Məhəmməd Hatəmi. Yeni dövr Milli Azadlıq Hərəkatımızın banisi və ilk lideri
Həmin gün Məhəmməd Hatəmi Milli Birlik naminə Nemətə olan küskünlüyünü unudaraq, onu nəinki müdafiə etdi, həm də uzun müddət başında gəzdirdiyi liderlik çələngini könüllü surətdə ona ötürdü. Nemət öz cəsarəti və İstiqlal ideyasına sədaqəti ilə bunu haqq etmişdi.
Yaxşı yadımdadır, Eldar İbrahim sevinə-sevinə mənə demişdi ki, hakimiyyət mikrofonu Nemətdən alıb Hatəmiyə ötürəcək. İstehza ilə gülümsünmüş, «sən Məhəmməd müəllimi yaxşı tanımırsan» demişdim. Və ona Əhməd Rzanın sözlərini xatırlatlatmışdım.
Bir dəfə Əhməd Rza zarafatla Hatəmiyə demişdi:
- Məhəmməd, məni nə KQB, nə də hökumət sındıra bilməz. Məni sındırmağın yalnız bir yolu var. Günlərin birində KQB-yə çağırsınlar, gəlim, qapını açım, içəri girim və görüm ki, sən KQB-nin generalı formasında masa arxasında oturmusan.
Sonra da əlavə etmişdi:
- Hamının satılmağına inanaram, sənin və Tuncayın satıla biləcəyinizə heç vaxt inanmaram.
Dövlət adamları gəlib, Hatəmini deputatlar otağına, Rafiq Zeynalovun yanına dəvət edəndə onun gözlərinin içinə baxmış, o da gülümsəyərək mənə göz vurmuşdu. Əslində bu işarəyə heç bir ehtiyac yox idi. Onu beş barmağım kimi tanıyırdım. Mənfi və müsbət cəhətlərini də əla bilirdim. Çünki aramızdakı yaş fərqinə rəğmən, biz sözün əsl mənasında həm dost, həm də əqidədaş idik.
Hatəmi Neməti təkcə hakimiyyət dairələrindən deyil, həm də onların əmri ilə oturub-duran dostlarımızdan da müdafiə etmişdi.
Hatəmi yazır: «(Dövlət) "Nümayiş Komitəsi" yaradaraq, bu yolla Neməti mikrafondan sıxışdırmaq, meydanın taleyini ələ keçirtmək və onu dağıtmaq çarəsinə üz tutdu. Komitənin iclasına dəvət edildiyimdə bunu duydum. İclasa gələndə köhnə "dostlarımın" hamısını burada gördüm: Firidun Cəlilov, Sabir Rüstəmxanlı, Əbülfəz Əliyev, İsmayıl Təriqpeyma, Tağı Xalisbəyli, Bəhmən Sultanov, Nurəddin Quliyev, Həsən Merac, Vurğun Əyyubov və b.
İclasda Nüsrət Kəsəmənli Nemətin əleyhinə danışdıqda, onlara bu ultimatumu verib otaqdan çıxdım və bir daha buralarda görünmədim: "Nümayiş Komitəsi"ni yaratmaqdan məqsədiniz meydanı davam etdirməkdirsə, mən də sizə köməkçi. Xeyr istəyirsinizsə ki, Neməti tribunadan uzaqlaşdırasınız, buna imkan verməyəcəyəm sizə".
Etiraf edim ki, onların qarşısında nə Nemət özünü tribunada qoruyub saxlaya bildi, nə mən ona yardım edə bildim. Neməti yuxarı tribunadan sıxışdırıb, aşağı tribunaya bizim yanımıza tulladılar. Fəqət aşağı tribunadan meydanı dağıtmağa onlara imkan vermədik. Meydanı 5 dekabr 1988-ci il tarixində səhər saat təxminən dörd otuzda dövlət qoşunla dağıtdı. Meydan dağıdılan vaxt burada qadınlı-kişili 1000-1500 həmin adam olardı. Nemət meydandan necəsə qaçmışdı (onu dekabrın 7-də tutacaqlar). Amma mənim adıma şəhərə şayə buraxılıbmış ki, meydandan qaçmışam (Bu vaxt anam deyibmiş: “ kaş ölürdü, meydandan qaçmırdı”).
Meydandakıları tutub həbsxanalara doldurdular. Mən Bayıl həbsxanasına düşdüm. Əbülfəz Əliyevin burada olduğunu bilib, heyrətləndim. Görünür, meydan dağıdılan vaxt orada imiş, hamı ilə birlikdə o da tutulub. Bayılda bir neçə həftə saxlandıqdan sonra bizi Qara Şəhər həbsxanasına köçürtdülər. Hamımız bir aylığa tutulmuşduq. Buraxılmağımıza bir həftə qalmış məni Mənsur Əlisoy və Əbülfəz Əliyevgildən ayırıb DTK-nın həbsxanasına nəql etdilər. Bu, mənim çoxmüddətli birinci tutulmam idi» (1, s. 52).
Qaynaqça
Hatəmi M. T. Acı həqiqətlər. Bakı, Şirvannəşr, 2006.
Rəsulzadə M. Ə. Milli birlik. “Azərbaycan”, il 1, sayı 7, oktyabr 1952, Ankara.
Tahirzadə Ə. Meydan hərəkat: 4 il, 4 ay (https://ru.scribd.com/ doc/61649371 /Meydan-gundeliyi).
Dostları ilə paylaş: |