3.5 İdil bulqarlarının xalq təbabəti və Tibbi elmlər sahəsindəki bilikləri
İdil bulqarlarından Kazan tatarlarına, eləcə də çuvaş və türklərinə xalq təbabəti sahəsində zəngin biliklər miras qalmışdır. Bu gün də İdil-Ural bölgəsində yaşamaqda olan xalqlar gündəlik həyatlarında əsrlər boyu nəsildən-nəslə öterelən bu biliklərdən faydalanmaqdadırlar.
Məlum olduğu kimi, Xalq təbabəti xalq arasında xəstəliklərin müalicəsi üsulları və vasitələri haqqında bilikləri nəsildən-nəslə keçirilərək yaşadan qeyri-ənənəvi təbabət formasıdır.
Elmi təbabətdən fərqli olaraq xalq təbabətinin müalicə vasitələri nəzəri şərtlərə əsaslanmır. Həmin məlumatlat nəsildən-nəsilə şifahi yolla keçərək xalqın adət-ənənələrində, zərb məsəllərində, rəvayətlərdə öz əksini tapmış, bir sıra yazılı mənbələrdə toplanmışdır. İbtidai insan lar sınıqları müalicə etməyi, çıxmış oynağı yerinə salmağı, sarğı qoymağı bacarırdılar; ağrıkəsici bitkilərin (məs: xaşxaş) xüsusiyyətlərini bilirdilər, günəş şüalarının, suyun şəfaverici əhəmiyyətini başa düşürdülər. Xəstələnmənin qarşısını almaq üçün ildə bir dəfə qan alardılar, nəfəs yolları xəstəliklərində, mədə-bağırsaq spazmasında və meteorizm də razyana çayı , öskürəkdə heyva toxumu dəmləyib içərdilər. Soyuqdəymədə moruqdan, qanazlığında çiyələkdən, mədə-bağırsaq xəstəliklərində baldan və s. bu kimi təbii məhsullardan istifadə edərdilər (Xalq təbabəti, 1987, s. 30).
İdil-Ural bölgəsində yaşayan Türk xalqlarının, o cümlədən bulqarların xalq təbabəti ilə bağlı ilk yazılı qeydlərə XVIII-XIX əsrlərdə yaşamış rus səyyah alimlərinin əsərlərində rast gəlirik. Bu baxımdan İ. G. Georgi (1779), P. S. Pallas (1773), İ. İ. Lepexin (1802) və başqalarının adını çəkə bilərik.
Bu sırada bilavasitə bulqar-tatarların Xalq təbabəti sahəsindəki biliklərdən söz açmış F. Losevskiy və K. Fuks kimi tədqiqatçıların da adını xüsusi çəkmək lazımdır. Onlardan birincisinin sadə xalq arasındakı müalicə üsullarına həsr etdirdiyi və 1866-cı ildə nəşr etdirdiyi kitab İdil bulqarlarının Xalq təbabəti sahəsindəki biliklərini tam şəkildə əks etdirən samballı elmi əsərdir. Eyni sözləri K. Fuksun "Kazan tatarları etnoqrafik və statistik münasibətlər işığında" (1844) kitabı haqqında da söyləmək olar. S. Şaripovanın yazdığına görə müsəlman müəlliflərin də eyni mövzuda çox sayda kitabları olmuş, fəqət onlar Qorxunc İvanın kazana hücumu sırasında yandırılmışdır. Onlardan yalnız XII əsrə aid olan biri sağ qalmışdır ki, O da ABŞ-ın İraqı işğal etməsinə qədər Bağdadda qorunmaqda idi. Hazırda onun barədə heç bir məlumat yoxdur (Şaripova S., 1994, s. 69).
İ Lepexinin verdiyi məlumata görə, bulqarlarda xalq təbabəti ilə məşğul olanlara "abız" (apasu) deyirdilər. Onlar bazarlarda oturur və elə orada satılan dərman birkiləri vasitəsilə əhalini sağaltmaql məşğul olurdular (Lepexin İ. İ., 1741, с.365).
Y. Koblov 1908-ci ildə qələmə aldığı "Müsəlman tatarların adət və ənənələri" adlı məqaləsində müsəlman bulqar uşaqların sünnət edilməsinə toxunaraq bu işlə mollaların deyil, "babay" adlandırılan xüsusi xalq həkimlərinin məşğul olduğunu söyləyir (Koblov Ya. D., 1909, s. 521-564).
Dövrümüzədək İdil bulqarlarının bəzi xəstəliklərin sağalması üçün istifadə etdikləri bitkilər barədə məlumatlar çatmışdır ki, hazırda eyni üsullardan bulqarların varisləri olan Kazan tatarları da istifadə etməkdədirlər. Onlardan bəzilərini gözdən keçirək. Məsələn, məlumdur ki, bulqarlar nəfəs orqanlarının soyuqdəyməsi zamanı əzvaydan geniş istifadə etmiş, onun ağ ciyər vərəmindən ən yaxşı dərman olduğunu hesab etmişlər. Eyni xəstəlik zamanı qayın qozasını qaynadaraq içmişlər. Turp suyunun da xeyirli olduğu söylənilir. Qırmızı yabanı meyvəsinin suyunun balla içilməsinin də vərəmdən kömək etdiyi hesab edilir (Tatarı Sredneqo.., 1967, s. 340; Kuznetsova M. A., Bayqildeyeyva M. Q., 1970, s. 27). Bataqlıq labradorunun isə astma və öskürəyə kömək etdiyi söylənilir. Öskürək zamanı qırmızı və qarağatdan da istifadə edilmişdir (İvanova R. Q., 1988, s. 14; Qumarov V. Z., 1985, s. 32).
İdil bulqarlarına qan dövranını yaxşılaşdıran bitkilər də məlum olub. Bu məqsədlə onlar yonca gülündən, isırğandan, itburnu çiçəyindən (Qumarov V. Z., 1985, s. 32) istifadə edərdilər. Onların digər xəstəliklərə qarşı effektiv mübarizə aparmaq üçün başqa bitkilərdən istifadə etdikləri də məlumdur (Nikonova L. İ., 2000).
İdil Bulqar dövlətində və onun yerində qurulan Kazan Xanlığında peşəkar tibblə məşğul olan təbiblərin də olduğu və xəstələri dövrün elmi bilikləri əsasında müalicə etdikləri də bilinməkdədir. Onlardan biri XII əsrdə yaşamış məşhur təbib Bürhanəddin İbrahim ibn Yusif əl-Bulğari idi. Onun ilahiyyat, bələğat kimi elm sahələri ilə yanaşı tibb sahəsində də kitablar yazdığı məlumdur ki, onlardan birinin adı dövrümüzədək ulaşmışdır. Bu, "Sadə dərmanlar" adlı risalədir. Hazırda həmin rislənin yeganə nüsxəsi Özbəkistan Elmlər Akademiyasının kitabxanasında qorunmaqdadır.
XII əsrdə yaşamış başqa bir təbib də Bulqar şəhərinin qazısı Əbülulla Həmid ibn İdris əl-Bulğari olub. Onun dini-didaktik və fəlsəfi əsərlərlə yanaşı Tibb elminə aid əsərlərinin də olduğu bilinməkdədir. Bu barədə XII əsrin böyük ensiklopediyaçı alimi Süleyman ibn Davud əs-Saksini-Suvari məlumat verməkdədir. Sonuncu onu Tibb elmlərinin ustadı adlandarmaqla yanaşı, onun embiralogiya səhəsində yazdığı kitab barədə də məlumat vermişdir.
Adı dövrümüzədək ulaşmış bulqar mənşəli tibb alimlərindən biri də Dasiddin bin Mölla Maxiliddindir. Onun 1893-cü ildə nəşr etdirdiyi "Xolera: Ondan qorunma üsul və vasitələri" məşhurdur (Nikonova L. İ., 2000, s. 7-8).
Dostları ilə paylaş: |