Süleyman padşah adam göndərib Surdan Hiramı+ gətirtdi.
O, Niftalı qəbiləsindən bir dul qadının oğlu idi. Atası surlu misgər idi. Hiram çox bacarıqlı, dərrakəli, misgərlik sənətində mahir idi. O, Süleyman padşahın yanına gəlib onun tapşırdığı işləri görməyə başladı.
Hiram misdən iki sütun tökdü, hər iki sütunun hündürlüyü 18 qulac idi. Hər sütunun çevrəsi ölçü ipi ilə 12 qulac idi.
Sütunların başına qoymaq üçün misdən iki başlıq tökdü. Hər iki başlığın hündürlüyü 5 qulac idi.
Sütunların başındakı başlıqların hər birində hörmə tor və burulmuş zəncir naxışları var idi, hər başlıqda yeddi dənə.
O, sütunların üstündəki başlıqları örtmək üçün torun dövrəsində iki sıra nar düzəltdi, hər başlıq üçün belə etdi.
Eyvandakı sütunların başlıqları zanbaq şəklində idi, başlıqların bu hissəsi 4 qulac hündürlüyündə idi və iki sütunun üstündə, tora bitişik dairəvi hissənin yuxarısında idi. Hər başlıqda dairəvi sıralarla 200 nar var idi.
O, məbəd eyvanının sütunlarını qoydu. Sağ tərəfdəki sütunu yerləşdirib ona Yakin adı, sol tərəfdəki sütunu yerləşdirib ona Buəz adı verdi.