Xan Mühəmməd Gəray bin Səlamət Gəray Xan (Документы Крымского Ханства.., 2017, s. 156-157).
IV Mühəmməd Gəray Xanın Aleksey Mixailoviçə göndərdiyi onuncu yarlıq (1657-ci il)
IV Mühəmməd Gəray Xanın Moskva çarına göndərdiyi 1657-ci il tarixli onuncu yarlıq Hüseyn Fеуzxanovun arxivində “№ 187” şifrəsi altında qorunmaqdadır. Bu sənəd sözügedən xana məxsus 29 yarlıqdan iyirmi birincisidir.
Yarlığın qısa məzmunu:
Xəzinə və hədiyyələrin Kırıma çatdırılması. Arabaçı və quşçuların çapar Osman və məhəbbətnamə ilə birlikdə Moskvaya yola salınması. Növbəti xəzinənin payızın əvvəllərində göndərilməsi barədə xanın xahişi. Dilmancı öldürmüş qatilin qaçışı və kazakların əlinə keçərək öldürülməsi. Haramzadə tərəfindən günahlarının etiraf edilməməsi və şahidlərin də olmaması. Moskvadan hər il almaşuva gətirilən əsirlərin alınması. Moskva tərəfindən Kırım və Noğaydan alınmış əsirlərin almaşuvda alınması. Zaporojye kazaklarının Kırım və Noğaydan əsirlərin alınması və onların Moskva tacirlərinə satılması. Xanın həmin əsirlərin almaşuva göndərilməsi barədə xahişi.
Bayram ağaya çatmalı olan tiyişin (hədiyyənin) əskik gəlməsi və xanın göndərilən xəzlərin dəftərə əsasən göndərilməsini xahiş etməsi. Xanlıq və sultanlıq ərazilərinə daxil olan Don kazaklarıtərəfindən mal-qara oğurluğu və qaçırması. Xanın Don kazaklarını nəzarət altına almaq barədə xahişi. Buna qarşılıq olaraq xanın da ona tabe olan tatar, noğay və kalmıkları nəzarətə almaq barədə öhdəliyi.