3.2. Bələdiyyələrin ərazilərinin və sərhədlərinin dəyişdirilməsilə bağlı ali icra hakimiyyəti orqanlarının qəbul etdiyi qərarlar yerli əhali ilə razılışdırılmadan həyata keçirilir ki, bu da qüvvədə olan qanunvericiliyin tələblərinə ziddir. Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən bələdiyyə ərazilərinin müəyyənləşdirilməsi və dəyişdirilməsi müvafiq ərazi üzrə əhalinin rəyi nəzərə alınmaqla həyata keçirilməlidir. Lakin, aparılan araşdırmalar göstərir ki, dövlət hakimiyyəti orqanları bələdiyyələrin torpaq ərazilərinin dəyişdirilməsi ilə bağlı qərarlar qəbul edərkən yerli əhalinin rəyini nəinki nəzərə almır, hətta belə qərarlar barədə yerli əhalinin öncədən hər hansı bir formada məlumatlandırılmasına belə lüzum görmürlər. Məsələn, Qəbələ rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 20 noyabr 2012-ci il tarixli Qanuna əsasən Qəbələ rayonunun Soltannuxa bələdiyyəsinin mülkiyyətində olan 112,4 ha torpaq sahəsi Qəbələ şəhərinin inzibati ərazisinə, Tovuz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 7 mart 2012-ci il tarixli Qanuna əsasən Tovuz rayonunun 5 bəldəiyyəsinin mülkiyyətində olan ümumilikdə 221,5 hektar torpaq sahəsi Tovuz şəhərinin inzibati ərazisinə daxil edilmişdir. Lakin, apardığımız araşdırmalardan aydın olub ki, bu prosesdə yerli əhalinin rəyinin öyrənilməsi və onların öncədən məlumatlandırılması təmin edilməyib.
Bu, Yerli Özünüidarə haqqında Avropa Xartiyasınının tələblərinə də ziddir. Belə ki, Xartiyanın «Yerli özünüidarə orqanlarının ərazi hüdudlarının qorunması» adlı 5-ci maddəsində qeyd edilir ki, yerli səviyyədə ərazi hüdudlarının istənilən dəyişməsi zamanı müvafiq yerli özünüidarə orqanları ilə qabaqcadan məsləhətləşmək zəruridir, qanunun yol verdiyi hallarda bunu referendum keçirilməsi yolu ilə etmək olar.
4. Ayrı-ayrı qanunvericilik aktlarında bələdiyyələrə kiçik də olsa müəyyən səlahiyyətlərin verilməsi ilə bağlı yer alan təşəbbüslər yarımçıq xarakter daşıyıb: belə səlahiyyətlərin bələdiyyələrin müstəsna məsuliyyət çərçivəsinə daxil edilməsi, habelə səlahiyyətlərin ötürülməsi və icrası üçün zəruri maliyyə vəsaitlərinin ayrılması mexanizmlərinin işlənməsi baç verməyib. Məsələn, dövlət başçısının 14 mart 2012-ci il tarixli fərmanı ilə qüvvəyə minən Sosial xidmət haqqında Azərbaycan Respublikasının Qanunun 6-cı maddəsində sosial xidmətə ehtiyacı olan şəxslərə sosial xidmətin göstərilməsində qeyri-hökumət təşkilatları, hüquqi və fiziki şəxslərlə yanaşı bələdiyyələrin iştirakının dəstəklənməsi nəzərdə tutulur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən bələdiyyələrə hüquq verilir ki, çətin həyat şəraitində olan şəxsin (ailənin) maraqları çərçivəsində həmin şəxsin (ailənin) razılığı əsasında sosial xidmət göstərilməsi üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etsin. Burada “çətin həyat şəraiti olan şəxs (ailə)” dedikdə: i) valideynlərini itirən və ya valideyn himayəsindən məhrum olan uşaqlar, ii) sağlamlıq imkanları məhdud olan uşaqlar, iii) yetkinlik yaşına çatmayan baxımsız olan uşaqlar və yeniyetmələr, iv) xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan insanlar, v) ictimai təhlükəli xəstəliyə tutulmasına görə həyat fəaliyyəti məhdudlaşan şəxslər, vi) insan alverinin qurbanı olan və məişət zorakılığından zərər çəkən insanlar, vii) yaşayış yeri olmayan şəxslər - başa düşülür.
Həmin Qanuna görə bələdiyyələr habelə bu kateqoriyadan olan şəxslərin müəyyən edilməsi və onların sosial xidmətə götürülməsi üçün zəruri məlumatları müvafiq icra hakimiyyəti orqanına göndərə bilər. Eyni zamanda, Qanunun 26-cı maddəsinə görə hökumət strukturları sosial xidmət sahəsində bələdiyyələrə dövlət sifarişləri verə bilərlər.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2012-ci il tarixli 330 saylı qərarı ilə sosial xidmət sahəsində dövlət sifarişlərinin bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, o cümlədən qeyri-hökumət təşkilatlarına verilməsi Qaydaları təsdiq edilib. Qaydalara görə, sifarişlər müsabiqə əsasında verilir və bu zaman sifarişçi qismində dövlət orqanı, icraçı qismində bələdiyyələr, fiziki və hüquqi şəxslər, o cümlədən qeyri-hökumət təşkilatları çıxış edə bilərlər. Lakin Qaydalarda belə müsabiqələrdə iştirak etmək istəyən subyektlərə münasibətdə elə ön şərtlər müəyyən olunub ki, bunların bəziləri bələdiyyələrin bu prosesdə iştirakına problem yarada bilər. Belə ki, həmin şərtlərə əsasən iddiaçılar müsabiqə elanında göstərilən sosial xidmət növü üzrə tam və ya qismən ixtisaslaşmalı, sifarişçi ilə bağlanmış müqavilənin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığı, təcrübəsini, texniki və maliyyə imkanları, zəruri işçi heyəti və idarəetmə səriştəsi olmalı, vergilər və digər icbari ödənişlərlə bağlı vaxtı keçmiş öhdəlikləri olmamılıdır. Problem ondadır ki, qüvvədə olan qanunvericilik sosial xidmətlərin göstərilməsini bələdiyyələrin müstəsna səlahiyyəti kimi müəyyənləşdirmir, bu fəaliyyətlə məşğul olmaq hüququ qeyri-hökumət təşkilatlarına, özəl təsərrüfat subyektlərinə və bələdiyyələrə eyni dərəcədə şamil olunur. Başqa tərəfdən, sosial xidmətlərin bələdiyyələrə ötürüldüyü halda belə, qanunvericilik bu xidmətlərin göstərilməsi üçün dövlət büdcəsindən bələdiyyələrə zəruri maliyyə resurslarının verilməsi mexanizmlərini nəzərdə tutmur.
5. İl ərzində bələdiyyələrin fəaliyyətinin tənzimlənməsi ilə bağlı mövcud qanunvericiliyə edilən əlavə və dəyişikliklər yerli özünüidarə orqanlarının statusunun artırılması, onların səlahiyyətlərinin və maliyyə potensialının genişləndirilməsi ilə deyil, bilavasitə bələdiyyə strukturlarının fəaliyyətini tənzimləyən prosedur xarakterli məsələlərlə bağlı olub. Lakin bu əlavə və dəyişikliklərin əksər hissəsi bələdiyyələrin fəaliyyətinin tənzimlənməsinə əslində yeni heç nə vermir: belə ki, müvafiq prosedur məsələlərini tənzimləyən müddəalar bu və ya digər formada ya artıq başqa qanunvericilik aktlarında əksini tapıb, ya da bunların qanunvericilik səviyyəsində tənzimlənməsinə ehtiyac yoxdur.
5.1. Mövcud qanunvericiliyə edilən dəyişikliklərin bir hissəsi bələdiyyələrin seçikili əsaslarla formalaşan strukturları ilə təyinatlı orqanları arasında münasibətlərin aydınlaşdırılmasına xidmət edir, lakin həmi dəyişikliklər qarşılıqlı nəzarətə əsaslanan effektiv bələdiyyə strukturlarının formalaşması üçün kifayət deyildir. Belə ki, “Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında” və “Bələdiyyələrin statusu haqqında” qanunlara edilən 22 may 2012-ci il tarixli dəyişikliklərə görə, bələdiyyənin icra aparatı bələdiyyənin, habelə bələdiyyənin daimi və başqa komissiyalarının təşkilati, informasiya, kargüzarlıq, maddi-texniki təminat məsələlərini həyata keçirir, bələdiyyə sədrinin tapşırıqlarını yerinə yetirir, bələdiyyənin qərarlarının icrasını təmin edir. Bələdiyyənin icra aparatının struktur bölmələrinin rəhbərləri görülmüş işlər barədə bələdiyyə sədrinə və bələdiyyəyə hesabat verir, habelə daimi və başqa komissiyaların iclaslarında səlahiyyətlərinə aid məsələlər barəsində məlumat verirlər. İlk baxışdan bələdiyyədaxili strukturlar arasında səlahiyyət bölgüsünün dəqiqləşdirilməsi, yerli özünüidarə orqanlarının fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi və hesabatlılığın təmin olunması baxımından mühüm dəyişiklik hesab oluna bilər. Lakin bu dəyişiklik seçkili vəzifə olan bələdiyyə sədrinin eyni zamanda təyinatlı struktur kimi formalaşdırılan bələdiyyənin icra aparıtının rəhbəri postunu tutmadığı şəraitdə effektli ola bilərdi. Çünki eyni şəxsin rəhəbərlik etdiyi iki qurumdan birinin digəri qarşısında hesabatlılığı istənilən halda formal xarakter daşıyacaq. Bu baxımdan qanunvericilikdə ilk növbədə bələdiyyələrin icra aparatının rəhbərinin müsabiqə əsasında, peşəkar tələblərə cavab verən qulluqçu vəzifəsini yerinə yetirən şəxs kimi seçilməsmini nəzərdə tutan dəyişikliyə daha ciddi ehtiyac duyulur.
5.2. Bələdiyyələrin fəaliyyətində şəffaflığın və hesabatlılığın yüksəldilməsi ilə bağlı qanunvericiliyə edilən əlavə və dəyişikliklər başqa qanunvericilik aktlarında artıq mövcud müddəaların təkrarı olduğundan daha çox formal xarakter daşıyır. Belə ki, Büdcə sistemi haqqında Azərbaycan Respublikasının Qanununa edlən 29 may 2012-ci il tarixli dəyişikliyə görə, bələdiyyələr yerli büdcənin icrasına dair yarımillik və illik hesabatı bələdiyyə iclasına təqdim etməlidir. O cümlədən yarımillik maliyyə hesabatları hesabat dövründən sonrakı ayın 15-dək, illik maliyyə hesabatları isə növbəti ilin yanvarın 30-dək təqdim olunmalıdır. Bələdiyyələr təqdim edilmiş maliyyə hesabatlarını bələdiyyə iclasının qərarı ilə 15 (on beş) iş günü müddətində təsdiq edirlər. Nəhayət, həmin dəyişikliklərə görə, yerli əhalinin tanış olması üçün bələdiyyələr illik hesabatı onlara elan, bülleten, vərəqə, yerli mətbuat, rəsmi internet saytı kimi vasitələrlə çatdırmağa borcludur. Bələdiyyələrin fəaliyyətində şəffaflığın və hesabatlılığın yüksəldilməsini nəzərdə tutan belə dəyişikliklər yerli özünüidarənin ictimai nüfuzunun artırılması baxımından müsbət qiymətləndirilə bilər. Lakin, bütün bu prosedurların Bələdiyyələrin maliyyə əsasları haqqında Azərbaycan Respublikasının Qanunuda artıq mövcud olduğu nəzərə alınarsa, həmin dəyişikliklərin formal xarakter daşıdığını görməmək mümkün deyildir.
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, ölkə prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiqlənən «Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üzər Milli Fəaliyyət Planı» adlı sənəddə də yerli özünüidarə orqanlarının fəaliyyətində şəffaflığın artırılması ilə bağlı mexanizmlərin işlənməsi və tətbiqi nəzərdə tutulur. Sənəddə qeyd olunur ki, yerli büdcənin tərtibinə və icrasına, o cümlədən sərf edilən vəsaitin təsdiq edilmiş büdcə göstəricilərinə uyğunluğuna, habelə bələdiyyələrin maliyyə hesabatlarının vaxtında təsdiq olunmasına nəzarət mexanizmlərinə və prosedurlarına dair təkliflər hazırlanmalı, bələdiyyələrin aparatlarında qulluğa qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsi ilə bağlı mexanizmlər formalaşdırılmalıdır.
5.3. İl ərzində qəbul edilən bəzi normativ-hüquqi sənədlərdə bələdiyyələrin fəaliyyətinin təşkilinin prosedur məsələlərinin tənzimlənməsini nəzərdə tutulur ki, əslində həmin mexanizmlərin bələdiyyələrin özlərinin qəbul etdiyi normativ aktlarla tənzimlənməsi daha məqsədəuyğundur. Məsələn, ölkə prezidentinin 21 dekabr 2012-ci il tarixli 792 saylı Fərmanı ilə təsdiqlənən «Bələdiyyələrin Nümunəvi Reqlamenti» bələdiyyə iclasının çağırılması, əhali ilə görüşlərin təşkili və bələdiyyənin fəaliyyəti ilə bağlı bir sıra hüquqi normalar müəyyənləşdirir.
Əvvəla, həmin normaların müəyyən hissəsi (məsələn, bələdiyyə iclasının ayda bir dəfədən az olmayaraq bələdiyyənin sədri tərəfindən yaxud bələdiyyə ərazisində yaşayan və səsvermə hüququ olan vətəndaşların azı iyirmi beş faizinin, və ya bələdiyyə üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılması, bələdiyyə üzvülərinin 6 ayda bir dəfədən az olmayaraq seçicilərinə hesabat verməsi və s.) mövcud qanunuericilikdə əks olunmuşdu.
Başqa tərəfdən, yeni təklif olunan bir sıra hüquqi normaları isə (məsələn, bələdiyyə iclası ərazidə yaşayan vətəndaşların təşəbbüsü ilə çağırıldıqda onların bu barədə iclas gününə azı 10 (on) gün qalmış bələdiyyənin sədrini və ya icra aparatını məlumatlandırması, ilin əvvəlində vətəndaşların qəbulu cədvəlinin bələdiyyənin iclasında təsdiq edilməsi və bələdiyyə binasının qarşısındakı lövhədə yerləşdirilməsi və s.) bələdiyyələrin daxili reqlamentlərilə təsdiq edilə bilər.
«Bələdiyyələrin statusu haqqında» Qanunun 16.1-ci maddəsində qeyd olunur ki, «Yerli özünüidarə orqanları bələdiyyə iclasında təsdiq olunmuş reqlamentə müvafiq surətdə fəaliyyət göstərir. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən bələdiyyələr üçün nümunəvi reqlament tövsiyə edilə bilər». Göründüyü kimi, burada hər hansı icra hakimiyyətinin normativ-hüquqi aktı əsasında məcburi xarakter daşıyan mexanizmlərinin tətbiqindən deyil, tövsiyyə xarakterli prosedurlar təklif etməsindən söhbət gedir. Burada mümkün variantlardan biri budur ki, Ədliyyə Nazirliyi ya qabaqcıl bələdiyyələrin hazırladığı reqlamenti, ya da Nazirliyin ekspertlərinin tərtib etdiyi çərçivə sənədini model reqlament kimi təklif edə bilərdi.
6. Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 2012-ci il oktyabr sessiyasında Monitorinq Qrupunun hesabatı əsasında Azərbaycanda yerli özünüidarənin mövcud vəziyyətindən narahatlıq ifadə edilib və Azərbaycan Hökumətinə yerli özünüidarə sahəsində problemlərin həllinin sürətləndirilməsi zəruriliyini ifadə edən Tövsiyə (326 saylı) ünvanlanıb. Ötən il AŞ YRHK ikinci dəfə3 Azərbaycanda yerli özünüidarənin inkişafı üçün yaradılmış qanunvericilik bazasının və formalaşmış bələdiyyə institutunun fəaliyyət çərçivələrinin Avropa Xartiyasının prinsip və tələblərinə uyğunluğunun monitorinqini aparıb. AŞ YRHK-nin Monitorinq Qrupunun üzvləri (həmməruzəçilər Yos Viene (Niderland) və Qudrun Mosler-Torstrem (Avstriya)) 2012-ci ilin aprelində Azərbaycana səfər edib, burada yüksək vəzifəli hökumət rəsmiləri, Milli Məclis rəhbərliyi və deputatlar, bələdiyyə assosiasiyaları, bələdiyyə sədrləri, QHT və KİV təmsilçiləri və müstəqil ekspertlərlə görüşlər keçirməklə və milli qanunvericiliyi öyrənməklə xüsusi hesabat hazırlayıblar. Monitorinqin nəticələrini əks etdirən “Azərbaycanda yerli və regional demokratiya” adlı Hesabat Konqresin 2012-ci il oktyabrın 16-18-də keçirilən 23-cü Sessiyasında müzakirə edilib. Müzakirələr nəticəsində Konqres 345 saylı Qətnamə və 326 saylı Tövsiyə qəbul edib.
Tövsiyyədə qeyd olunur ki, 2003-cü ildə milli hakimiyyət orqanlarına ünvanlanmış tövsiyələrin (126 saylı Tövsiyə) əksəriyyəti indiyədək həyata keçirilməmiş, həmçinin yaxın gələcəkdə onların tətbiqi ilə bağlı hər hansı zaman çərçivələri müəyyən edilməmişdir4. Tövsiyədə yerli özünüidarə ilə bağlı mövcud problemlər təəssüf hissi ilə qeyd olunur və Azərbaycan hökumətinə həmin problemlərin həlli ilə bağlı ciddi islahatlar aparmaq təklif olunur.
Avropa Şurası Azərbaycanda yerli özünüidarə ilə bağlı aşağıdakı problemlərdən narahatlıq ifadə edib:
-
«Bələdiyyələrin statusu haqqında» qanunda «yerli özünüidarə anlayışı» Xartiyanın tələblərinə uyğun və dəqiq müəyyən edilməyib;
-
yerli idarəetmə sistemində paralelizm mövcuddur - ölkədə yerli idarəetmə həm yerli icra hakimiyyət orqanları tərəfindən, həm də son dərəcə məhdud rola malik bələdiyyələr tərəfindən həyata keçirilir;
-
təcrübədə yerli icra hakimiyyəti orqanları ilə bələdiyyələr arasında, faktiki olaraq, tabeçilik münasibətləri mövcuddur;
-
bələdiyyələrlə yerli icra hakimiyyəti orqanları arasında vəzifə və səlahiyyətlər dəqiq bölünməyib;
-
bələdiyyələrin mailiyyə potensialı zəifdir (bələdiyyələrə verilən dotasiyaların məbləği azdır, habelə bələdiyyə vergilərinin toplanma mexanizmləri səmərəsizdir);
-
bələdiyyəlrə aid məsələlər üzrə planlaşdırma və qərar qəbuletmə zamanı bələdiyyələrlə və milli bələdiyyə assosiasiyaları ilə lazımi vaxtlarda və müvafiq qaydada məsləhətləşmə prosedurları yoxdur;
-
bələdiyyə qulluqçularının statusu və səlahiyyətlərini, habelə onların hüquq və vəzifələrini tənzimləyən qanunvericilikdə boşluqlar var;
-
bələdiyyələrin əmlakı azdır, bələdiyyələrə verilməli olan əmlakın, xüsusilə torpağın ötürülməsində ləngimələr var;
-
Bələdiyyələrin statusu haqqında Qanunda bələdiyyələr üzərində nəzarət proseduru, xüsusilə bələdiyyələrin öz fəaliyyətləri barədə parlament qarşısında hesabat vermək öhdəliyi ilə bağlı aydınlıq yoxdur;
-
mərkəzi hakimiyyət orqanları tərəfindən yerli özünüidarəetmə sahəsinə aid qərarların qəbulu prosesində milli bələdiyyə assosiasiyaları ilə zəruri məsləhətləşmələr aparılmır;
-
ölkənin paytaxtı Bakı şəhərinin demokratik yolla seçilmiş və bütün ərazini əhatə edən vahid şura tərəfindən deyil, yalnız prezidentin qarşısında hesabatlı olan və üzərində heç bir demokratik nəzarət aləti olmayan icra hakimiyyəti orqanı tərəfindən idarə edilməsi;
-
paytaxt şəhəri kimi Bakının statusuna münasibətdə qanunvericilikdə olan boşluqlar.
Avropa Şurasının Azərbaycan hökumətinə ünvanladığı tövsiyələr aşağıdakılardır:
-
bələdiyyələrin ümumi dövlət idarəçiliyi orqanları qismində dövlət hakimiyyətini həyata keçirən əksmərkəzləşdirilmiş qurumlar kimi tanınması;
-
ən vacib yerli dövlət idarəetmə səlahiyyətlərinin əksər hissəsinin demokratik yolla seçilmiş və siyasi baxımdan hesabatlı bələdiyyələrə ötürülməsi, yerli idarəetmə səviyyəsində paralel strukturlar arasında vəzifə və səlahiyyət bölgüsünə yenidən baxılması və dəqiqləşdirilməsi;
-
təcrübədə bələdiyyələri yerli dövlət hakimiyyəti orqanlarının tabeçiliyinə salan subordinasiya münasibətlərinə son qoyulması;
-
bələdiyyələrə səlahiyyətlərinə uyğun dayanıqlı maliyyə resurslarının ayrılması;
-
dövlət transfertlərinin və xüsusi qrantların yerli idarəetmə orqanlarının maraqları nəzərə alınmaqla şəffaf və proqnozlaşdırıla bilən qaydada bölünməsi;
-
bələdiyyələrdə vergi yığımı mexanizmlərinin səmərəliliyinin artırılması;
-
birbaşa bələdiyyələrə aid bütün məsələlər üzrə qərarların planlaşdırılması və qəbul edilməsi prosesində onları təmsil edən milli bələdiyyə assosiasiyaları ilə məsləhətləşmələrin aparılması prosedurlarının yaradılması;
-
bələdiyyələrin hər cür inteqrasiyası zamanı bunların müvafiq bələdiyyələrlə və bələdiyyə assosiasiyaları ilə müzakirə edilməsi;
-
bələdiyyə kadrlarının qabiliyyətlərinin və hazırlığının artırılması üçün xüsusi təlim proqramları üzrə səmərəli tədbirlərin işlənilməsi;
-
mümkün qədər tez bir zamanda bütün bələdiyyələrin inzibati binalarla təmin edilməsi və mülkiyyət sənədlərinin verilməsinin başa çatdırılması;
-
qanunvericilikdə dəqiqləşdirmə aparılması və bələdiyyələr üzərində hüquqi nəzarəti həyata keçirmək səlahiyyəti verilmiş inzibati orqanların konkret rolunun müəyyənləşdirilməsi;
-
yerli idarəetmə orqanlarının öz fəaliyyətləri barədə parlament qarşısında hesabat vermək öhdəliyinin ləğv edilməsi, habelə bələdiyyə aktlarının qanunauyğunluğuna nəzarət funksiyasına münasibətdə mərkəzi hökumətin nəzarət səlahiyyətlərinin məhdudlaşdırılması;
-
bələdiyyələrin milli assosiasiyalarına milli səviyyədə bələdiyyələrin maraqlarını təmsil etmək imkanı vermək üçün onların nümayəndələrinin yerli özünüidarə ilə bağlı qərarların qəbulu prosesində iştirakının gücləndirilməsi;
-
Bakı şəhərinin yerli hakimiyyətinin (idarəetmə orqanlarının) demokratik seçilməsi sisteminin yaradılmasının nəzərdən keçirilməsi;
-
Bakı şəhəri haqqında qanunun qəbul edilməsi.
BİNA üzvlərinin fikrincə, monitorinqin nəticələrinə əsasən hazırlanmış həm hesabat, həm də 326 saylı Tövsiyələr mövcud vəziyyətə adekvatdır, monitorinqin nəticələrinin obyektivliyi şübhə doğurmur. Alyans hesab edir ki, tənqidi qeydlərlə kifayət qədər dolu olan bu sənədlərin ortaya çıxmasının əsas səbəbi hökumətin yerli özünüidarə sistemnin inkişafına yönəlik islahatlar aparmaması və vətəndaş cəmiyyəti institutlarının islahat təkliflərinə laqeyd yanaşmasıdır.
7. Azərbaycan hökuməti idarəetmənin əksmərkəzləhdirilməsi islahatlarını və yerli özünüidarənin (bələdiyyələrin) institutisonal inkişafını özünün orta və uzunmüddətli strateji hədəfləri sırasına daxil etməyib. Belə ki, ölkə prezidentinin 29 dekabr 2012-ci il tarixli fərmanı ilə təsdiqlənən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında bələdiyyələrin rəsmi idarəetmənin tərkib elementi kimi hakimiyyət statusu qazanması, Yerli Özünüidarəyə dair Avropa Xartiyasının tələblərinə uyğun olaraq yerli səviyyədə dövlət funksiyalarının əhəmiyyətli hissəsinin bu qurumlara həvalə olunması tamamilə diqqətdən kənarda saxlanılıb. Sənəddə yalnız bələdiyyə orqanlarının gənclər və idman siyasəti ilə bağlı fəaliyyətlərə cəlbi, bələdiyyə mülkiyyətində olan məktəbəqədər təhsil müəssisələrinin yaradılması və fəaliyyətinin dəstəklənməsi, bələdiyyə idarəçiliyi sahəsində ixtisaslaşmış kadrların hazırlanması barədə söhbət açılır. AŞ YRHK-nin Azərbaycan hökumətinə ünvanladığı 326 saylı Tövsiyəsindən sonra dövlət başçısı tərəfindən təsdiq edilən İnkişaf Konsepsiyasında ölkədə əksmərkəzləşmə islahatları və yerli özünüidarənin institusional inkişafı ilə bağlı könkret müddəaların olmaması bu sahənin dövlət siyasətində ön planda olmamasının göstəricisidir. BİNA bu vəziyyətdən narahatlığını ifadə edir və hökuməti öləmizdə yerli özünüidarənin inkişafı naminə AŞ-nin 326 saylı Tövsiyəsində nəzərdə tutulan addımları reallaşdırmağa səsləyir. BİNA hesab edir ki, Azərbaycanda əksmərkəzləşmə islahatları və yerli özünüidarənin inkişafı Konsepsiyasının işlənilməsi zəruridir. Belə bir sənədin hazırlanmasında vətəndaş cəmiyyəti hökumət qurumları ilə əməkdaşlığa hazırdır.
1 saylı əlavə
DÖVLƏT HAKIMIYYƏTI VƏ BƏLƏDIYYƏLƏR ARASINDA MÜNASIBƏTLƏR KONTEKSTINDƏ “YERLI ICRA HAKIMIYYƏTLƏRI HAQQINDA” ƏSASNAMƏYƏ BAXIŞ
2012-ci ildə Azərbaycanda cəmiyyətin əsas gözləntilərindən biri hakimiyyətin əksmərkəzləşdirilməsi və yerli özünüidarə sisteminin təkmilləşdirilməsi istiqamətində islahatların aparılması olsa da əks proseslər baş verdi. 6 iyun 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti “Yerli icra hakimiyyətləri haqqında” Fərman imzaladı. Fərman mərkəzi hakimiyyət tərəfindən təyin olunan yerli icra hakimiyyətlərinin səlahiyyətlərini bir qədər də genişləndirdi. Halbuki bu Fərman təsdiq olunana qədər 16 iyun 1999-cu il tarixli eyni adlı Fərman qüvvədə idi və həmin Fərmanla yerli ictimai xidmətlər sahəsində əksər (demək olar ki, bütün) səlahiyyətlərin yerli icra hakimiyyətlərinə verilməsi həm beynəlxalq təşkilatlar, həm də yerli vətəndaş cəmiyyəti institutları tərəfindən kəskin tənqid olunmuşdu.5
Əvvəlki Əsasnamədən fərqli olaraq 6 iyun 2012-ci il tarixli Əsasnamə yerli icra hakimiyyəti sisteminin tərkibinə daxil olan qurumların geniş dairəsini nəzərdə tutur. Əsasnamənin 1.5-ci bəndinə əsasən yerli icra hakimiyyəti sisteminə aşağıdakı qurumlar daxildir:
-
yerli icra hakimiyyətinin başçısı;
-
müvafiq inzibati ərazi vahidində yerli icra hakimiyyətinin başçısının fəaliyyətini təmin etmək məqsədi ilə yaradılan aparat;
-
inzibati ərazi dairələri üzrə nümayəndəliklər;
-
sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər;
-
yerli icra hakimiyyəti başçısının yanında olan dövlət büdcəsindən maliyyələşən qurumlar;
-
yerli icra hakimiyyəti başçısının tabeliyində olan dövlətə məxsus hüquqi şəxslər;
-
mərkəzi icra hakimiyyəti orqanlarının (Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti istisna olmaqla) və onların yanında dövlət xidmətlərinin və dövlət agentliklərinin şəhər, rayon və şəhər rayonu qurumları;
-
mərkəzi icra hakimiyyəti orqanlarının sisteminə daxil olan və fəaliyyəti yalnız müvafiq inzibati ərazi vahidinin hüdudları ilə məhdudlaşan qurumlar.
Yeni Əsasnaməyə görə mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumları ikili tabelikdədir - onlar həm müvafiq mərkəzi icra hakimiyyəti orqanına, həm də yerli icra hakimiyyətinin başçısına tabedirlər. Müvafiq inzibati ərazi vahidində onun fəaliyyətini təmin etmək məqsədi ilə yaradılan aparat, inzibati ərazi dairələri üzrə nümayəndəliklər, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər, yerli icra hakimiyyəti başçısının yanında olan qurumlar, habelə tabeliyində olan hüquqi şəxslər isə bilavasitə yerli icra hakimiyyətinin başçısına tabedirlər.6 Göründüyü kimi “Yerli icra hakimiyyətləri haqqında” yeni Əsasnamə müəyyən istisnalarla yerli səviyyədə fəaliyyət göstərən bütün icra strukturlarını yerli icra hakimiyyəti başçısına tabe etməklə mərkəzi hakimiyyət tərəfindən təyin olunan yerli icra hakimiyyətlərini bir qədər də möhkəmləndirməyə xidmət edir.
Əsasnamə ilə yerli icra hakimiyyətlərinin gücləndirilməsi həm də özünü onda göstərir ki, əksmərkəzləşmə proseslərinin getdiyi və yerli özünüidarə sisteminin təşəkkül tapdığı ölkələrdə yerli özünüidarə qurumlarında olan səlahiyyətlərin böyük əksəriyyəti bu Əsasnamə ilə yerli icra hakimiyyəti başçıları üçün tanınır. Bu, əslində hökumətin yerli özünüidarə siyasətinin hakimiyyətin mərkəzsizləşdirilməsi istiqamətində deyil, mərkəzi hakimiyyətin bir qədər də gücləndirilməsi istiqamətində inkişaf etdiyinin göstəricisidir. Bunu, Əsasnamədə yerli icra hakimiyyəti başçıları üçün tanınan səlahiyyətlərin dairəsinə diqqət yetirdikdə asanlıqla müşahidə etmək mümkündür.
Əhalinin sosial müdafiəsi sahəsində yerli icra hakimiyyəti başçılarının səlahiyyətləri
Əsasnamənin 4-cü bəndində yerli icra hakimiyyətləri üçün əhalinin sosial müdafiəsi ilə bağlı nəzərdə tutulmuş səlahiyyətlərin böyük qismi yerli özünüidarə qurumları tərəfindən daha effektiv həyata keçirilə bilən səlahiyyətlərdir. Əhalinin sosial müdafiəsi sahəsində yerli icra hakimiyyətləri üçün nəzərdə tutulmuş aşağıdakı səlahiyyətlər bir çox ölkələrdə yerli özünüidarə qurumları tərəfindən həyata keçirilir.
-
müvafiq ərazidə ehtiyacı olan ailə, qadın və uşaqlara sosial yardım göstərilməsi işini təşkil etmək, ailə institutunun möhkəmləndirilməsinə və ailə dəyərlərinin təbliğinə yönəlmiş tədbirlər görmək;
-
ehtiyacı olan uşaqlara yardım göstərilməsini təşkil etmək;
-
ehtiyacı olan şəxslərin qocalar evlərində və digər sosial yardım müəssisələrində yerləşdirilməsi üçün zəruri tədbirlər görmək;
-
ailə başçısını itirmiş ailələrin, çoxuşaqlı ailələrin, evdə qulluğa ehtiyacı olan əlillərin, sağlamlıq imkanları məhdud uşaqların, müharibə və əmək veteranlarının, qocaların mənzil və maddi-məişət şəraitinin yaxşılaşdırılmasına kömək göstərmək;
-
müvafiq ərazidə əhaliyə humanitar yardım göstərilməsi və əhaliyə sosial xidmət göstərən təşkilatlarla birlikdə humanitar yardıma tələbatın müəyyənləşdirilməsi işini təşkil etmək;
-
sosial yardımlara hüququ olan şəxslərin ilkin uçotunun aparılmasını təşkil etmək;
-
müvafiq ərazidə ümumtəhsil və peşə təhsili alan şagirdlərin qidalanmasının təmin edilməsi işini təhsil müəssisələri ilə birlikdə təşkil etmək;
-
valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş yetkinlik yaşına çatmayan uşaqların ümumtəhsil internat məktəblərinə, sağlamlıq imkanları məhdud uşaqların xüsusi məktəblər və internat məktəblərinə göndərilməsini təşkil etmək.
Mənzil-kommunal təsərrüfatı və abadlaşdırma sahələrində yerli icra hakimiyyəti başçılarının səlahiyyətləri
Əsasnamənin “Yerli icra hakimiyyəti başçısının səlahiyyətləri” adlanan 4-cü hissəsinin 4.9.-cu bəndində mənzil-kommunal təsərrüfatı və abadlaşdırma ilə bağlı demək olar ki, bütün səlahiyyətlər yerli icra hakimiyyətləri üçün tanınıb. Onların sırasında elə səlahiyyətlər var ki, onların yerli özünüidarə orqanlarının deyil, yerli icra hakimiyyətlərinin səlahiyyətində olması subsidiarlıq prinsipinin tətbiqinin hansı səviyyədə olmasını, Yerli Özünüidarə Haqqında Avropa Xartiyasının tələblərinə nə dərəcədə əməl olunmasını açıq-aşkar göstərir. Bunun üçün Əsasnamə ilə yerli icra hakimiyyətlərinə verilmiş bəzi səlahiyyətləri nəzərdən keçirmək kifayətdir.
-
müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən qurumlara (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) icrası məcburi olan göstərişlər vermək. Birincisi, bu bənddə sadalanan səlahiyyətlər yerli özünüidarənin az-çox inkişaf etdiyi digər ölkələrdə birmənalı olaraq yerli özünüidarə qurumları tərəfindən həyata keçirilir. 7 Digər tərəfdən, “Bələdiyyələrin statusu haqqında” Qanunun 4-cü maddəsi ilə həmin səlahiyyətlər ümumi şəkildə bələdiyyələr üçün də tanınıb. Hesab edək ki, bələdiyyə ya öz müəssisələri, ya da sifariş müqaviləsi ilə özəl müəssisələr vasitəsilə həmin səlahiyyətləri həyata keçirir (Reallıqda bu imkan bələdiyyələrdən alınıb. Çünki bir tərəfdən, bu səlahiyyətləri yerli sosial müdafiə və sosial inkişaf proqramlarının tərkib hissəsi kimi nəzərdə tutan qanun həmin səlahiyyətlərin həyata keçirilməsi imkanlarını məhdudlaşdırıb. Belə ki, “Bələdiyyələrin statusu haqqında” Qanunun 4-cü maddəsinə görə yerli sosial müdafiə və sosial inkişaf proqramlarından məqsəd dövlətin həyata keçirdiyi sosial inkişaf proqramlarında nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli sosial inkişaf məsələlərini həll etməkdir. Digər tərəfdən isə bu səlahiyyətlər ümumi şəkildə bələdiyyələr üçün tanınsa da ayrı-ayrı qanunvericilik aktlarında yerli icra hakimiyyətlərinin səlahiyyət dairəsinə daxil edilib). O zaman belə çıxır ki, yerli icra hakimiyyətləri bələdiyyələrə və onların sifarişini yerinə yetirən özəl müsəssisələrə icrası məcburi göstərişlər verə biləcək. Bu isə, yerli özünüidarə orqanlarının müstəqilliyi və muxtariyyatı prinsiplərinə ziddir. Belə ki, Yerli Özünüidarə Haqqında Avropa Xartiyasının 4-cü maddəsinin 2-ci hissəsində deyilir: “Yerli özünüidarə orqanları onların səlahiyyətindən çıxarılmamış və başqa bir hakimiyyət orqanının səlahiyyətinə aid edilməmiş hər hansı məsələyə dair öz təşəbbüslərini həyata keçirmək üçün qanunla müəyyən edilmiş hüdudlarda tam sərbəstliyə malikdirlər”. 8 Azərbaycan Respublikası Konstitusiyasının 146-cı maddəsinin I hissəsində isə deyilir: “Bələdiyyələr öz səlahiyyətlərini həyata keçirməkdə müstəqildirlər...”. 9
-
mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, istifadəsində, idarəçiliyində və ya təsərrüfatında istilik təchizatı mənbələri olan istismar təşkilatları və müəssisələri tərəfindən əhaliyə xidmət edən mühəndis şəbəkəsinin və kommunikasiyaların fasiləsiz işinə, saxlanılmasına və təmirinə nəzarəti həyata keçirmək.
-
tabeliyində olan qazanxanaların müntəzəm olaraq işləməsinə, həmçinin, xüsusi mülkiyyətdə olan yaşayış evləri istisna olmaqla, müvafiq ərazidə olan digər istehlakçıların istilik şəbəkəsinə qoşulmasına kömək göstərmək və işlərin görülməsinə nəzarəti həyata keçirmək. Bu bəndlərdə nəzərdə tutulmuş səlahiyyətlər də bir qayda olaraq yerli özünüidarə qurumlarının səlahiyyətinə aid məsələləri əhatə edir. Yerli icra hakimiyyətlərinə mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq istilik təchizatı ilə bağlı xidmət göstərən müəssisələrin (bu, hüquqi baxımdan bələdiyyə müəssisəsi də ola bilər) fəaliyyətinə, həmçinin istehlakçıların istilik şəbəkəsinə qoşulmasına kömək göstərmək və işlərin görülməsinə nəzarəti həyata keçirmək səlahiyyətinin verilməsi Yerli Özünüidarə Haqqında Avropa Xartiyasının 4-cü maddəsinin 3-cü hissəsinə ziddir.
-
küçələrin işıqlandırılması sisteminin əsaslı təmiri üzrə ünvanlı proqramlar təsdiq etmək və onların icrasını təşkil etmək.
-
yaşayış məntəqələrində məhəllə ərazilərinin abadlaşdırılması üçün ünvanlı abadlaşdırma proqramlarını və müvafiq ərazilərin kompleks abadlaşdırılması proqramlarını hazırlamaq və həyata keçirmək.
-
tikintisi layihələndirilən obyektlərə bitişik olan ərazilərdə istirahət guşəsinin, uşaq və idman meydançalarının qurulması, minik avtomobillərinin dayanacaq yerlərinin təşkili, yaşıllaşdırma işləri, məişət tullantıları üçün konteynerlərin yerləşdirilməsi ilə bağlı görüləcək kompleks abadlaşdırma işlərinin həcmini sifarişçi ilə razılaşdırmaq, həmin işlərin yerinə yetirilməsinə nəzarəti həyata keçirmək.
-
müvafiq ərazidə məişət tullantılarının yığılması üçün konteyner meydançalarının yerləşdirilməsi və yenidən qurulması üzrə ünvanlı proqramları təsdiq etmək və həmin proqramların icrasına nəzarəti həyata keçirmək.
-
müvafiq ərazidə mövcud yaşıllıqların uçotunun aparılmasını təşkil etmək, yeni yaşıllıqlara olan tələbatı müəyyənləşdirmək və yaşıllıqların salınmasını təşkil etmək.
Göründüyü kimi “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamə mənzil-kommunal təsərrüfatı və abadlaşdırma sahəsində bütün səlahiyyətləri yerli icra hakimiyyətlərinə verir. Bu, yerli özünüidarənin fəlsəfəsinə, Avropa Xartiyasının prinsiplərinə, o cümlədən subsidiarlıq prinsipinə ziddir. Əksmərkəzləşmə proseslərinin getdiyi başqa ölkələrin təcrübəsinə istinad etsək görərik ki, həmin səlahiyyətlər birmənalı olaraq yerli özünüidarə orqanlarına aiddir.
Ərazinin sosial-iqtisadi inkişafı sahəsində yerli icra hakimiyyəti başçılarının səlahiyyətləri
Əsasnamə ərazinin sosial-iqtisadi inkişafı sahəsində bütün səlahiyyətləri yerli icra hakimiyyətlərinə verir. “Bələdiyyələrin statusu haqqında” Qanunun 4-cü və 5-ci maddələri bələdiyyələrin yerli sosial müdafiə və sosial inkişaf, eləcə də yerli iqtisadi inkişaf proqramları qəbul etmək və həyata keçirmək hüququnu təsbit edir.10 Lakin bu müstəsna hüquq deyil, yalnız müəyyən şərtlər daxilində qəbul edilə və həyata keçirilə bilər. Belə ki, yuxarıda da qeyd olunduğu kimi bələdiyyənin sosial-iqtisadi inkişaf proqramlarında məqsəd dövlətin həyata keçirdiyi inkişaf proqramlarında nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli inkişaf məsələlərini həll etməkdir. Əsasnamə ilə yerli icra hakimiyyətlərinə verilmiş bəzi səlahiyyətlərə nəzər salmaq kifayətdir ki, bələdiyyələrin yerli sosial-iqtisadi inkişaf sahəsində real fəaliyyət imkanlarının hansı səviyyədə olduğunu qiymətləndirmək mümkün olsun.
-
şəhərin, rayonun və şəhər rayonunun yerli sosial-iqtisadi inkişaf proqramlarının hazırlanmasını təşkil etmək və onları təsdiq etmək;
-
müvafiq icra hakimiyyəti orqanları, habelə aidiyyəti təşkilatlar və bələdiyyələr qarşısında ərazinin inkişafına dair məsələlər qaldırmaq, təkliflər vermək;
-
iqtisadi və sosial inkişaf üçün zəruri olan maliyyə, əmək ehtiyatları, əhalinin gəlirləri və torpaq balanslarının, habelə digər balansların hazırlanmasını təşkil etmək;
-
şəhərin, rayonun və şəhər rayonunun sosial-iqtisadi və mədəni inkişafını təmin etmək məqsədi ilə ayrılan büdcə və digər maliyyə vəsaitinin sərəncamçısı olmaq, bank hesabları açmaq, büdcə vəsaitindən və digər vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasına nəzarəti həyata keçirmək;
-
müvafiq ərazidə hüquqi və fiziki şəxslər tərəfindən sərmayə qoyuluşu üçün şərait yaratmaq;
-
müvafiq ərazidə sosial və istehsal infrastruktur obyektlərinin tikintisini və təmirini təşkil etmək.
Əsasnamənin 4.2.-ci bəndinin bəzi yarımbəndlərində söhbət bütövlükdə şəhərin, rayonun və şəhər rayonunun sosial-iqtisadi inkişafından getsə də digər yarımbəndlərin mahiyyətindən anlaşılır ki, bu səlahiyyət kənd və qəsəbə ərazilərinin də sosial-iqtisadi inkişafı məsələlərini əhatə edir. Belə olan halda bələdiyyələrin öz ərazilərinin sosial-iqtisadi inkişafı ilə bağlı hər hansı real fəaliyyət həyata keçirmsəsi imkanları olduqca məhdud görünür.
Aqrar bölmənin inkişafı sahəsində yerli icra hakimiyyəti başçılarının səlahiyyətləri
Əsasnamə aqrar bölmənin inkişafı sahəsində də yerli icra hakimiyyətlərinə bir sıra səlahiyyətlər verir. Nəzərə alsaq ki, Azərbaycanda bələdiyyələrin böyük əksəriyyəti kənd bələdiyyələridir və əsas ekspertlər tərəfindən kəndlərdə yerli icra nümayəndəlikləri (mərkəzi hakimiyyətin təyin etdiyi rayon icra hakimiyyəti başçılarının inzibati-ərazi dairələri üzrə nümayəndəlikləri) institutunun saxlanılması səmərəli hesab edilmir, o zaman bələdiyyələrə aqrar bölmənin inkişafı ilə bağlı heç bir səlahiyyətin verilməməsi anlaşılan deyil. Təbii ki, söhbət heç də bələdiyyələrin bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalçısı kimi iştirakından getmir. Bələdiyyələr əsasnamə ilə yerli icra hakimiyyətlərinə verilmiş bir sıra istiqamətlər üzrə daha səmərəli fəaliyyət göstərə bilərdilər, məsələn aşağıdakı istiqamətlər üzrə:
-
müvafiq ərazidə aidiyyəti dövlət orqanları ilə birlikdə aqrar bölmənin inkişafına yönəldilmiş investisiya layihələrinin həyata keçirilməsi üçün şərait yaratmaq;
-
kənd ərazilərində infrastrukturun inkişafı ilə bağlı məsələlərin həllində, o cümlədən müvafiq dövlət proqramlarının həyata keçirilməsində iştirak etmək;
-
müvafiq ərazidə mal-qaranın və başqa heyvanların, balıq və quşların xəstəliklərdən qorunması üçün epizootiya əleyhinə, sanitariya, profilaktik və digər baytarlıq tədbirlərinin həyata keçirilməsində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin müvafiq xidmətinə kömək göstərmək;
-
mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq müəssisələrdən, təşkilatlardan, torpaq mülkiyyətçilərindən və istifadəçilərindən əkin sahələri və çoxillik əkmələrin, meşələrin, otlaqların və biçənəklərin, toxum və əkin materiallarının fitosanitar vəziyyəti, habelə ziyanvericilərə, xəstəliklərə və alaq otlarına qarşı mübarizə tədbirləri haqqında məlumatlar almaq, onların aradan qaldırılmasında kömək göstərmək.
Şübhəsiz ki, yuxarıda göstərilən istiqamətlər üzrə fəaliyyətləri bələdiyyələr digər qurumlarla birgə və ya bilavasitə həyata keçirə bilərlər.
Təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində yerli icra hakimiyyəti başçılarının səlahiyyətləri
Əsasnamə yerli icra hakimiyyətlərinə fəaliyyət göstərdikləri ərazidə yerli əhəmiyyətli bütün məsələlər, o cümlədən təmir-tikinti, memarlıq və şəhərsalma üzrə geniş səlahiyyətlər verir. Bu səlahiyyətlərin dairəsi o qədər genişdir ki, yerli özünüidarə orqanları olan bələdiyyələrin həmin istiqamət üzrə hər hansı əsaslı fəaliyyət imkanlarını minimuma endirir. Yerli icra hakimiyyətlərinə təsdiq edilmiş memarlıq layihələrini qeydiyyatdan keçirmək, binaların tikintisinə icazə verməkdən tutmuş aşağıda qeyd olunanlara qədər şəhərsalma sahəsində geniş səlahiyyətlər verilir:
-
məhəllədaxili ərazilərdə və meydanlarda mühəndis qurğularının quraşdırılmasına icazə vermək;
-
"Reklam haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, küçə reklamının yerləşdirilməsinə icazə vermək;
-
yaşayış məntəqələrində küçə və meydanlara ad vermək, onların adlarını dəyişdirmək.
Göründüyü kimi şəhərsalma sahəsində yerli icra hakimiyyətlərinə elə səlahiyyətlər tanınıb ki, bələdiyyələrin həmin sahədə fəaliyyət imkanları həm minimuma enib, həm də şəhərsalma ilə bağlı məsələlərdə yerli icra hakimiyyətlərindən asılı vəziyyətə düşüblər.
Digər sahələr üzrə yerli icra hakimiyyəti başçılarının səlahiyyətləri
“Yerli icra hakimiyyətləri haqqında” Əsasnamədə yerli icra hakimiyyətlərinə istehlak bazarı və sahibkarlığın inkişafı, ərazinin sanitar-epidemioloji şəraitinin yaxşılaşdırılması və ətraf mühitin qorunması, əhalinin məşğulluğu, təhsil və mədəniyyət, bədən tərbiyəsi, idman və turizmin inkişafı və s. sahələrdə də geniş səlahiyyətlər verilir. Bu səlahiyyətlərin də əksəriyyəti yerli ictimai xidmətlər sahəsini əhatə edir və digər ölkələrdə olduğu kimi yerli özünüidarə orqanlarının və ya özəl bölmənin fəaliyyət sferasına daxil edilə bilər. Məsələn, Əsasnamənin 4.13.12.-ci yarımbəndində yerli icra hakimiyyətlərinə müvafiq ərazidə idman və uşaq əyləncə meydançalarının tikintisi, əsaslı təmiri və yenidən qurulması, ümumi istifadədə olan stadionların əsaslı təmiri üzrə ünvanlı proqramların hazırlanmasını təşkil etmək və onları təsdiq etmək, bu proqramların icrasına nəzarəti, idman və uşaqlar üçün əyləncə meydançalarının avadanlıqla təchiz olunmasını, həmin avadanlığın təmiri və ona xidmət işini təşkil etmək səlahiyyətləri verilir. Belə nümunələr Əsasnamədə kifayət qədərdir.
Əsasnamədə inzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısı nümayəndələrinin vəzifə və səlahiyyətləri ayrıca sadalanır. Əsasnamənin 5-ci bəndində göstərilən səlahiyyətlər əslində bələdiyyələrin yerli səviyyədə göstərməli olduğu xidmətləri əhatə edir. Məsələn, Əsasnamənin 5.1.5.-ci yarımbəndinə görə inzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısı nümayəndələrinə ərazidə mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən qurumların (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) fəaliyyətini yerli icra hakimiyyəti başçısının müəyyən etdiyi məsələlər üzrə əlaqələndirmək səlahiyyəti verilir. Bundan əlavə inzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısı nümayəndələri ərazidə olan yaşayış evləri və çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə təsərrüfatbaşına uçot kitablarını, habelə təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin siyahısını aparmaq, ərazidə yaşayan vətəndaşlara onların şəxsiyyətini, ailə vəziyyətini təsdiq edən arayışlar və digər arayışlar vermək, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını və müəyyən tutulmuş notariat hərəkətlərini (miras əmlakın mühafizəsi üçün tədbirlər görmək; vəsiyyətnamələri təsdiq etmək; əmlakdan istifadə edilməsi və ona sərəncam verilməsi barədə, avtomaşınların müddəti istifadəyə verilməsinə dair etibarnamələr istisna olmaqla etibarnamələri təsdiq etmək; sənədlərdən surət və çıxarışların düzgünlüyünü təsdiq etmək; sənədlərdəki imzanın həqiqiliyini təsdiq etmək) aparmaq və digər səlahiyyətlərə də malikdirlər.
Nəticə
“Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin təhlili aşağıdakı nəticələrə gəlməyə əsas verir:
-
Cəmiyyətin, həmçinin beynəlxalq təşkilatların gözləntilərinin əksinə olaraq Azərbaycanda hakimiyyətin əksmərkəzləşdirilməsinə, yerli özünüidarə sisteminin gücləndirilməsinə yönəlik islahatların aparılması əvəzinə mərkəzi hakimiyyət tərəfindən təyin olunan yerli icra hakimiyyətlərinin daha da gücləndirilməsi prosesi gedir;
-
Yerli icra hakimiyyətləri yerli məsələlər, o cümlədən yerli ictimai xidmətlər üzrə bütün müstəsna səlahiyyətlərə malikdirlər;
-
Yerli icra hakimiyyətləri ictimai xidmətlər göstərmək səlahiyyəti ilə yanaşı, bir çox hallarda bu xidmətləri göstərmək səlahiyyətinə malik başqa qurumların (özəl və bələdiyyə) fəaliyyətinə nəzarət etmək hüququna da malikdirlər;
-
Yerli icra hakimiyyətləri üçün tanınan səlahiyyətlərin detallı təsviri “Bələdiyyələrin statusu haqqında” Qanunun 4, 5 və 6-cı maddələrində sadalanmış istiqamətlər üzrə bələdiyyələr üçün ümumi formada tanınmış və digər normativ-hüquqi aktlarla konkret olaraq onların səlahiyyət sferasına daxil edilməmiş məsələlər üzrə bələdiyyələrin qərar qəbul etmək və və onların icrasını təmin etmək imkanlarını əhəmiyyətli dərəcədə azaldır (əksər hallarda onları bu imkandan məhrum edir);
-
“Yerli icra hakimiyyətləri haqqında” Əsasnamə ilə yerli səviyyədə dövlət hakimiyyətinin həyata keçirilməsi ilə əlaqədar bütün mühüm səlahiyyətlərin, o cümlədən yerli ictimai xidmətlər üzrə səlahiyyətlərin yalnız mərəkəzi hakimiyyət orqanlarının yerli qurumlarına və mərkəzi hakimiyyət tərəfindən təyin olunan yerli icra hakimiyyəti başçılarına verilməsi Yerli Özünüidarə Haqqında Avropa Xartiyasına 4-cü maddəsinin 3-cü hissəsində öz əksini tapmış subsidiarlıq prinsipinə ziddir.
2 saylı əlavə
2012-ci ildə Azərbaycanda bələdiyyələrin maliyyə durumu haqqında
Qısa Arayış11
2012-ci ildə ölkə üzrə yerli (bələdiyyə) büdcələrin məcmu gəlirləri 35.86 milyon manat, məcmu xərcləri isə 35.81 milyon manat təşkil edib. Əvvəlki illə müqayisədə 2012-ci ildə ölkə bələdiyyələrinin büdcə gəlirləri 1.75 milyon manat və ya 5.1 faiz, xərcləri isə 2.8 milyon manat və ya 8.5 faiz çox olub.
Ötən il ölkə üzrə bələdiyyələrin ümumi büdcə gəlirlərinin 11.77 milyon manatı (32,8 faizi) vergilərdən daxilolmalar, təqribən 22.0 milyon manatı (61.3 faiz) qeyri-vergi gəlirləri, qalan 2.1 milyon manatı (5.8 faiz) isə digər gəlirlər hesabına formalaşıb (diaqram 1).
Diaqram 1. 2012-ci ildə ölkə üzrə yerli (bələdiyyə) büdcə gəlirlərinin strukturu, (yekuna görə faizlə)
Əvvəlki illə müqayisədə 2012-ci ildə yerli büdcələrin vergi daxilolmaları 1.3 milyon manat (və ya 10.0 faiz) azalıb, qeyri vergi daxilolmaları 1.85 milyon manat (9.2 faiz), digər gəlirlər isə 1.19 milyon manat (2.3 dəfə) artıb (diaqram 2).
Diaqram 2. 2011 və 2012-ci illərdə yerli (bələdiyyə) büdcəsinin gəlirlərinin mənbələr üzrə müqayisəsi (milyon manatla)
2012-ci ildə yerli büdcələrin vergi daxilolmalarının ümumi məbləğindən 6.49 milyon manatı (55.1 faizi) fiziki şəxslərin torpaq vergisinin, 3.68 milyon manatı (31.3 faizi) fiziki şəxslərin əmlak vergisinin, 639.2 min manatı (5.4 faiz) yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisinin, qalan 970 min manatı (8.2 faiz) isə müxtəlif növ yerli ödənişlərin payına düşüb (diaqram 3).
Diaqram 3. Yerli büdcələrin vergi daxilolmalarında vergi mənbələri üzrə daxilolmaların payı
Analiz göstərir ki, 2012-ci ildə verdi daxilolmaları bələdiyyələrin yerli gəlirlərinin yalnız 1/3 hissəsini əmələ gətirib. Həm də bu gəlirlərin yarısından çoxu fiziki şəxslərin torpaq vergisi hesabına formalaşıb. Fiziki şəxslərin əmlak vergisi isə hələ də bələdiyyələr üçün ciddi gəlir mənbəyinə çevrilə bilməyib – 2012-ci ildə bu verginin payına yerli büdcələrin məcmu daxilolmalarının yalnız 10.3 faizi (1/10-i) düşüb.
2011-ci illə müqayisədə ötən il ölkə üzrə yerli büdcələrin vergi daxilolmaları 1.3 milyon manat, yaxud 10.0 faiz az olub. O cümlədən, fiziki şəxslərin torpaq vergisindən daxiolmalar üzrə 965.2 min manat yaxud 13.0 faiz, fiziki şəxslərin əmlak vergisindən daxiolmalar üzrə 662 min manat yaxud 15.3 faiz azalma müşahidə olunub. Amma, yerli tikinti materialları üzrə mədən vergisindən daxilolmalar əvvəlki illə müqayisədə 43.4 faiz (193.5 min manat) artıb (diaqram 4).
Diaqram 4. 2011 və 2012-ci illərdə yeli vergi və ödənişlərin məbləğinin dinamikası (milyon manatla)
Bütövlükdə, yerli vergilərdən daxilolamaların məcmu yerli büdcə gəlirlərində payı 2011-ci ildə 38.3 faiz olduğu halda 2012-ci ildə 32.8 təşkil edib, başqa sözlə, 5.5 faiz bəndi aşağı düşüb.
2012-ci ildə ölkə üzrə yerli büdcələrin məcmu gəlirlərinin 61.3 faizi, yaxud 21.99 milyon manatı qeyri-vergi gəlirlərindən ibarət olub. Qeyri-vergi gəlirlərinin əksər hissəsi – 16.67 milyon manatı (75.8 faizi) bələdiyyə mülkiyyətində olan əmlakın və torpağın satışı və icarəyə verilməsi hesabına əldə olunub.
Qeyri-vergi gəlirlərinin 12.21 milyon manatı (və ya 55.5 faizi) bələdiyyə torpaqlarının satışından, 4.46 milyon manatı (20.3 faizi) bələdiyyə torpaqlarının icarə verilməsindən, 4.74 milyon manatı (21.6 faiz) dövlət büdcəsindən verilən dotasiyalardan, 558 min manatı (2.5 faizi) isə fiziki və hüquqi şəxslərin yardımlarından formalaşıb (diaqram 5).
Diaqram 5. 2012-ci ildə yerli büdcələrin qeyri-vergi daxilolmalarının mənbələr üzrə strukturu (yekuna görə faizlə)
2012-ci ildə əvvəlki illə müqayisədə qeyri-vergi mənbələrindən daxilolamaların həcmi 1.86 milyon manat və ya 9.2 faiz çox olub. 2011-ci illə müqayisədə 2012-ci ildə bələdiyyə torpaqlarının satışından daxilolmalar 557 min manat (4.8 faiz) artmış, torpaqların icarə verilməsindən daxilolmalar isə 129 min manat (2.8 faiz) azalmışdır (diaqram 6).
Diaqram 6. 2011-2012-ci illərdə yeli büdcələrin qeyri-vergi daxilolmalarının mənbələr üzrə məbləğinin dinamikası (milyon manatla)
2012-ci ildə ölkə üzrə yerli büdcələrin məcmu daxilolmalarında bələdiyyə torpaqlarının satışından və icarəsindən əldə olunan gəlirlərin cəmi payı 46.5 faiz olub ki, bu da 2011-ci ildəki uyğun göstəricinin (47.6 faiz) bir qədər (1.1 faiz bəndi) azalması deməkdir. Yeri gəlmişkən qeyd etməliyik ki, 2012-ci ildə ölkə bələdiyyələrinin torpaq satışından əldə etdiyi 12.2 milyon manatlıq gəlirin 4.4 milyon manatı yaxud 36.1 faizi Abşeron bələdiyyələrinin payına düşüb.
2012-ci ilin dövlət büdcəsində il ərzində bələdiyyə büdcələrinə ayrılacaq maliyyə yardımının (dotasiyanın) məbləği 5.0 milyon manat12 nəzərdə tutulsa da (bu, dövlət büdcəsinin planlaşdırılan illik xərclərinin 0.028 faizi qədərdir), Dövlət Statistika Komitəsinin məlumatına görə, bunun yalnız 4.74 milyon manatı (94.8 faizi) faktiki olaraq yerli büdcələrə ödənilib. Bununla belə, ötən il dövlət büdcəsindən bələdiyyələrə verilən maliyyə yardımlarının ümumi məbləği əvvəlki illə müqayisədə 1.3 milyon manat (38.7 faiz) artıb. Ötən il yerli büdcələrin məcmu daxilolmalarında dövlət büdcəsindən verilən dotasiyanın payı 13.2 faiz təşkil edib ki, bu da 2011-ci ildəkindən (10.0 faiz) 3.2 faiz bəndi qədər çox deməkdir.
2012-ci il ərzində ölkənin 1718 bələdiyyəsinin ümumi gəlirləri 35 milyon 860.6 min manat təşkil edib ki, bu da orta hesabla bir bələdiyyə 20870 manat düşməsi deməkdir. Ölkənin regionları üzrə bələdiyyələrin illik gəlirlərində ciddi kənarlaşmalar müşahidə olunur. Belə ki, orta hesabla bir bələdiyyəyə düşən illik gəlirlərin məbləği Abşeron üzrə 210 min manat, Bakı üzrə 139.8 min manat olduğu halda, bu göstərici Gəncə-Qazax zonasında 14.1 min manat, Lənkəran zonasında 10.8 min manat, Naxçıvan MR-də isə 3.6 min manat təşkil edib (bax:1-ci cədvəl.
1-ci cədvəl
2012-ci ildə ölkənin regionları üzrə bələdiyyələrin büdcə gəlirlərinin müqayisəsi
Regionlar
|
Bələdiyyələrin sayı
|
Bələdiyyələrin məcmu gəlirləri (min manat)
|
Orta hesabla 1 bələdiyyəyə düşən gəlirlər (min manat)
|
Ölkə üzrə cəmi
|
1718
|
35860.5
|
20.87
|
Naxçıvan MR
|
171
|
616.8
|
3.61
|
Bakı şəhəri
|
52
|
7269.6
|
139.8
|
Abşeron iqtisadi rayonu
|
30
|
6306.6
|
210.2
|
Gəncə-Qazax iqtisadi rayonu
|
287
|
4050.5
|
14.1
|
Şəki-Zaqatala iqtisadi rayonu
|
181
|
3699.0
|
20.44
|
Lənkəran iqtisadi rayonu
|
182
|
1965.2
|
10.8
|
Quba-Xaçmaq iqtisadi rayonu
|
133
|
3439.3
|
25.86
|
Aran iqtisadi rayonu
|
487
|
6720.1
|
13.8
|
Yuxarı Qarabağ iqtisadi rayonu
|
74
|
412.6
|
5.58
|
Dağlıq Şirvan iqtisadi rayonu
|
121
|
1380.7
|
11.4
|
2012-ci ildə ölkə bələdiyyələrinin ümumilikdə xərcləri 35.81 milyon manat olub. Bunun 17,1 milyon manatı (47.7 faizi) yerli özünüidarə orqanlarının saxlanılmasına, 2,18 milyon manatı (6.1 faizi) sosial təyinatlı xərclərə ( o cümlədən 1.4 milyon manatı sosial müdafiə və sosial təminat məqsədlərinə), 9.86 milyon manatı (27.5 faizi) mənzil-kommunal təsərrüfatı xərclərinə, 3.7 milyon manatı (10.4 faizi) avtomobil yollarına və nəqliyyata, qalan 2.99 milyon manatı (8.3 faizi) isə sair xərclərə istifadə olunub (diaqram 7).
Diaqram 7. 2012-ci ildə ölkə üzrə yerli (bələdiyyə) büdcə xərclərinin strukturu, (yekuna görə faizlə)
Əvvəlki illə müqayisədə 2012-ci ildə ölkə bələdiyyələrinin ümumilikdə xərcləri 2.8 milyon manat və ya 8.5 faiz çox olub.
Eyni zamanda, 2011-ci illə müqayisədə yerli özünüidarə orqanlarının saxlanılması xərcləri 320 min manat (1.9 faiz), mənzil-kommunal təsərrüfatı xərcləri 788 min manat (8.7 faiz), avtomobil yolları və nəqliyyat xərcləri 472 min manat (14.5 faiz), sair xərclər isə 1309 min manat (78 faiz) artdığı halda, sosial təyinatlı xərclər 97 min manat (4.3 faiz) azalıb (diaqram 8).
Diaqram 8. 2011-2012-ci illərdə yerli büdcə xərclərinin istiqamətlər üzrə məbləğinin dinamikası (milyon manatla)
Nəticə
Analiz göstərir ki, 2012-ci ildə də ölkə bələdiyyələrin maliyyə potensialında əhəmiyyətli dəyişiklik baş verməmişdir. Bələdiyyələrin ümumi büdcə daxilolmalarının məbləği əvvəlki illə müqayisədə 1.75 milyon manat (5.1 faiz) artsa da, bunu yerli özünüidarə qurumlarının normal fəaliyyətini təmin etmək üçün yetərli artım hesab etmək olmaz.
Ötən il ölkənin yerli özünüidarə qurumlarının büdcə daxilolmaları əsasən dövlət büdcəsindən ayrılan maliyyə yardımları (dotasiyalar), bələdiyyə torpaqlarının satışından əldə edilən vəsait və digər gəlirlər hesabına artıb, yerli vergilər hesabına toplanan vəsait isə, əksinə, azalıb. Ötən il bələdiyyə büdcələrinin ümumi gəlirlərinin yalnız 31 faizi yerli vergi və ödənişlər hesabına formalaşıb. Vətəndaşların malik olduqları daşınmaz əmlakın dövlət qeydiyyatı və əmlak vergisinin hesablanması metodikası ilə bağlı problemlər üzündən fiziki şəxslərin əmlak vergisi hələ də bələdiyyələr üçün ciddi gəlir mənbəyinə çevrilə bilməyib.
Beləliklə, 2012-ci ilin yekunları bir daha göstərdi ki, Azərbaycan qanunvericiliyində bələdiyyələr üçün müəyyən edilmiş xüsusi vergi və ödənişlər yerli özünüidarə qurumlarının hətta indiki məhdud funksiyalarını reallaşdırmaları üçün kifayət qədər maliyyə ilə təmin etmək iqtidarında deyildir.
Ötən il dövlət büdcəsindən yerli özünüidarə qurumlarına ayrılan (məqsədsiz maliyyə yardımı hesab olunan) dotasiyanın məbləği mütləq ifadədə bir qədər (1.3 milyon manat) artsa da, bu transfertin məbləği dövlət büdcəsi xərclərinin 0.025 faizini ötməyib və ümumən formal xarakter daşımaqda davam edib. Qanunvericilikdə nəzərdə tutulmasına rəğmən, ötən ildə də dövlət büdcəsindən bələdiyyələrə məqsədli maliyyə yardımlarının (subsidiya və subvensiyalar) ayrılması baş verməyib.
3 saylı əlavə
Azərbaycanda yerli özünüidarənin inkişafı istiqamətində BİNA-nın
Tövsiyələri
BİNA hesab edir ki, mövcud problemlərin həlli və ölkəmizdə yerli özünüidarənin inkişafının Avropa Xartiyasının prinsiplərinə və tələblərinə uyğunlaşdırılması üçün inzibati və maliyyə əksmərkəzləşməsi istiqamətində kompleks islahatların aparılması və müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi zəruridir. Bunun üçün yerli özünüidarənin əsas istiqamətləri üzrə aşağıdakılar tövsiyə olunur:
Bələdiyyələrin səlahiyyət və statusu ilə bağlı:
-
Qanunvericilikdə bələdiyyələrin yerli hakimiyyət orqanı statusunu təsbit edən normalar əksini tapmalıdır;
-
Yerli Özünüidarəetmə Haqqında Avropa Xartiyasının tələblərinə uyğun olaraq yerli özünüidarə orqanlarına müstəsna səlahiyyətlər verilməli, bələdiyyələrlə yerli dövlət hakimiyyəti orqanları arasında dəqiq səlahiyyət bölgüsü aparılmalıdır.
Bələdiyyələrin maliyyə potensialı ilə bağlı:
-
Bələdiyyələrə onların səlahiyyətlərinin həyata keçirilməsini təmin edə biləcək dayanıqlı maliyyə mənbələri verilməli, vergi qanunvericiliyinə dəyişiklik etməklə paylı vergi sistemi tətbiqi imkanları nəzərdən keçirilməlidir;
-
Bələdiyyələrin mövcud vergi mənbələrindən səmərəli istifadə etmələrini təmin etmək üçün vergitutma mexanizmləri, xüsusilə də fiziki şəxslərin əmlak vergisinin tutulma mexanizmləri təkmilləşdirilməlidir;13
-
Bələdiyyələrə dövlət büdcəsindən transfertlərin verilməsinin mövcud mexanizmləri təkmilləşdirilməli, bələdiyyələrə məqsədsiz transfertlərlə yanaşı məqsədli transfertlərin də verilməsi təmin edilməli və transfertlərin həcmi əhəmiyyətli dərəcədə artırılmalıdır;
-
Bələdiyyələrin əlverişli şərtlərlə kreditləşməsi üçün uyğun mexanizmlər işlənib hazırlanmalı, bələdiyyələrin inkişafını dəstəkləyən müxtəlif maliyyə fondlarının yaradılması dəstəklənməlidir.
Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili ilə bağlı:
-
Bələdiyyələrin fəaliyyətinə “Yerli özünüidarə haqqında Avropa Xartiyası”nın prinsiplərinə uyğun olmayan nəzarətin təşkili ilə bağlı müddəalar mövcud qanunvericilikdən çıxarılmalıdır;
-
Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət yalnız qanunçuluğa və konstitusiya prinsiplərinə riayət olunmasını təmin etmək üçün həyata keçirilməli, bələdiyyələrə əlavə təzyiq vasitəsi kimi istifadə olunmamalıdır.
Bələdiyyələrlə icra hakimiyyəti orqanları arasında münasibətlərlə bağlı:
-
Bələdiyyələrlə yerli dövlət hakimiyyəti orqanları arasında dəqiq səlahiyyət bölgüsü aparılmalıdır. Bu məqsədlə ya dövlət və yerli özünüidarə qurumları arasında münasibətlərin tənzimlənməsinə dair xüsusi qanunvericilik aktı qəbul edilməli, ya da mövcud qanunvericilik aktlarında müvafiq dəyişikliklər aparılmalıdır.
-
Yerli idarəetmədə paralelliyin aradan qaldırılmasınin əsas istiqamətlərindən biri kimi yerli icra nümayəndəlikləri institutu ləğv olunmalı, onların uyğun səlahiyyətlərinin bələdiyyələrə verilməsi təmin olunmalıdır.
Bələdiyyələrin əmlak təminatı və mülkiyyət toxunulmazlığı ilə bağlı:
-
“Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında” Qanunun tələblərinə uyğun olaraq bütün bələdiyyələrin dövlət tərəfindən inzibati bina ilə təchiz olunması qısa müddətdə təmin edilməlidir;
-
Bələdiyyə əmlakına, xüsusən də paytaxtda yerləşən bələdiyyə torpaqlarına mülkiyyət hüququnu təsdiq edən sənədlərin səlahiyyətli dövlət qurumları tərəfindən verilməsi prosesi başa çatdırılmalıdır.14
Bələdiyyə assosiasiyalarının fəaliyyəti ilə bağlı:
-
Bələdiyyə birlikləri yerli özünüidarəyə dair dövlət siyasətinin formalaşdırılması prosesində mərkəzi hökumətin bərabərhüquqlu tərəfdaşı kimi qəbul olunmalı və bu cür tərəfdaşlığın real hüquqi mexanizmləri işlənilməlidir;
-
Mərkəzi dövlət orqanları ilə bələdiyyələr arasında məsləhətləşmələrin müntəzəmliyini təmin etmək üçün daimi (həm də ictimai) əsaslarla konsultativ qurum yaradılmalıdır;
-
Bələdiyyələrin milli assosiasiyalarının müstəqil fəaliyyəti üçün real təminatlar yaradılmalıdır;
-
Assosiasiyaların onlara üzv olan bələdiyyələr qarşısında ciddi hesabatlılığı təmin edilməli, assosiasiyaların fəaliyyəti şəffaflıq və hesabatlılıq prinsiplərinə əsaslanmalıdır.
Bələdiyyələrin seçkili şəxslərin və qulluqçularının statusu, iş şəraiti və təminatları ilə bağlı:
-
Bələdiyyə orqanlarında daimi əsaslarla fəaliyyət göstərən bələdiyyə üzvlərinin daimi fəaliyyət göstərdikləri dövr ərzində əmək haqqı təminatının davamlılığına təminat verilməlidir;
-
Qanunda bələdiyyə qulluğunun əsas prinsipləri öz əksini tapmalı, bələdiyyə qulluqçularının təsnifatı verilməlidir;
-
Qanunda bələdiyyə qulluğuna qəbul olunmanın şərtləri göstərilməli və bələdiyyə qulluqçusu statusunu əldə etmə anı müəyyənləşdirilməlidir.
Bələdiyyələrin kadr potensialının gücləndirilməsi ilə bağlı:
-
Bələdiyyə kadrlarının hazırlığı sistemi yaradılmalı, tədris proqramları təkmilləşdirilməli, təlim-tədris proqramlarının rəsmi akkreditasiyası həyata keçirilməlidir;
-
İxtisasartırma kursları ehtiyaclılığa əsaslanmalıdır. Bunu nəzərə alaraq bələdiyyə birlikləri və səlahiyyətli dövlət qurumları təlim ehtiyaclarının dəqiq və müntəzəm müəyyənləşdirilməsiniə imkan verən mexanizm işləyib hazırlamalıdırlar;
-
Bələdiyyə kadrlarının yenidən hazırlığı və ixtisaslarının artırılması sahəsində milli strategiya işlənib hazırlanmalı, bələdiyyə kadrlarının daha geniş hissəsini əhatə etmək üçün regional təlim-tədris mərkəzləri yaradılmalıdır.
Paytaxt şəhəri kimi Bakının statusu və Şuranın formalaşdırılması ilə bağlı:
-
Bakı şəhəri üzrə vahid bələdiyyənin yaradılmasına hüquqi maneələr aradan qaldırılmalı, Bakı şəhərinin statusu ilə bağlı kompleks münasibətləri tənzim edən «Bakı şəhərinin statusu haqqında» xüsusi qanun qəbul edilməlidir;
-
Seçki Məcəlləsində Bakı Şəhər Bələdiyyə Şurasına seçkilərin keçirilməsi şərtləri, seçilmiş yerli özünüidarə formasından asılı olaraq seçkili şəxslərin sayı, paytaxtın ərazi sərhədlərinə daxil olan inzibati vahidliklərin meriyada təmçilçilik qaydaları əks etdirilməlidir;
-
Formalaşdırılacaq Bakı bələdiyyəsi ilə Bakı Şəhəri İcra Hakimiyyəti arasında səlahiyyətlər bölgüsü, dövlət hakimiyyəti orqanları ilə münasibətlər və fəaliyyətlərin əlaqələndirilməsi məsələləri qanunla dəqiq tənzimlənməlidir;
-
Fəaliyyətinin səmərəliliyini və üzərinə düşən vəzifələrin icrasını təmin etmək üçün Bakı bələdiyyəsinin zəruri maliyyə resurslarına malik olması təmin edilməlidir.
Azərbaycanda regional idarəetmənin təşkili ilə bağlı:
-
Azərbaycanda yerli idarəetmənin səmərəliliyinin artırılması məqsədi ilə regional idarəetməyə keçid imkanları və mövcud yerli idarəetmə sisteminin regionlaşmaya uyğunlaşdırılmasının mümkün variantları ilə bağlı müzakirələrə başlanılmalıdır.
Vətəndaş iştirakçılığı və ictimai hesabatlılığın təmin edilməsi ilə bağlı:
-
Mövcud qanunvericilik aktlarında olan ictimai iştirakçılıq və hesabatlılıqla bağlı müddəalar konkretləşdirilməli və daha dəqiq və aydın ifadə edilməklə onların real fəaliyyət mexanizmləri işlənilmlidir;
-
Hesabatlılıq və iştirakçılıq tələblərinin pozaulmasına və ya qanunvericiloik tələblərinə əməl edilməməsinə görə məsuliyyət mexanizmləri dəqiqləşdirilməlidir.
Dostları ilə paylaş: |