Çingiz Xan ovda. XIII-XV əsrlərə aid Çin miniatürü
“...Buyan hamilə olan arvadına: “Əgər mənə bir oğul doğsan, səni baş xatun edərəm, yox, əgər qız doğsan, səni də, qızını da öldürərərm” deyir, özü isə uyğurlarla savaşa gedir. Arvadı isə tərslikdən qız doğur. Bundan bərk qorxuya düşən qadın qızını oğlan kimi qələmə verir, ona oğlan paltarı geyindirib, oğlan kimi böyütməyə başlayır. Adını da Alan Qova qoyur.
Atası uyğurlarla döyüşdə olan Alan Qova böyüyür, on beş yaşına çatanda artıq özünü bir igid kimi aparmağa başlayır, tutduğunu əzişdirir, dağlara, çöllərə gedib ov edir, aslanları, qaplanları tutaraq baş-başa vurub öldürür.
Buyan xan döyüşdəykən ona oğlu olduğunu xəbər verirlər, o da bu xəbərə çox sevinir. Döyüşdən qayıdan kimi ata ilə qızı görüşürlər. Buyan xan bir sürək ovu təşkil edir, qız da atasının yanında ovda iştirak edir, bir maral vurub təmizləyir, atının tərkinə qoyur. Amma ata minəndə atası onun minmək tərzindən şübhəyə düşür. O, qadınla kişinin ata minmək tərzləri arasındakı fərqi yaxşı bilirdi. Atasının şübhələndiyini hiss edən qız onun şübhələrini dağıtmaq üçün bir atla bir çöl eşşəyini qovaraq tutur, xanın qarşısına gətirib yerə çırpır. Eşşəyi yerə elə çırpır ki, heyvan parça-tikə olur. Beləcə Buyan xanın şübhələri dağılır.
Qız evə çatar kən atasından ona ayrı bir ev döşətdirməsini xahiş edir, atası da onun xahişini yerinə yetirir. Qız öz evində yatarkən, gecə evə qaranlıqda bir ay girir. Alan Qova bu parlaq aydan hamilə qalır. Ay bacadan çadıra daxil olanda qurd və aslan kimi heyvanlar da gözə dəyir. Qız səhər yuxudan duranda halında bəzi dəyişikliklərin baş verdiyini hiss edir və hamilə qaldığını anlayır. Aradan bir müddət keçəndən sonra qarnı şişir. Qarnında nəyinsə qımıldadığını hiss edən qız əhvalatı anasına danışır. Anası şübhəyə düşür, fəqət yoxlayıb qızının bakirə olduğunu görür və mat-məəttəl qalır. Beləcə, qızın aydan hamilə qaldığı məlum olur...” .
Dostları ilə paylaş: |