3. İDİL BULQARLARINDA İNANC, DÜŞÜNCƏ VƏ ELM
Idil bulqarlarının əski inanc, düşüncə və bilgiləri barədə məlumatların ən yaxşı şəkildə qorunub saxlandığı ən önəmli qaynaq, şübhəsiz ki, bu xalqın zəngin folkloru və yazılı qaynaqlarıdır.
Məlum olduğu kimi, xalqların şifahi poetik yaradıcılığının məhsulu olan folklorun tarixi ilk insan məskənlərinin meydana çıxmasına qədər uzanır. Onu şifahi ənənədə mövcud olan bilik də adlandırırlar. Belə hesab edilir ki, hər hansı bir etnosun istənilən fiziki və mənəvi təcrübəsi folklorda şifahi ənənə vasitəsi ilə reallaşan elmi biliklərdir. Folklor elmini professional elmdən fərqləndirən ən başlıca keyfiyyət folklor biliklərinin şifahi ənənəyə müncər olunması, şifahiliyin bütün mövcudluq prinsiplərini özündə əks etdirməsi ilə müəyyənləşir (Rzasoy S., 2008).
Idil bulqarlarının maddi və mənəvi mədəniyyətini, o cümlədən folklor yaradıcılığını öyrənərkən bu xalqın XX əsrin başlarından etibarən rəsmən "tatar" və ya "Kazan tatarları" adlandırılmağa başlandığını, bu səbəbdən də İdl bulqarlarının zəngin ağız ədəbiyyatı nümunələrinin "Tatar folkloru" və ya "Kazan tatarlarının folkloru" adları altında nəşr edildiyini göz önündə tutmamız lazımdır. Təsadüfi deyil ki, 1988-ci ildə Tatarıstanın paytaxtı Kazan şəhərində nəşr edilmiş "Kazanın tarixi" kitabında bildirilir ki, Əski Rusiyanın Tatar Quberniyası ərazisində Tatarıstan Respublikası adlı dövlət qurumu yaradılan ana qədər bu ərazidə özünü "tatar" adlandıran xalq yaşamamışdır. Kazanın və ətraf bölgələrinin əhalisi Oktyabr inqilabına qədər bulqar xalqı adı ilə tanınınr, özlərini bulqar adlandırırdılar və bütün rəsmi sənədlərdə də bu adla qeyd edilməkdədirlər (Istoriya Kazani, 1988, s. 26).
Rus tarixinin ilk sistemləşdiricisi hesab edilən N. M. Karamzin də özünün "Rusiya Devletinin Tarihi" adı əsərində bildirir ki, "Bu gün "tatar" adı ilə tanımlanan xalqalrın heç biri özünü bu adla adlandırmır, özlərini yaşadıqları coğrafi məkanın adı ilə tanımlayırlar" (Karamzin,1818, s. 172).
S. Erşahin haqlı olaraq yazır ki, "Rusya Devleti'ne tabi Mlislümanlara genel olarak Tatar denir. Hatta Avrupalılarca da Tatar denilince Rasyalı Müslüman anlaşılır. Ruslar ise ta Korkunç İvan (1533-1584) zamanından befi Tatar sözünü Müslümanları aşağılanıak için kullanageldiklerinden, hükümet memurları bir Müslümanı azarlayacak olsalar Tatarin (Tatar oğlu) diye hitap ederler...
Tamamı 26'ya ulaşan bu boylara genel olarak Tatar adı verilirse de çeşitli soylara mensup olduklarından kuşku yoktur. Çünkü, toplumların eski sima (yüz yapısı), dil ve adetlerini araştıran antropologlar Başkurt, Tipter ve Mişer kavimlerini Finlere ve Macarlara; Kazan Tatarları, Çirıniş ve Çavuşları Bulgarlara; Altay, Kırgız, Kazak vs. de asıl Tatarlara bağlarlar. Bu kavimlerin dilleri birbirine yakın ise de konuşmalarında diğerlerine büsbütün garip gelen kelimeler de kullanıllar" (Seyfettin Erşahin, 1996, s. 566).
Beləliklə, Rusiyada folklorşünaslıq sahəsində basılmış bütün kitablarda İdil bulqarlarına aid folklor nümunələri "Tatar folkloru" və ya "Kazan tatarlarının folkloru" adı ilə təqdim edilir. Bu isə o deməkdir ki, Kazan tatarları mədəni və genetik baxımdan İdil bulqarlarının birbaşa varisləri olduğu kimi, onların zəngin folklor nümunələrinin də birbaşa varisləridirlər. Günümüzdə "Tatar folkloru" və ya "Kazan tatarlarının folkloru" adı ilə tanıdılan mənəvi xəzinənin yaradıcıları da Kazan tatarlarının ulu babaları hesab edilən İdil bulqarlarıdırlar. Bu fikir hazırda "tatar" etnik kimliyini daşıyan digər xalqlara qətiyyən aid deyildir.
Fikrimizin tam anlaşıla bilməsi üçün konkret bir misal gətirək. Bilindiyi kimi, oğuzlar Anadolu, Balkan və Azərbaycan türklərinin, eləcə də türkmənlərin və qaqauzların ümumi əcdadları olmuşlar. Və bu xalqlar Oğuz türklərinin ortaq abidələri olan "Kitabi-Dədə Qorqud"un və "Koroğlu" dastanının ortaq sahibləridirlər. Hazırda Azərbaycanın tədris ocaqlarında bu əsərlərin Azərbaycan ədəbiyyatı nümunəsi kimi tədris edilməsi onların Oğuz abidələri olduğunu qətiyyən inkar etmir. Eləcə də İdil bulqarlarına aid folklor nümunələrinin bu gün "Tatar folkloru" və ya "Kazan tatarlarının folkloru" adı ilə təqdim edilməsi məsələnin mahiyyətini dəyişmir.
Rusiyada İdil bulqarlarının folkloruna aid materiallara XVI əsrdə yazılmış bir çox rusdilli kitablarda rast gəlinir. Bu baxımdan ən əsas qaynaq XVI əsrdə anonim müəllif tərəfindən qələmə alınmış "Kazan Tarixi" kitabıdır (Kazanskaya Istoriya, 1954).
Müəllifi bilinməyən "Kazan Tarixi" kitabının 1564-1565-ci illərdə rus dilində qələmə alındığı məlumdur. Çox mürəkkəb bir kompozisiya quruluşuna sahib olan bu kitab özündən əvvəlki salnamələrdənfaydalansa da, onlardan fərqlənir və bədii ədəbiyyata xas elementlərlə çox zəngindir. Onun müəllifinin 20 il (1532-1552) Kazan xanlığında əsir olan, bu müddət ərzində II Səfa Gəray xanın sarayında yaşadığı bilinən İrigözlü İohan (İoann Qlazatıy) olduğunu söyləyənlər olsa da, bu ehtimal hələ ki sübut olunmamış qalır (Sedekov M. R., 2001, s. 6).
P. Rıçkov, A. Lızlov N. Rabuşkin, M. Piheqin, N. Karamzin, İ. S. Şpilevski, N. Zaqoskin, P. Zarinski, K. Fuks, Q. Kuntseviç və M. Xudyakov kimi sonrakı dövr rus müəlliflərinin əsərlərində də çox sayda bulqar əfsanə, rəvayət, nəğmə və bayatılarına (böetlərə) rast gəlinməkdədir (Sedekov M. R., 2001, s. 4-5).
Bu folklor nümunələrində mifoloji personajlarla yanaşı İslami personaj və motivlərə də sıx-sıx rast gəlinməkdədir. Onların öyrənilməsi və təhlili istiqamətində tatar alimlərindən F. Urmançeyevin gördüyü işləri xüsusi qeyd etmək lazımdır (Urmançeyev F. N., 1980, 1984, 1995, 1997).
Bu sırada X. Məhmütovun (Məxmütov H. Ş., 1995) müxtəlif folklor nümunələrinin təhlilinə, eləcə də İ. Nadirovun (Nadirov İ., 1988) qəhrəmanlıq nəğmələrinə həsr edilmiş araşdırmalarını da unutmamalıyıq.
Rus müəlliflərinin əsərlərində rastlanan folklor nümunələrinin çeşidlənməsi və geniş təhlili istiqamətində S. Gilyazutdinov (Gilyazutdinov S., 2000), L. Zamaletdinov (Zamaletdinov L., 1986), F. Əhmətova (Əxmətova F. V., 1984), R. Yəqfərov (Əxmətova F. V., Nadirov İ. N., Yəqfərov R. F., 1983), M. Bakirov (Bakirov V. H., 1999), M. Əxmətcanov (Əxmətcanov M., 1995) və s. bu kimi tatar alimlərinin əməyi də az olmamışdır.
İdil bulqarlarına aid folklor nümunələrinə bir sıra İslami qaynaqlarda da rast gəlindiyi bilinməkdədir (Seyfettin Erşahin, 1996, s. 565).
Alimlər, bir qayda olaraq, folklor janrlarını arxaik və çağdaş janrlar kimi iki yerə bölürlər. Arxaik folklor janrlarında sınamalar, ovsunlar, fallar, andlar, dualar, alqışlar və qarğışlar geniş yer tutur. Ancaq bu bölgü şərtidir, folklor yaranma prosesi bütün tarix boyu getdiyindən, bu janrlara da müntəzəm olaraq yeni-yeni örnəklər əlavə olunur.
Bağlı olduğu hadisə və ya proses baxımından mərasim folkloru, əmək nəğmələri ayırd edilir. Mərasim folklorunun özü də mövsüm mərasimlərini, müxtəlif təbiət hadisələri ilə bağlı olan mərasimləri, məişət mərasimini, o sıradan toy və yas mərasimlərini əhatə edir. Bu baxımdan qədim türk, o cümlədən İdil-bulqar folkloru da istisna deyildir.
Dostları ilə paylaş: |