Bəkir Çobanzadə seçİLMİŞ ŞEİRLƏRİ baki-2011 t ürksoy kitabxanası seriyası: 20



Yüklə 0,87 Mb.
səhifə7/45
tarix10.01.2022
ölçüsü0,87 Mb.
#108120
1   2   3   4   5   6   7   8   9   10   ...   45
GƏLİRLƏR
Kiçik bir çobandım mən on yaşımda,

Dəyəmi qurmuşdum dağın başında.


Hava saf, göy aydın, məltəm sürünür,

Dağ, qaya, hamısı aydın görünür.


Uzaqdan bir atın ayaq səsini,

Qırdan axan çayın zümzüməsini,


Mən yerə uzanıb hey dinləyərdim,

İtlərlə, qoçlarda mahnı deyərdim.


Bu gün göy buludlu, külək də artdı,

Yel məni yayladan şəhərə atdı.


Bulağın suyundan içə bilmirəm,

Atları uzaqdan seçə bilmirəm.


Kaş çıxam təpənin uca yerinə,

Orda vaqif olam ərən sirrinə.


Görəm ki, atlılar atın belində,

Keçərlər qırları qaplan ilində.


Atları yəhərsiz, atları oynaq,

Gur saçdan dayanmır başlarda papaq.


Sarışın qızlarla halay qurmuşlar,

Əsmər gözəllərlə bəhsə durmuşlar.


Gözəllər tülbəndsiz, üzləri açıq,

Onlarda eyb yox, saçırlar işıq.

Xırmanlar üstündən atlar atlayır,

Dördnala çapırlar, atlar çatlayır.


Göz atəş, ürək saf, nur kimi, təmiz,

Hamı eyni boyda, elə bil ekiz.


Tarixə, kölgəyə kişnəyir atlar,

Nalından qığılcım çiləyir atlar.


Bu gün gələcəklər, yoxsa ki yarın,

Yolda işləri var bəlkə onların?


Onlar gələnədək atın belində,

Mən ölüb gedərəm dovşan ilində.


Onları izlədim gün batanadək,

Onları gözlədim dan atanadək.


Gördüm o qızları, görmədən sevdim,

Onları gözləyib ölmədən sevdim.


Dostlar, məni gömün yolun altına,

Harda ki, su verir igid atına.


Qoy qəbrim üstündə dursunlar bir az,

Dövrəmdə atları yorsunlar bir az.


Gəlirlər, marşları qulağa dəyir,

Qələm bunu yazır, qəlbim gözləyir.


Ağməscid, 22 dekabr 1922.

GƏLƏCƏK
Uşaq ikən gəlincikli qırlarda,

Qoyunları düzə yayıb yatardım.

Qulağımı yerə qoyub dinləsəm,

Çöldən neçə atlı keçir, tapardım.


Bəzən təmiz bulaqların səsindən

Bilərdim ki, necə böyüyür çiçək,

Hava durğun olsa çöldə, bayırda,

Bilərdim yer altda əsir bir külək.


Boy atan yamyaşıl otlar içində

Mən tapardım başqa dünya, başqa səs,

Mənə erkən, gizli əyan olardı

Köyə ancaq gecə gələn Xıdırelləz.


Bu gün uzaq doğulduğum o qırlar,

Nə müddətdir Budin düzü oylağım,

Budağından qoparılmış çiçəyəm,

Qurumasın təki mənim budağım.


Bu qırların təpəsinə çıxıram,

Öz köyümün minarəsi yox ki, yox,

Yad ellərin torpağını dinləsəm,

Qardaşların ayaq səsi yox ki, yox.


Bir Dunay var, tanış bir az gözləri,

“Babalardan bir neçəsin gördüm” der,

Əgər gedib bir az baxsam suyuna,

Bəlkə könlüm rahatlanar, dincələr.


Həsrətimi, dərdlərimi gömməyə

Qumsalında kiçik göllər qazıram,

Dunay mənə keçmişlərdən söz açır,

Sahilində mən oturub yazıram.


Eşidirəm gələcəyin səsini,

Atlı bir xalq gəlir sərrast biçimdə,

Ayğırları gələcəkdən kişnəyir,

İgidləri dərin yuxu içində.


Eşidilir açıq-aydın türkülər,

Söyləmirəm adlarını sizlərə.

Sabah-axşam daha yaxın gəlirlər,

Şəksiz, bir gün görünərlər gözlərə.


Eşidirəm gələcəyin səsini,

Nazlı, gözəl, bəyaz tatar qızları,

Gülüşürlər qalın tülbənd altından,

Sonra dərhal yoxa çıxır izləri.


Bu qızları tanıyıram yaxından,

Neçəsinin qumral saçın öpmüşəm.

Çoxu ilə eşq oduna tutuşub,

İncə belin qucub halay təpmişəm.


Bir gün çıxar bu igidlər meydana,

Bu qızlarla əl-əl tutub eş olar,

Bunu görən qocaların gözünə

Təmiz, şəffaf bulaqlardan yaş dolar.


Siz o zaman igidlərə söyləyin,

Məzarımı dolansınlar, baxaram!

O qızları mən gözlədim, mən sevdim,

Dolansınlar, bəlkə birdən qalxaram.


Budapeşt, 7 fevral 1920.


Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin