Teymur Qutluğun Mühəmmədə verdiyi yarlıq Dövrümüzədək yetişən, Çingizoğullarına aid olan çoxsaylı sənədlərdən biri də Teymur Qutluğun Mühəmmədə verdiyi məşhur yarlıqdır. Bu sənəd uyğur əlifbası ilə, xaqaniyyə türkcəsində qələmə alınmışdır. Onun əsli XIX əsrin ortalarına qədər İstanbulda qorunmaqda idi. Sonra sənənd Avstriyanın İstanbuldakı səfirliyinin əməkdaşı olan A. fon Raab tərəfindən əldə edilərək tanınmış şərqşünas alim Hammerə çatdırılmış, o da yarlığın öncə litoqrafik surətini çıxarmış, sonra isə mətni ərəb əlifbasına çevirərək “Fundgruben des Orients” əsərinin VI cildində (s. 359-362) nəşr etdirmişdir.