UZAQ DAĞLAR
Siz də məni anırsızmı?
Tez-tez yada salırsızmı?
Mənim üçün yanırsızmı?
Başı göyə yetən dağlar,
Ağlayan, zikr edən dağlar.
Sizdən yenə gənc atlılar keçirmi?
Bulağından qana-qana içirmi?
Otlarını maralların biçirmi?
Pəriyə duraq dağlar,
Ərənə yataq dağlar.
Atalarım sinənizə gömüldü,
Gözəl gözlər kölgənizdə yumuldu,
Zor günlərdə sizdən mədəd umuldu,
Al, yaşıl qübbə dağlar,
İgidə türbə dağlar.
Yad elə düşəli sizdən ayrıldım,
Nə baxıldım, nə budandım, sarıldım,
Nə sevildim, nə oxşandım, sayıldım,
Qardaşım, gözüm dağlar,
Torpağım, özüm dağlar.
Siz yenə göylərə dəyirsinizmi?
Buluddan ağ papaq geyirsinizmi?
Zirvəyə qalxana gülürsünüzmü?
Hər şeydən böyük dağlar,
Ciyəri körük dağlar.
Yüksəksiniz, sudur tanrı bağışı,
Əkinçiyə siz də verin yağışı,
Balaların öz sinənə yığışır,
Al, yaşıl, qara dağlar,
Ağ, qızıl, para dağlar.
Sizi görsəm bir Aydamaq olardım,
Qayanızda tez saralıb solardım,
Sinənizdə sonsuzadək qalardım,
Can verən, alan dağlar,
Qaynayan, donan dağlar.
ÜMİD
Buz tutmuş həm yeri, həm ağacları,
Bir soyuq yel əsir, sovurur qarı.
Boşalmış ovalar, adam nə gəzir,
Yolçular gözləyir, yollar müntəzir.
Göz görür, dil deyir: gələrmi bahar?
Yaşarmaz bu yerlər, əriməz bu qar.
Amma bilirəm ki, bir günəş çıxsa,
Buludlar kükrəyib ildırım çaxsa,
Buzlar tez əriyər, yaşarar otlar,
Yazın gəlişini bülbüllər qutlar.
Bir gecə gizlicə göylərdən enər,
Yer üzü yamyaşıl xalıya dönər.
Günəş çıxsa gedər bu qarlı günlər,
Yaz gələr, başlayar toylar, düyünlər.
Mənim də bir qış var qəlbimdə bu gün,
Ürəyim buz kimi, qayğılı, küskün.
Sabahım nursuzdur, göylərim bulud,
Hər gün könlüm deyir: sən onu unut,
Neyləyim, qəlbimə dolur məhəbbət,
Bilmirəm bunda var nə sirr, nə hikmət,
Qəlbimə sevginin işığı dolur,
Duyğular qaynayır, qayğı yox olur.
Budapeşt, 17 fevral 1920.
Dostları ilə paylaş: |