Allah (şeytana) lənət etdi. O isə dedi: “Mən Sənin qullarından müəyyən bir qismini hökmən ələ alacağam.
Mən onları mütləq (doğru yoldan) azdıracaq və xülyalara salacağam; onlara mal-qaranın qulaqlarını kəsməyi buyuracaq və Allahın yaratdıqlarına dəyişiklik verməyi əmr edəcəyəm”. Allahı qoyub şeytanı özünə himayədar tutan şəxs açıq-aşkar ziyana uğramışdır.
(Şeytan) onlara vədlər verir və onları xülyalara salır. Lakin şeytanın onlara verdiyi vədlər aldatmaqdan başqa bir şey deyildir”.
Bu ayələrdə açıq-aydın şəkildə şeytana sitayiş edənlərə işarə edilir. Və bu da təsadüfi deyil. Çünki İblisin böyük Şər imperiyasının əsas qurucularından biri məhz şeytana sitayiş edənlərdir. İblisin ordusunun önəmli hissəsini də məhz onlar təşkil edirlər.
Kimdir onlar?
Onlar əsasən şeytanı və ya şeytan simvolunu ucaldan və bəzi məzhəblərində şeytana inanmağı əmr edən “Satanizm” adlı dini-fəlsəfi cərəyanın üzvləridir. Bu cərəyanın üzvlərinə satanistlər və ya şeytanpərəstlər deyilir.
Satanizm ifadəsi hərfi mənada "şeytana inanan", "şeytanı rəhbər tutan" mənalarına sahibdir. Bu cərəyanın yaranma səbəbi yəhudilik və xristianlığa qarşı mübarizə aparmaq olmuşdur. Buna çox vaxt "Müasir Etiraz Hərəkatı" da deyilməkdədir. Bu hərəkat, başda xristianlıq olmaqla, bütün dinlərə və dinlərin yaratdığı müqəddəs dəyərlərə əksdir.
Əslində satanizmin tarixi çox-çox qədəimdir. Amma bu cərəyan XX əsrdə yeni bir forma alıb. Başda İngiltərə, Fransa və Almaniya olmaq əksər Avropa ölkələrində, xüsusilə də ABŞ və Kanadada çox geniş yaılıb, bu ölkələrdən digər ölkələrə də yayılıb. Satanistlər İblisin ən əhəmiyyətli xüsusiyyəti hesab etdikləri Allaha müxalifəti əldə əsas tutaraq, dinin və dini olan hər şeyin qarşısında, şeytanın və onun təmsil etdiyi düşüncənin yanında yer alırlar.
Müasir satanizmin əsası macar əsilli amerikalı Anton Szandor Lavey tərəfindən qoyulub. Bu cərəyan onun 1966-cı ildə San-Fransisko şəhərində qurduğu Şeytanın Kilsəsi ilə ortaya çıxıb şəkillənmişdir. Satanizmə çox vaxt qurucusunun adı ilə “Laveyan satanizm” də deyilməkdədir. Cərayanın qurucusu çox sayda kitab yazmışdır ki, hazırda həmin kitablar satanistlərin stolüstü kitabıdır. Bunlardan ən məşhuru 1969-cu ildə nəşr edilmiş “Şeytan İncili” adlanır. Bu kitabda satanizmin və satanistlərin həyat qanunlarını səciyyələndirən 12 maddə sıralanıb və onların şərhi verilib. Həmin maddələr aşağıdakılardır:
Sizdən soruşulmadığı müddətcə fikirlərinizi heç kimlə bölüşməyin.
Daxilinizdəki dərdləri mütləq şəkildə eşitmək istəyənlərdən savayı heç kimə deməyin.
Başqa bir insanın evində qonaqsınızsa, ev sahibinə qarşı hörmətli olun. Əks təqdirdə heç oraya getməyin.
Sizin evinizdə olan qonaq sizi incidər, sizə qarşı kobud hərəkət edərsə, siz də ona qarşı eyni cür edin.
Əks cins açıqca dəvət eməsə, onunla cinsi əlaqədə olmayın, ona təcavüz etməyin.
Var olan problemi həll edib kiminsə dərdinə çarə olmaq kimi bir məsuliyyət xaricində, sizinlə heç bir əlaqəsi olmayan işə burnunuzu soxmayın.
Öz əməl və azrularınızı reallaşdırmada sehrin gücündən istifadə edərək müvəffəqiyyətli olmusunuzsa, mütləq sehrin haqqını verin, onun gücünü qəbul edin.
Sizinlə əlaqəsi olmayan bir şeydən şikayət etməyin.
Körpə uşaqlara zərər verməyin.
Vəhşi heyvanlara zərər verməyin.
İctimai yerlərdə gəzərkən heç kimə zərər verməyin. Əgər kimsə sizi narahat etsə, ilk ona bunu etməməsini deyin, əgər yenə buna davam etsə onu məhv edin.
Kimsə sizi təhqir edərsə, ilk öncə ona xəbərdarlıq edin, əgər buna davam etsə onu məhv edin.
“Şeytan İncili” girişdən və dörd hissədən ibarətdir:
Şeytanın kitabı
Lüsiferin kitabı
Velialın kitabı
Leviafanın kitabı
Satanizmin ən radikal növü Teistik satanizm hesab edilir. Bu cərəyan “radikal satanizm” adı altında da tanınmaqdadır. Bu dini mənimsəyən və simpatiya duyan şəxslər, canlı və cansız aləmdə yeganə gücün Şeytanın gücü olduğuna inanarlar. Testik satanistlər, bir adamın nə qədər çox pislik edərsə, şeytana o qədər yaxın olacağına və dərəcəsinin də o qədər böyük olacağına inanırlar. Onların inancına görə, Şeytana yaxın olanlar cəhənnəmdə çox cəza çəkməyəcəklər və İblisin xidmətində zəbanilik edəcəklər.
Teistik satanizmdə, kökü olduqca qədim zamanlara qədər uzanan bir qurban və quru cadu ənənəsinə də rast gəlinir.
Satanizm təliminin qollarından biri də Lüsiferizmdir. Bu cərəyan öz adını şeytanın çoxsaylı adlarından biri olan Lüsifer adından almaqdadır. Bu cərəyanın nümayəndələri özlərini Şeytanın ən seçmə adamları hesab edir və gizliliyə xüsusi əhəmiyyət verirlər. Bu səbəbdən də onlar haqqında məlumat çox azdır. Bilinən odur ki, bir sıra simvollara şeytani vəsflər və məna verir və simvolizmə xüsusi yer ayırırlar. Lüsiferizmin izlərinə qədim Misir, Yunanıstan və Romada rast gəlindiyi söylənilir
Bunlardan başqa satanizmin “Simvolik satanizm” və “Doqquz mələk” adlı digər təriqətləri də vardır.
Qeyd edək ki, satanistlər ABŞ-ın Detroit şəhərində İblisə heykəl ucaltmışlar. Bu heykəldə o, keçi başlı təsvir edilib.
Quranda, daha dəqiq desək, Ya Sin surəsinin 60-cı ayəsində insanlara Şeytana səcdə etmək qadağan olunur:
“Ey Adəm övladları! Məgər Mən sizə buyurmadımmı ki, şeytana ibadət etməyin, o sizin açıq-aydın düşməninizdir”
Bununla belə satanistlər Allahın bu əmrini heçə saymaqda və Şeytana ibadət etməkdədirlər. Belələri Allaha tabe olmayanlardır. Quranda bu məsələ öz əksini Əl-Ənam surəsinin 43-cü ayəsində tapmaqdadır. Həmin ayədən belə aydın olur ki, Şeytanın dostları içərisində əsas yeri Allaha boyun əyməyənlər, Onun kitablarına istehza edənlər tutur:
“Ayələrimizi lağlağıya qoyanları gördüyün zaman, onlar başqa söhbətə keçənə qədər onlardan üz çevir. Əgər şeytan (bunu) sənə unutdursa, xatırladıqdan sonra zalım camaatla birgə oturma”.
Qurani-Kərimə inanmayan və ayələri lağlağıya qoyanlardan eyni surənin 68-ci ayəsində də söz açılır və belələri zalım adlandırılır, möminlərin onlarla bir yerdə oturmamaları buyurulur:
“Ayələrimizi lağlağıya qoyanları gördüyün zaman, onlar başqa söhbətə keçənə qədər onlardan üz çevir. Əgər şeytan (bunu) sənə unutdursa, xatırladıqdan sonra zalım camaatla birgə oturma”.
Həmin surənin 71-ci ayəsində ümmət şeytana uymamağa, Allaha təslim olmağa dəvət edilir:
“De: “Biz Allahı qoyub bizə nə bir xeyir, nə də bir zərər verə bilməyən şeylərəmi ibadət edəcəyik? Allah bizi doğru yola yönəltdikdən sonra, şeytanların yer üzündə azdırdığı, (mömin) dostlarının isə: “Bizə tərəf gəl!” (deyib doğru yola) çağırdıqları çaşbaş qalan kimsə kimi geriyəmi döndəriləcəyik?” De: “Ancaq Allahın haqq yolu doğru yoldur! Bizə əmr edilmişdir ki, aləmlərin Rəbbinə təslim olaq”.
Burada Əl-Həcc surəsinin 52-ci ayəsini xatırlatmaq da yerinə düşər:
“Biz səndən əvvəl elə bir elçi, elə bir peyğəmbər göndərməmişik ki, o, (ayələrimizi)(oxumaq) istədikdə şeytan onun oxuduğuna gizlicə (vəsvəsə) verməsin. Lakin Allah şeytanın gizlicə təlqin etdiyini yoxa çıxarar. Sonra da Allah Öz ayələrini möhkəmlədər. Allah Biləndir, Müdrikdir”.
Şeytana uymamağa çağırılmalarına rəğmən, ona uyanlardan söz düşmüşkən, mormonlar və mormonizm haqqında da bir neçə kəlmə söz deməyə ehtiyac var.
Mormonizm Şeytan haqqında öz xüsusi baxışlarını formalaşdırmış cərəyanın adıdır. Bu cərəyanın nümayəndələri iddia edirlər ki, Şeytan şöhrət qazanmaq və insanlığın günahının bağışlanması üçün özünün qurban verilməsini təklif edib. Bundan sonra “atasının” iradəsinin yerinə yetirilməsi üçün İsa (ə) da öz namizədliyini təklif edib. Təklifinin rədd edilməsindən sonra Şeytan üsyan edib və nəticədə Cənnətdən qovulub.
Mormonlar hesab edirlər ki, Adəmin (ə) oğlu Qabil Şeytanı Tanrıdan çox sevirdi və qardaşı Habili öldürmək üçün onunla iş birliyinə başlayır. Məhz bu işbirliyi sayəsinqə Qabil Master Mahan, yəni Baş Usta olur. Tək olan Allahın“ adını çəkənə kimi Musa da Şeytanın təsiri altında olmuşdur.
Mormonizm hazırda ABŞ, İngiltərə və Latın Amerikası ölkələrində geniş yayılıb. Bu ölkələrində Şeytana və insanların onun təsiri altına düşməsinə inam güclü olaraq qalmaqdadır. 2013-cü ildə keçirilmiş rəy sorğusu nəticəsində müəyyən edilmişdir ki, ABŞ sakinlərinin 57%-i, Böyük Britaniya sakinlərinin 18%-i Şeytanın varlığına inanır. ABŞ sakinlərinin 51%-i həm də Şeytanın insanlar üzərində nəzarət qabiliyyəti olduğuna etiqad edirlər.
“Satana Amerikada: Tanıdığımız Şeytan” kitabının müəllifi U. Skott Pul yazır ki, son qırx-əlli il ərzində ABŞ-da həm xalq arasındakı əfsanələrdən, həm də dini mənbələrdən alınmış məlumatlar əsasında mürəkkəb Şeytan obrazı yaranmışdır və “ABŞ xristianlarının bir çoxu şeytan haqqında filmlərdən öyrəndikləri məlumatlarla dini mənbələrdən əldə etdikləri məlumatları ayırmırlar”.
XIX əsrin sonları-XX əsrin əvvəllərindən etibarən Katolik kilsəsi Şeytanı Allaha bərabər tutan bu batil inancı zəiflətməyə çalışsa da, 2010-cu illərdə Papa Fransiskin “Şeytan ağıllıdır, o, bütün ilahiyyatçıların bildiyi ilahi kəlamlarla müqayisədə daha çox ilahi kəlam bilir” bəyanatından sonra Şeytana inam bir qədər də güclənmişdir.
Marmonların inanc sistemindən söz açan Bernard MakGinnyazır bildirir ki, Mormonların inancına görə Tanrı İsanın (ə) cildinə girdiyi kimi, Şeytan da Dəccaslın, yəni Antixristin cildinə girəcək.
Satanizm və mormonizm kimi batil inanclardan söz düşmüşkən, bu cərəyanlara yaxın olan Yezidilik dini təriqətinin də adını çəkməyimizə ehtiyac var. Kürdlərin İslamı qəbul etməsindən əvvəlki inanclarının qalığı olan dini təsəvvürləri daşıyan və hazırda sayları bir neçə on min nəfərlə ölçülən yezidi kürdləri Mələk Tavus adlandırdıqları Şeytana sitayiş edir və onu Tanrı ilə eyni gücə sahib varlıq hesab edirlər. Əsası Şeyx Adi tərəfindən qoyulmuş bu dini cərəyanın mənsubları buna paralel olaraq, günəşə də sitayiş edir, tovuz quşu və xoruzu müqəddəs hesab edirlər.
Belələri barədə Allah-Təala Əl-Həcc surəsinin 3 və 4-cü ayələrində belə buyurub:
“İnsanlardan eləsi də var ki, heç nə bilmədiyi halda Allah haqqında mübahisə edir və hər bir inkarçı şeytana itaət edir.
Dostları ilə paylaş: |