ANA DİLİ
Mən səni Kırımda, Kazanda tapdım,
Ürəyim qaynayıb daşanda tapdım.
Yad eldə üzülüb acı çəkəndə,
Həyatım, ümidim tamam çökəndə,
Boynuna sarılıb, dərdimi dedim,
Bir gözəl sözünlə özümə gəldim.
Sənin mahnıların, şərqin olmasa,
“Yurd” deyən sözünlə ürək dolmasa,
Ah, necə gəzərəm qürbət ellərdə,
Tanışsız, bilişsiz yad küçələrdə?
Bilmirəm türkmüdür, tatarmı adın,
Şirinsən, dadlısan, tanrıdan dadın.
Həm türkdə, tatarda sənin sözlərin,
İkisi birlikdə məhzun gözlərin.
Vyana önündə, kazak içində,
Bərabər oxuduq hindlərdə, Çində.
Anlasa bir səni, düşmən də sevər,
Bir yanıq sözündən qəlbi incələr.
İstərəm mən səni hər yanda görəm,
İnci sözlərindən dastanlar hörəm.
Quşlara, qurdlara öyrədəm səni,
Olasan yetimin canı, sevəni.
Camiyə, mehraba, saraya gir sən,
Dənizdən, səhradan o taya get sən,
Səninlə düşmənə fərmanlar yazım,
Qüvvətli sözünlə könlünü qazım.
Qəbrimdə mələklər suallar sorsa,
Ərzayıl dilimə min düyün vursa,
“Öz ana dilimdə soruş” deyərəm,
Öz ana dilimdə ötüb ölərəm.
Könlümü qayğılar gəmirdiyi an,
Xalqın bəxt ulduzu söndüyü zaman,
Doğma dil, başqa şey ağlıma gəlməz,
Ən böyük sirrimsən, düşmənlər bilməz!
Budapeşt, 1 iyul 1918.
Dostları ilə paylaş: |