ZAVALLI TÜRK
Sən ey zavallı türk, ey bəxtsiz millət,
Gün gələr, ulduzun parlayar, əlbət.
Keçmişi deməyim, gözlərim dolar,
Tarixi açmayım, qəlbim qovrular.
Yadların əlinə düşdü sarayın,
Qaraldı, silindi ulduzun, ayın.
Ərəbi, əcəmi dost kimi seçdin,
Sən niyə onları yarışda keçdin?
Tanı düşmanını, bil düşmanını,
Pivə tək içmədə qızıl qanını.
Paşalar, ağalar, o ulu bəylər
Bir sürü yağının əlində neylər?
Yolundan etdilər, həm də elindən,
Dilini aldılar zəif əlindən.
Cahilsən, özünü anlayammadın,
Özünü görüb də ağlayammadın.
Barbarsan, hər yerdə özünü yedin,
Yadın balasını böyüdüm dedin.
Yadların qaşına vurulmuş idin,
Yadların taxtına qurulmuş idin.
Sənin də var idi atadan qalan,
Qüvvətli bir dilin, paslanmaz qalxan.
Altı yüz il boyu yalnız gördün qış,
Üşüdün, titrədin, bu necə bir iş?
“Osmanlı dövləti”. Nə yalan bir söz,
Nə yanlış görürmüş bulanıq bir göz.
Bu dövlət səninmi, ey zavallı türk,
Əsrlər boyunca çiynində bir yük!
Bir gün sən yenidən oyanarsanmı?
Öz ana dilinə dayanarsanmı?
Qəhrəman çobanlar, adsız yörüklər,
O bəxtsiz kişilər, həqiqi türklər,
Yürüşə başlarmı qurtuluş görüb,
Türkcə mahnı deyib, türkcə hönkürüb?
Mənim tək sənin də günün qaranlıq,
Gün batır, qar yağır, düşün bir anlıq.
Kəbədə başqası Quranı almış,
Peyğəmbər bir dərin yuxuya dalmış.
Basmış camiləri indi hörümçək,
Minbəri içindən yeyir min böcək.
Şanlı tarixini bir urum yazır,
Üstünə “Barbarlar tarixi” qazır.
Sevinir ovçular, sinmiş bərəyə,
Sən yazıq maralı almış dövrəyə.
Bir mənəm səninçün dualar edən,
Bir mənəm səninlə ölümə gedən.
Bir mənəm əlimi qaldırıb göyə,
Yalvardım ümidlər ölməsin deyə.
Sənünçün ağlayan daim qış, bahar,
Bir mənəm, qardaşın, mən o “pis tatar”.
Budapeşt, 30 yanvar 1919.
PULUM OLSA
Pulum olsa, çox şeydən vaz keçərəm,
Nə yalvarar, nə də ki əl öpərəm.
Pulum olsa, uzun məktub yazmaram,
Bir dilbər dalınca gəzər, bezmərəm.
Pulum olsa, gözüm mavi, həm qara,
Üzüm gözəl, saçlarım da dümqara.
Düz sözümə əsla dodaq büzülməz,
Doğru desəm, kimsə buna üzülməz.
Hər səhvimə razıyam pul ödəyim,
Mən qadirəm hər yalana “düz” deyim.
Pulum olsa, dostlarım ölməz idi,
Unutmağı heç biri bilməz idi.
Pulum olsa, mən Kəbəyə gedərdim,
Qullarımı dərhal azad edərdim.
Heç nəyim yox, olanı da satmalı,
Lampa yanmır, lap axşamdan yatmalı.
Dostlarım var, sevirlər çox dərindən,
Məni üstün görürlər hər ərəndən.
Yaxınlaşsam, lap ödləri partlayar,
Görkəmimdən dodaqları çatlayar.
Qorxuduram dostumu, düşmanımı,
Şax deyirəm doğrumu, yalanımı.
Əgər bir gün düşüb ölsəm apansız,
Olsa qara gecəm bir qızıl dansız,
Dar dünyanı dolaşaram durmadan,
Könlümdə heç qayğı, kədər duymadan.
Güneyə, quzeyə yetişər atım,
Hər qəbrə vararam mən addım-addım.
Heç yerdə altınım düşərək qalmaz,
Heç yerdə oğrular pulumu çalmaz.
Mən azad dərvişəm, yollarım açıq,
Sağ qolda kəşkülüm, sehirli qaşıq.
Dağarcıq doludur tilsimlər ilə,
Payladım onları millətə, elə.
Balalara şirin ümid payladım,
Dərdimi söyləyib sonra ağladım.
Mən pulsuz dərvişəm, qoy bilsin hər bay,
Başım böyük taxtdır, könlüm göy saray.
Budapeşt, 4 mart 1920.
Dostları ilə paylaş: |