II Qazi Gəray Xandan dövrümüzədək yetişmiş yarlıqlardan ikincisi Polşa kralı Siqizmunda göndərdiyi 1592-ci il tarixli yarlıqdır. Həmin yarlıq Hüseyn Fеуzxanovun arxivində “№ 4” şifrəsi altında qeydə alınmışdır.
Yarlığın qısa məzmunu:
Hacı Gəray zamanında Polşa ilə xoş münasibətlər, sülh və qarşılıqlı ticarət. Kral Avqustun ölümündən sonra Polşada 12 il hakimiyyətsizlik. Dnepr sahillərində tatarlara məxsus mal-qara və at ilxılarının qaçırılması. Macar Stefan kral olur. Cankerman, Akkerman və Bəndər qalaları ətrafında kazakların tacirlərə və mal-qara sahiblərinə vurduqları ziyan və bunun Dövlət Gəray Xan zamanından Polşa ilə düşmənçiliyə səbəb olması. Polşa kralı Siqizmund tərəfindən xəzinə (bac-xərac) və hədiyyələrin elçi Baranovski vasitəsilə xana göndərilməsi. Xəzinəni alınması, Polşa ilə Uluq Orda (Turan) arasında sülhün bərqərar olması və kralı əmri ilə kazakların Dnepr sahillərindən geri çəkilmələri. İllik xəzinəni, kalğa Fətih Gəraya və daha on iki nəfərə hədiyyələrin göndərilməsi. Xanın krala Beş Baş kazaklarının Polşa torpaqlarına hücumlarını önləyəcəyi barədə vədi. Polşaya danışılmış şərtlər əsasında duz almağa icazə verilməsi. Moskvaya yürüş edəcəkləri halda polyaklara hərbi və mali dəstək veriləcəyi barədə vəd. Xanın kraldan onun elçilərini iki aydan artıq yubatmamaq, illik xəzinə və hədiyyələrin vaxtında göndərilməsi barədə xahişi. Osmanlı torpaqlarına və təəbələrinə ziyan vurmamaq barədə xanın tələbi.