Bəri başdan qeyd edək ki, Qurani-Kərimdə Həzrət Mehdi (ə) haqqında bircə dənə də olsun, ayə yoxdur. Lakin, şiələr aşağıdakı ayələrin ona aid olduğunu iddia edirlər:
“Biz Zikrdən (Lövhi-məhfuzdakı yazıdan) sonra (nazil etdiyimiz) kitablarda da yazmışdıq ki, yer üzünə Mənim əməlisaleh qullarım varis olacaqlar” (Əl-Ənbiya surəsi, 105-ci ayə).
“Biz istədik ki, həmin yerdə aciz qalanlara mərhəmət göstərək, onları öndə gedənlər və varislər edək...” (Əl-Qəsas surəsi 5-ci ayə).
“Müşriklərin xoşuna gəlməsə də, İslamı bütün dinlərdən üstün etmək üçün Öz Elçisini doğru yol göstərən rəhbərlə və haqq din ilə göndərən Odur” (Ət-Tövbə surəsi, 33-cü ayə).
“Bilin ki, Allah torpağı onun ölümündən sonra dirildir. Biz ayələri sizə izah etdik ki, bəlkə anlayasınız” (Əl-Hədid surəsi, 17-ci ayə).
“Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir” (Ən-Nur surəsi, 55-ci ayə).
“Kitab əhlindən elə kimsə yoxdur ki, (öz ölümündən, yaxud İsanın) ölümündən əvvəl ona iman gətirməsin. Qiyamət günü isə (İsa) onların əleyhinə şahid olacaqdır” (Ən-Nisa surəsi, 159-cu ayə).
“And olsun (yer üzünü zülmətə) bürüməkdə olan gecəyə!” (Əl-Leyl surəsi 1-ci ayə) və s.
Bu iddiada olanlar fikirlərinin sübutu kimi şiələrin etiqad etdikləri hədisləri misal gətirirlər.
Həzrət Mehdinin (ə) adı Buxari və Müslimin qeydə aldıqları səhih hədislərdə çəkilməsə də, aşağıdakı hədislərin bilavasitə onun barədə olduğu heç bir şübhə oyatmır:
Buxari Əbu Hüreyrəyə istinadən nəql edir:
“Peyğəmbər (s) buyurmuşdur: “İmamınız aranızda olduğu halda, Məryəm övladı nazil olan vaxt halınız necə olacaq?”” (Səhih-Buxari, c.4, s.143; Səhih-Müslim, c.1, s.94).
Müslim Cabir ibn Abdullah Ənsariyə istinadən nəql edir:
“Peyğəmbər (s) buyurmuşdur: “Sonda ümmətim üçün elə bir xəlifə gələr ki, hesab aparmadan çoxlu mal bağışlayar”” (Səhih-Müslim, c. 8, s.185).
Burada diqqət etməli və yaxşı-yaxşı yadda saxlamalı olduğumuz xüsus Mehdinin (ə) xəlifə olacağı xüsusudur.
Müslim Peyğəmbərin (s) belə buyurduğunu nəql edir:
“Bir şəxs bir evə sığınar və onun üstünə qoşun göndərilər. Bu qoşun Beyda məntəqəsinə çatdıqda yerə gömülər” (Səhih-Müslim, c. 8, s.167).
Həzrət Mehdi (ə) barədə hədislərin sayı o qədər çoxdur ki, onun Dəccal və Həzrət İsadan (ə) bir qədər əvvəl zühur edəcəyinə heç bir şübhə yeri qalmır. Onlardan bəzilərini nəzərdən keçirək.