə İdarəsinin həmin rayonda rəisi idi. Polis kapitanı idi. Dedi ki, martın 17-də mənim ad günümə gələcək. Atamın ad günü isə aprelin 4-ü idi. Martın 10-da səhərə yaxın zəng elədilər ki, Daşqını güllə ilə vurublar, tez Siyəzənə həkim göndərin. Bu səksəkə indi də bizdə qalıb, saat 4-də səksənib oyanırıq. Atam dostlarına zəng vurmaq istəyəndə dedilər ki, keçinib. Biz səhəri ümidlə gözləyirdik ki, məlumat səhv olsun. Əmimgil səhəri atamı getməyə qoymadılar, halı pis idi. İş başında narkomanı tutmağa gedəndə güllə ilə vurmuşdu, o adama 15 il verdilər. O gündən atam sanki yox oldu, kimsə ona təsəlli verə bilməzdi. Daşqının ölümü bizi dayandırdı. Atam ağlaya da bilmirdi, ürək xəstəsi oldu, İranda ürəyində şuntlama əməliyyatı apardılar. Bizdən gizli qəbir üstünə gedirdi. Nitqi yox idi, gözləri ilə danışırdı. Elə ağır dərd idi ki!”.

Mərahim Fərzəlibəyov: –Mən Turabovun son günlərini susmuş xatırlayıram. O donmuşdu, sanki daşa dönmüşdü. Oğlunun faciəli şəkildə ölümü sındırdı onu. Ürəyində gəzdirə bilmədi dərdi, ürək dözmədi.

Bir tərəfdən alan Allah digər tərəfdən pay verir. Yaradan Həsənağanın yaralı ürəyini ovutmaq üçün elə həmin 1997-ci ildə ona təsəlli göndərdi.

Sevinc Turabova: –Atama Allah mənim oğlumu hədiyyə göndərdi. Oğlumun soyadını Turabov, adını Daşqın qoyduq. O, yer üzündə nə istəsəydi atam ona alırdı. O, nə edirdi onun xoşuna gəlirdi.

Eldar Quliyev: –Kimi görürdü cibindən çıxarıb nəvəsinin rəsmlərini göstərirdi ki, o, böyük rəssam olacaq.

Turabovu görəndə, ömrünün son illərini yaşayan bu böyük sənətkarın çuxura düşmüş gözlərinə baxanda Ramiz Rövşənin “Dünyayla barışmaq ona boyun əymək deyil, onu bağışlamaqdır” fikri yadıma düşürdü. Əslində dərdlinin təbəssümü bizə göz yaşından çox əzab verir. Xüsusən bu insan bir zamanlar olduqca yaraşıqlı, kadrlarda, gözümüz önündə yaşlanan böyük sənətkardırsa, bu əzab ikiqat olur. Ən böyük bədbəxtlik ona dözə bilməməkdir. Artıq sınmış ürəyə heç nə kömək edə bilməzdi. Onun ürəyi tamamilə tutulmuşdu. Müalicə üçün isə pul lazımdır. Əqidəsinə, ağalığına xələl gəlməsin deyə ürəyində aparılan əməliyyata pul tapmaqdan ötrü o, heç kimə, nə dövlətə, nə dostlarına ağız açmadı. Sakitcə elə ağayana şəkildə ozünəməxsus olan bağını satdı.

Dostu Maqbet Bünyadov: - İrandakı əməliyyat çox təhlükəli idi. Özü dilindən kağız yazıb əməliyyata girdi. Qardaşı Aydın, mən, özü və səfirimiz Abbas müəllim o kağıza qol çəkdik. Uşaqlarını getməyə qoymamışdı. 16 gün qaldıq orada. Əməliyyat çətin keçdi, 8 saat çəkmişdi. Burada işbaz adamlar onu aldatmışdı, 6000 dollar almışdılar, amma əməliyyat 3400 manata başa gəldi. Məndən çox xahiş eləmişdi ki, bu barədə heç kimə heç nə deməyim. Rasim Ocaqov, Eldəniz Zeynalov ona baş çəkməyə gəldi. Ürəyi 4 yerdən tutulmuşdu - 70 faiz. Amma əməliyyat uğurlu alındı, bu əməliyyatdan sonra 4 il yaşadı. İçməyi ona qəti şəkildə qadağan etmişdilər, amma o, tərgitmədi. Depressiyada olanda içirdi. Yalandan deyirdi ki, çaxıra icazə veriblər, 100 qramla heç nə olmaz. Siqareti azaltmışdı, amma çəkirdi. Özünü sındırmazdı.

Hindlilərdə belə bir məşhur məsəl var. Deyirlər ki, sən dünyaya gələndə hər kəs sevinirdi, təkcə sən ağlayırdın. Həyatını elə yaşa ki, sən həyatdan köçəndə hər kəs ağlasın, qəmlənsin. Sən isə üzündə təbəssüm, rahatlıqla həyatdan gedə biləsən. Bu qəbildən olan insanların siyahısında Həsən Turabov da var. Ölüm onun nurlu simasına sonuna qədər ümidsizlik və kədər cizgiləri hopdura bilmədi. O, bütün filmlərində ayaq üstündə dayanaraq dünyasını dəyişib. Həyatda da belə oldu. O, elə ağayana şəkildə də dimdik, ayaq üstündə ölümü

Maqbet Bünyadov: –Onun nəbzini tez-tez ölçürdüm. Axırıncı dəfə dedi ki, lazım deyil.

Sevinc Turabova: - Fevralın 23-də məndən hədiyyə gözləyirdi. Ayın 22-də dedim ki, sabah açılsın, gedib hədiyyə alacağam. Oturmuşdu kresloda. Anamı çağırdı ki, ölsəm məni Fəxri Xiyabanda yox, Daşqının yanında dəfn etsinlər. Qalxdı ayağa, Daşqın deyə çağırdı. Elə bildik oğlumu çağırır. Divara söykənmişdi, ayaq üstündə idi. Oğlum yanına qaçdı ki, “nədi baba?”. Sonra babasının tərpənmədiyini görüb qışqırdı. Yaxınlaşdım ki, ayaq üstə divara söykənmiş vəziyyətdə keçinib. Amma üzündə təbəssüm vardı. Hələ də anlamıram ki, atam o məqamda oğlum Daşqını çağırdı, yoxsa öz oğlu Daşqını?!

 

https://az.wikipedia.org/wiki/H%C9%99s%C9%99na%C4%9Fa_Turabov



http://hafta.az/index2.php?m=yazi&id=150790
Yüklə 2,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin