2.4. İdil bulqarlarında əkinçilk və maldarlıq mədəniyyəti
Idil-Bulqar dövlətinin yerləşdiyi ərazinin iqlim baxımından Ön və Osta Asiyaya nisbətən qeyri münasib olmasına baxmayaraq, bu ölkədə yüksək əkinçilik mədəniyyətinin olduğunu söyləyə bilərik. Təsadüfi deyil ki, sözügedən ölkə "çörəyi bol olan ölkə kimi tanınmış və dəfələrlə aclıq keçirən qonşu Suzdal və Novqorod kimi rus bəyliklərinə buğda və un yardımı etmişdir (Bolşaya Sovetskaya Entsiklopediya, 1927, s. 774-775).
Eyni mövzuya "rus tarixşünaslığının atası" hesab edilən N. Karamzin də toxunmaqda, rusların aclıq keçirdikləri zamanlarda dəfələrlə Kazan bulqarlarına müraciət etdiyini, Kazandan onlara gəmilərlə un və buğda göndərildiyini yazmaqdadır (Karamzin N. М., 1991, s. 17).
Əldə olan məlumatlara görə, bulqarlar artıq X əsrdə əkinçilikdə buxar sistemindən istifadə edirdilər (Faxrutdinov R. Q., 1984, s. 35). Rusların yaşadıqları ərazi ilə bulqarların ölkəsi eyni iqlim qurşağında yerləşsə də, bulqalarda kənd təsərrüfatı mədəniyyəti, eləcə də əkin-biçində istifadə edilən alətlər ruslara nicəbətən çox yüksək səviyyədə idi.
Ruslardan fərqli olaraq bulqarların daha çox məhsul əldə etməsinin bir səbəbi də bulqar əkinçilərinin rus kəndlilərindən fərqli olaraq, azad olmaları və torpaq sahibkarı olmaları idi. Hələ İbn Fədlan yazırdı ki, orada hər kəs özü üçün səpir və məhsulu da özü üçün yığır. Hökmdarın onların məhsullarını əllərindən almaq hüququ yoxdur (Puteşestviye İbn Fadlana.., 1992, s. 37).
İdil Bulqar dövlətinin şəhərlərində də hər evin öz həyətyanı sahəsi vardı və yerli sakinlər orada bostançılıq va bağçılıqla məşğul olardılar. Onlar daha çox xiyar, xaşxaş, çətənə, alma, gilas, qarağat və s. yetişdirirdilər (Qafarov İ. A., 2012, s. 59). Burada gördüyü fındıq bağından heyrətə gələn İbn Fəglanın yazdığına görə, onun uzunluğu 40 fərsənf idi, eni də təqribən o qədər olardı (Puteşestviye İbn Fadlana.., 1992, s. 36).
Bulqarlar əkinçiliklə yanaşı yüksək heyvandarlıq mədəniyyətinə də sahib idilər. Onlar at, dəvə, iribuynuzlu heyvan, keçi, qoyun, eləcə də toyuq, qaz və ördək kimi ev quşlarını bəsləyib çoxaltmaqla məşğul idilər (Qafarov İ. A., 2012, s. 59).
Dostları ilə paylaş: |