Bəxtiyar Tuncay
Batı Xan tərəfindən Oqtay (Uqedey) Xanın adından Macarıstan kralı IV Belaya göndərilən və dövrümüzədək latın dilinə tərcümədə yetişən yarlıq (1237-ci il)
Batı Xan
Tatarlar tərəfindən Avropanın fəth edilməsində Batı Xanın
Tarixi mənbələrdə 1280-ci ildən etibarən adı “Batı Xan” kimi çəkilməyə başlayan Batının Çingiz Xanın böyük oğlu Cucinin ikinci oğlu olduğu bilinməkdədir. Onun doğum tarixi haqqında məlumatlar ziddiyyətlidir. Məsələn, Əhməd İbn Mühəmməd Qaffari “Dünyanın qurucularının siyahısı” adlı əsərində Batının hicri 602-ci ildə (18 avqust 1205 – 7 avqust 1206) tarixində dünyaya gəldiyini 1252 və ya 1253-cü ildə dünyasını dəyişdiyini bildirməkdədir (Карпов А., 2011, s. 296). Eyni ölüm tarixini dilə gətirən Fəzlullah Rəşidəddinin yazdığına görə isə, o 48 il yaşamışdır (Рашид ад-Дин, 1960, s. 81) ki, bu da o deməkdir ki, Batı Xan hicri 606-cı ildə (6 iyul 1209 – 24 iyun 1210) anadan olmuşdur (Карпов А., 2011, s. 296).
1236-1243 – cü illərdə tatarların Qərb yürüşünə başçılıq edən Batının Dəşti-Qıpçağın qərb hissəsinin, İdil (Volqa) Bulqar dövlətinin, Volqaboyu ərazilərin, eləcə də Quzey Qafqazın Çingizoğullarından asılı vəziyyətə gətirdiyi məlumdur. O 1237-1238 – ci illərdə Ryazan, Moskva və Vladimir knyazlıqlarını, 1239-cu ildə Çerniquvu, 1240-cı ildə isə “rus şəhərlərinin anası” adlandırılan Kiyevi fəth etmişdir.
Növbəti il, yəni 1241-ci ildə Batıya bağlı tatar qoşunları Henrixin başçılıq etdiyi alman-polyak ordusu üzərində möhtəşəm qələbə çalaraq Polşa, Sileziya, Moraviyanı, ardınca da Şayo çayı sahillərində (11 aprel 1241-ci il) macar kralı IV Belanın qoşunlarını darmadağı edərək, Macarıstan, Dalmasiya, Bosniya, Serbiya və Bolqarıstanı ələ keçirdilər və Adriatik dənizinin sahillərinə çıxdılar.
Tatar qoşunlarının bir hissəsi də Mərkəzi Avropa istiqamətində irəliləməkdə idi. Burada onları Müqəddəs Roma İmperiyasının imperatorunun qoşunları qarşıladı. Fəqət Batı Xanın təslim olmaq barədə məktubunu oxuduqdan sonra “xanın quşçusu” olmağa belə razı olduğunu söyləyərək, müqavimət göstərmək fikrindən daşındı və tatar qoşunları Meysen adlı sakson şəhərinə qədər irəliləyərək, bu şəhər də daxil olmaqla, Avropanın böyük hissəsinin hakiminə çevrildilər.
Dostları ilə paylaş: |