1701.Vermə xazara məni,
Çəkər bazara məni.
Yada kəniz verincə,
Salla məzara məni.
***
Y
1702.Yeri, pis günüm yeri,
Duman, çiskinim yeri.
Yaxşı günlər keçirdim,
Bu da pis günüm yeri.
***
1703.Yaralı bir qoçam mən,
Qovan yoxdu, qaçam mən.
Sinəm bir qəm dəftəri,
Oxuyan yox, açam mən.
***
1704.Yükü yığdım düzünə,
Pərdə çəkdim üzünə.
Tanrı mənə pay verdi,
Yenə verdim özünə.
***
1705.Yemişli, barlı bağlar,
Yar gəlib yaram bağlar.
Bu dərd məni öldürsə,
Mən yatan torpaq ağlar.
***
1706.Yaz gəldi bahar oldu,
Yaz məndən kənar oldu.
Pis günə qalan canım,
Beş ilin tamam oldu.
***
1707.Yeddi qızın yanar ağlar,
Gücünü sınar ağlar.
Dönər göy göyərçinə,
Məzara qonar ağlar.
***
1708.Yaşıl qolbağım yaşıl,
Mən açıram dolaşır.
Eşikdə yar səsi var,
Evdə dilim dolaşır.
***
1709.Yar deməz söz yarına,
Dəyməsin göz yarına.
Sağalar xəstə könül,
Yetəndə öz yarına.
***
1710.Yaz günündə qar olmaz,
Söyüd qalxar, bar olmaz.
İki dilli gözəldə,
Əhdə etibar olmaz.
***
1711.Yağış yağar Şirvana,
Gün doğar hər bir yana.
O deyilmi yar gəlir?
Şam kimi yana-yana.
***
1712.Yolum düşdü Xalxala,
Sən də gəl, ay Xalxala.
Can verdim, dost qazandım,
Qoyarammı xalx ala?
***
1713.Yox, Aşiq, səndə qalsın,
Səndədir, səndə qalsın.
Can məndə qərar tutmaz,
Göndərim, səndə qalsın.
***
1714.Yox, Aşiqi dərd əydi,
Dərman əydi, dərd əydi.
Dərmana gedən canım,
Gəl, xəstəni dərd əydi.
***
1715.Yox Aşiq kimsəsizə,
Rəhm eylə kimsəsizə.
Nə göydə mələk bənzər,
Nə yerdə kimsə sizə.
***
1716.Yox, Aşiq, sarı gül,
Sarı çiçək, Sarı gül.
Ellərə gülən dostum,
Bir də bizə sarı gül.
***
1717.Yol düşdü İtibelə,
Sən də gəl iti belə.
Gəl demisən aşiqə,
Getmişdi itib elə.
***
1718.Yox Aşiq, necə sayım,
Əməyim necə sayım?
Yarsız keçən günləri,
Ömrümə necə sayım?
***
1719.Yağış yağar üstümə,
Xəbər apar dostuma.
Əyər mənim dostumsa,
Çadır çəksin üstümə.
***
1720.Yar köynəyi bizdədi,
Düymələri düzdədi.
Getdim yarı görməyə,
Dedilər Tiflisdədi.
***
1721.Yol ilən gələn varmı?
Oynayıb gülən varmı?
İtirmişəm dostumu,
Yerini bilən varmı?
***
1722.Yol uzunu gedirəm,
Bilmirəm nə edirəm.
Ay qız, sənin dərdindən,
Baş götürüb gedirəm.
***
1723.Yazı yaza bilmirəm,
Qara poza bilmirəm.
Vətən orda, mən burda,
Ayrı dözə bilmirəm.
***
***
1724.Yanaşı beş otaqlar,
İçində qızıl taxtlar.
Bir-bir yadıma düşür,
O gəlib keçən vaxtlar.
***
1725.Yatmış idim oyandım,
Dərdi qəmə boyandım.
Dağ olsaydım ərirdim,
Torpaq idim dayandım.
***
1726.Yerişin qaza bənzər,
Boyun Şahbaza bənzər.
Qayıt üzünü görüm,
Qaş-gözü yaza bənzər.
***
1727.Yağış yağar səs eylər,
Qar yağar həvəs eylər.
Sizin bağın bülbülü,
Özgə bağda səs eylər.
***
1728.Yetiməm, atam yoxdur,
Qəribəm, butam yoxdur.
Düşdüm qəm dəryasına,
Əlimdən tutan yoxdur.
***
1729.Yarım, mənə qar göndər,
Əsirgəmə, var göndər.
Toxunmamış dəsmalda,
Qış görməmiş qar göndər.
***
1730.Yastığım daşım oldu,
Sızlayan başım oldu.
Mənə təsəlli verən,
Öz göz yaşım oldu.
***
1731.Yaralıyam yüz yerdən,
Əlli yerdən, yüz yerdən.
Sənsiz yaram sağalmaz,
Təbib gəlsə yüz yerdən.
***
1732.Yar deməz söz yarına,
Dəyməsin göz yarına.
Sağalar xəstə könül,
Yetəndə öz yarına.
***
1733.Yaşın gəlsin yaşa düz,
Sancağını qoşa düz.
Yardan ayrı düşənin,
Ağlı gəlməz başa düz.
***
1734.Yolları dərədəndi,
Gümüşdən sinəbəndi.
Baxıram yar görünmür,
Dağılsın belə kəndi.
***
***
1735.Yar geyinib tamam al,
Tamam yaşıl, tamam al.
Bu yarımçıq canımı,
Rəhmin yoxsa, tamam al.
***
1736.Yaralıyam, yatmaram,
Dərdi batman-batmanam.
Yar göndərən bu dərdi,
Heç bir dərdə qatmaram.
***
1737.Yanan çıraq olaydım,
Yoldan iraq olaydım.
Yarım suya gələndə,
Sərin bulaq olaydım.
***
1738.Yol üstündə var pinar,
Yanında qalxıb çinar.
Bizim bu müşkül işi,
Düzəltsin pərvərdigar.
***
1739.Yar başa xara bağlar,
Şal bağlar, xara bağlar.
Bir gün səni görməsəm,
Ürəyim yara bağlar.
***
1740.Yar bağçada baş bağlar,
Zülfün yuyar, yaş bağlar.
Gah gülər, gah danışar,
Gah bağrına daş bağlar.
***
1741.Yan yana durduğum yar,
Çadırın qurduğum yar.
Gözəllikdə tayın yox,
Qurbanı olduğum yar.
***
1742.Yağış yağdı yay oldu,
Göydə ulduz say oldu.
Cəfa çəkdim, yar sevdim,
Mənə qalan “vay” oldu.
***
1743.Yarım dərddən ağladı,
Sular kimi çağladı.
İstədim bir söz deyəm,
Dilim-ağzım bağladı.
***
1744.Yar bağçada ağladı,
Ürəyimi dağladı.
Axıtdığı göz yaşı,
Əl-qolumu bağladı.
***
1745.Yarım dua yolladı,
Saldı suya yolladı.
Özü gələ bilmədi,
Salam-dua yolladı.
***
***
1746.Yolun dağlı, qayalı,
Hər işdən oldum halı.
Nə dağdan qar əksilər,
Nə məndən yar xəyalı.
***
1747.Yağı gəldi yanıma,
Susamışdı qanıma.
Döndüm qürbət ellərdən,
Qüvvət gəldi canıma.
***
1748.Yaxşı dostdan yad olmaz,
Yad ürəyi şad olmaz.
Düşmən yüz nemət versə,
Heç birində dad olmaz.
***
1749.Yad gəldi süzdü məni,
Saplara düzdü məni.
Ağ günə həsrət qoydu,
Qara gün üzdü məni.
***
1750.Yol gedər, asta gedər,
Dolanar dosta gedər.
Viran qalsın yad ölkə,
Sağ gələn, xəstə gedər.
***
1751.Yol qırağın kəsərəm,
Yarpaq kimi əsərəm.
Əgər sən bizə gəlsən,
Canım qurban kəsərəm.
***
1752.Yerin nə yaman yaşdı,
Həmdəmin torpaq, daşdı.
Sən gedənnən, ay ana,
Elə bil evim boşdu.
***
1753.Yarın yastığı dağlar,
Mehin əsdiyi dağlar.
Mənə göz dərmanıdır,
Ayaq basdığın dağlar.
***
1754.Yaşım üzümdən gedər,
Axar gözümdən gedər.
Yadıma sən düşəndə,
Ağlım özümdən gedər.
***
1755.Yoruldum ağlamaqdan,
Arxa su bağlamaqdan.
Bağda xəzəl qalmadı,
Yarama bağlamaqdan.
***
1756.Yox, aşiq, Gəncə gülü,
Dərməyə Gəncə gülü.
Ağız su, dodaq qaymaq,
Yanaqların Gəncə gülü.
M Ü N D Ə R İ C A T
Bayatı xəzinəsinin ləl daşlarına bir baxış.............03
Bayatılar
A............................................................................50
B............................................................................93
D...........................................................................132
E............................................................................151
Ə............................................................................166
F............................................................................259
G............................................................................260
H............................................................................279
X............................................................................280
İ.............................................................................281
K............................................................................283
Q............................................................................284
M............................................................................298
O............................................................................351
P.............................................................................354
S..............................................................................356
V.............................................................................365
Y.............................................................................366
Toplayanı və tərtib edəni:
Sədnik Paşa Pirsultanlı
Filologiya elmləri doktoru, professor
AZƏRBAYCAN
AĞIZ ƏDƏBİYYATINDA
BAYATILAR
Korrektor: Nəzakət Arifqızı
Operator və dizayner: İlhamə Novruzova
Yığılmağa verilmişdir: 15.09.2012.
Çapa imzalanmışdır: 05.11.2012.
Qiyməti müqavilə yolu ilə
Tiraj: 100
Dostları ilə paylaş: |