56
Hökumət Ödəniş Portalı
Son illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən elektron
ödəniş sistemlərinin yaradılması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən
ardıcıl və davamlı islahatların nəticəsində ən müasir texnologiya və proqram
təminatlarına əsaslanan arxitekturaya malik olan Milli Ödəniş Sistemi (MÖS)
infrastrukturu yaradılmışdır. Yaradılmış infrastrukturun əsas komponenti olan Real
Vaxt Rejimində Banklararası Milli Hesablaşmalar Sistemi (AZIPS) 16 fevral 2001-ci
il tarixində, Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) isə 2002-ci
ilin sonlarında istifadəyə verilmişdir. Bu sistemlərin istismara verilməsi nəticəsində
banklar arasında hesablaşmaların real rejimdə aparılmasına, pul dövriyyəsinin
sürətinin nəzərəçarpacaq dərəcədə artmasına, eyni zamanda, kiçik həcmli və
təkrarlanan xırda ödənişlərin elektron daşıyıcılar əsasında həyata keçirilməsinə,
kommunal xidməti müəssisə və təşkilatlarının, böyük sayda xırda ödəniş
əməliyyatları aparan hökumət qurumlarının MÖS infrastrukturuna inteqrasiyası üçün
əlverişli zəmin yaradılmışdır.
Dostları ilə paylaş: