VƏSSALAM
Şəhərlərə, kəndlərə, bütün insanlara
nifrət edirəm. Tfu! Ey həyat, şeytani
və ilahi hikmət. Maksim Qorki.
Könlüm xəstə, gözüm donuq,
Həyat soyuq, ölüm soyuq,
Yazım, şeirim, fikrim pozuq,
Heç birinin gərəyi yox, vəssalam.
Deyirlər ki, bahar gəlir,
Bülbül ötür, güllər gülür,
Yazıq heyvan bizə quldur,
İnanmıram heç birinə, vəssalam.
Filan – batır, filan – qorxaq,
Əhməd – oğru, Məhmədə bax,
Necə təmiz, pak, ağappaq,
İnanmıram, hamı alçaq, vəssalam.
Biri sevir, hey ağlayır,
Çoxbilmiş basıb bağlayır,
Batır qamçıyla dağlayır,
Hamı eşşək, hamı dəvə, vəssalam.
Xalqa möhkəm sevənlər var,
Xalqı it tək söyənlər var,
Cənnətlərə girənlər var,
Hamı oğru, hamı qoyun, vəssalam.
Gerçək deyil nə yer, nə göy,
Ya da bizlər, ha sev, ha söy,
Tanrım, dünya xaraba köy,
Bizə gözəl bir ölüm ver, vəssalam.
Budapeşt, 7 mart 1917.
Dostları ilə paylaş: |