XƏBƏR ALDIM
Eşitdim ölülər dirilib deyə,
Sur çalıb Kufəyə girilib deyə.
Məzardan qalxıblar yaşıl başlılar,
Sürünən cavanlar, ölən yaşlılar.
Qurana əl basıb sirrə yetiblər,
Dildə, işdə birliyə yəmin ediblər.
Bir az əvvəl öz adını bilməyən,
Xorlanan, alçalan, deyib gülməyən
Neçə xalq oyanıb soyuq dan üzü,
Əzanı dinləyib, açılıb gözü.
Salıb ərənləri insanlar yada,
Gerçəyi, yalanı anlar dünyada.
Qulağım çox şeylər duyub sevindi,
Kaş şeytan bunları duymasın indi.
Mən indi qürbətdə, xeyli uzaqda,
Evdə toy var, yetim kimi qıraqda.
Bir ricam var vətənimin yelindən,
Bir də bu qürbətin sərt əcəlindən:
Sur çalınıb qəlbləriniz daşanda,
Çalğı səsi Çadırı da aşanda,
Mən də burda bir azacıq eşidim,
Əzrayıl çağırsa, rahatca gedim.
Budapeşt, 25 mart 1918.
QARANLIQ, SOYUQ
Qaranlıq, soyuq,
Atəş yox, nur yox.
Məzarlar yavuq, məzarlar yavuq.
Buludlar gedə,
Dağlara yetə,
Bis səssiz gecə, bir səssiz gecə.
Yel tikan qovur,
Türkü oxuyur,
Xətrimi sorur, xətrimi sorur.
Ovalar, dağlar,
Üstündə qar var,
Altında məzar, altında məzar.
Olsa bir ulduz,
Sevimli bir qız,
Fatma, ya Sündüs, Fatma, ya Sündüs.
Mən olam bala,
Qayğılı ana,
Döşəyim sala, döşəyim sala.
Üşüdüm, ana,
Al qucağına.
Mən yetim bala, mən yetim bala...
Budapeşt, 25 dekabr 1919.
QAYTARMA
Uzun, rahat ömür düşməndə dilək,
Mənəsə bir yaxşı, tez ölüm gərək.
Neylər axı mənə top, tüfəng, qəmə,
Savaşdır mənə bir şirin qaytarma1.
Bir neçə ildir ki, tozlu yollarda,
Gəzirəm ölümü dağda, qırlarda.
Ölüm, atam-anam, qardaşım, sorma,
Bel-belə güləşər, oynar qaytarma.
Könlümü türkülər yaxşı yandırmır,
Dünyanın zövqləri əsla qandırmır.
Çal, ölüm, öp, ölüm, oyna, heç durma,
Mənə sən gərəksən, bir də qaytarma.
Altın tək saçların üzümü yalar,
Gözlərin gözümdə tufan qoparar.
Məni dara çəkər saçların, burma,
Məzara yaxınıq, çal bir qaytarma.
Buraxma əlimi, heç ayrılmayaq,
Həyatın boynuna heç sarılmayaq.
Sarılıb girərik dar məzarıma,
Öyrənsin bu gənclər yaxşı qaytarma.
Yollarda bir sürü cavan, gözəl qız,
Qaytarma oynamaq istəyir yalnız.
Ölümlə rəqs edim, üstünü vurma,
Göstərim tatara gerçək qaytarma.
Tataram, sapsarı xalqımın bəti,
Qanı lap su olmuş, çürümüş əti.
Bu millət tez ölməz, ağlayıb durma,
Həyatı bu gün də gözəl qaytarma.
Sevirəm o yaşlı, xəstə gözünü,
Sevirəm o şirin, dadlı sözünü.
Ölümə oxşayır, bənzəyir, amma
Kiçik ürəyini üzən qaytarma.
Məhşərdə siz məni heç qaldırmayın,
Yanımda surları heç çaldırmayın.
Ölümü taparam, narahat olma,
Mənə ölüm gərək, bir də qaytarma.
Budapeşt, 28 fevral 1919.
Dostları ilə paylaş: |